×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
12.11.2007
QEYDİYYAT NÖMRƏSİ
648
ADI
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1096)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasını, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasını, sosioloji sorğuların keçirilməsini və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə də ehtiyac duyulur.

Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dövlət qeydiyyatına alınmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini bina və zəruri avadanlıqla təmin etsin;

5.2. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin maliyyələşdirmə məsələlərini həll etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2007-ci il

                   №648

 


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 12 noyabr tarixli 648 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin

 

N İ Z A M N A M Ə S İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (bundan sonra - Mərkəz) dövlət elmi təşkilatdır. [2]

2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malik qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir.

5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və qüvvədə olan qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Mərkəz Bakı şəhərində yerləşir.

II. MƏRKƏZİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

7. Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.

8. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. beynəlxalq münasibətlərin strateji aspektlərini araşdırmaq, Azərbaycan Respublikasının strateji maraqlarının, daxili və xarici siyasətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;

8.2. Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq xarici dövlətlərlə münasibətlərin inkişafı sahəsində, həmçinin dövlət quruculuğu və daxili siyasət sahəsində yeni yanaşmaların axtarışlarını həyata keçirmək;

8.3. müasir dövrün qlobal çağırışlarına uyğun olaraq ölkənin inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, enerji təhlükəsizliyi, terrorizm, beynəlxalq maliyyə və iqtisadi sistemlər, demoqrafiya, səhiyyə və s. sahələrdə) həyata keçirmək;

8.4. Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşmasını, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasını təşkil etmək;

8.5. mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, qonşu dövlətlərdəki dəyişiklikləri proqnozlaşdırmaq;

8.6. regional problemləri araşdırmaq, sərhədyanı dövlətlərlə ikitərəfli münasibətlərin vəziyyətinə dair tədqiqatlar aparmaq;

8.7. Azərbaycan cəmiyyətinin müasir vəziyyətini, onun sosial strukturunu, demokratik təsisatlarını və vətəndaş cəmiyyətinin təşəkkülünü, siyasi elitanın formalaşması və yeniləşməsi proseslərini öyrənmək və təhlil etmək;

8.8. hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf tendensiyasını təhlil etmək;

8.9. cəmiyyətin sosial-iqtisadi inkişafının proqnozlarını hazırlamaq;

8.10. ölkənin daxili və xarici siyasətinə aid məsələlər barədə əhali arasında sosioloji sorğular aparmaqla elmi əsaslandırılmış qaydada əhalinin müxtəlif təbəqələrinin fikirlərini öyrənmək;

8.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq strukturuna davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini təqdim etmək; [3]

8.12. ölkənin müxtəlif problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin mümkün siyasi, ideoloji, hüquqi, iqtisadi və digər aspektlərinin elmi tədqiqatını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq; [4]

8.13. ölkə daxilində və xaricində dinlərarası münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;

8.14. etnosiyasi inkişaf problemlərini, ölkə daxilində tolerantlıq mühitini, xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və onların həlli yolları barədə təkliflər hazırlamaq;

8.15. ölkənin daxili və xarici siyasətində atılan addımların genişmiqyaslı şərhini, Azərbaycan Respublikasının müxtəlif sahələrdə nailiyyətlərinin təbliğini təşkil etmək və həyata keçirmək, normativ hüquqi aktların elmi kommentariyalarını hazırlamaq;

8.16. gənclərin elmi və innovasiya fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər hazırlamaq;

8.17. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

III. MƏRKƏZİN HÜQUQLARI

 

9. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. ölkədə aparılan politoloji araşdırmaları əlaqələndirmək, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklərdə və digər hüquqi şəxslərdə tədqiqatların aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış etmək; [5]

9.2. səlahiyyətlərinə aid olan məsələlər barədə zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları əldə etmək;

9.3. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada elmi-analitik jurnal, bülleten buraxmaq, internet səhifəsini yaratmaq və ondan istifadə etmək, kitablar, məqalələr nəşr etmək;

9.5. səlahiyyətlərinə aid olan məsələlər üzrə konfranslar və simpoziumlar keçirmək;

9.6. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

IV. MƏRKƏZİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

11. Mərkəzin direktor müavini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

12. Mərkəzin direktoru:

12.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

12.2. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlini müəyyən edir, ayrılmış büdcə vəsaiti daxilində xərclər smetasını və digər mənbələr hesabına əldə edilmiş vəsaitlər üzrə gəlirlər və xərclər smetasını təsdiq edir;

12.3. Mərkəzin işçilərini (elmi işçilərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdıraraq) vəzifəyə təyin və vəzifədən azad edir;

12.4. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

12.5. qanunvericiliyə uyğun olaraq Mərkəzin işçiləri üçün icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

12.6. Mərkəzi təmsil edir.

13. Mərkəzin işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

14. Mərkəzdə Mərkəzin direktorundan, onun müavinindən, elmi katibdən və ölkənin aparıcı alimlərindən ibarət Elmi Şura yaradılır. Elmi Şuraya Mərkəzin direktoru başçılıq edir.

15. Elmi Şura haqqında Əsasnamə direktor tərəfindən təsdiq edilir.

16. Mərkəzdə aparılan müxtəlif araşdırmaları ölkə üzrə əlaqələndirmək üçün elmi qruplar yaradılır.

17. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyul 2017-ci il tarixli 1546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1356)

2.       23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959)

3.       5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 aprel 2022-ci il tarixli 1644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 305) ilə ləğv edilmişdir.

 

[2] 21 iyul 2017-ci il tarixli 1546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1356) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”nin 1-ci hissədə “elmi tədqiqat təşkilatıdır” sözləri “elmi təşkilatdır” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 may 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 959) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”nin 8.11-ci yarımbəndində, 11-ci bəndində və 12.3-cü yarımbəndində ismin müvafiq hallarında “İcra Aparatı” sözləri ismin müvafiq hallarında “Administrasiyası” sözü ilə əvəz edilmişdir.

 

[4] 21 iyul 2017-ci il tarixli 1546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1356) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”nin 8.12-ci bəndində “ekspertizasını” sözü “tədqiqatını” sözü ilə əvəz edilmişdir.

 

[5] 21 iyul 2017-ci il tarixli 1546 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1356) ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”nin 9.1-ci bəndində “müxtəlif akademik institutlarda, universitetlərdə və digər elmi mərkəzlərdə” sözləri “elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklərdə və digər hüquqi şəxslərdə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status