×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2007
QEYDİYYAT NÖMRƏSİ
110
ADI
"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2007, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 736)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi- nin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qay-daları"nın və "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə-sinin blanklarının spesiilkasiyası"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 aprel tarixli 566 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının spesifikasiyası" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 13 iyul 2007-ci il

110

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu

 

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 aprel tarixli 566 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının (onların ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda), habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq üçün verilmiş qayıdış şəhadətnaməsinin (bundan sonra - şəhadətnamə) ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir. [1]

1.2. Bu Qaydalarda “pasport” dedikdə, Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik pasportu, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, dənizçi pasportu, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi nəzərdə tutulur. [2]

1.3. Şəhadətnamə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu) tərəfindən verilir.

 

II. ŞƏHADƏTNAMƏ BLANKLARININ SİFARİŞİ, SAXLANILMASI VƏ ALINMA QAYDASI

 

2.1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi tələbata uyğun olaraq şəhadətnamə blanklarının qanunvericiliyə uyğun olaraq sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Şəhadətnamə blanklarının sifariş edilməsi ilə əlaqədar xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

2.2. Çap olunmuş şəhadətnamə blanklarının saxlanılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

2.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi şəhadətnamə blanklarının Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciətinə əsasən buraxılmasını təmin edir.

 

III. ŞƏHADƏTNAMƏ BLANKLARININ UÇOTUNUN APARILMASI

 

3.1. Bu Qaydalara əsasən şəhadətnamə blankları almış Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu) hər rüb üçün rübdən sonrakı növbəti ayın 10-dək keçən rüb ərzində verilmiş şəhadətnamələrin sayı barədə məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edirlər.

3.2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Qaydaların 3.1-ci bəndində göstərilən məlumatları ümumiləşdirərək hər rübdən sonrakı növbəti ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş şəhadətnamələr barədə hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti hər rübdən sonrakı növbəti ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada keçən rüb ərzində ölkəyə qayıdış şəhadətnaməsi ilə daxil olmuş şəxslər barədə hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.4. Şəhadətnamə blankları ciddi hesabat sənədi kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkilatın anbarında saxlanılmaqla uçotu aparılır, təşkilat rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi məsuliyyət daşıyan şəxslər şəhadətnamə verən orqanın rəhbərliyi tərəfindən müəyyən edilir. Verilmiş ciddi hesabat blanklarının uçotu təşkilatlarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır.

3.5. Şəhadətnamə blanklarının ilkin uçotu qeydiyyat kitabında aparılır. Ciddi hesabat blanklarının qeydiyyat kitabının səhifələri ardıcıl olaraq nömrələnir, qaytanlanır və hüquqi şəxsin rəhbəri və baş mühasibi tərəfindən səhifələnir, sayı göstərilməklə, imzalanır və möhürlənir.

Qeydiyyat kitabı avtomatlaşdırılmış üsulla (kompyuterlə) aparıldıqda, hesabat dövrünün sonunda (ay, rüb və ya il) yuxarıda göstərilən qaydaya müvafiq işlənilir.

3.6. Şəhadətnamə blanklarının cırılmasına, ləkələnməsinə və onların üzərində düzəlişlərin aparılmasına yol verilmir.

3.7. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərində zədələnmiş və ya korlanmış şəhadətnamə blankları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qaytarılır.

3.8. Zədələnmiş və ya korlanmış şəhadətnamə blanklarının məhv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 iyul tarixli 110 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi blanklarının

 

SPESİFİKASİYASI

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (bundan sonra - şəhadətnamə) blankı 135x300 mm ölçülü, uzunsov üç hissəyə qatlanan formada bir səhifədən ibarətdir.

Kağızının tərkibi 100 faiz sellülozdan olan şəhadətnamə blankı ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur və kimyəvi maddələrin təsirinə davamlıdır. Kağız və istifadə olunmuş boya şəhadətnamə blankının lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.

Şəhadətnamə blankının üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir.

Şəhadətnamə blankının səthi hamardır. Şəhadətnamə blankının kağızının tərkibində görünən və flüoresent liflər vardır. Şəhadətnamə blankının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında giyoş, mikroçap və qabarıq çap üsullarından istifadə olunur.

Şəhadətnamə blankının şəxsi məlumatlara aid hissəsi ultrabənövşəyi fon çapı ilə (və yaxud göy qurşağı çap üsulu ilə) təsvir olunur. "ŞƏHADƏTNAMƏ" sözünün yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Şəhadətnamə blankının üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Şəhadətnamə blankındakı bir sıra elementlər infraqırmızı optik mürəkkəblə təsvir olunur, qoruyucu əlamətlər şəhadətnamə blankının üzərində proporsional şəkildə yerləşdirilir.

Şəhadətnamə blankının üzərində holoqram və ya kineqram üzərində həkk olunmuş Azərbaycan Respublikasının Dövlət gerbi vardır.

Şəhadətnamə blankı üçün istifadə olunmuş kağız, boya uzun müddət öz keyfiyyətini və xüsusiyyətini saxlamalıdır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 fevral 2008-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 316)

2.       21 noyabr 2012-ci il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1211)

3.       5 sentyabr 2013-cü il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1128)

4.       5 may 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may 2014-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 558)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 sentyabr 2013-cü il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1128) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın 1.1-ci bəndinə “18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının” sözlərindən sonra “(onların ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda)” sözləri əlavə edilmişdir.

 

5 may 2014-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may 2014-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 558) ilə "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın 1.1-ci bəndində (ikinci halda) “vətəndaşının” sözü “vətəndaşı olan övladının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 fevral 2008-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 316) ilə «Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları» nın 1.2-ci bəndindən «dənizçi pasportu,» sözləri çıxarılmışdır.

21 noyabr 2012-ci il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1211) ilə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın 1.2-ci bəndinə “diplomatik pasportu,” sözlərindən sonra “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi,” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status