Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.20-ci, 1.24-cü, 1.39-cu və 1.40-cı bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
1.
"Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası ", "Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti " və "Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 yanvar 2007-ci il
№ 11
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların
ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması
QAYDASI
1.
ÜMUMİ MÜDDƏA
Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.20-ci və 1.24-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması qaydasını tənzimləyir.
2. HEYVANLARIN PLANLI PROFİLAKTİK VƏ YA MƏCBURİ PEYVƏND EDİLMƏSİ, HEYVAN XƏSTƏLİKLƏRİNİN BAŞ VERMƏSİNİN VƏ YAYILMASININ QARŞISININ ALINMASI
2.1. Heyvanlar arasında profilaktik peyvəndləmə işləri yoluxucu xəstəliklərin baş verməsinin qarşısını atmaq məqsədilə əvvəlcədən proqnozlaşdırılaraq tərtib edilən və aidiyyəti orqanlar tərəfindən təsdiq edilən epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq son illər ərzində ölkədə və ya yerlərdə baş verən xəstəliklər və onların yayılma dərəcəsi nəzərə alınmaqla aparılır.
Profilaktik peyvəndləmələr heyvanların köklük dərəcəsinin orta vəziyyətdə olduğu vaxtda, stasionar şəraitdə saxlandığı dövrlərdə, əsasən, yaz və payız aylarında aparılır.
2.2. İldə 2 dəfə profilaktik peyvəndləmə aparılması nəzərdə tutulan xəstəliklərə qarşı heyvanlarda təkrar peyvəndləmə 1-ci peyvəndləmədən 6 ay sonra həyata keçirilməlidir.
2.3. Profilaktik peyvəndləmə aparılması prosesi xəstəliklərin xüsusiyyətləri nəzərə alınmaqla, kütləvi şəkildə qısa müddət ərzində həyata keçirilməlidir.
Baytarlıq tədbirlərinin aparılması zamanı kömək məqsədilə bələdiyyələrin və özəl baytarlıq müəssisələrinin mütəxəssislərinin qüvvəsindən də istifadə edilə bilər.
2.4.
Peyvəndləmə işlərinin gedişi mütəmadi olaraq nəzarətdə saxlanılmalı, onun vaxtında başa çatdırılması üçün heyvan sahiblərinin məsuliyyəti artırılmalıdır.
2.5.
Profilaktika məqsədilə müayinə işləri bir çox xəstəliklərə, xüsusilə bruselyoz, vərəm, cütləşmə, kampilobakterioz və manqo xəstəliklərinə görə onların ərazidə baş verib verməməsindən asılı olmayaraq məcburi qaydada planlı surətdə aparılmalıdır.
2.6.
Baş vermiş epizootiyanın xarakterindən asılı olaraq qeyri-sağlam məntəqədə və xəstəliyin yayılması təhlükəsi olan zonalarda bütün xəstəliyə həssas olan heyvanlar arasında əvvəl ona qarşı aparılan peyvəndləmənin vaxtından asılı olmayaraq məcburi qaydada təkrar peyvənd edilməlidir (dabaq, qarayara, qoyunların çiçəyi və s. xüsusi təhlükəli xəstəliklərə qarşı).
2.7.
Profilaktik və məcburi peyvəndləmə ilə yanaşı, xəstəliklərin baş verməsi və yayılması riskinin azaldılması üçün heyvanların orqanizminin xəstəliklərə görə müqavimət qüvvəsinin artırılması, təsərrüfatların, yaşayış məntəqələrinin xəstəliklərdən mühafizə edilməsi, yerlərdə epizootik monitorinqin keçirilməsi və əhalinin maarifləndirilməsi işləri aparılmalıdır.
2.8.
Heyvanların yoluxucu xəstəliklərdən qorunması üçün təsərrüfatlara, yaşayış məntəqələrinə baytarlıq-sanitariya üzrə yoxlanılmış heyvanların buraxılmasına, eyni zamanda xəstəliklərə görə qeyri-sağlam ərazidən kənar yerlərə heyvanların çıxarılmasına yol verməməli, yeni gətirilən heyvanlar 30 gün müddətində təcrid olunmuş vəziyyətdə saxlanmalı, bu müddətdə həmin heyvanların hamısı ayrı-ayrılıqda lazımi müayinələrə və peyvəndləmələrə cəlb edilməlidir.
2.9.
Heyvanlar arasında aparılan müayinə işləri və peyvəndləmə barədə baytar həkimləri tərəfindən bələdiyyələrin iştirakı ilə tərtib edilən aktda biopreparatı istehsal edən müəssisənin adı, biopreparatın seriya və nəzarət nömrəsi, buraxılma tarixi, yararlılıq müddəti, istifadə dozası və tətbiqi, işlənən biopreparatın miqdarı, qalıq vaksinin zərərsizləşdirilməsi, itkiyə gedən vaksinin miqdarı və infeksiya yerinin dezinfeksiya edilməsi göstərilməlidir.
Peyvəndləmə zamanı obyektiv səbəblərdən itkiyə gedən vaksinin miqdarı 3-5%-dən artıq olmamalıdır.
2.10.
Özəl baytarlıq təbabəti müəssisəsinin mütəxəssisləri heyvanlarda profilaktik peyvəndləmə işlərini apararkən, bu sahədə heyvan sahiblərinə lazımi məsləhətlər verə bilərlər.
2.11.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"nda göstərilən xəstəliklər istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğv edilməsi xərcləri mülkiyyətçilərin
vəsaiti hesabına həyata keçirilir.
2.12. Heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.
[2]
3. HEYVANLARIN XÜSUSİ TƏHLÜKƏLİ XƏSTƏLİKLƏRİNİN BAŞ VERMƏSİ QEYDƏ ALINAN QONŞU ÖLKƏLƏRDƏN ÖLKƏ ƏRAZİSİNƏ KEÇƏN NƏQLİYYAT VASİTƏLƏRİNİN DEZİNFEKSİYASI
3.1.
Xarici dövlətlərdən ölkə ərazisinə keçən nəqliyyat vasitəsi ilə yoluxucu heyvan xəstəliklərinin gətirilməsinin qarşısını almaq məqsədilə həmin nəqliyyat vasitəsi gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidir.
[3]
3.2.
Avtomobil nəqliyyatı vasitələrinin dezinfeksiyası açıq meydançalarda 5%-li formaldehid, alkomon və s. maddələrlə aparılmalıdır və avtomobil nəqliyyatı vasitələri uzunluğu 9 metr, eni 6 metr və dərinliyi 20-30 sm olan və dezinfeksiya maddəsi ilə doldurulmuş dezinfeksiya baryerindən keçirilməlidir.
3.3.
Baytarlıq-sanitariya işləməsinə məruz qalan nəqliyyat vasitələri boşaldıqdan sonra onların iç hissəsi əvvəlcədən təmizlənməli, qaynar su ilə yuyulmalı və bundan sonra dezinfeksiya edilməlidir.
3.4.
Respublikaya idxal edilən heyvan mənşəli məhsullar və xammal, həmçinin yem daxil olan dəniz limanlarında, sərhəd dəmiryol stansiyalarında, beynəlxalq hava limanlarında yük boşaldıldıqdan sonra nəqliyyat vasitələrinin yuyulması, dezinfeksiyası üçün kompleks dezinfeksiya qurğularının tikilməsi təmin edilməlidir.
4. XƏSTƏLİYİ LƏĞV ETMƏK ÜÇÜN EPİZOOTİYA MƏNBƏYİNDƏ VƏ QEYRİ-SAĞLAM MƏNTƏQƏLƏRDƏ, HEYVANDARLIQ BİNALARINDA, ONLARIN ƏRAZİLƏRİNDƏ, NƏQLİYYATDA VƏ DİGƏR YERLƏRDƏ DEZİNFEKSİYA, DEZİNSEKSİYA VƏ DERATİZASİYA İŞLƏRİNİN APARILMASI
4.1.
Xəstəliklərə qarşı mübarizə məqsədilə mülkiyyət formasından asılı olmayaraq bütün heyvandarlıq obyektlərində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həm profilaktik, həm də xəstəliklər baş verdikdə cari qaydada aparılır. Cari dezinfeksiya, dezinseksiya və deratizasiya işləri epizootiya mənbələrində, qeyri-sağlam məntəqələrdə, xəstəlik baş verən heyvandarlıq (quşçuluq) binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə xəstəlik baş verdikdən dərhal sonra xəstəliyin yerində ləğv edilməsi məqsədilə aparılır.
4.2.
Cari dezinfeksiya, dezinseksiya və deratizasiyaya cəlb edilən obyektlərin siyahısı xəstəliyin xarakterindən, onun təhlükəli və kontagioz olması dərəcəsindən, epizootik vəziyyətin gedişindən, heyvanların (quşların) saxlanma üsulundan, istehsalın texnologiyasından və digər konkret şərtlərdən asılı olaraq baytar həkimi tərəfindən müəyyənləşdirilir. Baytar həkimi hər bir xəstəliyə uyğun aparılacaq dezinfeksiya, dezinseksiya və deratizasiya müddətlərini və əvvəlcədən mexaniki təmizləmə işlərinin həcmini dəqiqləşdirməli, bu işlərin aparılması üçün xüsusi qrafik hazırlamalıdır.
4.3.
Epizootiya mənbəyində, qeyri-sağlam məntəqədə xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilib müalicəyə cəlb edildikdən və ya müxtəlif üsullarla zərərsizləşdirildikdən sonra (öldürmə, yandırma və s.) onlar saxlanan bina, təcridxana, habelə orada olan avadanlıq və ləvazimatlar, xidmət əşyaları heyvanların (quşların) ifrazatları, eləcə də xəstəlik amili ilə təmasda olmasına şübhəli yerlər, ərazilər, ərazidə müxtəlif məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələri məcburi qaydada, baş vermiş xəstəliyə uyğun olaraq ona qarşı işlədilən dezinfeksiya maddələrinin biri ilə qrafik əsasında karantin tədbirləri başa çatanadək dezinfeksiya edilir.
4.4. Xəstəlik ləğv edildikdən sonra karantin və ya məhdudiyyət götürülməmişdən əvvəl bina, ərazi və digər yerlər bir daha mexaniki təmizlənməli və yekun dezinfeksiya edilərək akt tərtib edilməlidir.
4.5. Epizootiya ocağında olan bütün heyvandarlıq obyektləri, məişət və yardımçı binalar (içərisi və çölü), onlara bitişik gəzinti meydançaları, keçid yerləri, eləcə də heyvanların, yemlərin, heyvan mənşəli məhsulların və xammalın daşınması və s. məqsədilə istifadə edilən nəqliyyat vasitələri yekun dezinfeksiyaya cəlb edilməlidir.
4.6. Xəstəlik baş verdiyi vaxtdan başlayaraq yekun dezinfeksiya aparılanadək heyvandarlıq binalarında olan gəmiricilərin və həşəratların məhv edilməsi üçün (deratizasiya və dezinseksiya) kimyəvi və digər üsullarla mübarizə aparılmalı, ərazidə onların yayılmasının qarşısı alınmalıdır. Həşəratların artmaması məqsədilə ərazidə onların artması ehtimal olunan yerlər və peyin anbarları insektisid maddələrlə işlənməlidir.
4.7.
Xəstəlik amilinin xüsusiyyətlərindən, təhlükəlilik dərəcəsindən asılı olaraq, peyin kütləsi toplanıb biotermiki zərərsizləşdirilməli və yaxud yandırılmalıdır.
4.8.
Hər bir təcrid olunmuş binada (şöbədə) kiçikhəcmli ləvazimatların, metal qabların vaxtaşırı dezinfeksiyası üçün xüsusi ayrılmış yerlərdə dezinfeksiya maddəsi ilə dolu çənlər quraşdırılmalıdır.
4.9.
Heyvandarlıq binalarının dezinfeksiyası ilə eyni vaxtda bərk örtüklü gəzinti meydançaları təmizlənir və dezinfeksiya edilir. Gəzinti meydançaları bərk örtüklə örtülmədiyi hallarda, oradan torpaq 10-15 sm dərinliyində qazılıb götürülməli və təzə torpaq tökülməlidir. Götürülən torpaq uzun müddət ayrıca saxlanmaqla zərərsizləşdirilməlidir.
Qarayara və digər xüsusi təhlükəli xəstəliklər baş verdikdə, gəzinti meydançasındakı torpaq örtüyü yalnız əvvəlcədən dezinfeksiya edildikdən sonra dəyişdirilə bilər.
4.10. Epizootiya ocağından xəstəliklə təmasda olmuş geyimdə, ayaqqabıda kənara çıxmağa icazə verilmir.
Xüsusi geyimlər, ayaqqabılar, heyvanlara qulluq əşyalarının dezinfeksiyası tərtib edilmiş qrafikə uyğun olaraq həftədə 1 dəfədən az olmayaraq aparılır. Xüsusi geyimlər paraformalin kamerasında, ayaqqabılar isə istehsalat şöbəsinə girib-çıxanda dezinfeksiya edilir. Metal əşyalar müvafiq qatılıqda hazırlanan dezinfeksiya maddələri tökülmüş qablara salınmaqla dezinfeksiya edilir.
4.11. Torpağın zərərsizləşdirilməsi xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq baş vermiş xəstəliyə uyğun həyata keçirilir.
Xarici mühit amillərinə davamlı olan və spor formasına keçə bilən xəstəlik amillərinin (qarayara, emkar və s.) məhv edilməsi məqsədilə həmin xəstəliklərdən ölmüş və ya kəsilmiş heyvanların cəsədi götürülüb zərərsizləşdirilməklə yanaşı, həmin yerin bitki örtüyü yandırılır və həmin əraziyə tərkibində 5% aktiv xlor olan xlorlu əhəngdən və ya neytral hipoxlorid məhlulundan hər kv. metrə 10 litr olmaq şərtilə tökülür.
Torpağın üst qatının (3-4 sm dərinliyində) dezinfeksiyasında yeyici natrium qələvisinin 10 faizli məhlulundan və s. dezinfeksiya vasitələrindən istifadə edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması
QAYDASI VƏ MÜDDƏTİ
1.
ÜMUMİ MÜDDƏA
Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.39-cu bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ölkə ərazisini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq üçün başqa ölkələrdən gətirilən heyvanların təcrid olunmuş halda saxlanılması qaydasını və müddətini tənzimləyir.
2. AZƏRBAYCAN RESPUBLİKASINA GƏTİRİLƏN HEYVANLARIN SAĞLAMLIĞININ MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
2.1. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər ölkə ərazisini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə ölkəyə gətirdikləri heyvanların sağlamlıqlarını müəyyən etmək üçün həmin heyvanları ərazi dövlət baytarlıq müfəttişinin göstərişi və nəzarəti altında təcrid edilmiş halda xüsusi ayrılmış yerdə (izolyatorda) saxlamağa borcludurlar.
2.2. Azərbaycan Respublikasının ərazisinə gətirilən heyvanlar dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baytar nəzarətindən keçirildikdən sonra təsərrüfatda xüsusi ayrılmış yerlərdə (izolyatorda) 30 gün müddətinə karantində saxlanılır. Bu məqsədlə yaradılmış izolyator kifayət qədər içməli su, yem və işçi qüvvəsi ilə təmin edilməli və baytarlıq-sanitariya tələbləri və normalarına cavab verməlidir.
[4]
2.3. Karantin müddətində heyvanlara gündəlik kliniki baxış keçirilməli və termometriya aparılmalıdır. Bu müddət ərzində iribuynuzlu heyvanlar bruselyoz, vərəm, paratuberkulyoz, leykoz, trixomonoz, kampilobakterioz, xlamidioza görə, xırdabuynuzlu heyvanlar əlavə olaraq epiddidimitə, adenomatoza və listerioza görə diaqnostik testlərdən keçirilir. Karantin müddətində donuzlar bruselyoza, donuzların klassik taununa, donuzların reproduktiv sindromuna, Aueski xəstəliyinə, viruslu transmissiv qastroenteritə, donuzların vezikulyar xəstəliyinə, atrofik rinitə görə, atlar isə cütləşmə xəstəliyinə, surraya (tripanasoma Evansi), piroplazmoza (babeziya kabani), nuttalioza (babeziya Ekvi), rinopnevmoniyaya, infeksion metritə, infeksion anemiyaya, viruslu enteritə, vezikulyar stomatitə, manqoya və s. görə laboratoriya testlərindən keçirilir.
2.4.
Karantin müddətində heyvanlar diaqnostik testlərdən keçirilməklə yanaşı, hər bir heyvan özünəməxsus epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq profilaktik peyvəndləmələrə cəlb olunur.
2.5.
Karantin müddətində diaqnostik müayinələr nəticəsində (seroloji, allerji və s.) heyvanlarda müxtəlif xəstəliklər aşkar edilərsə, Dövlət Baytarlıq Nəzarəti Xidməti bu barədə dərhal məlumatlandırılır. Dövlət Baytarlıq Nəzarəti Xidməti xəstəlik aşkar edilmiş heyvan və heyvanlar qrupunun zərərsizləşdirilməsini və ya məhv edilməsini qanunvericiliyə müvafiq olaraq həyata keçirir.
[5]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Baytarlıq haqqında " Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.40-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və respublika ərazisində baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir.
1.2. Baytarlıq tədbirləri heyvanların infeksion və yoluxucu olmayan xəstəliklərinin qarşısının alınması, insanların və heyvanların sağlamlığının qorunması, ümumi və spesifik profilaktika, habelə biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən işlərdən ibarətdir.
2. ÜMUMİ BAYTARLIQ TƏDBİRLƏRİNİN TƏŞKİLİ
2.1. Ümumi baytarlıq tədbirlərinə aşağıdakılar aiddir:
heyvanların balanslaşdırılmış rasionla yemlənməsi, zoogigiyena normalarına və baytarlıq-sanitariya qaydalarına əməl edilən binalarla təmin edilməsi, onlara lazımi qulluq göstərilməsi;
mütəmadi olaraq heyvanların ümumi vəziyyətinə kliniki baxışın keçirilməsi və baytarlıq müşahidələrinin aparılması;
yemlərin və suyun keyfiyyətinə ciddi nəzarət edilməsi;
ərazi (zona) baytarlıq və aqrokimyəvi laboratoriyalarında dövlət və özəl təsərrüfatlardan götürülmüş materiallarda və yem nümunələrində yemlərin qidalılıq dərəcəsinin, onların tərkibində vitaminlərin, mineral duzların, karbohidratların, makro və mikroelementlərin, eyni zamanda pestisidlərin və digər toksiki birləşmələrin kəmiyyət və keyfiyyətinin təyin edilməsi;
heyvan və quşların yemləndirilməsində baytarlıq və aqrokimyəvi laboratoriyaların rəylərinin nəzərə alınması;
heyvandarlıq və quşçuluqla məşğul olan fiziki və hüquqi şəxslər arasında heyvandarlıq mədəniyyəti, heyvanların intensiv texnologiya əsasında yetişdirilməsi, damazlıq-seleksiya işlərinin əsasları, xəstəliklər və onlarla mübarizə üsulları, habelə baytarlıq-sanitariya qaydalarına dair maarifləndirici təbliğat işlərinin aparılması;
heyvanların və quşların xəstəliklərinin profilaktikası məqsədilə onların yerləşdiyi binalarda və ətraf ərazilərdə, habelə heyvandarlıq məhsullarının və onların xammalının tədarükü və emalı müəssisələrində baytarlıq-sanitariya vəziyyətinə nəzarət edilməsi;
2.2. Əraziyə xidmət edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin (bundan sonra - regional bölmə) işçiləri, habelə təsərrüfatlara xidmət edən digər baytar mütəxəssisləri mütəmadi olaraq xəstəliklərin epizootik və baytarlıq-sanitariya vəziyyətini araşdırmaqla, vaxtında tədbir görülməsi üçün təsərrüfatda, ətraf ərazidə hər hansı xəstəliyin olub-olmaması barədə məlumat əldə etməli və ərazidə qorxulu xəstəlik baş verdikdə, aidiyyəti orqanlara məlumat verməlidirlər.
[6]
2.3. Regional bölmənin işçiləri və təsərrüfatlara xidmət göstərən digər baytar mütəxəssisləri ərazidə yoluxucu xəstəliklərin epizotologiyasını, xəstəliklərin heyvan və quşlara keçmə yollarını, üsullarını və vasitələrini sistematik öyrənməyə, epizootik vəziyyət barədə jurnallar və xəritələr tərtib etməyə borcludurlar.
[7]
2.4. Baytar həkimləri profilaktika məqsədilə heyvanlar arasında fərdi və qrup halında, planlı və plandan kənar təsərrüfatın fəaliyyət istiqamətindən və yerli şəraitdən asılı olaraq müxtəlif vaxtlarda kliniki baxış keçirməlidirlər.
3. YOLUXUCU OLMAYAN XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN XÜSUSİ BAYTARLIQ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ
3.1. Yoluxucu olmayan heyvan xəstəliklərinə qarşı aşağıdakı kompleks baytarlıq tədbirləri aparılır:
yoluxucu olmayan xəstəliklərin qeydiyyata alınması;
heyvanların kütləvi xəstələnmə və ölümünün səbəblərinin araşdırılması;
heyvanların yem payında dəyişikliklər edilməsi, onların saxlanma-bəslənmə şəraitinin yaxşılaşdırılması.
3.2.
Kliniki əlamətlərinə, qanın, sidiyin və südün biokimyəvi analizinə əsasən diaqnozu dəqiqləşdirilən xəstələr ümumi naxırdan təcrid olunmuş yerdə saxlanılmalı və müalicə edilməlidirlər.
3.3. Xəstə heyvanları eyni yaş qruplarına ayırmaqla, yoluxucu olmayan xəstəliklərə qarşı qrup halında da müalicə etmək olar.
4. HEYVANLARIN İNFEKSİON VƏ QAN PARAZİTAR XƏSTƏLİKLƏRİNƏ QARŞI APARILAN XÜSUSİ BAYTARLIQ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ
4.1.
Heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı baytarlıq tədbirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytar mütəxəssislərinin iştirakı ilə yerlərdəki epizootik vəziyyət nəzərə alınmaqla, hər növbəti il üçün planlaşdırılır, təsdiq edilir və icra üçün müvafiq regional bölmələrə göndərilir.
[8]
4.2.
Planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir.
4.3.
Xəstəliklərə diaqnoz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur.
[9]
4.4.
İnfeksion və parazitar xəstəliklərə qarşı peyvəndləmələrdən və işləmələrdən ibarət olan baytarlıq tədbirləri təsdiq edilmiş epizootiya əleyhinə planlara uyğun olaraq mənşəyi və keyfiyyəti məlum olan biopreparatlarla aparılır.
4.5.
Peyvəndləmə və işləmələrə başlamamışdan əvvəl hazırlıq işləri aparılır, tələb olunan biopreparatların, ləvazimatların, dezinfeksiya vasitələrinin miqdarı müəyyənləşdirilir, heyvandarlıqla məşğul olan şəxslər arasında baytarlıq tədbirinin əhəmiyyəti, onun tətbiqindən sonra heyvanlarla və onların məhsulları ilə davranış qaydaları barədə təşviqat işi aparılır. Peyvənd edilən və parazitəleyhi işləmədən keçən heyvanlar xüsusi nəzarətdə saxlanılır və hər günün sonunda aparılan işlər barədə müvafiq qeydlər edilir.
4.6.
Baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır.
4.7.
Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ilkin mənbədə ləğv edilməsi üçün təcili və təxirəsalınmaz baytarlıq tədbirləri həyata keçirilir.
4.8.
Heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin biotəhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan baytarlıq tədbirləri baytarlıq-sanitariya qaydalarına uyğun həyata keçirilir.
4.9. Heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.
[10]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
- 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
- 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)
- 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə preambuladan “1.20-ci,” sözləri çıxarılmışdır.
[2]
10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası”na yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.
[3]
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası"nın 3.1-ci bəndində (ikinci halda) "nəqliyyat vasitəsi" sözlərindən sonra "gömrük orqanı tərəfindən" sözləri əlavə edilmişdir.
[4]
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və Müddəti"nin 2.2-ci bəndində "dövlət sərhəd-baytarlıq nəzarəti məntəqəsində baxışdan" sözləri "dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baytar nəzarətindən" sözləri ilə əvəz edilmişdir.
[5]
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılması Qaydası və müddəti”nin 2.5-ci bəndində (hər iki halda) “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.
[6]
1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndində “dövlət baytarlıq orqanının” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin (bundan sonra - regional bölmə)” sözləri ilə əvəz edilmişdir.
[7]
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 2.3-cü və 4.1-ci bəndlərində ismin müvafiq hallarında “Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.
1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 2.3-cü bəndində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Regional bölmənin” sözləri ilə əvəz edilmişdir.
[8]
1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 4.1-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə və “baytarlıq orqanlarına” sözləri “regional bölmələrə” sözləri ilə əvəz edilmişdir.
[9]
1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndində “dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[10]
10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”na yeni məzmunda 4.9-cu bənd əlavə edilmişdir.