"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında mülki aviasiyanın daha da inkişaf etdirilməsi, bu sahədə işin səmərəliliyinin artırılması, həmçinin aviasiya xidmətlərinin və uçuş təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra ‒ Cəmiyyət) yaradılsın.
[1]
2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
[2]
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. Cəmiyyətin Nizamnaməsi və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.
[3]
6. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2008-ci il
№ 2761
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
2.
26 fevral 2016-cı il tarixli 1817 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 337)
3.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)
4.
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
- 30 mart 2021-ci il tarixli 2551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 256)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 mart 2021-ci il tarixli 2551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 256) ilə 1-ci hissədə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilmişdir.
[2]
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2.2-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 2.2.3-cü yarımbəndində “və mühasibat balanslarının qəbul edilməsi” sözləri “, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi” sözləri ilə əvəz edilmişdir.
26 fevral 2016-cı il tarixli 1817 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 337) ilə 2.2.4-cü yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunmuşdur.
30 mart 2021-ci il tarixli 2551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 256) ilə 2-ci və 3-cü hissələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsi və strukturunun təsdiq edilməsi;
2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
2.2.1. Cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;
2.2.2. Cəmiyyətin mülki aviasiyanın inkişafına dair təkliflərinə baxılması;
2.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;
2.3.2. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.
3. Müəyyən edilsin ki, Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
[3]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2.3-cü və 5-ci bəndlərində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.