430.000.000
"Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi
haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2007-ci il iyulun 29-da Əmman şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
№ 444-IIIQ
Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətilə,
etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşların iki dövlət arasında gediş-gəlişinin və yerdəyişməsinin asanlaşdırılması arzusunda olaraq,
aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
1. Etibarlı diplomatik və xidməti pasportlara malik olan Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı vətəndaşları, habelə adları onların pasportlarında qeyd olunan yetkinlik yaşına çatmamış şəxslər, digər Tərəfin dövlətinin ərazisinə 90 (doxsan) gün ərzində vizasız daxil ola, orada qala, oradan gedə və tranzit qaydada həmin ərazidən keçə bilərlər.
2. Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddətinin uzadılması, qəbul edən dövlətin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, göndərən dövlətin qəbul edən dövlətdəki səfirliyinin müraciəti əsasında həyata keçirilir.
Maddə 2
1. Bir dövlətin ərazisində diplomatik və ya konsulluq missiyalarında və ya beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin üzvü olan, 1-ci maddədə etibarlı göstərilən pasportlara malik bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin ərazisinə viza tələblərindən azad şəkildə daxil ola və maksimum 90 (doxsan) gün ərzində orada qala bilərlər. Bu vaxt ərzində həmin şəxslər yerləşmə dövlətinin Xarici İşlər Nazirliyi ilə zəruri akkreditasiya prosedurunu tamamlamalıdırlar.
2. Bu maddənin birinci bəndinin müddəaları həmçinin diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik olan şəxslərin yaxın ailə üzvlərinə münasibətdə, onlar özləri eyni pasportlardan istifadə etdikləri halda tətbiq edilir.
Maddə 3
Etibarlı diplomatik və xidməti pasportlara malik olan hər iki Tərəfin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqələrindən daxil ola və oradan çıxa bilərlər.
Maddə 4
Bir Tərəfin dövlətinin vətəndaşlarına məxsus diplomatik və ya xidməti pasportlar digər Tərəfin dövlətinin ərazisində itdikdə və ya korlandıqda, həmin pasportun sahibi digər Tərəfin Xarici İşlər Nazirliyini bu barədə məlumatlandırmalıdır və həmin şəxsə münasibətdə yeni səyahət sənədi tərtib olunacaqdır. Həmin səyahət sənədi ilə çıxış qəbul edən dövlətin Xarici İşlər Nazirliyinin müvafiq icazəsi ilə həyata keçirilir.
Maddə 5
Etibarlı diplomatik və xidməti pasportlara malik olan bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin ərazisində qüvvədə olan qanunlara və qaydalara əməl etməlidirlər.
Maddə 6
Tərəflər milli təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması üçün və ya vətəndaşların sağlamlığına təhlükə olduqda, bu Sazişin tətbiqini müvəqqəti, tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Tərəflər bu Sazişin tətbiqinin dayandırılması və onun yenidən qüvvəyə minməsi haqqında qərar barədə dərhal, 48 saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 7
Hər bir Tərəf digər Tərəfin "persona non qrata" və ya arzuolunmaz şəxslərini öz dövlətinin ərazisinə qəbul etməkdən imtina etmək və ya həmin şəxslərin öz ərazisində qalmasını ləğv etmək hüququnu özündə saxlayır.
Maddə 8
1. Tərəflərin Xarici İşlər Nazirlikləri bu Sazişin qüvvəyə minməsindən sonra 30 gün müddətində diplomatik kanallar vasitəsilə Sazişin şamil edildiyi pasportların nümunələrini mübadilə edəcəklər.
2. Tərəflər dövriyyəyə yeni diplomatik və xidməti pasportlar buraxdıqları
halda, onların qüvvəyə minməsindən ən azı 30 gün əvvəl onların Xarici İşlər Nazirlikləri diplomatik kanallar vasitəsilə bu pasportların nümunələrini mübadilə edirlər.
Maddə 9
Bu Sazişin müddəalarının yerinə yetirilməsi və tətbiq edilməsində yarana bilən hər hansı anlaşılmazlıq və mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 10
Bu Sazişə hər hansı əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 11
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 gün sonra qüvvəyə minəcəkdir.
2. Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə istənilən vaxt digər Tərəfə diplomatik kanallarla yazılı şəkildə xəbər verə bilər. Saziş belə bildirişin alındığı tarixdən altı (6) ay sonra qüvvədən düşür.
Bu Saziş Əmman şəhərində 29 iyul 2007-ci il tarixində, iki əsl nüsxədə Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır və bütün mətnlər bərabər autentikdir.
Bu Sazişin təfsiri və tətbiqi zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası
Hökuməti adından
(imza)
|
İordaniya Haşimilər Krallığı
Hökuməti adından
(imza)
|