AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2007
QEYDİYYAT NÖMRƏSİ
23
ADI
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2007, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 183)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.02.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və

"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Ədliyyə orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan işçilərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlar 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan işçilərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlar 60 manat) məbləğində vəzifə maaşlarına əlavələr müəyyən edilsin. [1]

3. Bu qərarın 1-ci və 2-ci bəndlərində göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 6 fevral 2007-ci il

                     № 23


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi

 

QA Y D A S I

 

1. Bu Qayda "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanına əsasən hazırlanmışdır və başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını müəyyən edir.

2. Köç pulu və birdəfəlik kompensasiyalar xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə orqanının işçisinə (bundan sonra - işçi) və onun ailə üzvlərinə verilir.

3. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar aşağıdakılar ödənilir:

3.1. işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci;

3.2. yolda olan müddət üçün gündəlik xərc;

3.3. işçiyə və onun ailə üzvlərinə ev əşyalarının (əmlakın) daşınması üçün nəqliyyat xərci;

3.4. işçiyə birdəfəlik kompensasiya;

3.5. işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya.

4. Ədliyyə orqanı işçisinə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə işçinin aldığı bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır.

5. Bu Qaydanın 3-cü bəndində göstərilənlər (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi qulluq yerinə getmək üçün işçiyə və onun ailə üzvlərinə aşağıdakı hallarda ödənilir:

5.1. bir ədliyyə orqanında olan ştat vəzifəsindən digər ədliyyə orqanının ştat vəzifəsinə təyin edilərsə;

5.2. ədliyyə orqanının daimi dislokasiya yeri dəyişərsə;

5.3. ədliyyə orqanlarında qulluq keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş işçi başqa yaşayış məntəqəsinə köçərsə.

6. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərcləri, birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:

6.1. işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri - ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla); [2]

6.2. işçiyə yerdəyişmə və vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləğində;

6.3. işçiyə ədliyyə orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləğində;

6.4. ailə üzvlərinin hər birinə bütün hallarda birdəfəlik kompensasiya - işçinin bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 25 faizi məbləğində;

6.5. işçiyə 3000 kq-dək ev əşyalarının (əmlakın) daşınması üçün çəkdiyi faktiki xərc - müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

7. Yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar işçiyə və onun ailə üzvlərinə bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gedərkən, yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.

8. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq keçmə yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir.

İşçinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu bənddə göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni qulluq keçmə yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmiryol və avtomobil nəqliyyatı ilə gedişə görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir.

Ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərini göstərən sənədlər təqdim edilməzsə, işçiyə və onun ailə üzvlərinə ödənişlər verilmir.

9. Birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyin olunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.

10. İşçinin ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində işçinin ailəsi köçüb onun qulluq keçmə yerinə gələrkən (əgər işçi yeni xidmət yerində mənzil ilə təmin olunmayıbsa və yaxud uşaqları ali, orta ixtisas və peşə təhsil müəssisələrinin əyani şöbəsində və ümumi təhsil müəssisələrinin sonuncu siniflərində oxuyursa, mənzil ilə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətinə) ödənilir. [3]

11. Birdəfəlik kompensasiya işçinin himayəsində olan aşağıdakı ailə üzvlərinə ödənilir:

11.1. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə);

11.2. işçinin himayəsində olan uşaqlarına;

11.3. işçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə qadın və kişilər üçün nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideynlərinə. [4]

12. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə, ədliyyə orqanının daimi dislokasiya yeri dəyişdiyi hallarda isə yeni dislokasiya yerlərində ödənilir.

13. Birdəfəlik kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.

14. Yerdəyişmə və vəzifəyə təyin olunduqdan sonra işçi yeni qulluq keçmə yerinə qulluğa başlamaqdan imtina etdiyi hallarda, onun özünə və ailə üzvlərinə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya işçinin pul təminatından tutulmalıdır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

2.       29 aprel 2013-cü il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 448)

3.       24 fevral 2014-cü il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 211)

4.       19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738)

5.       7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)

6.       23 dekabr 2021-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1534) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə 2-ci bəndində «elmlər doktoru alimlik dərəcəsi» sözləri «elmlər doktoru elmi dərəcəsi» sözləri ilə, «elmlər namizədi alimlik dərəcəsi» sözləri «fəlsəfə doktoru elmi dərəcəsi» sözləri ilə əvəz edilmişdir.

 

24 fevral 2014-cü il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 211) ilə 2-ci hissəsinə "50 manat" sözlərindən sonra "(bilavasitə ixtisası üzrə çalışanlar 100 manat)" sözləri, "fəlsəfə doktoru" sözlərindən sonra "(elmlər namizədi)" sözləri, "30 manat" sözlərindən sonra "(bilavasitə ixtisası üzrə çalışanlar 60 manat)" sözləri əlavə edilmişdir.

 

[2] 29 aprel 2013-cü il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 may 2013-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 448) ilə "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın 6.1-ci bəndindən “nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı,” sözləri çıxarılmışdır.

 

[3] 29 mart  2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə «Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası»nın 10-cu bəndində «texniki-peşə tədris» sözləri «ilk peşə-ixtisas təhsil» sözləri ilə, «ümumi orta təhsil məktəblərinin axırıncı» sözləri «ümumi təhsil müəssisələrinin sonuncu» sözləri ilə əvəz edilmişdir.

 

19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738) ilə “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 10-cu hissəsində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[4] 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 11.3-cü bəndində “qrup əlil” sözləri “dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2021-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1534) ilə “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 11.3-cü bəndində “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status