AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.04.2007
QEYDİYYAT NÖMRƏSİ
565
ADI
"Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2007, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 327)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.04.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
040.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [1]

 

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının aparatı işçilərinin say həddi 49 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2007-ci il

                  № 565


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - Administrasiya) mülki aviasiya sahəsində (bundan sonra - müvafiq sahədə) nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mülkiyyət forması və idarə mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində müvafiq sahədə fəaliyyət göstərən və müvafiq sahədə olan qayda və tələblərə tabe olan müəssisə, idarə və təşkilatlar, habelə fiziki şəxslər mülki aviasiyanın subyektləridir və mülki aviasiya sahəsini təşkil edir.

2. Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, həmçinin bu Əsasnaməni rəhbər tutur.

3. Administrasiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir.

4. Administrasiya müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində özünün adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara malikdir.

5. Administrasiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [2]

6. Administrasiya Bakı şəhərində yerləşir.

 

II. ADMİNİSTRASİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Administrasiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafını təmin edir;

7.3. mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. ADMİNİSTRASİYANIN VƏZİFƏLƏRİ

 

8. Administrasiya bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. müvafiq sahədə öz səlahiyyətləri daxilində normativ tənzimləməni həyata keçirmək;

8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.4. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq müvafiq sahəyə aid olan beynəlxalq müqavilələr üzrə danışıqlar aparmaq, onları müəyyən edilmiş qaydada imzalamaq və həmin beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

8.6. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada fəaliyyətin müvafiq növləri üzrə xüsusi razılıq (lisenziya), habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.7. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.8. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.9. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

8.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [3]

8.12. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [4]

8.13. Administrasiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.14. Administrasiyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.15. İCAO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin Aviasiya Administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

8.16. müvafiq sahədə milli qayda, norma və prosedurlara və beynəlxalq standart və tövsiyə olunan təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə müvafiq sahədə milli qanunvericilik və digər normativ hüquqi aktlarla İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat vermək;

8.17. öz səlahiyyətləri daxilində sərəncamında olan dövlət əmlakının səmərəli istifadəsinə nəzarəti həyata keçirmək və müvafiq sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;

8.18. aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırmaq;

8.19. müvafiq sahəyə maliyyə və texniki yardımlarının cəlb edilməsi məqsədilə beynəlxalq təşkilatlarla öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək;

8.20. öz səlahiyyətləri daxilində müvafiq sahədə əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti konsepsiyasının hazırlanmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

8.21. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirmək;

8.22. aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını, həmçinin mülki aviasiya subyektlərinə verilmiş sertifikatların şərtlərinə onlar tərəfindən riayət olunmasına nəzarəti həyata keçirmək;

8.22-1. hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək; [5]

8.23. mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrini (qəzalarını) aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə araşdırmaq, aviasiya hadisələri (qəzaları) və insidentlərinin qarşısının alınması məqsədilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələri və insidentlərinin uçotunu aparmaq, onlar barədə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına vaxtında məlumat vermək;

8.24. hava məkanından istifadəni tənzimləyən qaydaları, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarını və digər normativ hüquqi aktları aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə işləyib hazırlamaq;

8.25. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihələrinə dair rəy vermək;

8.26. maliyyə-iqtisadi, investisiya və tarif-qiymət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətini həyata keçirmək;

8.27. müvafiq sahəyə investisiyaların cəlb edilməsi və onların səmərəli istifadəsi üçün əlverişli şəraitin yaradılmasına dair müvafiq təkliflər hazırlamaq;

8.28. müvafiq sahəyə aid olan beynəlxalq müqavilələrə qoşulmaq barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

8.29. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi və bu işlərin əlaqələndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

8.30. mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

8.31. müvafiq sahədə dövlət ehtiyacları üçün dövlət sifarişçisi funksiyalarını həyata keçirmək;

8.32. hava limanlarının, aerodromların, vertodromların və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi zamanı onların istismara qəbul edilməsi üzrə işçi qrupları yaratmaq, həmçinin dövlət komissiyalarının işində iştirak etmək;

8.33. mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi ilə bağlı texniki-iqtisadi göstəricilərə və layihə-smeta sənədlərinə dair rəy vermək;

8.34. mülki aviasiya subyektlərinin iqtisadi və maliyyə vəziyyətini təhlil

etmək, zəruri hallarda onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;

8.35. hava nəqliyyatı istismarçılarının sertifikatlarının və uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədə olma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qərarlar qəbul etmək;

8.36. müəyyən edilmiş qaydalara uyğun olaraq, təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr vermək;

8.37. hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək;

8.38. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərin göstərilməsini təşkil etmək və həmin xidmətləri göstərənlər üçün tələbləri müəyyən etmək;

8.39. mülki hava gəmilərinin Dövlət reyestrini, sertifikatlaşdırılmış aviasiya personalının, sertifikatlaşdırılmış aerodromların və mülki aviasiya subyektlərinin reyestrlərini aparmaq, mülki hava gəmilərinin qeydiyyatını həyata keçirmək, qüvvədə olan qaydalara uyğun olaraq, müvafiq şəhadətnamə və vəsiqələri vermək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş analoji sənədlərin tanınmasına dair tələbləri müəyyən etmək;

8.40. ölkənin mülki aviasiya hava limanları və aerodromlarının imkanları, habelə aviasiya texnikasına texniki xidmət imkanları nəzərə alınmaqla, mülki aviasiya subyektləri tərəfindən əldə edilən aviasiya texnikasının Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi və istifadəsi məsələlərini razılaşdırmaq;

8.41. ölkənin sertifikatlaşdırılmış aviaşirkətlərini təyin etmək və hökumətlərarası sazişlərə əsasən, respublika daxilində və respublikanın hüdudlarından kənarda onların uçuş marşrutlarını təsdiq etmək, bu marşrutların istismarı üçün müvafiq icazələr vermək, habelə xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr vermək;

8.42. respublikanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını, həmçinin Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirən xarici hava gəmilərinin perron yoxlamalarını həyata keçirmək və aşkar edilmiş pozuntuların aradan qaldırılması üzrə müvafiq tədbirlər görmək;

8.43. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları öz səlahiyyətləri daxilində təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;

8.44. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və yoxlanmasına dair tələbləri işləyib hazırlamaq və təsdiq etmək;

8.45. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üzrə əməliyyatların həyata keçirilməsində, qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak etmək, həmçinin bu cür qanunsuz müdaxilə aktları üzrə xidməti araşdırma aparmaq;

8.46. dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşların (liter reyslərinin) hazırlanması və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

8.47. müvafiq sahəyə aid olan beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini işləyib hazırlamaq, yeni hava əlaqələrini (marşrutları), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərini və onların yerinə yetirilməsinin kommersiya şərtlərini müəyyən etmək;

8.48. Azərbaycan Respublikasının ərazisində yerli hava xətlərində aviadaşımalar və aviasiya xidmətinin bütün növləri ilə bağlı tarif və yığımların tətbiq və təsdiq edilməsinə dair təkliflər vermək;

8.49. beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq işləyib hazırlamaq və təsdiq etmək;

8.50. müəyyən olunmuş qaydalara əsasən, beynəlxalq hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri ekipajlarının və Administrasiya personalının pasport-viza təminatı məsələlərini həll etmək;

8.51. kadrların təhsili, hazırlanması və əlavə təhsili, mülki aviasiya işçilərinin məşğulluğunun, sosial müdafiəsinin, pensiya təminatının təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, qeyd edilənlərin həyata keçirilməsini təşkil etmək;

8.52. mülki aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatların informasiya bazasını yaratmaq;

8.53. fövqəladə hallarda, aidiyyəti dövlət orqanları ilə birgə, mülki aviasiya müəssisə, idarə və təşkilatlarında səfərbərlik hazırlığını həyata keçirmək, mülki müdafiə tədbirləri görmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

8.54. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. ADMİNİSTRASİYANIN HÜQUQLARI

 

9. Administrasiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək; [6]

9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; [7]

9.9. müvafiq sahənin fəaliyyətini tənzimləmək məqsədilə müvafiq strukturların yaradılması, ləğv edilməsi və yenidən təşkili üzrə təkliflər irəli sürmək;

9.10. müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin hava gəmilərinə, xidməti otaqlara daxil olması, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olması; mülki aviasiya sahəsində çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təminatı məsələlərinə dair müvafiq tapşırıqlar və müfəttiş göstərişləri vermək və onların icra müddətlərini müəyyən etmək;

9.11. mülki aviasiyanın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı problemləri ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək;

9.12. mülki aviasiyanın ümumi fəaliyyət qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini hazırlamaq, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər vermək;

9.13. zəruri hallarda İCAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə əlavə və dəyişikliklərin edilməsi barədə qeyd edilən təşkilata təkliflər vermək;

9.14. Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin rəhbərlərinin təyinatını qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırmaq;

9.15. Administrasiyanın rəsmi rəmzlərinin və fərqlənmə nişanlarının işlənib hazırlanmasına dair qüvvədə olan qanunvericiliyə uyğun olaraq təkliflər vermək;

9.16. geyim formalarının nümunələrinin, fərqlənmə nişanlarının və mülki aviasiyada geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;

9.17. Administrasiyanın səlahiyyətlərinə aid olan məsələlərin (aviasiya hadisələrinin və insidentlərinin araşdırılması, müvafiq rəylərin hazırlanması və s.) həlli məqsədilə elmi təşkilatları, şirkətləri, ayrı-ayrı mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında cəlb etmək;

9.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. ADMİNİSTRASİYANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Administrasiyanın aparatı və dövlət mülki aviasiya subyektləri Administrasiyanın vahid sistemini təşkil edir. Administrasiya öz fəaliyyətini bilavasitə və həmin mülki aviasiya subyektləri vasitəsilə həyata keçirir.

11. Administrasiyanın strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Administrasiyanın strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [8]

12. Administrasiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Administrasiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Administrasiya direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

14. Administrasiya direktorunun müavinləri direktor tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.

15. Administrasiyanın direktoru:

15.1. Administrasiyaya rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;

15.2. Administrasiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [9]

15.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Administrasiyanın dövlət mülki aviasiya subyektlərinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

15.4. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

15.5. Administrasiyanın vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

15.6. Administrasiyanı təmsil edir;

15.7. qanunvericiliyə uyğun olaraq verilmiş səlahiyyətlər daxilində beynəlxalq müqavilələri imzalayır;

15.8. Administrasiyanın aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barədə mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edir; [10]

15.9. xüsusilə fərqlənmiş mülki aviasiya işçilərini Azərbaycan Respublikasının dövlət mükafatlarına və fəxri adlarına müəyyən edilmiş qaydada təqdim edir, onları fəxri nişanlarla və fəxri fərmanlarla təltif edir;

15.10. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, digər səlahiyyətləri həyata keçirir.

16. Administrasiyada direktordan (kollegiyanın sədri), onun müavinlərindən (sədrin müavinləri), habelə Administrasiyanın aparatının struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya yaradılır. Kollegiyanın tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər. [11]

17. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

18. Kollegiya öz iclaslarında Administrasiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

19. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və Administrasiyanın direktoru tərəfindən təsdiq edilir.

20. Kollegiya üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Administrasiyanın direktoru bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, idarə və təşkilatların nümayəndələri Administrasiyanın kollegiya iclaslarına dəvət edilə bilərlər. [12]

22. Administrasiyada Elmi-Texniki Şura, Azərbaycan Respublikasında mülki aviasiya subyektlərinin sertifikatlaşdırılması və onların fəaliyyətinin lisenziyalaşdırılması üzrə komissiya, habelə mülki aviasiyanın fəaliyyətinin ən aktual istiqamətləri üzrə digər şura və komissiyalar təşkil edilir. Şura və komissiyaların tərkibi və onlar haqqında əsasnamələr Administrasiyanın direktoru tərəfindən təsdiq edilir.

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

2.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

3.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

4.       22 dekabr 2014-cü il tarixli 418 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1572)

5.       13 noyabr 2017-ci il tarixli 1675 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2014)

6.       22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958) ilə “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ləğv edilmişdir.

 

[2] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 5-ci bənddə «Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 8.11-ci bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.

 

[4] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 8.12-ci bənddə «təmin etmək» sözlərindən sonra «, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”nin 8.12-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə, 8.51-ci bəndində “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 dekabr 2014-cü il tarixli 418 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 dekabr 2014-cü il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1572) ilə “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”yə yeni məzmunda 8.22-1-ci yarımbənd əlavə edilmişdir.

 

[6] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 9.6-cı bənd çıxarılmışdır.

 

[7] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 9.8-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[8] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»yə 11-ci bənd üzrə birinci cümlədə «Administrasiyanın» sözündən sonra «strukturu və» sözləri əlavə edilmişdir və ikinci cümlədə «strukturu» sözü «strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı» sözləri ilə əvəz edilmişdir.

 

[9] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»yə 15.2-ci bənddə «strukturuna daxil olan dövlət mülki aviasiya subyektlərinin» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.

 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin15.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.2 Administrasiyanın mərkəzi aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[10] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 10-cu və 15.8-ci bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

 

13 noyabr 2017-ci il tarixli 1675 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2014) ilə “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”nin 15.8-ci bəndində “inzibati tənbeh” sözləri “intizam tənbehi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 16-cı bənddə «mərkəzi aparatın» sözləri «Administrasiyanın aparatının» sözləri ilə əvəz edilmişdir.

 

[12] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin 21-ci bənddə «rəhbərləri» sözü «nümayəndələri» sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status