×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.02.2007
QEYDİYYAT NÖMRƏSİ
532
ADI
“Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2007, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 98)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilinlə həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 26 fevral 2007-ci il

    № 532

 


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Konsulluğu haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Konsulluğu (bundan sonra — Konsulluq) qəbul edən dövlətin ərazisindəki müvafiq konsul dairəsi hüdudlarında Azərbaycan Respublikası adından konsul funksiyalarını yerinə yetirən Azərbaycan Respublikasının dövlət orqanıdır. Konsulluq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra — Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.

2. Konsulluqlar Azərbaycan Respublikasının baş konsulluqlarından, konsulluqlarından, vitse-konsulluqlarından, konsul agentliklərindən ibarətdir.

3. Konsulluqlar Azərbaycan Respublikası xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.

4. Konsulluqlar Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyinin (olduğu halda) başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir.

5. Konsulluq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasının, “Diplomatik xidmət haqqında”  Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə bilən normalarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, bu Əsasnaməni, Nazirliyin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

6. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul edən dövlətlə razılıq əsasında müəyyənləşdirilir.

7. Konsulluğun binasında və ya onun ərazisində, konsulluğun başçısının iqamətgahında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Konsulluğun binasında və ya onun ərazisində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində) Konsulluğun adı olan lövhə vurulur. Konsulluğun başçısının nəqliyyat vasitəsi üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur.

8. Konsulluq, Konsulluğun işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və imtiyazlardan istifadə edir. Konsulluğun işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən hərəkətlərdən çəkinməlidir.

9. Konsulluq Nazirlik tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.

10. Konsulluğun Azərbaycan Respublikasının mülkiyyəti olan torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Konsulluğa təhkim olunur.

11. Konsulluq ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.

12. Bu Əsasnamə fəxri (ştatdankənar) konsullara şamil edilmir.

 

II. Konsulluğun əsas vəzifələri

 

13. Konsulluğun əsas vəzifələri aşağıdakılardır:

13.1. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və dikər sahələrdə əlaqələrin genişlənməsinə yardım göstərmək;

13.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz səlahiyyətləri daxilində müdafiə etmək;

13.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik və konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirmək;

13.4. qəbul edən dövlətə rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri daxilində kömək etmək.

 

III. Konsulluğun funksiyaları

 

14. Konsulluq bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

14.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi konsul dairəsi çərçivəsində qəbul edən dövlətin iqtisadi, elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər məsələləri üzrə məlumatlandırır;

14.2. konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını təmin edir;

14.3. dövlət orqanlarına və zəruri hallarda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə və fondlarına) və işgüzar dairələrinin nümayəndələrinə həmin dövlətin qeyri-hökumət təşkilatları və işgüzar dairələrinin nümayəndələri ilə əlaqələr qurmasına öz səlahiyyətləri daxilində köməklik göstərir;

14.4. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;

14.5. Azərbaycan Respublikasının qəbul edən dövlət ilə beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak edir;

14.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə yetirir, həmçinin Azərbaycan Respublikasının digər dövlət hakimiyyəti orqanlarının Nazirliklə razılaşdırılmış müraciətlərinə baxır;

14.7. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin müraciətlərinə baxır;

14.8. qəbul edən dövlətin əvvəlcədən razılığı olduğu təqdirdə, qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını beynəlxalq razılaşmalar əsasında müdafiə edir;

14.9. öz səlahiyyətləri daxilində qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə, Azərbaycan Respublikası vətəndaşlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərir;

14.10. qanunvericiliklə müəyyən olunmuş qaydada konsul dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır;

14.10-1. xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir; [1]

14.11. konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görür;

14.12. konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir;

14.13. öz səlahiyyətləri daxilində notariat əməliyyatlarını, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada), vətəndaşlıq məsələləri üzrə funksiyalarını, sənədlərin leqallaşdırılması və dikər arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə və övladlığa götürülməklə bağlı tədbirləri qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə yerinə yetirir; [2]

14.14. Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən dövlətin məhkəmə və digər dövlət hakimiyyəti orqanlarında qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə onları müəyyən olunmuş qaydada təmsil edir və ya müvafiq təmsilçiliyini təşkil edir;

14.15. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pasport-viza xidmətlərini həyata keçirir;

14.16. Azərbaycan Respublikasının qanunvericiliyinə və müəyyən olunmuş qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına pasport verir və onlara xüsusi qeydlər edir;

14.16-1. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul edir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aidiyyəti üzrə rayon (şəhər) qeydiyyat şöbələrinə göndərir və Konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim edir; [3]

14.17. Azərbaycan Respublikasının qanunvericiliyinə və müəyyən olunmuş qaydaya uyğun olaraq, konsul dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəyyənləşdirir və onlara müvafiq sənədlər verir;

14.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsi verir;

14.19. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıtmaq üçün müvafiq sənəd verir;

14.20. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasına gəlmək istəyən şəxslərə viza və digər müvafiq sənədlər verir;

14.20-1. xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir; [4]

14.21. konsul dairəsində yerləşən və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz və çay gəmiləri, Azərbaycan Respublikasının hərbi gəmiləri və köməkçi hərbi gəmiləri, Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri və onların heyəti ilə bağlı qanunla müəyyən edilmiş funksiyaları həyata keçirir, belə gəmilərə və onların heyətinə qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə yardım göstərir;

14.22. qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən Azərbaycan hərbi və mülki məzarlarının, qəbirüstü abidələrin, abidə nişanlarının və memorial (xatirə) tikililərin uçotu, mühafizəsi və abadlığı üzrə tədbirlər görür;

14.23. konsulluq əməliyyatları üçün alınan dövlət rüsumunu və müvafiq inzibati xətalara görə tutulan inzibati cəriməni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsini təmin edir; [5]

14.24. qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan olunmayan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər funksiyaları həyata keçirir.

 

IV. Konsulluğun hüquqları

 

15. Konsulluq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

15.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;

15.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları), elmi, mədəni və işgüzar dairələri, kütləvi informasiya vasitələri, qəbul edən dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək;

15.3. Konsulluğun səlahiyyətinə aid olan məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarından, idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və digər xarakterli materialları almaq;

15.4. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan Respublikasının fəxri konsullarının təyin edilməsi barədə təkliflərini Nazirliyə təqdim etmək;

15.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər tədbirlər təşkil etmək;

15.5-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq; [6]

15.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Konsulluğun fəaliyyətinin təşkili

 

16. Baş konsulluğa, konsulluğa, vitse-konsulluğa və konsul agentliyinə müvafiq olaraq baş konsul, konsul, vitse-konsul və konsul agenti başçılıq edir.

17. Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən, konsul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.

18. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı Konsulluğun başçısı təyin edilə bilər.

19. Baş konsul təyin olunmuş şəxsin xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, dörd ildir. Bu müddət Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.

Konsul, vitse-konsul və konsul agenti təyin olunmuş şəxsin xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, üç ildir. Bu müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən bir ildən artıq olmayan müddətə uzadıla bilər.

20. Konsulluğun başçısı və ya Konsulluğun digər işçiləri xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər. [7]

Konsulluğun başçısının və ya Konsulluğun digər işçilərinin vaxtından əvvəl geri çağırılmasına onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.

21. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində konsulluq funksiyalarını diplomatik nümayəndəliyin rəhbəri tərəfindən müəyyən edilmiş nümayəndəliyin əməkdaşı həyata keçirir.

22. Konsulluğa qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri ezam oluna bilərlər. Konsulluğa ezam olunmuş Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz qərarlarını və hərəkətlərini Konsulluğun başçısı ilə razılaşdırmalıdırlar.

23. Konsulluğun başçısı konsulluğa həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.

24. Konsulluğun başçısı:

24.1. Konsulluğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

24.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir;

24.3. Konsulluğa ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirir;

24.4. öz səlahiyyətləri daxilində Konsulluğun fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;

24.5. öz səlahiyyətləri daxilində Konsulluqda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr, sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;

24.6. Konsulluğun işçilərini lazımi iş şəraiti ilə təmin edir, müəyyən olunmuş qaydada Konsulluğun fəaliyyəti ilə bağlı Nazirliyə təkliflər verir;

24.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;

24.8. Konsulluğun xüsusi fərqlənmiş işçilərini Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Konsulluğun işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;

24.9. Konsulluğun işçilərinin rütbədə və vəzifədə yüksəldilməsi, Konsulluğun işçilərinin xaricdəki iş müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında Nazirliyə müəyyən olunmuş qaydada təklif verir;

24.10. Konsulluğun işçilərinin məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

24.11. Konsulluğun ştatdankənar vəzifələrinə Nazirlik ilə razılaşdıraraq işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan işçilərin məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

24.12. Konsulluğun işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına və dikər ölkələrə səfərləri ilə bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;

24.13. öz səlahiyyətləri daxilində Konsulluğun, onun işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində konsul dairəsi hüdudlarında Azərbaycan Respublikası vətəndaşlarının hərəkətlərini Azərbaycan Respublikasının həmin dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz səlahiyyətləri daxilində həyata keçirir;

24.13-1. mühafizəsi zəruri hesab edilən Konsulluqda mühafizə xidmətinin aparılmasına nəzarət edir; [8]

24.14. beynəlxalq hüquqa və qəbul edən dövlətin qanunvericiliyinə görə Konsulluğa, onun işçilərinə və ailə üzvlərinə, konsul valizinə və onu daşıyan şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür;

24.15. Konsulluğun və konsul dairəsində yerləşən Azərbaycan Respublikasının digər qurumlarının heyətinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir;

24.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq konfranslarda və görüşlərdə iştirak edir;

24.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı həmin dövlət orqanları qarşısında məsələ qaldırır;

24.18. qəbul edən dövlətin qanunvericiliyini nəzərə almaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüququn digər tətbiq edilə bilən normalarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

25. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmadığı və üçüncü dövlətin diplomatik nümayəndəliyi vasitəsilə təmsil olunmadığı bir dövlətdə Konsulluğun başçısına və (və ya) Konsulluğun digər işçilərinə qəbul edən dövlətin razılığı ilə onların konsul statusuna təsir göstərmədən diplomatik funksiyaların həyata keçirilməsi həvalə oluna bilər. Konsulluğun başçısı və (və ya) Konsulluğun digər işçiləri tərəfindən bu funksiyaların yerinə yetirilməsi onlara diplomatik imtiyaz və immunitetlərə iddia etmək hüququ vermir.

26. Konsulluğun başçısı vəzifəsi vakant olduqda və ya Konsulluğun başçısı öz vəzifəsini icra etmək iqtidarında olmadıqda, onun funksiyalarını müvəqqəti olaraq Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan Konsulluğun başçısı vəzifəsini icra edən şəxs yerinə yetirir.

Konsulluğun başçısı vəzifəsini icra edən şəxsin adı Azərbaycan Respublikasının həmin ölkədəki Səfirliyi tərəfindən, Azərbaycan Respublikasının həmin ölkədə Səfirliyi olmadığı halda, Konsulluğun başçısı tərəfindən, Konsulluğun başçısı bunu etmək iqtidarında olmadıqda isə Nazirlik tərəfindən qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə bildirilir.

27. Konsulluğun strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir.

28. Konsulluğun maddi-texniki təminatı Nazirlik tərəfindən həyata keçirilir.

29. Konsulluğun işçilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə təlimatları ilə müəyyən olunur. Konsulluq işçiləri Konsulluğun başçısına, Konsulluğun başçısı olmadığı halda isə Konsulluğun başçısı vəzifəsini icra edən şəxsə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə borcludurlar.

30. Konsulluğun işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.

31. Konsulluq qəbul edən dövlətin ərazisində aparılan konsul əməliyyatları üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət rüsumu tutur. Göstərilmiş əməliyyatların aparılması ilə bağlı faktiki xərclər də ödənilməlidir.

32. Konsulluqda Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.

33. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmkarlar ittifaqı istisna olmaqla, Konsulluqda siyasi partiyaların, dini təşkilatların və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) bölmələri yaradıla, siyasi partiyaların təşkilatları yerləşdirilə bilməz. [9]

 

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             06 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 02, maddə 59)

2.             12 noyabr 2010-cu il tarixli 352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 968)

3.             13 noyabr 2012-ci il tarixli 747 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1107)

4.             23 oktyabr 2013-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1153)

5.             11 sentyabr 2014-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 sentyabr 2014-cü il, № 198; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1058)

6.             5 iyun 2015-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 701)

7.             26 fevral 2016-cı il tarixli 808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 272)

8.            10 may 2018-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 925)

9.             27 avqust 2018-ci il tarixli 237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1687)

10.          31 yanvar 2022-ci il tarixli 1582 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 29)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 11 sentyabr 2014-cü il tarixli 278 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 sentyabr 2014-cü il, № 198; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1058) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə yeni məzmunda 14.10-1-ci bənd əlavə edilmişdir.

 

[2] 31 yanvar 2022-ci il tarixli 1582 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2022-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 29) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.13-cü bəndinə “qeydiyyatını” sözündən sonra “(o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada)” sözləri əlavə edilmişdir.

 

[3] 5 iyun 2015-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 701) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə yeni məzmunda 14.16-1-ci bənd əlavə edilmişdir. (Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.)

 

[4] 27 avqust 2018-ci il tarixli 237 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1687) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”yə yeni məzmunda 14.20-1-ci bənd əlavə edilmişdir.

 

[5] 12 noyabr 2010-cu il tarixli 352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 968) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.23-cü bəndində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “və müvafiq inzibati xətalara görə tutulan inzibati cəriməni Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri ilə əvəz edilmişdir.

 

10 may 2018-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 925) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 14.23-cü yarımbəndindən “və müvafiq inzibati xətalara görə tutulan inzibati cəriməni” sözləri çıxarılmışdır.

 

[6] 06 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 02, maddə 59) ilə "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"yə yeni məzmunda 15.5-1-ci bənd əlavə edilmişdir.

 

10 may 2018-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 925) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 15.5-1-ci yarımbəndi ləğv edilmişdir.

 

[7] 26 fevral 2016-cı il tarixli 808 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 272) ilə “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 20-ci hissəsinin birinci abzasına “digər işçiləri” sözlərindən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə edilmişdir.

 

[8] 23 oktyabr 2013-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1153) ilə "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"yə yeni məzmunda 24.13-1-ci yarımbənd əlavə edilmişdir.

 

[9] 13 noyabr 2012-ci il tarixli 747 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1107) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 33-cü bəndindən “siyasi partiyaların,” sözləri çıxarılmışdır, həmin bənddə “bilməz” sözündən əvvəl “, siyasi partiyaların təşkilatları yerləşdirilə” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status