AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.08.2007
QEYDİYYAT NÖMRƏSİ
132
ADI
“Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 858)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

“Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1]

2. Nəzərə alınsın ki, qonorar audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradılanadək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən yığılır. [2]

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 24 avqust 2007-ci il

  № 132

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 24 avqust tarixli 132 nömrəli qərarı ilə

TƏSDiQ EDİLMİŞDİR

 

Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi [3]

 

QAYDALARI

 

1. Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”nın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surətinin çıxarılmasına görə audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. [4]

2. şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. [5]

3. Göstərilən qonorar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların (bundan sonra - avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) istehsalçıları və idxalçıları tərəfindən ödənilir. [6]

4. Surətçıxarma üçün istifadə olunan avadanlıqlar (o cümlədən, ev şəraitində istifadə üçün nəzərdə tutulmayan professional avadanlıqlar) və maddi daşıyıcılar ixrac edildikdə, habelə həmin avadanlıqlar və maddi daşıyıcılar fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün idxal edildikdə, qonorar ödənilmir.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti orqanlar audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə qonorarın hesablanması və ödənilməsi işində operativliyin təmin edilməsi məqsədi ilə surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları barədə tələb olunan məlumatları rübdə bir dəfə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) sorğusu əsasında ona təqdim edirlər. [7]

6. Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir.

Azərbaycan Respublikasında istehsal olunmuş avadanlıq və maddi daşıyıcılara görə qonorarı istehsalçı tərəfindən rübdə bir dəfə ödənilir.

Azərbaycan Respublikasına idxal olunan avadanlıq və maddi daşıyıcılara görə qonorarı malın sərbəst dövriyyəyə buraxılması üçün gömrük rəsmiləşdirilməsi başa çatdığı gündən sonra, 2 aydan gec olmayaraq, idxalçı tərəfindən ödənilməlidir.

İstehsal və ya idxal olunmuş eyni avadanlıq və maddi daşıyıcıya görə qonorarı bir dəfə və yalnız bir müqavilə üzrə ödənilir və təkrar ödənişlərin tələb edilməsi yolverilməzdir. [8]

7. Qonorarın yığılması və bölüşdürülməsi avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları ilə əsərlərdən və fonoqramlardan şəxsi məqsədlərlə istifadə sahəsində yaradılan müəllif, ifaçı, fonoqram və audiovizual əsər istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış və bu Qaydalara zidd olmayan müqavilə şərtlərinə uyğun həyata keçirilir.

Həmin müqavilədə avadanlıqların və maddi daşıyıcıların növünə və satış qiymətinə görə qonorarın məbləği, ödəniş qaydaları və müddəti, həmçinin, tərəflərin mühüm hesab etdikləri digər şərtlər öz əksini tapmalıdır. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquqlarını təmsil etdikləri müəllif, ifaçı, fonoqram və audiovizual əsər istehsalçıları haqqında məlumatları Agentliyə təqdim edirlər. [9]

8. İstehsalçılar və idxalçılar tərəfindən hesablanmış qonorar hər rübün sonunda Agentliyin xəzinə hesabına köçürülür. [10]

9. Avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və idxalçıları tərəfindən audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara və audiovizual əsər istehsalçılarına, fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar kimi hesablanmış vəsait Agentliyin hesabına köçürüldükdən sonra, 10 iş günü müddətində müəlliflərə, ifaçılara, fonoqram və audiovizual əsər istehsalçılarına çatdırılmalıdır. [11]

10. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə hesablanmış qonorarın 40 faizi audiovizual əsər müəlliflərinə, 30 faizi ifaçılara, 30 faizi fonoqram istehsalçılarına ödəmə mənbəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqı tutulduqdan sonra ödənilir. [12]

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683)

2.       27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809)

3.       10 oktyabr 2020-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1273)

4.       2 sentyabr 2021-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2021-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1050)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə adında və 1-ci bəndində «şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının» sözləri «Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın» sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 2-ci bəndində «audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorar əsərlərdən və fonoqramlardan şəxsi məqsədlərlə istifadə sahəsində müəlliflərin və digər hüquq sahiblərinin» sözləri «qonorar audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının» sözləri ilə əvəz edilmişdir.

27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809) ilə 2-ci hissədə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə adında «şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının» sözləri «Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın» sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 1-ci bəndində «audiovizual əsərlərin və fonoqrama yazılmış əsərlərin (fonoqramların) şəxsi məqsədlər üçün» sözləri «şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən» sözləri ilə, «müəllif qonorarının» sözləri «audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının» sözləri ilə əvəz edilmişdir.

 

[5] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Fiziki şəxslər tərəfindən audiovizual əsərlərin və fonoqramlara yazılmış əsərlərin surətinin çıxarılmasına görə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin (o cümlədən, ifaçının və fonoqram istehsalçısının) müəllif qonorarı almaq hüququ vardır.

 

[6] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 3-cü bəndində «Audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə müəllif qonorarı» sözləri «Göstərilən qonorar» sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 5-ci bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri əlavə edilmişdir.

27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809) ilə “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 5-ci hissəsində “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 6-cı bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri əlavə edilsin, ismin müvafiq hallarında «müəllif qonorarı» sözləri ismin müvafiq hallarında «qonorar» sözü ilə əvəz edilmişdir.

 

[9] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 7-ci bəndinin birinci və ikinci hissələrində «ifaçı və fonoqram» sözləri «ifaçı, fonoqram və audiovizual əsər» sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 8-ci bəndində "müəllif qonorarı" sözləri "qonorar" sözü ilə əvəz edilmişdir.

2 sentyabr 2021-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 sentyabr 2021-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1050) ilə “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 8-ci hissəsindən “xəzinə” sözü çıxarılmışdır.

 

[11] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 9-cu bəndində birinci halda «müəlliflərə və digər hüquq sahiblərinə» sözləri «audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara və audiovizual əsər istehsalçılarına, fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına» sözləri ilə, ikinci halda «müəlliflərə və digər hüquq sahiblərinə» sözləri «müəlliflərə, ifaçılara, fonoqram və audiovizual əsər istehsalçılarına» sözləri ilə əvəz edilmişdir.

 

[12] 21 iyul 2008-ci il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 683) ilə 10-cu bəndində «şəxsi məqsədlər üçün» sözlərindən sonra «gəlir götürmədən» sözləri, «40 faizi» sözlərindən sonra «audiovizual» sözü əlavə edilmişdir.

 

10 oktyabr 2020-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1273) ilə “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödəmə mənbəyində vergi” sözləri “ödəmə mənbəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqı” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status