AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
21.02.2007
QEYDİYYAT NÖMRƏSİ
1974
ADI
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2007, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 155)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.02.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi quruculuq işləri nəticəsində ölkədə iqtisadi inkişafın yüksək artım tempinə nail olunmuşdur, dövlətimizin iqtisadi qüdrəti gücləndirilmişdir və bu istiqamətdə fəaliyyət ardıcıl surətdə davam etdirilir.

Heydər Əliyev neft strategiyasının tarixi bəhrələri olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin istismara verilməsi və bununla da Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi Avropa Qonşuluq siyasəti çərçivəsində səmərəli əməkdaşlığı daha da genişləndirir, dövlət müstəqilliyi və suverenliyimizin möhkəmlənməsini təmin edir. Bu qlobal layihələrin tarixi baxımdan qısa zaman ərzində müvəffəqiyyətlə həyata keçirilməsi ölkəmizin regionda aparıcı mövqelərə yiyələnməsi ilə yanaşı, dünyada baş verən siyasi və iqtisadi proseslərdə də çəkisinin artmasına səbəb olmuşdur.

Eyni zamanda, Azərbaycanın geosiyasi vəziyyəti və dünyanın müxtəlif istiqamətlərini birləşdirən ticarət yollarının kəsişməsində yerləşməsi ilə əlaqədar ölkəmiz Tarixi İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından biri olmuşdur. Bununla bağlı bir sıra irimiqyaslı proqramların reallaşdırılması nəticəsində yaxın və uzaq xarici ölkələrlə qurulan faydalı iqtisadi münasibətlər daha da genişləndirilmiş, ticarət dövriyyəsi sürətlə artmış, Azərbaycan tranzit yüklərinin daşınmasının həcminə görə regionda mühüm ölkəyə çevrilmişdir.

Nəqliyyat infrastrukturunun diversifikasiyasında, beynəlxalq yük daşımalarının Azərbaycan ərazisindən tranzitinin daha da artırılmasında, regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcək yeni nəqliyyat dəhlizinin yaradılması məqsədilə təşəbbüsümüzlə Azərbaycan Respublikasının, Gürcüstanın və Türkiyə Respublikasının Prezidentləri tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmiryolu bağlantısını nəzərdə tutan “Bakı-Tbilisi-Qars dəmiryolu bağlantısı” barədə Birgə Bəyanat imzalanmışdır.

Bütövlükdə davamlı inkişaf və təhlükəsizliyin təminatına yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarı ilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmiryolu bağlantısı layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, layihə üzrə maliyyə və digər təşkilati məsələlərin həll edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:

1. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda - Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: [1]

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri [2]

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini [3]

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri [4]

 

2. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin. [5]

3. Müəyyən edilsin ki:

3.1. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikası Hökumətinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsi ilə Gürcüstan Hökumətinin təyin etdiyi quruma 200.0 milyon ABŞ dolları məbləğində kredit xəttinin açılması yolu ilə maliyyələşdirilir. [6]

3.2. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda - Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün ayrılan kreditin Azərbaycan Respublikası Hökuməti adından Gürcüstan Hökumətinin təyin etdiyi quruma verilməsi üçün müvafiq tədbirlər görsün. [7]

5. Azərbaycan Dövlət Neft Fonduna tapşırılsın ki, Fondun cari il və növbəti illər üçün büdcələrində bu Sərəncamın 3-cü bəndində göstərilən maliyyələşdirmə tədbirləri üçün maliyyə təminatı barədə Azərbaycan Respublikası Prezidentinə təkliflərini 15 gün müddətində təqdim etsin.

6. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank təyin edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bir ay müddətində “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı artan beynəlxalq daşımaların təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun 2007 - 2010-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

8. Dövlət Komissiyası “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” xətti layihəsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Dövlət Neft Fondu bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 fevral 2007-ci il

      № 1974

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.        27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

2.        16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

3.        13 yanvar 2017-ci il tarixli 2606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 85)

4.        7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

5.        15 may 2018-ci il tarixli 84 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1021)

6.        27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

 

13 yanvar 2017-ci il tarixli 2606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 85) ilə 1-ci hissə ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri (Komissiyanın sədri)

İlqar Fəti-zadə      - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini

Xələf Xələfov         - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Niyazi Səfərov    -    Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini

Şahmar Mövsümov             - Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru

Arif Əsgərov          - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi

Cahangir Hacıyev                - "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

 

[2] 27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490) ilə “Komissiyanın sədri” hissəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 may 2018-ci il tarixli 84 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1021) ilə 1-ci hissəsində “Komissiyanın üzvləri” sözlərindən sonra “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri əlavə edilmişdir.

27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490) ilə “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

 

[4] 27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490) ilə “Komissiyanın üzvləri” hissəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilmişdir.

 

[5] 13 yanvar 2017-ci il tarixli 2606 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 85) ilə 2-ci hissədə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə” sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilmişdir.

27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490) ilə 2-ci hissədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 27 dekabr 2021-ci il tarixli 3079 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 dekabr 2021-ci il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1490) ilə 3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status