AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.03.2007
QEYDİYYAT NÖMRƏSİ
543
ADI
Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2007, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 222)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında

Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestri yaradılsın.

2. Müəyyən edilsin ki, Qüvvədən düşmüş sənədlərin dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən aparılır.

3. "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

4.1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması üçün texniki tapşırığın işlənilməsi, o cümlədən proqram təminatının hazırlanması və məlumat mübadiləsinin təmin edilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;

4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edilməli olan məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə ötürülməsini təmin etsinlər. [1]

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 mart 2007-ci il

                № 543

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tədbiq edilməsi barədə" 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin (bundan sonra - Dövlət reyestri) tərtib edilməsi, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

2. Dövlət reyestri Azərbaycan Respublikasının vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə məxsus olan qüvvədən düşmüş sənədlər və həmin sənədlərin blankları (bundan sonra - sənədlər) barədə informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır.

3. Dövlət reyestrinin fəaliyyəti Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin tərkibində "Qüvvədən düşmüş sənədlərin dövlət reyestri" altsistemi vasitəsilə təmin edilir.

4. Dövlət reyestrinin formalaşdırılmasının məqsədi sənədlərin, onların qüvvədən düşməsi səbəblərinin (bundan sonra - qüvvədən düşmə səbəbləri) elektron qaydada vahid qeydiyyatının aparılması vasitəsilə həmin sənədlərin qanunsuz istifadəsinin qarşısının alınmasından ibarətdir.

5. Dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən aparılır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin məlumat bankının formalaşdırılmasını, saxlanılmasını, idarə edilməsini, bütövlüyünü və mühafizəsini təmin edir.

6-1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunur. [2]

 

II. DÖVLƏT REYESTRİNİN TƏRTİB EDİLMƏSİ

 

7. Dövlət reyestri Azərbaycan Respublikasının dövlət dilində aparılır.

8. Dövlət reyestri aşağıdakı sənəd növləri üzrə aparılır:

8.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

8.2. ümumvətəndaş, xidməti və diplomatik pasportlar;

8.3. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;

8.4. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;

8.5. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;

8.6. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə; [3]

8.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi; [4]

8.8. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi; [5]

8.8-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaçqın vəsiqəsi və yol sənədi; [6]

8.9. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr;

8.10. dənizçinin şəxsiyyət sənədi; [7]

8.11. hərbi qulluqçunun şəxsi (şəxsiyyət) vəsiqəsi;

8.12. hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

8.13. sürücülük vəsiqəsi;

8.14. notariat qaydasında təsdiq edilən etibarnamə;

8.15. 8.1 - 8.14-cü bəndlərdə göstərilən sənədlərin üzərində seriya və nömrəsi əks olunan blankları.

9. Qanunvericilikdə Dövlət reyestrinə digər sənədlərin də daxil edilməsi nəzərdə tutula bilər.

10. Dövlət reyestrinə sənədlər barədə məlumatlar aşağıdakı hallarda daxil edilir:

10.1. sənəd itirildikdə;

10.2. sənəd ləğv edildikdə;

10.3. təhvil verilməli olan sənəd təhvil verilmədikdə:

10.3.1. sənəd sahibi vəfat etdikdə;

10.3.2. sənəd sahibinin vətəndaşlıq vəziyyəti dəyişildikdə;

10.3.3. sənəd sahibinin adı, atasının adı və ya soyadı dəyişildikdə;

10.3.4. sənədin etibarlılıq müddəti bitdikdə; [8]

10.4. sənədin məzmununda qeyri qanuni düzəlişlər edildikdə;

10.5. sənədin qüvvədən düşməsinə əsas olan digər hallarda.

11. Dövlət reyestrinin tamlığını təmin etmək üçün bu Əsasnamənin 8-ci bəndində göstərilən sənədləri verən səlahiyyətli orqanlar (bundan sonra - səlahiyyətli orqanlar) Dövlət reyestrinə daxil edilməli olan bu Əsasnamənin 18-ci bəndində nəzərdə tutulmuş bütün məlumatları Dövlət reyestrinin məlumat bazasına sənədin qüvvədən düşməsi üçün hal barədə məlumat daxil olan günü xüsusi məlumat ötürülüşü sistemi vasitəsilə ötürürlər. Belə sistem

mövcud olmadıqda məlumat səlahiyyətli orqanın rəhbəri tərəfindən imzalanan rəsmi məktubla göndərilir.

12. Dövlət reyestrinə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda onlar barədə məlumat səlahiyyətli orqanlar tərəfindən Dövlət reyestrinin məlumat bazasına dərhal ötürülür (göndərilir).

13. Dövlət reyestrində yerləşdirilən hər bir məlumata ardıcıllıq qaydasında növbəti qeydiyyat nömrəsi verilir.

14. Qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, sənədlər barədə məlumat Dövlət reyestrinə daxil edildikdən sonra həmin sənədlər qüvvədən düşmüş hesab edilir, müvafiq dövlət informasiya sistemlərində aktiv statusu dəyişdirilir və onlar yeniləri ilə əvəzlənə bilər. [9]

15. Dövlət reyestrinə məlumatların vaxtında daxil edilməsi və onların düzgünlüyü Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən tutuşdurma yolu ilə yoxlanılır.

16. Dövlət reyestrinin tərtib edilməsi, aparılması və istifadə edilməsi informasiya texnologiyaları əsasında xüsusi məlumat ötürülüşü sistemi vasitəsilə həyata keçirilir.

17. Dövlət reyestrinin məlumat bankının idarə olunması məlumatların avtomatik daxil edilməsi, redaktəsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı paketi vasitəsilə təmin olunur.

 

III. DÖVLƏT REYESTRİNƏ DAXİL OLUNAN MƏLUMATLAR

 

18. Dövlət reyestrinə sənədlər barədə aşağıdakı məlumatlar daxil edilir:

18.1. sənədlər haqqında məlumatlar:

18.1.1. növü;

18.1.2. seriyası və nömrəsi;

18.1.3. verilmə tarixi;

18.1.4. etibarlılıq müddəti;

18.1.5. verən orqan;

18.1.6. verən ölkə;

18.1.7. sənədin qüvvədən düşməsi üçün səbəb;

18.2. sənədlərin məxsus olduqları şəxslər haqqında məlumatlar:

18.2.1. fərdi identifikasiya nömrəsi;

18.2.2. adı, atasının adı, soyadı;

18.2.3. doğulduğu tarix;

18.2.4. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi;

18.2.5. vətəndaşlığı;

18.3. sənədlər haqqında məlumat ötürən səlahiyyətli orqan haqqında məlumat:

18.3.1. orqanın adı;

18.3.2. məlumatı ötürən şəxsin adı, atasının adı, soyadı və vəzifəsi.

19. Dövlət reyestrindəki məlumatlar aşağıdakı hallarda onun aparılmasına məsuliyyət daşıyan vəzifəli şəxslərin imzaladıqları akt əsasında Dövlət reyestrinin əsas məlumat bazasından pozularaq arxivə köçürülə bilərlər:

19.1. sənədi verən səlahiyyətli orqan həmin sənədin məhv edilməsi, onun qüvvədən düşmə səbəbinin dəyişməsi və ya aradan qaldırılması barədə məlumat daxil etdikdə;

19.2. sənədin etibarlılıq müddəti bitdikdə; [10]

19.3. digər müvafiq hallarda.

 

IV. DÖVLƏT REYESTRİNDƏKİ MƏLUMATLARIN MÜHAFİZƏSİ

 

20. Dövlət reyestrinin istifadəçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə yetirməyə borcludurlar.

 

V. DÖVLƏT REYESTRİNDƏN MƏLUMATLARIN VERİLMƏSİ QAYDASI

 

21. Dövlət reyestrinin istifadəçiləri - öz səlahiyyətlərinə uyğun olaraq dövlət reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir.

22. Dövlət reyestrində olan məlumatlar Dövlət reyestrinin istifadəçilərinin müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən verilir. [11]

23. Dövlət reyestrindən məlumat çıxarış formasında "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla 1 gün ərzində verilir. Barəsində sorğu verilmiş məlumatın verilməsindən imtina edildikdə bu haqda əsaslandırılmış cavab verilir.

24. Dövlət reyestrindən çıxarış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin səlahiyyətli vəzifəli şəxslərinin imzası ilə təsdiq olunur.

25. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət reyestrinin məlumatı elektron imza ilə də təsdiq edilə bilər.

26. Dövlət reyestrində olan məlumatları əldə etmək üçün yazılı müraciətin və Dövlət reyestrindən çıxarışın forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

 

VI. DÖVLƏT REYESTRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

 

27. Dövlət reyestrinin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

 

 


 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.        6 avqust 2008-ci il tarixli 813 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 720)

2.        21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722)

3.        27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)

4.        13 yanvar 2009-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  14 yanvar 2009-cu il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 11)

5.         2 noyabr 2009-cu il tarixli 179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 882)

6.        21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2010-cu il № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858)

7.        13 sentyabr 2013-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 sentyabr 2013-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1043)

8.        19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)

9.        13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029)

10.    31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469)

11.    24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə 5-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə 5-ci hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469) ilə 5-ci hissədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722) ilə “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə yeni məzmunda 6-1-ci bənd əlavə edilmişdir.

 

[3] 13 sentyabr 2013-cü il tarixli 977 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 14 sentyabr 2013-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1043) ilə “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 8.6-cı bəndi ləğv edilmişdir.

 

[4] 13 yanvar 2009-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  14 yanvar 2009-cu il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 11) ilə 8.7-ci bənddə "yaşayan 16 yaşına çatmamış immiqrantın şəxsiyyət" sözləri "daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat" sözləri ilə əvəz edilmişdir.

 

2 noyabr 2009-cu il tarixli 179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 882) ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»nin 8.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi;

 

[5] 13 yanvar 2009-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  14 yanvar 2009-cu il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 11) ilə 8.8-ci bənddə "yaşayan 16 yaşına çatmış immiqrantın şəxsiyyət" sözləri "daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat" sözləri ilə əvəz edilmişdir.

 

2 noyabr 2009-cu il tarixli 179 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 noyabr 2009-cu il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 882) ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»nin 8.8-ci bəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi;

 

[6] 13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029) ilə “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə yeni məzmunda 8.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 6 avqust 2008-ci il tarixli 813 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 720) ilə “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 8.10-cu bəndində “dənizçi pasportu” sözləri “dənizçinin şəxsiyyət sənədi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2010-cu il № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858) ilə yeni məzmunda 10.3.4-cü bənd əlavə edilmişdir.

 

[9] 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722) ilə 14-cü bənddə “edilir” sözündən sonra “, müvafiq dövlət informasiya sistemlərində aktiv statusu dəyişdirilir” sözləri, “və” sözündən sonra “onlar” sözü əlavə edilmişdir.

 

[10] 21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2010-cu il № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858) ilə 19.2-ci bənd çıxarılmışdır.

 

[11] 24 yanvar 2023-cü il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 yanvar 2023-cü il, “Xalq” qəzeti, 25 yanvar 2023-cü il, № 16) ilə “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 22-ci və 24-cü hissələrindən “rayon (şəhər)” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status