“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 416-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 416-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 94) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
2.1. 2.2-ci bənddə “9.2-ci” sözlərindən əvvəl “7.1-ci maddəsində,” sözləri əlavə edilsin;
2.2. 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
“2.3. həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.”.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 noyabr 2007-ci il
№ 663