“İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.19-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 26 yanvar 2006-cı il
№ 20
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsinin şərtləri və qaydalarını müəyyən edir.
1.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş, azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş, narkomanlıq xəstəliyinə düçar olmuş, barələrində məcburi tibbi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində ixtisaslaşdırılmış tibb müəssisələri (İTM) fəaliyyət göstərir.
[1]
1.3. Məcburi müalicənin yalnız məhkəmənin qərarına əsasən tətbiq edilməsinə icazə verilir.
1.3-1. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.
[2]
1.4. Məcburi müalicədə olan xəstəyə aşağıdakı müalicə planı tətbiq olunur:
1.4.1. ildə bir dəfə rentgen-müayinə;
1.4.2. altı ayda bir dəfə ümumi və kliniki laborator müayinələri;
1.4.3. ildə bir dəfə instrumental müayinələr;
1.4.4. yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, hepatitlər, vəba və s.);
1.4.5. somatik statusun müayinəsi və hər hansı bir xəstəlik aşkar edildikdə, onun müvafiq qaydada müalicəsini təmin etmək;
1.4.6. ehtiyac olduqda, digər mütəxəssislərin müayinəsindən keçirilməsi;
1.4.7. ilk iki ay ərzində xəstənin vəziyyəti haqqında gündəliklərin 3 gündən bir yazılması. Növbəti bir ay ərzində həftədə bir dəfə, qalan müalicə müddətində ayda bir dəfə yazıla bilər.
2. İTM-də saxlanılan şəxslərin əsas hüquq və vəzifələri
2.1. İTM-də saxlanılan şəxslər bu Qaydalarla müəyyən olunmuş məhdudiyyətlərlə yanaşı, Azərbaycan Respublikası vətəndaşları üçün qanunlarla müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.
2.2. İTM-də saxlanılan şəxslər borcludurlar:
mövcud qanunvericiliyin tələblərinə, həmçinin şöbənin daxili nizam-intizam qaydalarına dəqiq və ciddi əməl etməyə;
vicdanla işləməyə və xüsusi müalicə üzrə tibbi heyətin tələblərini yerinə yetirməyə;
əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etməyə;
əmlaka ehtiyatla yanaşmağa, yaşayış və istehsalat binalarında və İTMin ərazisində təmizliyi və səliqəni gözləməyə, şəxsi gigiyena qaydalarına əməl etməyə;
nəzakətli olmağa.
2.3. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin müəssisələrdə işləyən tibbi heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsini təmin etməyə borcludurlar.
2.4. Məcburi müalicəyə gətirilən xəstəyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun stasionar xəstənin tibbi kartası açılır və müvafiq qaydada doldurulur.
2.5. İTM Səhiyyə Nazirliyinin narkoloji xidmətinə daxildir.
2.6. İTM-də olan şəxslərə müstəsna hallarda, yaxın qohumun ölümü, yaxud həyatı üçün təhlükəli olan ağır xəstəliyi və ya həmin şəxsə və ya onun qohumuna ağır maddi ziyan vurmuş təbii fəlakət zamanı, təbii fəlakət ləğv edildikdən sonra 10 gündən çox olmayaraq, İTM-dən çıxmaq üçün qısamüddətli icazə verilə bilər. Qısamüddətli çıxıb getmə üçün icazə məhkəmə orqanları ilə müdiriyyət tərəfindən İTM-də saxlanılan şəxsin şəxsiyyəti və davranışı nəzərə alınmaqla verilir. Həmin şəxsin İTM-dən kənarda olduğu müddət İTM-də olma müddətinə hesablanır. Gediş haqqı onların özləri və ya qohumları tərəfindən ödənilir.
2.7. Altı aylıq müalicədən sonra əgər müalicə-əmək təsiri müvəffəqiyyətli olarsa, həkim-məsləhət komissiyasının rəyinə əsaslanaraq, şöbədə olan şəxsin müalicə müddəti qısaldılmağa ehtiyac olduqda müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və məhkəmə tərəfindən müvafiq qərar çıxarılır.
[3]
2.8. İTM-in daxili intizam qaydalarını pozan və ya müalicə-əməkdən yayınan şəxslərə əmək qanunvericiliyində nəzərdə tutulan tənbehlər tətbiq olunur.
2.9. İTM-də və ya oraya qəbul olunanadək törədilmiş cinayətə görə azadlıqdan məhrum olunan şəxslər cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam etdirmək üçün İTM-ə göndərilməlidirlər.
3. İTM-in maddi-məişət təminatı, rejimi və müalicə növləri
3.1. İTM-də saxlanılan şəxslər sanitar-gigiyena qaydalarına cavab verən zəruri mənzil-məişət şəraiti ilə təmin olunurlar. İTM-də saxlanılan hər bir şəxsə düşən yaşayış sahəsi 2 kvadratmetrdən az olmamalıdır. Bir otaqda isə 10 nəfərə qədər xəstə yerləşdirilə bilər.
3.2. İTM-də saxlanılan hər bir şəxsə fərdi yataq yeri və geyim ləvazimatı verilir, onlar mövsümə və məişət şəraitinə uyğun geyim, alt paltarları və ayaqqabı ilə təmin olunur, müəyyən olunmuş norma üzrə qida alırlar.
3.3. İTM-də imkan daxilində narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər və narkomanlıq xəstəliyinə düçar olmuş yetkinlik yaşına çatmayanlar bir-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır.
3.4. İTM-ə yeni daxil olan xəstələr məcburi tibbi müalicə xarakterli tədbirlərlə, xəstələrin davranışının korreksiya olunmasına, onların itirilmiş və ya enmiş sosial funksiyalarının bərpa olunmasına (tibbi və sosial readaptasiya) yönəldilmiş tədbirlər kompleksi ilə təmin olunurlar.
3.5. Narkotik asılılıq əleyhinə xüsusi müalicə, yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik, psixoloji və pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin sosial reabilitasiyası prosesinin təmin olunmasında əmək tərbiyəsinin xüsusi əhəmiyyəti olduğuna görə ictimai faydalı əmək (əmək müalicəsi) məcburi müalicənin ən vacib komponentidir.
3.6. Detoksikasiya, narkotik maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-ə daxil olan kimi başlanır və İTM-də saxlanılan digər şəxslərdən təcrid olunmaqla, stasionar şəraitdə aparılır.
3.7. Narkotik əleyhinə xüsusi müalicə (sensibilizasiya, şərti-reflektor terapiya) xəstənin yazılı ərizəsinə əsasən aparılır.
3.8. Narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin psixoterapiyası onların İTM-ə uyğunlaşmasına, anozoqnoziyanın dəf olunmasına, könüllü müalicəsinə xidmət edir. Müalicənin bütün mərhələlərində əsas forma qrup psixoterasiyasıdır. Müalicədən yayınan, xüsusilə, şəxsiyyətin psixopatoloji dəyişikliyi ilə əlaqədar olan xüsusi davranışlı xəstələrə fərdi nəzarət və əlavə psixofarmakorreksiya aparılır.
3.9. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicə üçün müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.
3.10. Müalicədən boyun qaçıran narkomanlar barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mütəmadi olaraq bir-birlərinə müvafiq məlumatların göndərilməsini və ehtiyac olduğu halda bu məsələlərin həllində qarşılıqlı kömək göstərilməsini təmin edirlər.
[4]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 fevral 2016-cı il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 mart 2016-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 574)
2.
23 fevral 2016-cı il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2016-cı il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 605)
3.
30 avqust 2018-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1814)
4.
30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 fevral 2016-cı il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 mart 2016-cı il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 574) ilə “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 1.2-ci bəndində “və cinayət” sözləri “, barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, narkomaniyadan məcburi müalicə təyin edilmiş, yaxud cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri ilə əvəz edilmişdir.
[2]
23 fevral 2016-cı il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2016-cı il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 605) ilə “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na yeni məzmunda 1.3-1-ci bənd əlavə edilmişdir.
[3]
30 avqust 2018-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2018-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1814) ilə “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 2.7-ci bəndində “tibbi rəyə” sözləri “həkim-məsləhət komissiyasının rəyinə” sözləri ilə əvəz edilmişdir.
[4]
30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196) ilə “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 3.10-cu bəndində “səhiyyə, daxili işlər və ədliyyə orqanları” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilmişdir.