×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.04.2006
QEYDİYYAT NÖMRƏSİ
94-IIIQ
ADI
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2006, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 477)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
477 Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR

 

Bu Qanun Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra - Dövlət Reyestri) müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılması, aparılması, istifadəsi və informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. Dövlət Reyestri - Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatı; [1]

1.0.2. Dövlət Reyestrinin informasiya sistemi - Dövlət Reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki, telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrin nizama salınmış məcmusu;

1.0.3. Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod;

1.0.4. Dövlət Reyestrinin istifadəçiləri - öz səlahiyyətlərinə uyğun olaraq, Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

 

Maddə 2. Dövlət Reyestrinin aparılmasının məqsədi

 

2.0. Dövlət Reyestrinin aparılmasının əsas məqsədləri aşağıdakılardır:

2.0.1. əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək;

2.0.2. müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək;

2.0.3. əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaq.

 

Maddə 3. Dövlət Reyestri haqqında qanunvericilik

 

Dövlət Reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Ailə Məcəlləsindən, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, bu Qanundan, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir. [2]

 

I I f ə s i l

 

DÖVLƏT REYESTRİNİN FORMALAŞDIRILMASI, APARILMASI, İSTİFADƏ EDİLMƏSİ VƏ MƏLUMATLARIN MÜHAFİZƏSİ QAYDASI

 

Maddə 4. Dövlət Reyestrinin informasiya sistemi

 

4.1. Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

4.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və ondan istifadə edilməsi informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq mühafizə vasitələri ilə qorunur.

4.3. Dövlət Reyestrinin aparılmasının milli informasiya məkanında istifadə olunan vahid informasiya texnologiyaları və təhlükəsizlik standartlarının, linqvistik, hüquqi, təşkilati və elmi-metodoloji prinsiplərin tətbiqinə əsaslanması onun digər dövlət informasiya ehtiyatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

4.4. Dövlət Reyestrinin informasiya sistemi, habelə bu sistemin mühafizə vasitələri müəyyən edilmiş qaydada sertifikatlaşdırılır.

4.5. Dövlət Reyestrinin informasiya sisteminin yaradılması üzrə fəaliyyətin əlaqələndirilməsi və onun istifadəsi zamanı metodik və normativ tələblərə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 5. Dövlət Reyestrinin tərkibi

 

5.0. Dövlət Reyestri aşağıdakılardan ibarətdir:

5.0.1. Azərbaycan Respublikasının vətəndaşları barədə məlumatlar;

5.0.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər barədə məlumatlar;

5.0.3. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;

5.0.3-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar; [3]

5.0.3-2. Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;

5.0.4. Dövlət Reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular barədə məlumatlar).

 

Maddə 6. Dövlət Reyestrinə daxil edilən məlumatların siyahısı

 

6.1. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:

6.1.1. fərdi identifikasiya nömrəsi;

6.1.2. soyadı (əvvəlki soyadları);

6.1.3. adı;

6.1.4. atasının adı;

6.1.5. doğulduğu tarix;

6.1.6. doğulduğu yer;

6.1.7. cinsi;

6.1.8. vətəndaşlığı;

6.1.9. ailə vəziyyəti;

6.1.10. hərbi mükəlləfiyyətə münasibəti;

6.1.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;

6.1.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti (o cümlədən 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti); [4]

6.1.13. 15 yaşına çatmış şəxsin fotoşəkil;

6.1.14. 15 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);

6.1.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

6.1.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

6.1.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti; [5]

6.1.18. ölüm tarixi.

6.2. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

 

Maddə 7. Dövlət Reyestrinin formalaşdırılması və aparılması

 

7.1. Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

7.2. Dövlət Reyestri dövlət dilində aparılır.

7.3. Dövlət Reyestrindəki məlumatlar, əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədləşdirilmiş informasiya əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən formalaşdırılır və daim təzələnir.

7.4. Dövlət Reyestri ilə informasiya mübadiləsinin təhlükəsiz aparılması məqsədilə onun və bu mübadilənin iştirakçısı olan informasiya sistemlərinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ekspertizası həyata keçirilir.

7.5. Zəruri informasiya Dövlət Reyestrinə xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir: [6]

7.5.1. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə; [7]

7.5.1-1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən - Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - Vahid miqrasiya məlumat sistemi vasitəsilə; [8]

7.5.2. müvafiq icra hakimiyyəti orqanları tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə.

7.6. Dövlət orqanları topladıqları və işlədikləri informasiya resurslarından istifadəni zəruri olan səviyyədə, həcmdə və vaxtda təmin etməlidirlər.

7.7. Dövlət Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

7.8. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadəsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

7.8.1. insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması;

7.8.2. Dövlət Reyestrindəki sənədləşdirilmiş informasiyanın dəqiqliyi və tamlığı;

7.8.3. Dövlət Reyestrinə daxil olan sənədləşdirilmiş informasiyanın eyni şəklə salınması;

7.8.4. sənədləşdirilmiş informasiyanın təhlükəsizliyinin təmin olunması.

7.9. Dövlət Reyestrinin məlumatlarından şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz.

 

Maddə 8. Fərdi identifikasiya nömrəsi

 

8.1. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.

8.2. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

8.3. Fərdi identifikasiya nömrəsi şəxs barədə bu Qanunun 6-cı maddəsində göstərilən  məlumatlar Dövlət Reyestrinə daxil edilərkən dərhal verilir.

8.4. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

8.5. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir.

8.6. Dövlət Reyestrinə barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. [9]

8.7. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə onun fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığı bərpa edildikdə onun əvvəlki fərdi identifikasiya nömrəsi bərpa edilir. [10]

8.8. Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsi həmin şəxslərin uçotu aparılan digər dövlət informasiya sistemlərində şəxs barəsində saxlanılan məlumatlara daxil edilməlidir.

8.9. Fərdi identifikasiya nömrəsinin formalaşdırılması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 9. Dövlət Reyestrinin məlumatlarında düzəlişlərin edilməsi

 

9.1. Dövlət Reyestrində olan hər hansı məlumatda dəyişikliklər baş verdikdə identifikasiya nömrəsi göstərilməklə bu dəyişikliklərin Dövlət Reyestrinə daxil edilməsi üçün göndərilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən bu Qanunun 7.5-ci maddəsində müəyyən edilmiş qaydada təmin olunmalıdır.

9.2. Müvafiq icra hakimiyyəti orqanına dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılır.

9.3. Barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxslər Dövlət Reyestrində özləri haqqında olan məlumatlarda çatışmazlıqlar aşkar etdikdə müvafiq düzəlişlərin edilməsi üçün bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edə bilərlər.

 

Maddə 1 0. Dövlət Reyestrindən məlumatların verilməsi qaydası

 

10.1. Dövlət Reyestrində olan məlumatlar Dövlət Reyestrinin istifadəçilərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Dövlət Reyestrindən məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [11]

10.2. Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər.

10.3. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Reyestrində yalnız özləri və qanunvericilikdə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla yazılı surətdə müraciət etməklə tanış ola bilərlər.

10.4. Dövlət Reyestrində özləri və ya yaxın qohumları haqqında olan məlumatları əldə etmək üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədləri) təqdim etməlidirlər.

10.4-1. Dövlət Reyestrindən məlumatların verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. [12]

10.5. Barəsində sorğu verilmiş məlumat və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab 10 gün ərzində verilməlidir. Zərurət yarandıqda, bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər.

10.6. Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər.

10.7. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən imzalanmalıdır.

10.8. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər.

10.9. Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün yazılı müraciətin və Dövlət Reyestrindən çıxarışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 1 1. Dövlət Reyestrindəki məlumatların mühafizəsi

 

11.1. Dövlət Reyestrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmış informasiya kateqoriyasına aid edilir.

11.2. Dövlət Reyestrinin formalaşdırılması, aparılması və istifadə olunmasında iştirak edən dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrindəki məlumatların mühafizəsini təmin etməlidirlər.

11.3. Məhkəmə icraatı və ya cinayət işi üzrə məhkəməyədək icraat zamanı Dövlət Reyestrindən alınmış məlumatlar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühafizə edilir.

11.4. Müvafiq icra hakimiyyəti orqanı Dövlət Reyestrindəki məlumatların texniki mühafizəsi məqsədilə Dövlət Reyestrinin informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətini Dövlət Reyestrindən məkanca kənarda saxlanmasını, əsas və ehtiyat surətinin dayanıqlı alternativ telekommunikasiya vasitələri ilə təmin olunmasını təşkil etməlidir.

 

Maddə 1 2. Nəzarət

 

12.1. Dövlət Reyestrinin formalaşdırılmasına, aparılmasına, istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

12.2. Dövlət Reyestrinə göndərilən məlumatların sənədlərlə uyğunluğu bu məlumatları göndərən müvafiq icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalıdır.

 

I I I f ə s i l

 

YEKUN MÜDDƏALAR

 

Maddə 1 3. Dövlət Reyestrinin maliyyələşdirilməsi

 

Dövlət Reyestrinin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

Maddə 1 4. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

14.1. Dövlət Reyestrini aparan orqanın vəzifəli şəxsləri, bu Qanuna müvafiq surətdə Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri informasiya resurslarına daxil edilmiş informasiyanın qorunmamasına və onlara bəlli olan məlumatların yayılmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.2. Dövlət Reyestri ilə işləməyə buraxılmış şəxslər Dövlət Reyestrinə saxta məlumatların bilərəkdən daxil edilməsinə (göndərilməsinə) görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.3. Dövlət Reyestrinə göndərilən məlumatların sənədlərlə uyğunluğuna görə bu məlumatları göndərən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

14.4. Topladıqları və işlədikləri informasiya resurslarından istifadəni bu Qanuna müvafiq olaraq təmin etməyən dövlət orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

               İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 aprel 2006-cı il

              № 94-IIIQ

 

 

 


 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886)

2.       26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  29 dekabr 2009-cu il, № 290)

3.       30 sentyabr 2010-cu il tarixli 1077-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  22 oktyabr 2010-cu il, № 232, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 10, maddə 837)

4.       30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162)

5.       19 aprel 2013-cü il tarixli 626-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 475)

6.       17 oktyabr 2014-cü il tarixli 1067-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1347)

7.       03 aprel 2015-ci il tarixli 1248-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 may 2015-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 495)

8.       28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 40)

9.       20 dekabr 2022-ci il tarixli 728-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 181)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 40) ilə 1.0.1-ci, 1.0.4-cü, 6.1-ci, 7.3-cü, 8.2-ci, 8.8-ci, 10.3-cü maddələrinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilmişdir.

 

[2] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162) ilə 3-cü maddədə “Elektron imza və elektron sənəd haqqında” sözlərindən sonra “, “Fərdi məlumatlar haqqında” sözləri əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1067-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 noyabr 2014-cü il, № 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1347) ilə 3-cü maddəsində “Məcəlləsindən” sözündən sonra “, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən” sözləri əlavə edilmişdir, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilmişdir və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”,” sözləri çıxarılmışdır.

 

28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8) ilə 3-cü maddəyə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”,” sözlərindən sonra “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”,” sözləri əlavə edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8) ilə yeni məzmunda 5.0.3-1-ci və 5.0.3-2-ci maddələr əlavə edilmişdir.

 

[4] 30 sentyabr 2010-cu il tarixli 1077-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  22 oktyabr 2010-cu il, № 232) ilə 6.1.12-ci maddədə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilmişdir, “və şəxsiyyət vəsiqəsinin nömrələri” sözləri “nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti” sözləri ilə əvəz edilmişdir.

 

19 aprel 2013-cü il tarixli 626-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 475) ilə 6.1.12-ci, 6.1.13-cü və 6.1.14-cü maddələrdə “ 16 rəqəmləri “ 15 rəqəmləri ilə əvəz edilmişdir.

 

[5] 30 sentyabr 2010-cu il tarixli 1077-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  22 oktyabr 2010-cu il, № 232, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 10, maddə 837) ilə 6.1.15-ci, 6.1.16-cı və 6.1.17-ci maddələrdə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilmişdir.

 

[6] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə 7.5-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.5. Dövlət Reyestrinin formalaşdırılması zamanı və sonrakı dövrlərdə məlumatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən Dövlət Reyestrinə hər iş günü xüsusi məlumat ötürmə sistemi vasitəsilə göndərilməli və informasiyanın aktuallığı təmin edilməlidir.

 

[7] 26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  29 dekabr 2009-cu il, № 290)  ilə 7.5.1-ci maddədən “, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin” sözləri çıxarılmışdır və yeni məzmunda 7.5.1-1-ci maddə əlavə edilmişdir.

 

[8] 28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8) ilə 7.5.1-1-ci maddədə “daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə “icazə” sözündən sonra “və ya qaçqın” sözləri əlavə edilmişdir.

 

[9] 28 dekabr 2018-ci il tarixli 1423-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2019-cu il, № 8) ilə 8.6-cı maddəyə “çıxarıldıqda” sözündən sonra “, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilmişdir.

 

[10] 03 aprel 2015-ci il tarixli 1248-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 may 2015-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 495) ilə 8.7-ci maddəsinin birinci cümləsində “Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda” sözləri “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, № 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 162) ilə 10.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[12] 20 dekabr 2022-ci il tarixli 728-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 9 fevral 2023-cü il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 181) ilə yeni məzmunda 10.4-1-ci maddə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status