100.000.000
“Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası” nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Onkoloji yardım haqqında ” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 noyabr 2006-cı il
№ 243
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 21 noyabr tarixli 243 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu
QAYDASI
1. Bu Qayda “Onkoloji yardım haqqında ” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə ” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.7-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu qaydasını müəyyən edir.
2. Onkoloji xəstələrin uçotu bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin sağlamlığı, ağırlaşmalar, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, habelə müalicə - profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədilə yaradılır.
[1]
3. Aşkar olunmuş onkoloji xəstələrin sayı haqqında dəqiq məlumat almaq və onkoloji xəstəliklər haqqında hesabatların düzgün aparılmasını tələb etmək, mülkiyyət formasından asılı olmayaraq, onkoloji müəssisələrin hüquqlarından biridir.
4. Onkoloji xəstələr yaşadıqları ərazi üzrə ambulator-poliklinika müəssisəsinin onkoloji kabinetində və ya onkoloji dispanserlərdə qeydiyyata alınırlar.
5. Mülkiyyət formasından asılı olmayaraq, bütün tibb müəssisələrində onkoloji xəstələrin uçotu aparılır.
6. Uçotda xəstənin şəxsiyyəti, xəstəliyi barədə məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart məlumat bankına daxil edilir.
7. Onkoloji xəstələrin dispanser kartlarının forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
8. Onkoloji xəstələrin dispanser kartları mülkiyyət formasından asılı olmayaraq, qeydiyyatda olduqları tibb müəssisələrində onlara diaqnoz qoyulduğu tarixdən sonra kvartalda 1 dəfə mövcud məlumatlar əsasında həkim-onkoloq və ya bu vəzifəni həyata keçirən ixtisaslaşdırılmış həkim tərəfindən doldurulur.
9. Doldurulmuş dispanser kartı tibb müəssisəsinin rəhbəri tərəfindən imzalanır və qoşma məktubla birlikdə müvafiq uçota təqdim edilir.
10. Təqdim olunmuş dispanser kartlarının uçot jurnalları və bu kartlar daxil edilən qovluqlar onkoloji xəstələrin uçotunun tərkib hissəsidir.
11. Dispanser kartlarının uçot jurnalları və bu kartlar daxil edilən qovluqlar daimi saxlanılır.
12. Onkoloji xəstələrin uçotu kağız üzərində və elektron daşıyıcısında aparılır. Onkoloji xəstələrin uçotunun kağız üzərində və elektron daşıyıcısındakı məlumatları bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir.
13. Mülkiyyət formasından asılı olmayaraq, bütün tibb müəssisələri onkoloji xəstələr barədə illik yekun məlumatları Milli Onkoloji Mərkəzə təqdim edirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
2.
7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2-ci bəndində «əlillik» sözündən sonra « , sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilmişdir.
7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “Mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində onkoloji xəstələrin qeydiyyatı və uçotu Qaydası”nın 2-ci hissəsindən “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılmışdır.