AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.01.2008
QEYDİYYAT NÖMRƏSİ
699
ADI
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-01-2008, Nəşr nömrəsi: 5), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 06-05-2008, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 3)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında

 

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının paytaxtı da yüz illər ərzində formalaşan qədim Şərq və müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir.

Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illər ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişir. Belə şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüyən paytaxtın ekoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən Dənizkənarı Bulvar təbii kompleksinin qorunub saxlanması və bərpa edilməsi, müasir tələblərinə uyğun olaraq yenidən qurulması, onun idarəetmə sisteminin təkmilləşdirilməsi və mərkəzləşdirilməsini zəruri edir.

Göstərilənləri, habelə Bakı şəhərindəki Dənizkənarı Bulvarın Azərbaycanın tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılsın.

2. Müəyyən edilsin ki, Bakı şəhərindəki Dənizkənarı Bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir. [1]

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Bakı şəhərindəki Dənizkənarı Bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etsin;

3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təşkili məqsədilə maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.5. qüvvədə olan qanunvericilik aktlarını bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 yanvar 2008-ci il  

                       № 699

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 noyabr 2018-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2290) ilə 2-ci hissəsi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status