×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.12.2006
QEYDİYYAT NÖMRƏSİ
222-IIIQ
ADI
Teatr və teatr fəaliyyəti haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2007, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 75)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Teatr və teatr fəaliyyəti haqqında

Teatr və teatr fəaliyyəti haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin və teatrlara dövlət qayğısının hüquqi əsaslarını müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalan ifadə edir:

1.0.1. teatr - müvafiq maddi-texniki bazaya malik olan, teatr tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən hüquqi şəxs;

1.0.2. teatr fəaliyyəti - teatr sənəti əsərlərinin yaradılması, yayımı və qorunub saxlanılması ilə bağlı fəaliyyət;

1.0.3. teatr tamaşası - müxtəlif janrlı əsərlər əsasında yaradılan, bədii qayəsi və konkret adı olan səhnə əsəri;

1.0.4. səhnə əsəri - teatr tamaşasının canlı ifada kütləvi nümayişi;

1.0.5. quruluşçu (rejissor, baletmeyster, rəssam) - teatr tamaşasının və ya onun müəyyən hissəsinin quruluşunun müstəqil bədii həllini verən fiziki şəxs;

1.0.6. prodüser - teatr tamaşasının hazırlanmasını və (və ya) nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs.

 

Maddə 2. Qanunun tətbiq dairəsi

 

Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün teatrlara və teatr fəaliyyəti ilə məşğul olan digər təşkilatlara şamil edilir.

 

Maddə 3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 4. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri

 

4.0. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.0.1. teatrlara dövlət qayğısı;

4.0.2. teatrların müstəqilliyinə təminat verilməsi;

4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;

4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması, millətlər-arası və beynəlxalq mədəni əlaqələrin inkişafına şərait yaradılması.

 

Maddə 5. Teatr fəaliyyətinin məqsədi və növləri

 

5.1.  Teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir.

5.2.  Teatr fəaliyyətinin növləri aşağıdakılardır:

5.2.1. teatr tamaşaları və digər teatr sənəti əsərlərinin yaradılması, onların əsas səhnədə, qastrol səfərlərində səyyar nümayişi, festivalların, müsabiqələrin, baxışların təşkili, biletlərin realizə olunması;

5.2.2. qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət edilməklə hüquqi və fiziki şəxslərlə müqavilə əsasında onların öz səhnələrində və ya icarəyə götürdükləri səhnələrdə, televiziya və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara çəkilmək üçün teatr tamaşalarının, konsertlərin hazırlanması;

5.2.3.  öz qüvvələri və ya dəvət olunmuş kollektivlərin, ifaçıların iştirakı ilə digər bədii-yaradıcı xarakterli tədbirlərin təşkili;

5.2.4.  tamaşaların, konsertlərin və digər bədii tədbirlərin keçirilməsi üçün hüquqi və fiziki şəxslərə quruluş xidmətlərinin göstərilməsi;

5.2.5.  hüquqi və fiziki şəxslərin sifarişi ilə teatr tamaşalarının, konsertlərin, digər tədbirlərin bədii tərtibatı üçün aksessuarların hazırlanması;

5.2.6.  qastrol və səyyar tamaşaların, müştərək teatr layihələrinin və proqramlarının həyata keçirilməsi üçün öz səhnələrinin digər teatrlara icarəyə və yaxud istifadəyə verilməsi;

5.2.7.  qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət olunmaqla teatrın bədii-yaradıcılıq fəaliyyəti ilə bağlı informasiya və reklam məhsullarının, video materiallarının, fonoqramların surətlərinin hazırlanması, çoxaldılması və realizə edilməsi;

5.2.8.  müxtəlif geyim əşyaları, butafor, rekvizit, qrim-pastijor və dekorların, həmçinin digər səhnə avadanlıq və ləvazimatlarının hazırlanması, kirayəyə verilməsi, satışı və başqa xidmət növlərinin göstərilməsi.

 

II fəsil

DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN TEATR FƏALİYYƏTİNİN

HİMAYƏ EDİLMƏSİ

 

Maddə 6. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi

 

6.0. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi ağıdakılardan ibarətdir:

6.0.1. teatr şəbəkəsinin, ilk növbədə uşaq teatrlarının inkişafı üçün şəraitin yaradılması;

6.0.2. teatrların infrastrukturunu yaradılması, teatr binaları və qurğularının inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və avadanlıqların modernləşdirilməsi üçün investisiyaların ayrılması;

6.0.3. dövlət teatrlarına, əhalinin aztəminatlı və azyaşlı təbəqələrinə münasibətdə güzəştli qiymət siyasəti yürüdən teatrlara və uşaq teatrlarına dotasiyaların və məqsədli maliyyə yardımının ayrılması;

6.0.4. yaradıcılıq sifarişlərinin, mədəniyyət sahəsində digər məqsədli proqramlarda nəzərdə tutulan ayrı-ayrı layihələrin teatrlara verilməsi;

6.0.5. opera, operetta, balet, dram və musiqili-dram əsərlərinin yaradılmasına və satın alınmasına, onların tamaşaya qoyulmasına, innovasiya layihələrinin realizə olunmasına, qastrol fəaliyyətinin həyata keçirilməsinə hər il büdcə vəsaitinin ayrılması;

6.0.6. teatr sənəti sahəsində mütəxəssislərin hazırlanmasına və yeni teatr sənəti əsərlərinin yaradılmasına kömək məqsədilə gənc istedadlı müəllif və ifaçılar, görkəmli teatr xadimləri üçün mükafatların və təqaüdlərin təsis edilməsi;

6.0.7. dövlət orta və ali peşə ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrdə aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin,

teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması və tədqiqatların aparılması, uzunmüddətli yaradıcılıq ezamiyyələrinin təşkili;

6.0.8. mediada teatr sənətinin təbliği. [1]

 

Maddə 7. Teatr işçilərinin ictimai birlikləri

 

7.1.  Teatr işçilərinin ictimai birlikləri qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır və fəaliyyət göstərir.

7.2.  Teatr işçilərinin ictimai birliklərinə mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək imkanı yaradılır, teatr işçilərinin peşə hazırlığı, əmək şəraiti, əməyinin mühafizəsi və sosial müdafiəsi sahəsində tədbirlər hazırlanarkən onların rəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınır.

7.3.  Teatr işçilərinin ictimai birlikləri məqsədli proqramların, mədəniyyət sahəsində layihələrin və digər tədbirlərin həyata keçirilməsində iştirak edə bilərlər.

 

III fəsil

TEATRLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Maddə 8. Bədii yaradıcılıq fəaliyyəti sahəsində teatrların hüquqları

 

8.1.  Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.

8.2.  Teatrların bədii yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yolverilməzdir.

8.3.  Teatr tamaşalarının kütləvi nümayişi, onlardan istifadənin digər növləri, habelə informasiya və reklam materiallarının nəşri qanunvericilikdə nəzərdə tutulmuş hallarda qadağan edilə bilər.

 

Maddə 9. İqtisadi sahədə teatrların hüquqları

 

9.1.  Teatrlar öz fəaliyyətini və inkişaf perspektivlərini müəyyən etməkdə müstəqildir.

9.2.       Mülkiyyət formasından asılı olmayaraq teatrların dövlət və yerli özünüidarəetmə orqanlarının elan etdiyi müsabiqələrdə iştirak etmək hüququ vardır.

9.3.  Teatrlar biletlərin qiymətini sərbəst müəyyən edir.

 

Maddə 10. Teatrların simvolika hüququ

 

10.1. Simvolikasını (rəsmi ad, emblem, tanınma nişanı və digər təsvirlər) qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçirən teatr ondan müstəsna istifadə hüququna malikdir.

10.2. Teatrın qeydiyyatdan keçmiş simvolikasından hüquqi və fiziki şəxslər yalnız onun razılığı ilə istifadə edə bilərlər.

10.3.      Teatrın simvolikasından qeyri-qanuni istifadə edən hüquqi və fiziki şəxslər teatrın tələbi ilə istifadəni dayandırmalı və qanunvericilikdə müəyyən edilmiş qaydada dəymiş ziyanı ödəməlidirlər.

 

Maddə 11. Teatrların vəzifələri

 

11.1. Teatrların vəzifələri aşağıdakılardır:

11.1.1. işçilərin əmək şəraitini və əməyinin mühafizəsini, habelə sosial müdafiəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin etmək;

11.1.2. tamaşaçıların həyat və sağlamlığının mühafizəsini, habelə müvəqqəti saxlanc üçün onlardan alınmış əmlakın qorunmasını təmin etmək;

11.1.3. biletlərin satıldığı və tamaşa nümayiş olunduğu yerlərdə afişalar asmaq, həmin afişalarda teatrın, tamaşanın, əsər müəllifinin (müəlliflərinin), quruluşçuların və ifaçıların (rol və partiyaları) adlarını, həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirin keçirilməsi barədə afişaların və digər elanların üzərində tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni və teatrın zəruri hesab etdiyi digər məlumatları göstərmək; [2]

11.1.4. tamaşanın keçirildiyi yer, başlanacağı və bitəcəyi vaxt, biletlərin qiyməti, alınma və geri qaytarılma şərtləri, müəyyən tamaşaçı kateqoriyaları üçün nəzərdə tutulmuş güzəştlər, tamaşaçıların yaş məhdudiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat vermək;

11.1.5. teatr biletində öz adını, ünvanını, biletin qiymətini, tamaşanın tarixini və saatını, tamaşaçının salondakı yerini, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni göstərmək. [3]

11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu ilə aşağıdakı hallarda geri qaytarıla bilər:

11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz olunduqda və ya təxirə salındıqda;

11.2.2. elan olunmuş baş rol ifaçısı dəyişdirildikdə.

11.3. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır. [4]

11.4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır. [5]

 

IV fəsil

TEATR TAMAŞASININ CANLI NÜMAYİŞİ (İFASI) İLƏ BAĞLI MÜSTƏSNA HÜQUQ

 

Maddə 12. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri

 

12.1. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri tamaşaya qoyulan əsərin müəllifi, quruluşçusu, ifaçılar və prodüserdir.

12.2. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq teatr tamaşasının kütləvi nümayişi haqqında qərar qəbul olunan andan yaranır.

12.3. Prodüser teatr tamaşasına hüququnu quruluşçunun və ifaçıların qanunvericilikdə müəyyən edilən hüquqlarına riayət etməklə həyata keçirir.

12.4. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, quruluşçu və prodüser teatr tamaşasının kütləvi nümayişi (ifası) barədə birgə qərar qəbul edirlər.

 

Maddə 13. Müəllif, quruluşçu və ifaçıların teatr tamaşası ilə bağlı Hüquqları

 

13.1.  Müəllif, quruluşçu və teatr tamaşalarında iştirak edən ifaçılar öz adlarının həmin tamaşanın reklam nəşrlərində, proqram və afişalarında, digər informasiya vasitələrində qeyd olunması hüququna malikdirlər.

13.2.  Quruluşçunun teatr tamaşasını təhriflərdən qorumaq hüququ vardır. Quruluşçunun icazəsi olmadan rol (partiya) ifaçılarının tərkibinin, səhnə mizanlarının, xoreoqrafiyanın, işıq partiturasının, teatr əlbəsələrinin, ifaçıların istifadə etdikləri aksessuarların, musiqinin dəyişdirilməsi təhrif hesab olunur. Quruluşçu ilə prodüser arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının digər təhrif formaları da müəyyən edilə bilər.

13.3. İfaçı tamaşada quruluşçunun rəhbərliyi altında hazırladığı rolu (partiyanı) ifa etmək hüququna malikdir və bu hüquqdan yalnız aşağıdakı hallarda məhrum edilə bilər:

13.3.1. prodüserlə bağladığı müqavilədə nəzərdə tutulan müddət və ya tamaşa sayı başa çatdıqda;

13.3.2. bu və ya digər səbəbdən öz rolunu (partiyasını) ilkin quruluşda nəzərdə tutulan şəkildə ifa etmək iqtidarında olmadığı halda, prodüserin və ya quruluşçunun təşəbbüsü əsasında;

13.3.3. prodüserlə bağladığı müqavilənin şərtlərini pozduqda.

13.4.       Prodüser, quruluşçu və ifaçılar arasında bağlanan müqavilədə bu Qanunun 13.1-ci - 13.3-cü maddələrində müəyyən edilən hüquqlardan başqa, digər hüquqlar da nəzərdə tutula bilər.

13.5.       İfaçının ad hüququ onun teatr tamaşasında iştirak etdiyi bütün müddət ərzində qüvvədə olur.

13.6. Quruluşçunun teatr tamaşası ilə bağlı hüququ bu tamaşanın kütləvi nümayiş edildiyi müddət ərzində qüvvədə olur.

 

Maddə 14. Prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı Hüquqları

 

14.0. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının kütləvi nümayiş hüququ prodüserə keçə bilər. Bu halda prodüserin aşağıdakı hüquqları vardır:

14.0.1. teatr tamaşasının kütləvi nümayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini müəyyən etmək;

14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını müəyyən etmək, onu dayandırmaq və bərpa etmək;

14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (televiziya və radio yayı və s.) köməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini müəyyənləşdirmək; [6]

14.0.4. bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulan normalara riayət etməklə hüquqi və fiziki şəxslərə (əgər prodüserlə bu şəxslər arasındakı müqavilədə digər hallar nəzərdə tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə birlikdə teatr tamaşasının yenidən səhnəyə qoyulması üçün icazə vermək.

 

Maddə 15. Teatr tamaşasının bədii həllinin qorunması ilə bağlı prodüserin vəzifələri

 

15.1. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən (digər hallar nəzərdə tutulmayıbsa) prodüser quruluşçunu aşağıdakılar barədə xəbərdar etməlidir:

15.1.1. teatr tamaşasında düzəliş edilməsinin zəruriliyi və bu düzəlişi yerinə yetirmək üçün quruluşçuya təqdim olunan şərtlər haqqında;

15.1.2. teatr tamaşasında quruluşçudan xəbərsiz edilən təcili düzəlişlər və bu düzəlişlərin səbəbləri haqqında;

15.1.3. teatr tamaşasının kütləvi nümayişinin müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılması və ya tamaşaların sayının azaldılması haqqında.

15.2. Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər.

15.3. Prodüser tamaşanın ilkin bədii həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər.

 

Maddə 16. Teatr tamaşası ilə bağlı hüququn müdafiəsi

 

16.1. Teatr tamaşası ilə bağlı müstəsna hüququ olan subyektlər bu hüququ pozanlardan onun ilkin vəziyyətinin bərpa olunmasını tələb edə bilərlər.

16.2. Prodüserlə teatr tamaşasına müstəsna hüquqları olan subyektlər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş qaydada maddi və ya başqa məsuliyyət daşıyırlar.

 

V fəsil

TEATRLARIN İDARƏ EDİLMƏSİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ

 

Maddə 17. Teatrların statusu

 

17.1. Teatrlara "akademik" statusu ümumbəşəri dəyərlər səviyyəsində yüksək peşəkarlığa, zəngin tarixi ənənələrə, "milli" statusu milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilir.

17.2. Müasir teatr sənətində fəal rol oynayan və teatr prosesinin inkişafında xüsusi əhəmiyyət kəsb edən teatrlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan aparıcı teatrların siyahısına daxil edilir.

 

Maddə 18. Teatrların idarə edilməsi, yaradılması, yenidən təşkili və ləğv olunması

 

18.1.       Teatrların fəaliyyətinə rəhbərlik qanunvericilikdə və təsis sənədlərində nəzərdə tutulan qaydada təsisçinin vəzifəyə təyin etdiyi direktor tərəfindən həyata keçirilir.

18.2. Teatrlar dövlət, bələdiyyələr, istənilən hüquqi və fiziki şəxslər tərəfindən təsis edilə bilər.

18.3: Təsisçi (mülkiyyətçi) ilə teatr arasında münasibətlər qanunvericilikdə müəyyən edilmiş qaydada tənzimlənir.

18.4. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri, əmlakdan istifadənin şərtləri və qaydaları, teatrın maliyyələşdirilməsi, tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial, əmək və digər məsələlərin həlli qaydaları müəyyən edilə bilər.

18.5. Teatrların yaradılması, yenidən təşkili, ləğvi və profilinin dəyişdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

18.6. Teatrların əmlak hüquqlarının həyata keçirilməsi, onların əmlakının idarə olunmasına nəzarət qanunvericiliklə müəyyən edilir.

 

Maddə 19. Teatrların maliyyələşdirilməsi

 

19.1.   Dövlət teatrları tamaşalardan və qanunvericiliklə qadağan olunmayan başqa mənbələrdən daxilolmalar, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir. Dövlət büdcəsindən ayrılan vəsait işçilərin əməkhaqları və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) həcmindən, eləcə də yeni tamaşaların quruluşu xərclərindən az olmamalıdır. [7]

19.2.          Bələdiyyə və özəl teatrlar qanunvericiliklə qadağan olunmayan istənilən mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

19.3. Dövlət orta və peşə ixtisas təhsili müəssisələrində aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması, elmi tədqiqat müəssisələrində teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

 

VI fəsil

TEATR İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİ

 

Maddə 20. Teatrların yaradıcı işçilərinin əməyinin ödənilməsi

 

20.1. Teatrların yaradıcı işçilərinin vəzifələrinin siyahıları və onların teatrda vəzifə tutmaları qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20.2. Teatrların yaradıcı işçilərinin fəaliyyəti əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirilir. Bu müqavilədə qanunvericilikdə nəzərdə tutulan məcburi şərtlərdən başqa, teatr tamaşasının canlı ifası ilə bağlı hüquqların həyata keçirilməsinin digər şərtləri də müəyyən edilə bilər.

20.3. Teatrların yaradıcı işçilərinə və bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan şəxslərə fəxri adlar, fərdi təqaüdlər və mükafatlar qanunvericilikdə müəyyən edilmiş qaydada verilir.

20.4. Teatrların rəhbər işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavələr oluna bilər.

20.5. Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əməkhaqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə müəyyən edilir.

 

Maddə 21. Teatr işçilərinin sosial müdafiəsi

 

21.1. Teatr işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası hüququna malikdirlər.

21.2. Dövlət orqanları və bələdiyyələr müvafiq büdcə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına teatr işçilərinin maddi təminatını yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirə bilərlər.

21.3. Teatr işçiləri “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunurlar. [8]

 

VII fəsil

YEKUN MÜDDƏALAR

 

Maddə 22. Teatrların beynəlxalq əməkdaşlığı

 

22.1. Dövlət teatrların beynəlxalq əlaqələrinin inkişafına, teatrlarda çalışan yaradıcı işçilərin bu əməkdaşlıqda birbaşa iştirakına şərait yaradır.

22.2.  Azərbaycan Respublikasının ərazisində xarici ölkələrin teatrlarının filialları (mərkəzləri) yaradıla və fəaliyyət göstərə bilər.

22.3.  Dövlət xarici ölkələrdə yaşayan azərbaycanlılara milli teatrların yaradılmasında maddi və təşkilati yardım göstərə bilər.

 

Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar

 

Maddə 24. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2006-cı il

               № 222-IIIQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 noyabr 2016-cı il tarixli 421-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 9)

2.       2 noyabr 2018-ci il tarixli 1330-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2479)

3.       19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882)

4.       29 oktyabr 2021-ci il tarixli 393-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1206)

5.       17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 6.0.8-ci maddədə kütləvi informasiya vasitələrində sözləri mediada sözü ilə əvəz edilmişdir.

 

[2] 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882) ilə 11.1.3-cü maddəyə “adlarını” sözündən sonra “, həmçinin “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirin keçirilməsi barədə afişaların və digər elanların üzərində tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni” sözləri əlavə edilmişdir.

 

[3] 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1882) ilə 11.1.5-ci maddəyə “yerini” sözündən sonra “, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tamaşanın aid edildiyi yaş kateqoriyasına dair işarəni” sözləri əlavə edilmişdir.

 

[4] 29 noyabr 2016-cı il tarixli 421-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 9) ilə yeni məzmunda 11.3-cü maddə əlavə edilmişdir.

 

[5] 2 noyabr 2018-ci il tarixli 1330-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2479) ilə yeni məzmunda 11.4-cü maddə əlavə edilmişdir.

 

[6] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 14.0.3-cü maddədə teleradio yayımı, kabel televiziyası sözləri televiziya və radio yayımı sözləri ilə əvəz edilmişdir.

 

[7] 29 oktyabr 2021-ci il tarixli 393-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1206) ilə 19.1-ci maddənin ikinci cümləsində “sosial sığorta ayrılmalarının” sözləri “əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 29 oktyabr 2021-ci il tarixli 393-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1206) ilə 21.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

21.3. Teatr işçiləri bədbəxt hadisələrdən və peşə xəstəliklərindən qanunvericiliklə müəyyən edilmiş qaydada icbari şəxsi sığorta olunurlar.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status