AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.05.2007
QEYDİYYAT NÖMRƏSİ
327-IIIQ
ADI
Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 444)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında

Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) statusunu, hüquqlarını və fəaliyyət istiqamətlərini, Cəmiyyətin dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. [1]

 

Maddə 1. Cəmiyyətin statusu

 

1.1. Cəmiyyət silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə humanitar, tibbi, sosial və digər yardım göstərmək, əhalinin sağlamlığının qorunması ilə bağlı proqramları həyata keçirmək, beynəlxalq humanitar hüququ və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərini təbliğ etmək məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatıdır.

1.2. Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir və öz fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində baş qərargahı, Naxçıvan Muxtar Respublikası Komitəsi, regional mərkəzləri, ərazi və sahə bölmələri və ilk təşkilatları vasitəsi ilə həyata keçirir.

1.3. Cəmiyyət “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada Qızıl Aypara emblemindən istifadə edir.

 

Maddə 2. Cəmiyyətin fəaliyyətinin hüquqi əsasları

 

Cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Dəniz silahlı qüvvələrinin tərkibindən olan yaralıların, xəstələrin və gəmi qəzasına uğramış şəxslərin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları (bundan sonra – Cenevrə Konvensiyaları), Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nizamnaməsi, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları, eləcə də Cəmiyyətin Nizamnaməsi təşkil edir.

 

Maddə 3. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri

 

3.0. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

3.0.1. silahlı münaqişələrin qurbanlarına yardım göstərilməsi ilə bağlı Cenevrə Konvensiyalarından irəli gələn fəaliyyəti həyata keçirmək;

3.0.2. humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;

3.0.3. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət təcili yardım xidmətini təşkil etmək, silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər üçün düşərgələrin fəaliyyətini təmin etmək, fövqəladə hallarda əhaliyə ödənişsiz zəruri tibbi və sosial yardım göstərmək;

3.0.4. silahlı münaqişələr və fövqəladə hallar zamanı yaralanmış, xəstələnmiş və ya həlak olmuş şəxslərin axtarışını həyata keçirmək, həlak olanların dəfn edildiyi yerləri müəyyən etmək, bu sahədə dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək;

3.0.5. Cəmiyyətin tərkib hissəsi olan qeyri-dövlət axtarış xidmətini təşkil etmək, əsir və itkin düşmüş şəxslərin axtarışını aparmaq, silahlı münaqişələr və fövqəladə hallar nəticəsində bir-birindən ayrı düşmüş ailə üzvləri arasında əlaqə qurulmasına və (və ya) onların birləşməsinə kömək etmək;

3.0.6. təxliyə olunmuş əhalinin qəbul edilməsi, yerləşdirilməsi, daşınması və onlara tibbi və sosial yardım göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına kömək göstərmək;

3.0.7. əhalinin, xüsusən gənclərin ilk tibbi yardım göstərilməsi üzrə təliminin təşkilində və həyata keçirilməsində iştirak etmək, silahlı münaqişələr və fövqəladə hallar zamanı könüllü fəaliyyət üçün tibb bacıları, tibb qardaşları və tibb təlimatçıları hazırlamaq;

3.0.8. xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri və beynəlxalq təşkilatlar tərəfindən Cəmiyyətə göndərilən beynəlxalq humanitar yardımların Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə silahlı münaqişələrin qurbanlarına və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə çatdırılmasını təşkil etmək;

3.0.9. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasını təşkil etmək;

3.0.10. Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, peşə vərdişlərinin aşılanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirmək; [2]

3.0.11. əhalinin sağlamlığının qorunması, o cümlədən xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirmək, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;

3.0.12. qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında tibb müəssisələrinə kömək etmək; [3]

3.0.13. Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;

3.0.14. silahlı münaqişələrin qurbanları və fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslər haqqında məlumatları almaq, onların uçotunu aparmaq və müvafiq dövlət orqanlarına və ya təşkilatlara təqdim etmək;

3.0.15. əhali, xüsusən uşaqlar və gənclər arasında beynəlxalq humanitar hüququ və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini təbliğ etmək.

 

Maddə 4. Cəmiyyətin hüquqları

 

4.1. Cəmiyyət qeyri-hökumət təşkilatları üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqlara malikdir.

4.2. Bu Qanunda və Cəmiyyətin Nizamnaməsində müəyyənləşdirilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün Cəmiyyətin aşağıdakı hüquqları vardır:

4.2.1. dövlət və yerli özünüidarə orqanlarından zəruri kömək almaq;

4.2.2. bu Qanunda və Cəmiyyətin Nizamnaməsində müəyyənləşdirilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönələn kütləvi tədbirlərin təşkilində və keçirilməsində iştirak etmək;

4.2.3. bu Qanunun 3.0.8 və 3.0.9-cu maddələrində nəzərdə tutulan humanitar yardımın alınması və çatdırılması ilə bağlı məsələləri qanunvericiliyə uyğun müstəqil həll etmək;

4.2.4. öz vəzifələrini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları ilə müqavilələr bağlamaq;

4.2.5. bu Qanunun 3.0.3 və 3.0.5-ci maddələrində nəzərdə tutulan qeyri-dövlət təcili yardım xidmətini və qeyri-dövlət axtarış xidmətini yaratmaq;

4.2.6. qanunvericiliklə müəyyən edilmiş qaydada Qızıl Aypara emblemindən istifadə etmək;

4.2.7. öz vəzifələrini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada fondlar, eləcə də müəssisələr və digər qurumlar təsis etmək;

4.2.8. humanitar və xeyriyyəçilik fəaliyyətində fərqlənmiş şəxsləri təltif etmək üçün nişanlar təsis etmək;

4.2.9. Cenevrə Konvensiyalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər hüquqları həyata keçirmək.

 

Maddə 5. Cəmiyyətin maliyyə mənbələri

 

5.0. Cəmiyyətin maliyyə mənbələri aşağıdakılardır:

5.0.1. üzvlük haqları;

5.0.2. əmlakın icarəyə verilməsindən və ya satılmasından əldə edilən gəlir;

5.0.3. bu Qanunda və Cəmiyyətin Nizamnaməsində müəyyənləşdirilmiş məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönələn kütləvi tədbirlərin keçirilməsindən, dövri nəşrlərin və kitabların satışından əldə edilən gəlir;

5.0.4. ianələr;

5.0.5. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq humanitar təşkilatlar, habelə xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara milli cəmiyyətləri tərəfindən verilən yardımlar;

5.0.6. dövlət yardımı;

5.0.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlər.

 

Maddə 6. Cəmiyyətin beynəlxalq əməkdaşlığı

 

6.1. Cəmiyyət Cenevrə Konvensiyalarına və bu Qanuna uyğun fəaliyyəti həyata keçirmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq humanitar təşkilatlarla, habelə xarici ölkələrin Qızıl Xaç və Qızıl Aypara milli cəmiyyətləri ilə əməkdaşlıq edir.

6.2. Cəmiyyət Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən beynəlxalq humanitar fəaliyyətdə iştirak edir.

 

Maddə 7. Cəmiyyətin fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi

 

7.1. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Cəmiyyətin humanitar və xeyriyyəçilik fəaliyyətinə kömək göstərir.

7.2. Cəmiyyətin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasında üzvlük haqqı və Beynəlxalq Qızıl Xaç Komitəsinə maliyyə dəstəyi, eləcə də Cəmiyyətin baş qərargahında, regional mərkəzlərində və ərazi bölmələrində çalışan işçilərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir. Bu məqsəd üçün vəsaitin məbləği hər il Azərbaycan Respublikasının dövlət büdcəsində müəyyən edilir.

7.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Cəmiyyətə onun fəaliyyətinin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə digər yardım formaları müəyyənləşdirilir.

7.4. Cəmiyyətin baş qərargahının, regional mərkəzlərinin və ərazi bölmələrinin fəaliyyəti üçün qeyri-yaşayış sahələri ilə təmin olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

7.5. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Cəmiyyətin hüquq və qanuni mənafelərinə riayət olunmasını təmin edir.

7.6. Cəmiyyətin fəaliyyəti ilə bağlı vergilər, gömrük rüsumları və digər məcburi ödənişlərlə bağlı güzəştlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

7.7. Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, dövlət orqanlarının Cəmiyyətin fəaliyyətinə müdaxiləsinə yol verilmir.

 

Maddə 8. Bu Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 may 2007-ci il

№ 327-IIIQ

 

 

 


 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.          7 dekabr 2007-ci il tarixli 501-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1210)

2.          8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1684)

3.          4 may 2021-ci il tarixli 311-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 547)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 7 dekabr 2007-ci il tarixli 501-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1210) ilə 1.2-ci maddəsində "ərazi və sahə komitələri" sözləri "ərazi və sahə bölmələri" sözləri ilə, 7.2-ci maddəsində "komitələrində" sözü "bölmələrində" sözü ilə, 7.4-cü maddəsində "komitələrinin" sözü "bölmələrinin" sözü ilə əvəz edilmişdir.

 

[2] 8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1684) ilə 3.0.10-cu maddəsində “yardım, psixoloji reabilitasiya” sözləri “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım” sözləri ilə əvəz edilmişdir.

 

[3] 4 may 2021-ci il tarixli 311-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 547) ilə 3.0.12-ci maddəsində səhiyyə sözü tibb sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status