Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında Xəzər dənizinin sahili boyunca ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət tərəfindən məqsədyönlü tədbirlər görülür. Lakin bu sahədə hələ də bəzi problemlər həll edilməmiş qalır, o cümlədən bir sıra hallarda sənaye və məişət tullantı sularının təmizlənmədən axıdılması davam etdirilir. Belə ki, Abşeron yarımadasında Bilgəh, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrinin, habelə Pirallahı adasının sahil boyu ərazisində tullantı sulan təmizlənmədən axıdılaraq, bataqlıqların və çirkab gölməçələrin əmələ gəlməsinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Bakı şəhəri Bilgəh-Şüvəlan zonası və Pirallahı adasının sahil boyu zolağında 12 modul tipli lokal təmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,5 milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli lokal təmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.
4. Quraşdırılmış sutəmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2007-ci il
№ 2244