×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.2007
QEYDİYYAT NÖMRƏSİ
96
ADI
“Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 701)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2009-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 200 nömrəli qərarında dəyişiklik edilməsi barəd

“Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 iyun 2007-ci il

                   № 96

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 iyun tarixli 96 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri

 

Q A Y D A S I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun olaraq hazırlanmışdır və hava gəmilərində milli və qeydiyyat tanınma nişanlarının, Azərbaycan Respublikasının dövlət rəmzlərinin, hava gəmilərinin xarici rənginin təsvirini müəyyən edir.

1.2. Bu Qayda aşağıdakılar istisna olmaqla, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən istismar edilən bütün mülki hava gəmilərinə şamil edilir:

- “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət hava gəmiləri (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə məxsus hava gəmiləri); [1]

- aviasiya və digər texnika sahəsində təcrübi-konstruktor və elmi-tədqiqat işlərinin aparılması üçün nəzərdə tutulan hava gəmiləri;

- meteoroloji məqsədlərlə istifadə edilən şar-pilotlar;

- faydalı yükə malik olmayan pilotsuz, idarə olunmayan aerostatlar.

1.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən dövlət reyestrinə daxil edilmiş hər mülki hava gəmisinə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Azərbaycan Respublikasına təqdim etdiyi 4K birləşməsindən ibarət milli nişandan savayı qeydiyyat nişanı da verilir. [2]

1.4. Azərbaycan Respublikasının mülki hava gəmilərinin mülkiyyətçiləri, sahibləri və istismarçıları bu Qaydaya mütləq əməl etməlidirlər.

1.5. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

aerostat – güc qurğusu vasitəsilə hərəkətə gətirilməyən, havadan yüngül uçuş aparatı;

dirijabl – güc qurğusu vasitəsilə hərəkətə gətirilən, havadan yüngül uçuş aparatı;

hava gəmisi - yer və ya su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan hər hansı aparat;

hava gəmisinin sahibi - hava gəmisini operativ idarə edən idarə, müəssisə, təşkilat, aviaşirkət;

mülki hava gəmisi – yalnız mülki aviasiya məqsədləri üçün istifadə edilən və müvafiq uçuş yararlığı sertifikatına (attestatına) malik olan hava gəmisi;

mülki hava gəmilərinin dövlət reyestri – mülkiyyətçiləri, sahibləri və ya istismarçıları Azərbaycan Respublikasının hüquqi, yaxud fiziki şəxsləri olan bütün hava gəmilərinin qeydiyyatının aparıldığı, hava gəmisi barədə “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş zəruri məlumatların göstərildiyi xüsusi kitab;

“Beynəlxalq mülki aviasiya haqqında” Konvensiya - beynəlxalq hava nəqliyyatının bütün cəhətlərini tənzimləyən sənəd, 7 dekabr 1944-cü ildə Çikaqoda 52 dövlətin nümayəndəsi tərəfindən imzalanmışdır (Çikaqo Konvensiyası);

havadan yüngül uçuş aparatı – əsasən özünün aerostatik qaldırıcı qüvvəsi hesabına havada qalan istənilən uçuş aparatı;

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) - Çikaqo Konvensiyasına müvafiq olaraq yaradılmış daimi orqan;

Mülki hava gəmisinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə - hava gəmisinin “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydə alındığını təsdiqləyən rəsmi sənəd;

istismarçı – hava gəmisini istismar edən, yaxud bu sahədə öz xidmətlərini təklif edən şəxs.

 

2. Milli və qeydiyyat tanınma nişanlarının tərkibi, ölçüləri, verilmə və onların təsviri qaydası

 

2.1. Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydiyyata alınmış bütün hava gəmilərində milli və qeydiyyat tanınma nişanları (bundan sonra –tanınma nişanları) məcburi qaydada təsvir olunur.

2.2. Azərbaycan Respublikası mülki hava gəmilərinin (təyyarələr və vertolyotlar) və havadan yüngül olan uçuş aparatlarının (dirijabllar, sferik aerostatlar, qeyri-sferik aerostatlar, pilotsuz, idarə olunmayan aerostatlar) tanınma nişanları aşağıdakılardan ibarətdir:

2.2.1. 4K birləşməsindən ibarət olan milli nişan;

2.2.2. milli nişandan defis işarəsi ilə ayrılan və aşağıda göstərilənlərin birindən ibarət olan qeydiyyat nişanı:

a) beş ərəb rəqəmi;

b) latın qrafikalı əlifbanın hərflərinin və ərəb rəqəmlərinin birləşməsi;

c) latın qrafikalı əlifbanın hərflərinin birləşməsi;

2.2.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri.

Havadan yüngül olan uçuş aparatlarının tanınma nişanları daha az sayda rəqəmdən ibarət ola bilər.

Tanınma nişanlarının hərf və rəqəmlərinin forması bu Qaydaya əlavədə verilmiş nümunələrə müvafiq olmalıdır.

2.3. Siqnalların beynəlxalq kodunun beş hərfdən ibarət olan kombinasiyalarını xatırladan hərf birləşmələrinin, Q-kodunda istifadə olunan, Q hərfi ilə başlayan üçhərfli kombinasiyaların, həmçinin SOS fəlakət siqnalına və ya analoji təcili siqnallara (məsələn, XXX, PAN və TTT) bənzəyən kombinasiyaların tətbiqinə yol verilmir.

2.4. Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydiyyata alınmalı olan mülki hava gəmilərinə, aerostatlara, dirijabllara və havadan yüngül olan uçuş aparatlarına qeydiyyat nişanlarının verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

2.5. Təqdim edilmiş qeydiyyat nişanı yalnız bir hava gəmisinə, aerostata, dirijabla və ya havadan yüngül olan uçuş aparatına vurula bilər.

Qeydlər: 1. Ayrı-ayrı hallarda tanınma nişanları hava gəmisinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə alıcının hava gəmisinin zavod nömrəsinin göstərildiyi, zavodla razılaşdırılmış ərizəsi əsasında hava gəmisinin istehsalçı zavoddan buraxılma mərhələsində verilə bilər. Hava gəmisi bu Qaydanın tələblərinə uyğun olaraq iki ay ərzində qeydiyyata təqdim edilmədiyi təqdirdə, onun tanınma nişanları digər hava gəmisinə verilə bilər.

2. Üzərində beşrəqəmli qeydiyyat nişanı (bort nömrəsi) təsvir edilmiş hava gəmisi digər dövlətdən və ya idarədən gətirildikdə, bu qeydiyyat nişanının saxlanılması proseduru Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə razılaşdırılmalıdır.

2.6. Hava gəmilərində, aerostatlarda, dirijabllarda və havadan yüngül olan uçuş aparatlarında tanınma nişanları açıq fon üzərində qara rənglə və tünd fon üzərində ağ rənglə təsvir olunur.

Tanınma nişanları və Azərbaycan Respublikasının rəmzləri hava gəmisinin istismarı prosesində atmosfer şəraitinin qarşılıqlı təsirindən öz rəngini dəyişməyən rütubətədavamlı boya ilə təsvir olunur.

2.7. Tanınma nişanları aydın olmalı və həm yerdə, həm də havada görünməlidir.

Tanınma nişanları çətinliklə seçilən və ya bu Qaydanın tələblərinə uyğun olmayan hava gəmilərində və havadan yüngül olan uçuş aparatlarında uçuşların yerinə yetirilməsi qadağandır.

2.8. Hava gəmisi konstruksiyasının elementlərində təsvir olunmuş tanınma nişanları bu hava gəmisinin dövlət qeydiyyatı haqqında şəhadət naməsində göstərilmiş tanınma nişanları ilə eyni olmalıdır.

2.9. Tanınma nişanları təyyarələrdə aşağıdakı kimi təsvir olunur:

2.9.1. qanadların konstruksiyasının aşağı səthində, bütün səthi əhatə edir və nişanların yuxarı hissəsi qanadın ön kənarına tərəf yönəlməklə qanadların ön və arxa kənarlarından eyni məsafədə yerləşir. Nişanların ölçüsü ən azı 500 mm hündürlüyə malik olmalıdır;

2.9.2. füzelyajın quyruq hissəsinin hava gəmisi konstruksiyasının elementləri ilə tutulmayan yan səthlərində.

2.10. Tanınma nişanları vertolyotlarda quyruq tirinin hər tərəfində təsvir olunur.

2.11. Tanınma nişanları dirijabllarda korpus üzərində və ya stabilizatorun səthində təsvir olunur.

Bununla belə, nişanlar:

- korpus üzərində təsvir olunduqda, dirijablın hər bir tərəfində korpus boyunca, həmçinin yuxarı səthdə simmetriya xətti boyunca yerləşdirilir;

- stabilizatorun səthində təsvir olunduqda, üfüqi və şaquli stabilizatorlarda yerləşdirilir. Üfüqi stabilizatorda nişanlar yuxarı səthin sağ hissəsində və aşağı səthin sol hissəsində yerləşdirilir.

Nişanların hərf və rəqəmlərinin ucları ön kənara tərəf yönəldilməlidir.

Şaquli stabilizatorda nişanlar stabilizatorun aşağı hissəsinin hər bir tərəfində, hərf və rəqəmlər üfüqi vəziyyətdə olmaqla yerləşdirilir.

2.12. Sferik aerostatlarda nişanlar bir-birinə diametral əks olan iki yerdə təsvir olunur və aerostatın maksimal üfüqi dairəsi yaxınlığında yerləşdirilir.

2.13. Qeyri-sferik aerostatlarda nişanlar hər bir tərəfdə təsvir olunur və aerostatın maksimal köndələn kəsik xətti yaxınlığında, asma qayışın bilavasitə altında, yaxud səbətin asma kəndirlərinin bərkitmə nöqtələrinin üstündə yerləşdirilir.

2.14. Havadan yüngül uçuş aparatlarında nişanlar elə təsvir olunur ki, hər iki tərəfdən və yerdən görünsün.

2.15. İdarə olunmayan pilotsuz aerostatlarda nişanlar tanınma nişanlarının göstərildiyi tanınma lövhəciyində təsvir olunur. Lövhəcik odadavamlı metaldan, yaxud müvafiq fiziki xassələrə malik olan digər odadavamlı materialdan hazırlanır. Lövhəcik baş giriş yaxınlığındakı görünən yerə və ya faydalı yükün bayır hissəsinə bərkidilir.

2.16. Füzelyajın hər iki tərəfində təsvir olunan tanınma nişanları 300 mm-dən az və 1000 mm-dən çox olmayan hündürlüyə malik olmalı və füzelyajın tikinti horizontalı ilə eyni səmtə yönəldilməlidir, bununla belə hərflər və rəqəmlər horizontala perpendikulyar şəkildə yazılmalıdır.

Hərf işarələri üçün latın qrafikalı əlifbanın ornamentsiz baş hərfləri, rəqəm işarələri üçün isə ornamentsiz ərəb rəqəmləri istifadə olunur.

2.17. Hava gəmisinin qanadında təsvir edilən eyni nişanlar qrupuna aid olan Azərbaycan Respublikasının rəmzləri və istismarçı aviaşirkətin loqotipi 500 mm-dən az və 1500 mm-dən çox olmayan hündürlüyə malik olmalıdır.

Hər bir rəmzin eni (I hərfi və 1 rəqəmindən savayı) və defisin uzunluğu rəmzin hündürlüyünün üçdə iki hissəsinə bərabərdir.

Bütün rəmz və defislər başdan-başa xətlərlə yerinə yetirilməli və onların rəngi fonla ziddiyyət təşkil etməlidir. Xətlərin qalınlığı rəmzin hündürlüyünün altıda bir hissəsini təşkil edir.

Hər bir rəmz özündən əvvəlki və ya sonrakı rəmzdən rəmzin eninin ən azı dörddə bir hissəsinə bərabər olan məsafədə yerləşdirilməlidir. Bu zaman defis ayrıca rəmz hesab edilir.

2.18. Azərbaycan Respublikasının Dövlət bayrağı hava gəmisinin kil və ya füzelyaj hissəsində təsvir edilməlidir. Forması, ölçüləri və təsv ir olunacağı yer Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.

2.19. Hava gəmisinin qanadları və (və ya) füzelyajı olmadıqda, tanınma nişanları elə təsvir edilməlidir ki, həmin hava gəmisinin tez bir zamanda tanınması mümkün olsun.

 

3. MÜLKİ HAVA GƏMİLƏRİNİN XARİCİ RƏNGİ

 

3.1. Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydiyyata alınmış bütün mülki hava gəmiləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının hər bir hava nəqliyyatı istismarçısı və fiziki şəxsi üçün təsdiq edilmiş xarici rəngə malik olmalıdır.

3.2. Azərbaycan Respublikasının istismarçı aviaşirkətləri və fiziki şəxsləri öz hava gəmilərinin xarici rənginin, loqotiplərinin və yazılarının təsdiq edilməsi üçün sərbəst formada yazılmış ərizəni və miqyasın göstərildiyi 210 x 297 mm ölçülü vərəqdə rəngləmə elementləri ilə birlikdə hava gəmisinin təklif olunan rəngli təsvirini iki nüsxədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə təqdim etməlidirlər. Vərəqin yuxarı küncündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi rəhbərinin imzası, aşağı hissədə isə istismarçı aviaşirkət rəhbərinin və ya hava gəmisi mülkiyyətçisinin imzası olmalıdır.

3.3. Əhaliyə tibbi yardım göstərilməsi və sanitar tədbirlərin keçirilməsi üzrə uçuşlar yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi hava gəmiləri ağ rəngə boyanmalıdır.

3.4. Müxtəlif rəngli və relyefli yer səthi fonunda hava gəmilərinin müşahidə edilməsini, seçilməsini və aşkar edilməsini təmin etmək məqsədilə hava gəmilərinin kontrast rənglərə boyanması tətbiq edilir. Bu, ilk növbədə respublikanın çətinliklə gedilə bilən və əhalisi az olan rayonlarına uçuşlar yerinə yetirən hava gəmilərinə aiddir.

Qeydlər: 1. Hava gəmilərinin xarici rənglənməsi zamanı istehsalçı zavod tərəfindən hava gəmisində təsvir olunmuş bütün nişanlar və istismar-texnoloji yazılar saxlanılır.

2. Hava gəmisi Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmadan icarəyə (lizinqə) verilərkən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi ilə hava gəmisində icarəyə götürənlərin rəmzləri təsvir oluna bilər, icarə (lizinq) müddəti bitdikdən sonra həmin rəmzlər ləğv edilir.

3.5. Hava gəmisinin xarici rənginin elementlərinə aşağıdakılar aiddir:

3.5.1. rəng uyğunluğu;

3.5.2. idarə mənsubiyyəti nişanları, yazıları, uçuş-istismarçı agentliyinə (istismarçı-aviaşirkətə) Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) tərəfindən verilmiş şərti nişanlama;

3.5.3. hava gəmisinin tipini göstərən yazılar, həmçinin tanınma nişanları;

3.5.4. idarə (hava gəmisi sahibinin və ya istismarçı aviaşirkətin) loqotipinin (embleminin) təsviri;

3.5.5. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri;

3.5.6. xüsusi hava gəmilərində “Qızıl Aypara” işarəsinin təsviri.

3.6. Uçuş-istismar agentliyinə İCAO tərəfindən verilmiş hərf birləşməsindən ibarət olan üçhərfli şərti işarə füzelyajın quyruq hissəsindəki orta zolaqdan yuxarıda hər iki tərəfdə təsvir olunur.

3.7. Hava gəmisinin istismarçısı olan aviaşirkətin loqotipi (emblemi) kilin orta hissəsində hər iki tərəfdə təsvir olunur.

3.8. İstismarçı (mülkiyyətçi, sahib) aviaşirkətin adı onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsində göstərilmiş adına tam müvafiq şəkildə Azərbaycan və ya ingilis dilində hava gəmisinin bortuna yazılır.

Müxtəlif dövlətlərin tanınma nişanlarının və ya aviaşirkətlərin adlarının eyni vaxtda hava gəmisinin bortuna yazılması yolverilməzdir.

3.9. Hava gəmisinin xarici rəngi, loqotipi (emblemi), firma nişanları və yazıları dəyişərkən, hava gəmisinin sahibi və ya istismarçısı bu Qaydanın 3.2-ci bəndinə müvafiq olaraq, materialları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə təqdim edir.

3.10. Öz hava gəmilərinin xarici rənginin təsdiq olunmuş formasına malik olan mülkiyyətçi və ya istismarçı istehsalçı zavoddan yeni hava gəmisini alanadək, istehsalçı zavodun nümayəndəsinə hava gəmisinin xarici rənginin elementləri barədə qabaqcadan məlumat verməyə borcludur.

Əgər mülkiyyətçi və ya istismarçı istehsalçı zavoddan yeni hava gəmisini alarkən, hava gəmilərinin xarici rənginin təsdiq olunmuş formasına malik deyilsə, istehsalçı zavoda xəbər verənədək o, həmin hava gəmisinin xarici rənginin formasının təsdiq olunması məsələsini bu Qaydanın 3.2-ci bəndinə uyğun həll etməyə borcludur.

 


 

“Milli nişanların və qeydiyyat nişanlarının

hava gəmisində təsviri Qaydası”na

ƏLAVƏ

 

Hava gəmilərində təsvir olunan hərf, rəqəm, tanınma nişanları və Azərbaycan Respublikası rəmzlərinin formaları

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2.       21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158)

3.       4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384)

4.       25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.2-ci bəndinin ikinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri çıxarılmışdır və həmin abzasa “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023) ilə “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.2-ci bəndinin ikinci abzasına “Dövlət Sərhəd Xidmətinə” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[2] 21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158) ilə “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.3-cü, 2.4-cü bəndlərində, 2.5-ci bəndinin “Qeydlər”inin 1-ci və 2-ci hissələrində, 3.1-ci bəndində, 3.2-ci bəndinin birinci və ikinci cümlələrində, 3.4-cü bəndinin “Qeydlər”inin 2-ci hissəsində, 3.9-cu bəndində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384) ilə “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.3-cü, 2.4-cü bəndlərində, 2.5-ci bəndinin Qeydlərinin 1-ci və 2-ci hissələrində, 3.1-ci bəndində, 3.2-ci bəndinin birinci və ikinci cümlələrində, 3.4-cü bəndinin Qeydlərinin 2-ci hissəsində, 3.9-cu bəndində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status