AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.11.2007
QEYDİYYAT NÖMRƏSİ
171
ADI
“Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1173)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntıların və tullantıların təkrar istifadə üçün emal (təkrar emal) olunma Qaydaları»nın təsdiq

“Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.35-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 6 noyabr 2007-ci il

                   № 171

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 6 noyabr tarixli 171 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının ərazi sularında üzmə

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazi sularında, dəniz, çay, göl, dəniz limanı, liman məntəqələri və onların girişlərinə yaxın olan yerlərdə ticarət, balıqçı, elmi-tədqiqat, gəzinti və idman gəmilərinin, üzən qurğuların üzgüçülük, lövbər və körpüdə dayanma, həmçinin ümumi gəmisürücülük qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar dəniz limanlarına giriş-çıxış zamanı, habelə dəniz limanlarında gəmilərin, yüklərin, liman qurğularının və ətraf mühitin mühafizəsi üzrə tədbirlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (bundan sonra - Hərbi Dəniz Qüvvələri), Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (bundan sonra - Sahil Mühafizəsi), Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Dövlət Gömrük Komitəsi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyinin Dəniz Limanında sanitariya-karantin şöbəsi (bundan sonra - sanitariya-karantin şöbəsi) arasında qarşılıqlı əlaqələri tənzimləyir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda, dəniz limanı və liman məntəqələrinin akvatoriyalarında gəmilərin giriş-çıxış və dayanacağına dair ümumi tələbləri özündə əks etdirir və Azərbaycan Respublikasının (Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri istisna olmaqla) və xarici dövlətlərin bayrağı altında üzən gəmilərə və gəmi heyəti üzvlərinə, liman və liman məntəqələrinin akvatoriyalarında fəaliyyət göstərən müəssisələrə, təşkilatlara, üzən obyektlərin istismarı ilə əlaqədar olan hüquqi və fiziki şəxslərə şamil edilir.

1.4. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

gəmi - gəmiçilikdə istismar olunan özühərəkətedən və özühərəkətetməyən gəmilər, hərbi gəmilər və üzən qurğular;

özühərəkətedən gəmi - yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınmasını və gəmilərin və ya digər üzən obyektlərin yedək olunmasını həyata keçirən gəmi;

sürətli gəmi - sürəti 30 km/saat və daha artıq olan gəmi;

kiçikhəcmli gəmi - ümumi tutumu və mühərrikinin gücü qanunvericiliklə müəyyən edilmiş hədd daxilində olan gəmilər;

yelkən gəmisi - yelkən vasitəsilə hərəkət edən gəmi;

yedək olunan tərkib - burazla yedək olunan gəmilərin və salların tərkib hissəsi olan gəmi;

hərəkətdə olan gəmi - lövbərdə olmayan, saya oturmayan, sahilə, körpüyə, üzən qurğuya və ya digər gəmiyə yan almayan gəmi;

hərəkətdə olmayan gəmi - lövbərdə duran, saya oturan, sahilə, körpüyə, üzən qurğuya və ya digər gəmiyə yan alan gəmi;

balıq və digər su bioresurslarının ovu ilə məşğul olan gəmi – tor, tral və onun manevr qabiliyyətini məhdudlaşdıran digər növ ov vasitələri ilə balıq və digər su bioresurslarının ovunu həyata keçirən gəmi. [2]

1.5. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda bu Qaydalar çərçivəsində gəmisürücülüyü üzrə təhlükəsizliyin təmin edilməsi Dövlət Dəniz Administrasiyasının Dövlət Dəniz Müfəttişliyinə (bundan sonra - Dövlət Dəniz Müfəttişliyi), Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinə (bundan sonra - Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi), dəniz limanı və liman məntəqələrinin ərazilərində Liman Nəzarəti Müfəttişliyinə həvalə olunur.

1.6. Bu Qaydalar aşağıdakıları tənzimləyir:

gəmi sürücülüyünün təhlükəsizliyini və gəmilərin hərəkətini;

naviqasiya vasitələri və qurğularının, həmçinin digər avadanlıqların mühafizəsini;

gəmilərin, kommunikasiya xətlərinin və boru-kəmərlərin təhlükəsizliyinin təmin edilməsini;

dənizin canlı resurslarının qorunub saxlanılmasını;

ətraf mühitin qorunmasını və onun çirkləndirilməsinin qarşısının alınmasını;

dəniz elmi tədqiqatlarının və hidroqrafik çəkilişlərin həyata keçirilməsini;

gömrük, sərhəd, immiqrasiya, sanitar-karantin qaydalarının və sahilyanı dövlətlərin qanunlarının pozulmasının qarşısının alınmasını.

1.7. Gəminin mülkiyyət və mənsubiyyətindən asılı olmayaraq, Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin (bundan sonra - GHİX) təsir zonasında və liman akvatoriyasının yaxınlığında olan gəmilərin sürücüləri tərəfindən bu Qaydaların tələblərinin yerinə yetirilməsi məcburidir.

1.8. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda və liman akvatoriyalarında üzən gəmilərin hərəkətinin nizamlanması üçün Hərəkətin Bölünmə Sistemi (bundan sonra - HBS) mövcuddur və bu rayonlarda «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar»ın qaydaları tətbiq olunur.

1.9. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan suların sərhədləri Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

1.10. Daxili su yollarında, çay mənsəblərində və kabotajda yalnız Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər hərəkət edə bilərlər.

1.11. Sahil Mühafizəsi ilə razılaşdırıldıqdan sonra, Dövlət Dəniz Administrasiyasının qərarı əsasında xarici dövlət bayrağı altında üzən qeyri-hərbi gəmiyə Azərbaycan Respublikasının daxili su yollarında hərəkət etməsi üçün bir səfərlik razılıq-icazə sənədi verilə bilər.

1.12. Gəmilərin təhlükəsiz idarə olunması və istismarı tələblərinə riayət edilməsinə nəzarət Dövlət Dəniz Müfəttişliyi və Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən həyata keçirilir.

1.13. Hər bir gəmi müvafiq ixtisasa malik mütəxəssis tərəfindən idarə olunmalıdır. Gəmilər dəniz üzgüçülüyünün, həmçinin gəmidə olan şəxslərin, yüklərin və ətraf mühitin təhlükəsizliyinin təmin olunması üçün «Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında» 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə»nin tələblərinə uyğun olaraq ixtisaslaşmış heyət üzvlərindən təşkil olunmalıdır.

1.14. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə gəmi kapitanı, gəmi kapitanının böyük köməkçisi, böyük mexanik və radiomütəxəssis mütləq Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

1.15. Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq, gəmi kapitanı gəmidə mövcud qaydalara riayət olunmasına görə şəxsən məsuliyyət daşıyır. Yedək olunan gəmi yedəkçi gəminin göstərişlərini yerinə yetirərək, gəminin idarə olunması üçün tələb olunan vəziyyətə uyğun tədbirlər həyata keçirməlidir.

1.16. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzə n gəmilərdə heyət üzvlərinin vəzifə və hüquqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi» ilə tənzimlənir. Gəminin bortunda olan bütün şəxslər kapitanın göstərişlərini şərtsiz yerinə yetirməli və gəmidə mövcud olan nizam-intizam qaydalarına riayət etməlidirlər.

1.17. Əgər səfərə çıxma zamanı gəminin heyət üzvlərinin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Gəmilərin dənizə çıxmasına icazə verilən heyətinin minimum tərkibi haqqında Əsasnamə»də göstərilmiş saydan azdırsa, gəminin səfərə çıxmasına icazə verilmir.

1.18. Aşağıdakı təhlükələrin qarşısını almaq məqsədi ilə gəmi sürücüləri ehtiyat tədbirləri görməlidirlər:

- insan sağlamlığı və həyatı üçün təhlükənin;

- digər gəmilərin, üzən və hidrotexniki qurğuların zədələnmə təhlükəsinin;

- naviqasiya qurğularının, işarələrin (nişanların) zədələnmə təhlükəsinin;

- gəmi sürücülüyü üçün maneənin yaranması təhlükəsinin;

- ətraf mühitin çirklənməsinin.

1.19. Gəmi, gövdəsinin möhkəmliyi və davamlılığının pozulmaması və göstərilmiş yük nişanını keçməməsi şərtilə, tam suya oturumunadək yüklənməlidir.

1.20. Gəmilərdə müvafiq gəmi sənədlərində göstərilmiş saydan artıq sərnişin daşınmasına yol verilmir.

1.21. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən özühərəkətedən və özühərəkətetməyən gəmilər (kiçikhəcmli gəmilər istisna olmaqla) Dövlət Gəmi Reyestrində qeydiyyatdan keçməli, Sahil Mühafizəsində və Hərbi Dəniz Qüvvələri Qərargahında Dövlət Dəniz Administrasiyasının təqdimatına (gəmilərin növü (tipi), təyinatı, ölçüsü, adı, qeydiyyat nömrəsi, qeydiyyat limanı, tutumu, çağırış siqnalı və mənsub olduğu hüquqi və fiziki şəxs haqqında təqdim olunmuş məlumatlara) əsasən qeydə alınmalıdırlar.

1.22. Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış gəmilərin aşağıdakı sənədləri olmalıdır:

- Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

- gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

- gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə;

- sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);

- ölçü şəhadətnaməsi;

- yük çeşidi haqqında şəhadətnamə;

- gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

- neftlə çirkləndirilmənin qarşısının alınması haqqında şəhadətnamə;

- çirkab sularla çirkləndirilmənin qarşısının alınması haqqında şəhadətnamə;

- zibillə çirkləndirilmənin qarşısının alınması haqqında şəhadətnamə;

- gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

- gəmi heyəti üzvlərinin siyahısı;

- gəmi jurnalı;

- maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);

- çirkab sularla əməliyyatlar jurnalı;

- zibillə əməliyyatlar jurnalı;

- neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

- neft tankerləri üçün neft əməliyyatları jurnalı;

- sanitar jurnalı;

- səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;

- sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

Gəminin "Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

Gəminin "Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;

Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat; [3]

- beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.

1.23. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarəti, habelə belə gəmilər və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarət Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən həyata keçirilir. Bu Müfəttişlik kiçikhəcmli gəmiləri limanlarda, liman məntəqələrində, bazalarda, qurğularda, yanalma körpülərində və digər yanalma məntəqələrində müvafiq qaydada məcburi qeydiyyata almalı və qorumalıdır. Kiçikhəcmli gəmilər Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyində müəyyən olunmuş qaydada qeydiyyatdan keçməklə yanaşı, Dövlət Sərhəd Xidmətinin yaxınlıqdakı bölməsində də qeydiyyatdan keçməli və bu barədə onların sahiblərinin qeydiyyat olunmuş sənədlərinin üzərinə xüsusi ştamp vurulmalıdır.

1.24. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin Dövlət Gəmi Reyestrində qeydəalınma siyahısı Dövlət Dəniz Administrasiyası tərəfindən, kiçikhəcmli gəmilərin Dövlət Gəmi Kitabında qeydəalınma siyahısı isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır və hər il dekabrın 31-dək Sahil Mühafizəsinə, Hərbi Dəniz Qüvvələrinin Qərargahına və Dövlət Gömrük Komitəsinə təqdim edilir.

1.25. Kiçikhəcmli gəmilər limanda, körpüdə və digər baza məntəqələrində qeydiyyata düşməli və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq dayanacaq yerlərinə malik olmalıdırlar. Körpülər və baza məntəqələri üçün sahə (yer) yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən təqdim edilir və Dövlət Dəniz Administrasiyası, Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən təyin edilmiş yerlərdə dayanacaqlar yaradılır.

1.26. Gəmidə tələb olunan sənədlər nəzarət orqanlarının səlahiyyətli şəxslərinin tələblərinə əsasən təqdim olunmalıdır.

1.27. Gəmi kapitanı nəzarət orqanlarının səlahiyyətli şəxslərinə onların fəaliyyəti üçün zəruri şərait yaratmalı və köməklik göstərməlidir.

1.28. Gəmi kapitanı naviqasiya vasitələrində olan çatışmazlıqlar haqqında dərhal liman kapitanına, naviqasiya vasitələri üzrə xidmət göstərən və digər aidiyyəti təşkilatlara məlumat verməlidir.

1.29. Qəzaya uğramış gəminin yaxınlığında olan gəminin kapitanı öz gəmisinin təhlükəsizliyini qorumaq şərtilə, dərhal həmin gəmiyə köməklik göstərməlidir.

1.30. Dövlət Dəniz Administrasiyasının razılığı olmadan gəminin qəza hadisəsinin baş verdiyi yeri tərk etməsi qadağandır. Dövlət Dəniz Administrasiyasının və aidiyyəti gömrük orqanlarının uzaq olması, rabitə əlaqəsinin olmaması və ya digər səbəblərdən rabitə əlaqəsi yaratmaq qeyri-mümkün olduğu hallarda, kapitan hadisəni və mövcud faktı sənədləşdirmək üçün müvafiq tədbirlər görməli və gəmini yaxınlıqdakı Liman Nəzarəti Müfəttişliyi yerləşən limana və yaxud liman məntəqəsinə çatdırmalıdır.

 

2. Bu Qaydaların tətbiq edildiyi zonalarda üzgüçülük

 

2.1. Liman və liman məntəqələrinin akvatoriyaları yaxınlığında və onlara girişlərdə üzərkən təyin olunmuş hərəkət yolları üzrə hərəkət etmək, hərbi və dənizin dibini dərinləşdirən gəmilərlə sovuşma xüsusiyyətlərini nəzərə almaq, gəmilərin fərqlənmə siqnallarını bilmək, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu, Sahil Mühafizəsi və dəniz üzgüçülüyü ilə əlaqəsi olan digər sahil məntəqələri haqqında müvafiq məlumata malik olmaq gəmi heyəti üçün vacibdır.

2.2. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda üzərkən, gəmi və üzən qurğular Hərbi Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya Xidmətinin «Dəniz gəmiçilərinə bildirişlər»də və müvafiq təlimatlarda tövsiyə olunmuş yollar və kurslar üzrə hərəkət etməlidirlər. Göstərilmiş marşrutlardan kənarlaşdıqda liman kapitanına, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil Mühafizəsinə müvafiq məlumat verilməlidir.

2.3. Bütün gəmilər sərhəd, hərbi dəniz və hava qüvvələrinin, gömrük və ya sahil məntəqələrinin ilk göstərişlərinə əsasən hərəkəti dayandırmalı, zərurət olduqda isə onların göstərişlərinə əsasən təyin olunmuş yerə hərəkət etməlidirlər.

2.4. Sərhəd gözətçi gəmisi və ya məntəqəsi tərəfindən gəmilərin saxlanılma siqnalları ilə:

gündüz vaxtı - beynəlxalq siqnallar toplusuna əsasən «L» (Lima) bayrağı qaldırılır;

gecə vaxtı - şaquli xətt üzrə yerləşən (üst-üstə) iki yaşıl işıq yandırılır və ya gəmi bortundan (sahil məntəqəsindən) iki yaşıl və bir ağ siqnal raketi havaya buraxılır.

2.5. Sərhəd sularında balıq və digər su bioresurslarının ovuna və digər işlərin yerinə yetirilməsinə yalnız günün işıqlı vaxtı icazə verilir. [4]

2.6. Gəmi kapitanları rejim sularına giriş-çıxış vaxtı və koordinatlar haqqında məlumatları Sahil Mühafizəsinə, gömrük orqanlarına çatdırmalıdırlar. Rejim sularında üzərkən kapitan tərəfindən yerli vaxtla saat 08.00, 15.00 və 20.00-da gəminin mövcud koordinatları verilməlidir. Balıqçı gəmiləri öz koordinatları haqqında məlumatı yerli vaxtla saat 15.00-da verməlidirlər.

2.7. Gəmi kapitanları Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin sahil məntəqələrindən və ya gömrük orqanlarının dənizdəki növbətçi gəmilərindən alınmış çağırışa uyğun olaraq, olduqları gəminin vaxtında və düzgün tanınmasına görə şəxsən məsuliyyət daşıyırlar.

2.8. Xarici gəmilər Azərbaycan Respublikasının ərazi sularına daxil olduğu zaman fok-dor ağacının sağ nokunda Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırmalıdırlar.

2.9. Əgər Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sular zonasına giriş bağlı deyilsə və gələcək hərəkət ardıcıllığı haqqında göstəriş və ya xüsusi siqnal yoxdursa, gəmi Hərbi Dəniz Qüvvələrinin Naviqasiya və Okeanoqrafiya Xidmətinin «Dəniz gəmiçilərinə bildirişlər»də və digər üzmə vəsaitlərində qeyd olunmuş qaydalara riayət etməklə, təyin olunmuş məntəqəyə hərəkət edə bilər.

2.10. Limana daxil olan və ya çayda axının əks istiqamətində hərəkət edən gəmi axın istiqamətində hərəkət edən və ya limandan çıxan gəmiyə və eyni zamanda aşağıdakı gəmilərə yol verməlidir:

- idarə olunmayan və ya manevr imkanı məhdudlaşan və «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar» ın 27-ci qaydasına uyğun olaraq işıq və işarələri qaldırdıqda;

- gəminin suya oturumu nəticəsində hərəkəti məhdudlaşan və «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar»ın 28-ci qaydasına uyğun olaraq işıq və işarələri qaldıran gəmiyə.

2.11. Əgər gəmilərin dar keçidləri, döngələri və ya xətdən-xəttə keçidi eyni zamanda mümkün deyilsə və ya təhlükəlidirsə, bu zaman yol verməli olan gəmi digər gəmidən təhlükəsiz məsafədə aralı duraraq, onun keçidinə imkan yaratmalıdır.

2.12. Dar keçidlərdə xüsusi və ya dərinləşdirici işlərlə məşğul olan gəmilərdən sovuşmaq üçün onlardan sərbəst keçid haqqında vaxtında razılıq almaq və sürəti azaltmaq lazımdır. Razılıq alınmadığı təqdirdə, bu gəmilərdən sovuşmaq qəti qadağandır.

2.13. Təhlükəli dalğanın yaranmasından kənar olmaq üçün və aşağıdakı hallarda kapitan gəminin sürətini vaxtında azaltmalıdır:

- yedək karvanı və kiçikhəcmli gəmilərlə sovuşarkən;

- işlək vəziyyətdə olan üzən kranların, debarkaderlərin, körpülərin, körpüyə yan almış gəmilərin yaxınlığından keçərkən;

- lövbərə durmuş və ya saya oturmuş gəminin yaxınlığından keçərkən;

- sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlər görülən yerlərdən keçərkən;

- dibdərinləşdirici işlərlə məşğul olan gəmiləri dövr edərkən;

- salları, pontonları, körpüdə və ya gəminin bortunun yanında və içərisində adam olan qayıqları keçərkən.

2.14. Liman sularında gəminin ötmə prosesinə yalnız qənaətbəxş hidrometeoroloji şəraitlərdə və manevrin müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən vəziyyətlərdə icazə verilir.

2.15. Ötmə aşağıdakı hallarda qadağan edilir:

- farvater və kanallarda;

- limanların girişlərində;

- məhdud görünüş şəraitində;

- ikili ötüş zamanı;

- dibdərinləşdirici, sualtı, hidrotexniki və digər xüsusi təyinatlı işlərlə məşğul olan gəmilərin yaxınlığından keçərkən.

2.16. Aşağıdakı hallar istisna olmaqla, kanallarda lövbərə dayanmaq qadağan edilir:

- hərəkəti davam etdirmək üçün açıq-aydın təhlükə olduqda;

- texniki çatışmazlıq nəticəsində gəmi dayandıqda;

- keçid digər gəmilər tərəfindən bağlandıqda.

2.17. Kanalda lövbərə dayanmağa məcbur olan gəminin kapitanı dərhal bu barədə GHİX-yə gəminin adını, lövbərə durma yerini və səbəbini göstərməklə, məlumat verməlidir. GHİX-dən alınmış həmin məlumatları dərhal Sahil Mühafizəsinin və Hərbi Dəniz Qüvvələrinin müvafiq növbətçi xidmətlərinə bildirməlidir.

2.18. Limanda gəmilərin yedək olunması liman kapitanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən aparılır. Yedəkləmə prosesinin rəhbəri yedək etməzdən əvvəl bu prosesdə iştirak edən gəmilərin kapitanları ilə əməliyyatın aparılma ardıcıllığını razılaşdırmalıdır.

2.19. Bələdçinin köməyi ilə yedək olunma hallarında, bələdçi həmin ardıcıllığın razılaşdırılmasında iştirak edir və meydana çıxan sual və anlaşılmazlıqlar liman kapitanı tərəfindən həll olunur.

2.20. Limanda körpülərə yanalma əməliyyatında yedəkçi gəmilərdən istifadə etmək məcburidir.

2.21. Tərsanənin akvatoriyasından istismar-sınaq yoxlanışına üzən gəminin liman akvatoriyasından keçidi yedəkçi gəminin müşayiəti ilə həyata keçirilir.

2.22. Yedəkçi gəmi yedək işlərindən yalnız bu işə rəhbərlik edən şəxsin göstərişi əsasında azad edilə bilər. Yedək burazı ilə yedək olunan gəmidən yalnız yedəkçi gəmi üçün çevrilmə təhlükəsi yarandıqda, buraz göstərişsiz verilə bilər.

 

3. Gəmilərin hərəkətinin idarə olunması

 

3.1. Limanlara və ya liman məntəqələrinə giriş və onların akvatoriyalarında üzərkən gəmilərin hərəkəti GHİX, Dövlət Dəniz Müfəttişliyi və ya reyd xidməti tərəfindən idarə olunur.

3.2. GHİX-nin əsas funksiyaları:

liman akvatoriyasında və onlara girişdə gəmisürücülüyünün təşkili və tənzimlənməsinə, üzmə qaydalarına riayət olunmasına nəzarət;

çətin naviqasiya, hidrometeoroloji və hidroloji şəraitdə dəniz üzgüçülüyünün təmin edilməsi;

qəza və neft məhsullarının dağılması hallarının qarşısının alınmasına dair ətraf mühitin qorunması;

bələdçi xidməti, axtarış-xilasetmə əməliyyatları və neft məhsullarının dağılmasının qarşısının alınmasına dair mübarizə əməliyyatları xidmətləri ilə birgə əməkdaşlıq;

dövlətin maraqları çərçivəsində sahilyanı sularda gəmiçiliyə nəzarət, sərhəd və gömrük rejimlərinin müvafiq məlumatla təminatı.

3.3. GHİX tərəfindən xidmət aşağıdakı gəmilərə ardıcıllıqla həyata keçirilir:

- qəzaya uğramış və bortunda ağır xəstələr olan gəmilər, köməyə göndərilən gəmilər;

- Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin gəmiləri;

- Dövlət Gömrük Komitəsinin gəmiləri;

- bərə və sərnişin gəmiləri;

- tez xarab olan yükləri daşıyan gəmilər;

- təhlükəli yükləri daşıyan gəmilər;

- xətti üzmə marşrutuna malik olan gəmilər;

- digər gəmilər.

3.4. GHİX-nin təsir zonasında üzmə qaydasını GHİX-nin aid olduğu təşkilat hazırlayır və Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq edilir. Bu qaydalar Dövlət Dəniz Administrasiyası tərəfindən dərc etdirilir.

3.5. Gəmilərin hərəkəti GHİX-nin mərkəzi tərəfindən tənzimlənir.

3.6. GHİX-nin mərkəzi aşağıda göstərilənləri həyata keçirir:

- gəmilərin mərkəzin təsir zonasına yaxınlaşarkən aşkar olunmasını, gəmilərlə rabitə əlaqəsinin yaradılmasını, hər bir gəmi haqqında zəruri məlumatın alınmasını;

- gəmilərin hərəkətinə daimi radar müşahidəsini və nəzarəti, gəmilər tərəfindən qaydalar pozularkən, zəruri göstərişlərin verilməsini;

- gəmilərin hərəkətinin tənzimlənməsini, müəyyən edilmiş marşruta, sürətə və gəmilərin arasında olan məsafəyə riayət olunmasına nəzarəti;

- lövbər dayanacaqlarında gəmilərin vəziyyətinə nəzarəti;

- gəmilərə radar müşayiətini;

- gəmilər, sahil təşkilatları və xidmətləri arasında rabitə əlaqəsinin qurulmasında birgə əməkdaşlığı;

- təsir zonasında qəza-xilasetmə, dibdərinləşdirmə, yedək və digər xilasetmə işləri ilə əlaqədar birgə əməkdaşlığı.

3.7. Müşayiət gəminin sifarişinə əsasən müxtəlif görünüş şəraitlərində həyata keçirilə bilər.

3.8. Radar müşayiətinin ardıcıllığı gəminin kapitanı və GHİX-nin bələdçi-operatoru arasında müşayiət başlananadək razılaşdırılır. Müşayiət prosesində gəmi GHİX-yə görüləcək tədbirlər haqqında məlumat verməlidir. Radar müşayiətinin başlanması və bitməsi GHİX tərəfindən elan edilməli və gəmi tərəfindən təsdiqlənməlidir.

3.9. Təsir zonasının mərkəzində gəmilərin hərəkəti yalnız GHİX-nin icazəsi ilə həyata keçirilir.

3.10. GHİX-nin aşağıdakılar barədə göstərişlərini yerinə yetirmək gəmilər üçün vacibdir:

- hərəkətin ardıcıllığı;

- hərəkətin marşrutu və sürəti;

- lövbər dayanacağının yeri;

- təhlükənin qarşısının alın masına dair tədbirlər.

3.11. Gəmi bu tələbləri mütləq yerinə yetirməli, yerinə yetirə bilmədiyi hallarda isə onun səbəbini GHİX-yə bildirməlidir.

3.12. Dənizdən gələn gəmi GHİX-nin təsir zonasına çatanadək, zonada hərəkəti tənzimləyən mərkəzlə ultraqısa dalğalar (bundan sonra-UQD) vasitəsi ilə radiorabitə əlaqəsi yaradır. Gəmilərin mərkəzlə rabitə əlaqəsi üçün radiokanallar, tezliklər və çağırış siqnalları GHİX-nin təsir zonasının üzmə qaydalarında göstərilir.

3.13. Gəmi kapitanı GHİX ilə ilk rabitə əlaqəsi yaratdıqda, aşağıdakıları bildirməlidir:

- gəminin adını və tipini;

- zonaya yaxınlaşma vaxtını;

- sürətini;

- mənsubiyyətini;

- yerli gəmidirsə, aid olduğu təşkilatın adını;

- təyinat limanının adını;

- gəminin tam registr tutumunu və əsas parametrlərini;

- suya oturumu barədə məlumatı;

- yükün növünü və miqdarını;

- gəmidə olan radar qurğusu haqqında məlumatı;

- gəmidə olan hər hansı bir çatışmazlıq haqqında məlumatı.

3.14. Kapitan verilən məlumatın doğruluğu üçün məsuliyyət daşıyır.

3.15. Gəmi kapitanı GHİX-nin sorğusuna əsasən, aşkar edilməsi məqsədi ilə hər hansı bir oriyentirə uyğun öz yerini bildirməli və ya aşkaredici manevr etməlidir.

3.16. GHİX aşkar olunmuş gəmiyə hərəkətin təsir zonasına daxil olmağa icazə verir və ona hərəkət marşrutunu, habelə dayanacaq yerini və digər zəruri məlumatları çatdırır.

3.17. Körpüdə və ya lövbərdə dayanan gəmi hərəkətə başlamazdan əvvəl GHİX-nin, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun və Sahil Mühafizəsinin növbətçi xidməti ilə radio və ya telefon əlaqəsi yaratmalıdır.

3.18. Hərəkətdə olan gəmilər GHİX-nin mərkəzi ilə UQD vasitəsilə daimi radio-rabitə əlaqəsində olmalıdırlar.

3.19. Gəmi körpüyə və ya lövbərə qoyulduqdan sonra rabitə əlaqəsi üçün digər kanallara keçməlidir.

3.20. İşlək radar qurğusuna malik və GHİX-nin müşayiəti ilə hərəkət edən gəmilərin liman sularında məhdud görünüş şəraitində üzməsi yalnız liman kapitanının icazəsi ilə həyata keçirilir.

3.21. Əgər gəmi liman sularında məhdud görünüş şəraitində yararsız radar qurğusuna malikdirsə və GHİX-nin müşayiəti ilə üzməni həyata keçirə bilmirsə, bu zaman gəmi (əgər suya oturumu imkan verirsə) kanaldan (farvaterdən) kənara çıxmalı və bu barədə Liman Nəzarəti Müfəttişliyinə məlumat verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat»a və «Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi»nə uyğun hərəkət etməlidir.

 

4. Gəmilərin identifikasiya vasitələri

 

4.1. Azərbaycan Respublikasının Gəmi Reyestrində dövlət qeydiyyatından keçməli olan hər bir gəmi öz adına, çağırış siqnalına və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq, tanınma (identifikasiya) nömrəsinə malik olmalıdır.

4.2. Gəminin texniki təchizatından asılı olaraq gəmiyə peyk rabitə sisteminin qeydiyyat nömrəsi və rəqəmlə seçici çağırış nömrəsi verilir.

4.3. Gəmilərdə «Dənizdə insan həyatının mühafizəsinə dair» 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın müvafiq tələblərinə uyğun olaraq avtomatik identifikasiya sistemi (bundan sonra - AİS) quraşdırılmalıdır.

4.4. Gəmilər Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq öz adını, qeydiyyat limanını və identifikasiya nömrəsini aydın görünən yerlərdə göstərməlidirlər.

4.5. Kiçikhəcmli gəmilər adını və nömrəsini, gəmi sahibinin adını və ünvanını özündə əks etdirən xüsusi qeydiyyat sənədinə malik olmalıdırlar.

4.6. Gəminin xilasetmə qayıqlarının bortunda onun ölçüləri, tutumu və gəminin adı yazılır.

 

5. Vizual siqnallardan istifadə

 

5.1. İşıqlara və işarələrə aid olan tələblər bütün gəmilərə istər məhdud görünüş şəraitində, istərsə də gün batandan gün çıxanadək tətbiq olunmalıdır. Bu zaman «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar» da göstərilən işıqlarla və işarələrlə səhv salına biləcək digər işıqlar və işarələr göstərilməməlidir.

5.2. Naviqasiya işıqları və siqnallarının aşkar olunmasını çətinləşdirən və ya onların görünüşünü pisləşdirən müxtəlif işıqlandırıcı qurğuların, projektorların, həmçinin şitlərin, bayraqların və digər əşyaların istifadəsi qadağan edilir.

5.3. Dəniz üzgüçülüyünə təhlükə və maneə yarada biləcək işıqlandırıcı qurğuların və projektorların işlədilməsi qadağandır.

 

6. Gəmilərin limana daxil olması və limanı tərk etməsi

 

6.1. Liman və ya liman məntəqəsinin nəzarətçisi sərhəd və gömrük xidməti ilə razılaşdırmadan, liman və yaxud liman məntəqəsinin növbətçi-dispetçerinin və Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun icazəsi olmadan, heç bir gəmi limana girə və çıxa, yaxud lövbərdə dayana bilməz.

6.2. Gəminin kapitanı təyinat limanına yaxınlaşma haqqında məlumatı aşağıda göstərilən ünvanlara verməlidir:

milli gəmi kapitanı tərəfindən liman dispetçerinə, liman kapitanına, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postuna, Sahil Mühafizəsinə, Dövlət Gömrük Komitəsinin müvafiq orqanına, sanitariya-karantin şöbəsinə və gəminin yükü ilə əlaqədar digər ünvanlara;

xarici gəminin kapitanı tərəfindən – müvafiq gəmi agentliyinə.

6.3. Yaxınlaşma haqqında ilkin məlumat 24 saat əvvəl verilir və yaxınlaşmazdan 4 saat əvvəl dəqiqləşdirilir. Keçid vaxtı 24 saatdan az olduğu halda, gəmi limandan çıxdıqdan sonra məlumat 2 saat ərzində dəqiqləşdirilir.

Xarici gəmi kapitanı limana yaxınlaşma haqqında məlumatı 24 saatdan gec olmayaraq, sonra isə 4 saat ərzində dəqiqləşdirərək, müvafiq gəmi agentliyinə göndərir.

Müvafiq gəmi agentliyi hər bir halda gəmidən alınmış bütün məlumatları bu Qaydaların 6.6-cı bəndində göstərilən qurumlara göndərir.

6.4. Gəmi kapitanları səfərdə baş verən ləngimələr haqqında limana məlumat verməli və gəlmə vaxtını dəqiqləşdirməlidirlər.

6.5. Kapitan bələdçinin gəmiyə qəbulu nöqtəsinə yaxınlaşmazdan 4 saat əvvəl gəminin gözlənilən burun və arxa tərəfdən suya oturumu vəziyyətini qeyd edərək, çatmanın dəqiqləşdirilmiş vaxtını xəbər verməlidir.

6.6. Hərəkətə başlamazdan (limandan çıxmamışdan) və ya limana girməmişdən 4 saat əvvəl gəmi kapitanı tərəfindən liman kapitanına, Sahil Mühafizəsinin yerli bölməsinə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumuna aşağıdakı məlumatlar verilməlidir:

- giriş (çıxış) vaxtı;

- heyət və sərnişinlərin sayı;

- nəzərdə tutulan hərəkət marşrutu;

- təyinat məntəqəsi.

6.7. Gəmi kapitanı və ya gəmi sahibi yaxınlaşma haqqında məlumatda aşağıdakıları çatdırmalıdır:

- gəminin bayrağı, adı və onun sahibinin adı;

- sonuncu giriş limanı;

- gəminin maksimum uzunluğu, eni və bortun hündürlüyü;

- gəminin burun və arxa tərəfindən suya oturumu;

- sərnişinlərin sayı;

- yükün adı, onun xüsusiyyətləri;

- yük alıcısının adı;

- bunker və təchizata tələbat;

- texniki və təmir işlərinin görülməsinə tələbat;

- ballast (ballastın harada, nə vaxt qəbulu və miqdarı barədə təsdiq olunmuş formada), lyal (tərlənmədən, anbarlar yuyulan zaman və yaxud hər hansı bir səbəbdən anbarlarda yaranan suların yığılması üçün xüsusi yer), təsərrüfat-fekal çirkab sularının və zibil konteynerlərinin təhvili üçün barja sifarişi;

- yedək xidməti üzrə tələbat;

- bələdçi sifarişi;

- digər liman xidmətlərinə tələbat.

6.8. Neft məhsulları ilə yüklənmiş tankerin kapitanı neftlə çirklənmədən vurula biləcək zərərə görə mülki cavabdehliyin təmin olunması haqqında sənədin mövcudluğu barədə təyinat limanını xəbərdar etməlidir. Bu sənədin mövcudluğu haqqında tanker kapitanından məlumat alınmadıqda, tanker limana qəbul olunmur.

6.9. Gəminin təyin olunmuş ünvanı dəyişdirildikdə, kapitan radioqram vasitəsilə birinci təyin olunmuş limana əvvəlcədən verilmiş sifarişi ləğv etməlidir.

6.10. Məlumatın olmadığı, vaxtında çatdırılmadığı və ya səhv olduğu hallarda gəminin hazırlanması gecikərsə, onun fəaliyyətsiz qalması gəminin öz hesabına yazılır.

6.11. Yalnız yanacaq, içməli su, ərzaq və başqa təchizatın qəbulu üçün limana gələn gəminin kapitanı təyin olunmuş vaxtda limana çatmaq haqqında bu Qaydaların 6.6-cı bəndində sadalanan məlumatları verir.

6.12. Gəminin limana qəbul olunmasından 1 saat əvvəl onun lövbərdə dayanma yeri, yanalma və yük əməliyyatları, yaxud başqa işlər bu Qaydaların 6.6-cı bəndində göstərilən qurumlarla razılaşdırılmalı və liman rəhbərliyi tərəfindən gəmi kapitanı bunlar barədə məlumatlandırılmalıdır.

6.13. Hərbi limanlar və bazalarla eyni akvatoriyada yerləşən limanlarda gəmilərin giriş və çıxış qaydası ticarət limanlarının rəhbərliyi ilə razılaşdırılmaqla, hərbi limanın, yaxud bazanın komandanlığı tərəfindən təyin olunur.

6.14. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində aşağıdakı qaydada qaldırılır:

a) gəminin hərəkət etdiyi və dayanacaqlarda durduğu zaman Azərbaycan Respublikasının Dövlət bayrağı hər gün saat 8-də qaldırılır və gün batdıqda endirilir;

b) Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı hallarda müəyyən edilmiş vaxtdan əvvəl (saat 8-dək) qaldırılır, habelə gün batarkən də endirilmir:

- gəmi limana daxil olduqda və limandan çıxdıqda;

- dənizdə Dövlət bayrağı altında üzən hərbi və digər gəmilərə rast gəldikdə, onlardan ayrılanadək.

Gəmi dayanacaqda olduğu zaman Dövlət bayrağı dal bayraq ağacında, hərəkət etdiyi zaman isə qafeldə (və ya dal bayraq ağacında) qaldırılır.

Kiçik və yedək gəmiləri dayanacaqda və ya hərəkətdə olduğu zaman Dövlət bayrağını qafeldə qaldıra bilər.

6.15. Bələdçi xidməti xarici gəmilər üçün məcburidir.

6.16. Limana girişi qadağan edilən gəmi mütləq dreyfə yatmalı, yaxud göstərilən yerdə lövbərdə dayanmalıdır. Bu halda limanın dispetçeri gəmi kapitanına limana girişin təxmini vaxtı haqqında məlumat verməlidir.

6.17. Limana giriş və çıxışın ardıcıllığını GHİX və liman kapitanı tənzimləyir və gəmilərin körpüyə qəbul olunması limanın dispetçer xidməti ilə razılaşdırılır. Hərbi Dəniz Qüvvələrinin, Sahil Mühafizəsinin və Dövlət Gömrük Komitəsinin gəmiləri limana giriş və çıxış zamanı müvafiq üstünlüklərə malikdirlər.

6.18. Mənsubiyyətindən asılı olmayaraq, bütün gəmilər üçün limanın akvatoriyasında və onun yaxınlığında gəmisürücülük qaydalarının yerinə yetirilməsi məcburidir.

6.19. Liman akvatoriyasında bütün gəmilərin və üzən vasitələrin təhlükəsiz üzgüçülüyünə nəzarət liman kapitanı tərəfindən təşkil olunaraq həyata keçirilir.

6.20. Liman akvatoriyasında üzmə vaxtı gəmi kapitanları böyükmiqyaslı xəritələrdən, bələdçi kitablarından və digər köməkçi ləvazimatlardan yararlanmalı və «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar»a ciddi əməl etməlidirlər.

6.21. Gəmilər, o cümlədən yedək olunan gəmilər kanal və liman akvatoriyası ilə keçid zamanı lövbərləri hazır vəziyyətdə saxlamalıdırlar.

6.22. Gəmilərin suya oturumu limanlar üçün müəyyən olunmuş dərinlikdən artıq olmamalıdır.

6.23. Limanda gəmilərin sürəti dəniz üzgüçülüyünün təhlükəsizliyini, hidrotexniki qurğuların və kanalların qorunmasını təmin etmək məqsədi ilə yerli şərait nəzərə alınmaqla, liman kapitanı tərəfindən təyin olunur.

6.24. «Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin (bundan sonra - GLVM BM) tələblərinə uyğun olaraq, gəmi kapitanı limana girişdən əvvəl və ya limanda dayanarkən, liman vasitələrinin mühafizəsinə cavabdeh olan vəzifəli şəxsə zəruri tədbirlərin görülməsi barədə xəbər verməlidir. Hər hansı bir tədbir liman vasitələrinin mühafizəsinə cavabdeh olan vəzifəli şəxslə və gəminin mühafizəsinə cavabdeh olan komandir heyətinin üzvü ilə birgə əlaqələndirilməlidir.

6.25. Aşağıda göstərilən hallarda limanın mühafizəsi üzrə məsuliyyətli şəxs tədbir və hərəkətlərini gəminin mühafizəsinə cavabdeh olan komandir heyətinin üzvü ilə əlaqələndirməlidir:

gəminin mühafizə planına uyğun olan tədbirləri keçirərkən;

«Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinin yerinə yetirilməsi zamanı yaranan çətinliklər haqqında məlumat alarkən;

«Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə» ilə müəyyən olunmuş 3 nömrəli mühafizə səviyyəsinə dair Dövlət Dəniz Administrasiyası tərəfindən təyin edilmiş mühafizə təlimatını icra edərkən;

digər hallarda.

6.26. Limanda dayanma vaxtı gəmi kapitanı və heyət üzvləri limanda qüvvədə olan qaydalara, o cümlədən Dövlət Dəniz Administrasiyasının göstəriş və sərəncamlarına əməl olunmasını təmin etməlidirlər.

6.27. Dövlət Dəniz Administrasiyasının, liman nəzarətçisinin, dispetçer xidmətinin və limanın mühafizə xidmətinin limanda dayanma haqqında göstərişləri aidiyyətindən və tabeliyindən asılı olmayaraq, gəmi kapitanı və gəmi sahibləri üçün məcburidir.

6.28. Liman vasitələrindən istifadə edən gəmilərdə liman xidməti yoxlamalar apara və onlara qarşı əlavə nəzarət tədbirləri görə bilər. Dövlət Dəniz Administrasiyası, Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizəsi, Dövlət Gömrük Komitəsi, sanitariya-karantin şöbəsi, liman müdiriyyəti, yük sahibləri və digər aidiyyəti təşkilatlar gəminin limana girişindən əvvəl gəmi, yük, sərnişin və gəmi heyəti haqqında məlumat əldə edə bilərlər.

6.29. Gəmiyə müəyyən hallarda (hava şəraiti, dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi və digər hallarda) limana girmək və dayanmaq icazəsi verilməyə bilər.

6.30. Gəmiyə limana girmək və yaxud limandan çıxmaq icazəsi verilmədiyi hallarda, gəminin mənsub olduğu dövlətin Dəniz Administrasiyasına bu və ya digər faktlar haqqında məlumatlar verilir.

 

7. Gəminin limana gəlişinin rəsmiləşdirilməsi

 

7.1. Gəmi limana girdikdən sonra, 24 saat ərzində Liman Nəzarəti Müfəttişliyində rəsmiləşdirilir. Xarici gəmilər bütün sənədləşdirməni sərhəd, gömrük, sanitar-karantin tələblərinə riayət etməklə, müvafiq gəmi agentliyinin nümayəndəsi tərəfindən rəsmiləşdirilməlidir.

7.2. Sərhəd, gömrük, sanitar-karantin tələblərinə uyğun rəsmiləşdirmə müvafiq orqanlar tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq yerinə yetirilir.

7.3. Reyddə bütün rəsmiləşdirmə hallarında sərhəd, gömrük, sanitar-karantin nümayəndələrinin iştirakı mütləq qaydada təmin olunmalıdır.

7.4. Gəminin limana girişi aşağıdakı sənədlərin təqdim edilməsi ilə rəsmiləşdirilir:

- ümumi deklarasiya;

- gəmi heyət üzvlərinin siyahısı;

- sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

- yük deklarasiyası;

- yük manifesti;

- yük konosamentləri;

- dəniz sanitar deklarasiyası;

- dövlət sərhəd xidməti tərəfindən verilən vəsiqə;

- gəmi ehtiyatları haqqında arayış;

- gəmi heyətinin şəxsi əşyaları haqqında deklarasiya.

7.5. Limana yedəkdə daxil olan gəmi kapitan və heyət üzvlərindən ibarət olduğu halda, kapitan gəminin limana gəlişini sərbəst rəsmiləşdirməlidir. Digər hallarda isə yedək karvanının limana gəlişi yedək gəmisinin kapitanı tərəfindən rəsmiləşdirilir.

7.6. Yerli əlaqə gəmilərinin, sənaye və ya digər kiçikhəcmli gəmilərin limana girişi Dövlət Dəniz Administrasiyası tərəfindən müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir.

7.7. Xarici gəmilərin kapitanı gəmi agentliyinə əlavə olaraq aşağıdakı sənədləri təqdim etməlidir:

- dövlət bayrağı altında üzmə hüququnu verən şəhadətnamə;

- gəmiyə mülkiyyət haqqında şəhadətnamə;

- gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

- ölçü şəhadətnaməsi;

- yük nişanı haqqında beynəlxalq şəhadətnamə;

- sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

- gəminin konstruksiyasına görə təhlükəsizliyi haqqında şəhadətnamə;

- avadanlıq və təchizata görə gəmi təhlükəsizliyinə dair şəhadətnamə;

- rabitə avadanlığı üzrə gəmi təhlükəsizliyinə dair şəhadətnamə;

- mühafizə haqqında şəhadətnamə;

- neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında şəhadətnamə;

- «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya (5 əlavəsi ilə birlikdə) müvafiq olaraq şəhadətnamələr;

- neft əməliyyatları haqqında jurnal;

- istisnalar haqqında şəhadətnamə (əgər varsa);

- heyət üzvlərinin sertifikat və digər müvafiq sənədləri;

- gəmi sanitar şəhadətnaməsi;

- deratizasiya haqqında şəhadətnamə;

- peyvəndetmə haqqında beynəlxalq şəhadətnamə;

- dəniz sanitar deklarasiyası;

- ümumi deklarasiya;

- yük deklarasiyası;

- heyətin şəxsi əşyaları haqqında deklarasiya (əgər tələb olunarsa).

7.8. Gəmi kapitanı daşınılan yükə aid manifest və konosamenti, sərnişinlərin siyahısını və gəmiyə, sərnişinlərə aid digər sənədləri gömrük orqanlarına təqdim etməlidir.

7.9. Əgər səfər zamanı hər hansı bir gəmidə qurğuların, mexanizmlərin qırılma və sıradan çıxma halları olarsa, gəmi kapitanı limana gələrkən bu barədə liman kapitanına yazılı məlumat verməlidir.

7.10. Texniki vəziyyəti və yaxud digər səbəblərlə əlaqədar dənizə çıxması qadağan edilmiş gəmilərin siyahısı Dövlət Dəniz Administrasiyası tərəfindən bu Qaydaların 6.6-cı bəndində göstərilən qurumlara təqdim edilir.

 

 

 

 

8. Gəminin limandan çıxışının rəsmiləşdirilməsi

 

8.1. Gəminin limandan çıxışının rəsmiləşdirilməsi Liman Nəzarəti Müfəttişliyi tərəfindən həyata keçirilir. Rəsmiləşdirmə təsnifat cəmiyyətlərinin (beynəlxalq konvensiyalara müvafiq hökumət adından gəmi sənədləri verən cəmiyyətlər) verdiyi gəmi sənədləri yoxlanıldıqdan sonra və həmçinin, Liman Nəzarəti, Sahil Mühafizəsi, müvafiq gömrük orqanı, Liman Yanğından Mühafizə və sanitariya-karantin şöbəsi tərəfindən etiraz olmadıqda həyata keçirilir.

8.2. Dövlət Dəniz Müfəttişliyinin əməkdaşları beynəlxalq konvensiyaların tələbləri daxil olmaqla, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə əsasən gəminin dənizçilik keyfiyyətinin müvafiq tələblərə uyğun olmasına əmin olmaq məqsədi ilə yoxlama aparmaq hüququna malikdirlər. Yoxlamanın məqsədi gəminin dənizçilik keyfiyyətinin, texniki vəziyyətinin, radio və qəza-xilasetmə qurğularının, habelə gəmi heyətinin iş və məişət şəraitinin müvafiq tələblərə uyğun olub-olmamasını müəyyən etməkdir. Gəminin vəziyyəti müvafiq tələblərə uyğun olmadıqda, Dövlət Dəniz Müfəttişliyinin nümayəndələri gəmiyə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada qəti tədbirlər həyata keçirməklə, müvafiq akt tərtib edərək, bir nüsxəsini gəmi kapitanına (gəmi sahibinə), digərini isə Dövlət Dəniz Administrasiyasına təqdim edirlər.

8.3. Dövlət Dəniz Müfəttişliyinin apardığı yoxlamalar zamanı gəminin vəziyyətində, gəminin və heyət üzvlərinin sənədlərində beynəlxalq konvensiyaların tələblərinə dair uyğunsuzluqlar aşkar olunarsa, bu çatışmazlıqlar aradan qaldırılanadək gəmi Dövlət Dəniz Administrasiyasının əməkdaşları tərəfindən limanda saxlanılmalıdır. Belə halda, saxlanılmanın səbəbləri göstərilməklə, müvafiq akt tərtib olunur və həmin sənədin bir nüsxəsi gəmi kapitanına (gəmi sahibinə), digəri isə Dövlət Dəniz Administrasiyasına təqdim edilir.

8.4. Liman kapitanının icazəsi olmadan gəmi limanı tərk etdiyi halda, dərhal bu barədə Hərbi Dəniz Qüvvələrinin əməliyyat növbətçisinə və Sahil Mühafizəsinə, müvafiq gömrük orqanlarına məlumat verilməli və gəminin limana qaytarılması üçün müvafiq tədbirlər görülməlidir. Baş vermiş hadisənin səbəbləri araşdırılanadək gəmi həbsdə saxlanılır.

8.5. Gəmi kapitanı limandan çıxmaq üçün hazırlıq haqqında liman kapitanına təyin olunmuş vaxtdan 6 saatdan gec olmayaraq məlumat verməlidir.

8.6. Limanda azmüddətli dayanma zamanı (6 saatdan az olduğu halda) çıxma haqqında məlumat gəminin çıxmasına təyin olunmuş vaxtdan 2 saatdan gec olmayaraq xəbər verilir.

8.7. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, gəmilərə aşağıdakı hallarda limanı tərk etmək qadağan olunur:

- gəmi üzgüçülüyə yararlı olmadıqda;

- gəminin yüklənməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda;

- gəmi sənədlərinə olan tələblər pozulduqda;

- sanitar-karantin və miqrasiya xidmətlərinin, gömrük, sərhəd və digər səlahiyyətli dövlət orqanlarının göstərişi olduqda;

- müəyyən edilmiş liman ödənişləri və ya səlahiyyətləri çərçivəsində dəniz limanı kapitanının qəbul etdiyi qərara əsasən tətbiq edilmiş sanksiyaların məbləğləri ödənilmədikdə.

8. 8. Gəmi və onun yükünün saxlanması haqqında verilən sərəncam 24 saat ərzində etibarlıdır.

8.9. Liman Nəzarəti Müfəttişliyi tərəfindən yoxlanış zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək gəmi limanda saxlanılır və Liman Nəzarəti Müfəttişliyinin gəminin yoxlanılması barədə tərtib etdiyi aktın nüsxəsi gəmi kapitanına və aidiyyəti təşkilatlara təqdim olunur.

8.10. Kapitan gəminin limandan çıxmasını rəsmiləşdirmək üçün liman kapitanı kontoruna aşağıdakı sənədləri təqdim etməlidir:

- limanı tərk etmək haqqında ümumi deklarasiya və ya ərizə;

- gəmi heyət üzvlərinin siyahısı;

- sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

- heyət üzvlərinin diplom, sertifikat və müvafiq sənədləri;

- sərnişinlərin siyahısı;

- dəniz limanının sanitariya-karantin şöbəsinin icazəsi;

- yanğın mühafizəsi şəhadətnaməsi;

- gəminin səfərə çıxması üçün onun davamlılığının hesablanması;

- üzməyə yararlılıq haqqında şəhadətnamə;

- ölçü şəhadətnaməsi;

- yük nişanı haqqında beynəlxalq şəhadətnamə;

- sərnişin gəmisinin təhlükəsizliyi haqqında şəhadətnamə;

- gəminin quruluşunun təhlükəsizliyinə dair şəhadətnamə;

- avadanlıq (qurğu) və təchizata görə gəmi təhlükəsizliyinə dair şəhadətnamə;

- radio-rabitə avadanlığı üzrə gəmi təhlükəsizliyinə dair şəhadətnamə;

- istisnalar haqqında şəhadətnamə;

- neft məhsulları ilə çirklənmədən dəyən zərərə görə mülki cavabdehliyin təmin olunması haqqında şəhadətnamə;

- neft məhsulları ilə çirklənmənin qarşısının alınmasına dair beynəlxalq şəhadətnamə;

- dəniz və ətraf mühiti çirkləndirən digər amillərin qarşısının alınmasına dair şəhadətnamə;

- gəminin təhlükəsizliyini təmin edən heyətin minimum tərkibi haqqında şəhadətnamə;

- daşınma qaydalarına uyğun olaraq, ağırçəkili və göyərtə yüklərinin bərkidilməsinə dair hesabat;

- təsnifat şəhadətnaməsi;

- qeyri-standart yüklər olduqda, texniki şərtlərin standart sxemlərə uyğun bərkidilməsi haqqında hesablamalar və müvafiq akt.

8.11. Ümumi deklarasiya və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq xarici gəminin kapitanı gəminin dənizə çıxmasının rəsmiləşdirilməsi üçün gəmi agentliyi vasitəsilə liman kapitanı kontoruna sənədlər toplusunu təqdim etməlidir.

8.12. Yerli əlaqə gəmisinin və ya kiçikhəcmli sənaye gəmisinin limanı tərk etməsi Dövlət Dəniz Administrasiyası tərəfindən müəyyən edilmiş qaydada, göstərilmiş ardıcıllıqla rəsmiləşdirilir.

8.13. Yerli əlaqə gəmisinin hər səfər zamanı limanı tərk etməsi və geri dönməsi Liman Nəzarəti Müfəttişliyi və Sahil Mühafizəsinin nümayəndələri tərəfindən rəsmiləşdirilməlidir. Müstəsna hallarda, əvvəlcədən Sahil Mühafizəsi ilə razılaşdırıldıqdan sonra, yerli əlaqə gəmisi təkcə bir səfər üçün deyil, daha uzun müddət üçün rəsmiləşdirilə bilər. Bu cür icazənin rəsmiləşdirilməsi bütün gəmi sənədlər toplusunun təqdimatı ilə Liman Nəzarəti Müfəttişliyi və Sahil Mühafizəsinin nümayəndələri tərəfindən həyata keçirilir. İcazənin qüvvədə olma müddətində gəminin kapitanı limana giriş və ya çıxış zamanı Liman Nəzarəti Müfəttişliyini, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunu və Sahil Mühafizəsinin növbətçi xidmətini (sahil məntəqəsini) telefon, UQD radio-rabitə və ya telefonoqram vasitəsi ilə məlumatlandırır. Bu məlumata heyətin və sərnişinlərin sayı, metasentrik hündürlük, gəminin suya oturumu, çıxış üçün icazənin qüvvədə olma müddəti və bu icazəni verən orqan barədə informasiyalar daxildir.

8.14. Gəmilərin dənizə çıxmasına yalnız Dövlət Sərhəd Xidmətinin yerli bölməsinin əməkdaşları tərəfindən yanalma körpüsündə (yerləşmə məntəqəsində və ya xüsusi ayrılmış başqa yerdə) gəmi heyəti üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər və gəmi yoxlanıldıqdan və bu barədə Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş vəsiqədə müvafiq qeydlər edildikdən sonra icazə verilir.

8.15. Gəminin texniki vəziyyətinin və heyətin tərkibinin dəyişməsi, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinə təsir göstərən digər dəyişikliklərin mövcud olması hallarında, icazənin qüvvədə olma müddəti bitənədək gəmi kapitanı bu barədə Liman Nəzarəti Müfəttişliyini xəbərdar etməlidir.

8.16. Yerli əlaqə və kiçikhəcmli sənaye gəmisinin üzməsi üçün göstərilmiş qayda ilə gəminin gəliş və çıxışı liman və ya liman məntəqəsi kapitanı və həmçinin sərhəd, gömrük xidmətləri tərəfindən müvafiq qaydada rəsmiləşdirilir.

8.17. Balıqçı gəmisinin çıxışı rəsmiləşdirilərkən, əlavə olaraq, aşağıdakı sənədlər yoxlanılmalıdır:

- sənaye məqsədi ilə balıq və digər su bioresurslarını ovlamaq üçün rayonların xəritəsi; [5]

- beynəlxalq konvensiyalar tətbiq olunan rayonlarda balıq və digər su bioresurslarının ovu ilə məşğul olmağa dair müvafiq icazə;

- balıq və digər su bioresurslarının ovu zamanı üzmə və ovun aparılması qaydaları və yaxud onları əvəz edən digər sənədlər toplusu.

8.18. Bortunda kapitanın rəhbərlik etdiyi heyət olan yedək olunan gəminin çıxışı adi gəminin çıxışı kimi rəsmiləşdirilir.

8.19. Yedəyə götürülmüş karvanın limanı tərk etməsi yedək gəmisinin kapitanı tərəfindən rəsmiləşdirilir.

8.20. Yedək gəmisinin kapitanı dənizə çıxmanı rəsmiləşdirərkən, Liman Nəzarəti Müfəttişliyinə aşağıdakıları təqdim etməlidir:

- keçidin planını;

- yedək xəttinin sxemini və hesablanmasını;

- dəniz yedəklənmə əməliyyatının təhlükəsizliyini təmin etmək üçün Dövlət Dəniz Administrasiyasının rəsmi icazəsini və təlimatını.

8.21. Manevri məhdudlaşdırılmış gəmilərin və digər qurğuların dəniz yedəklənməsində konstruktor-layihə bürosunun hazırladığı və təsnifat cəmiyyəti ilə razılaşdırdığı bağlanma sistemi, müxtəlif konstruksiyaların bərkidilməsi barədə sənədlər və sair dənizə çıxışı rəsmiləşdirilərkən Liman Nəzarəti Müfəttişliyinə təqdim olunmalıdır.

8.22. Üzmə məhdudiyyətlərinə malik olan gəmi və ya iriqabaritli qeyri-standart yüklər gəmilərlə aparılarkən və ya iri platformaları yedək edərkən yedəkləmə sxemi, keçid planı, müxtəlif qurğuların, gövdənin bərkidilməsi və digər sənədlər toplusu tərtib olunaraq təsnifat cəmiyyəti tərəfindən təsdiq edilir və bu keçidə birdəfəlik icazə verilməsi üçün Dövlət Dəniz Administrasiyasına təqdim olunur.

8.23. Yedəkləmə rəsmiləşdirilərkən həm yedək, həm də yedək olunan gəminin sənədləri və onların dənizçilik keyfiyyətinin yoxlanılması haqqında akt Liman Nəzarəti Müfəttişliyinə təqdim edilməlidir.

8.24. Müvafiq orqanlarla razılaşdırdıqdan sonra liman kapitanının göstərişinə əsasən gəminin qəza- xilasetmə əməliyyatlarında iştirak etməsi və ya limanı təbii fəlakət nəticəsində tərk etməsi üçün rəsmiləşdirmə tələb olunmur. Həmin gəminin kapitanı mümkün qədər qısa müddətdə Liman Nəzarəti Müfəttişliyini bu barədə xəbərdar edir.

8.25. Çıxış üçün icazə 24 saat ərzində qüvvədə qalır. Liman və reyd gəmilərinin kapitanı Liman Nəzarəti Müfəttişliyinin razılığını almaq şərti ilə, yanğın və sanitar şəhadətnamələrinin etibarlı olduğu müddətdə dənizə çıxışını telefon və ya UQD vasitəsi ilə rəsmiləşdirə bilər.

8.26. Hər hansı bir səbəbdən gəmi limanda təyin olunmuş müddətdən artıq dayanarsa, kapitan bu barədə Liman Nəzarəti Müfəttişliyinə məlumat verir və bunu yenidən rəsmiləşdirir.

8.27. Aşağıdakılar yerinə yetirildikdə, gəmi dənizə çıxmaq üçün hazır hesab olunur:

- yük əməliyyatları tamamilə bitdikdə;

- anbarların qapaq örtükləri bağlandıqda;

- göyərtə yükləri (Ro-Ro və bərə tipli gəmilərdə təkərli texnika və vaqonlar) bərkidildikdə;

- limanın bütün rəsmi işləri tamamilə yerinə yetirildikdə.

8.28. Liman kapitanı tərəfindən yerli şəraiti və üzmə tələblərini nəzərə alaraq, gəminin dənizə çıxması rəsmiləşdirilərkən əlavə tələblər irəli sürülə bilər. Bu qayda sərhəd, gömrük və sanitar-karantin xidmətlərinə şamil edilmir.

8.29. Gəminin limandan çıxmasına maneə törədən hidrometeoroloji və naviqasiya şəraitinin dəyişməsi zamanı liman kapitanı gəminin dənizə çıxmasını qadağan etmək hüququna malikdir.

8.30. Gəminin limanı tərk etməsi rəsmiləşdirildikdən sonra heyətin tərkibində və ya texniki vəziyyətində dəyişikliklər olarsa, kapitan bu barədə məlumat verməli və limandan gəminin çıxmasını yenidən rəsmiləşdirməlidir.

8.31. Gəminin limanda dayanması 12 saatdan az müddətdə nəzərdə tutulduğu hallarda liman kapitanının icazəsi ilə gəminin limana gəlişi və çıxışı eyni zamanda rəsmiləşdirilir.

8.32. Liman gəmiləri çıxış-giriş rəsmiləşdirilməsini ayda bir dəfə (hər ayın 1-dən 5-dək) həyata keçirə bilərlər. Bunun üçün Liman Nəzarəti Müfəttişliyinə müvafiq gəmi və heyət üzvlərinin sənədləri təqdim olunmalıdır.

8.33. Tərsanələrdən istismar sınağına çıxan gəmilərin kapitanı dənizə çıxmanı rəsmiləşdirmək üçün təsnifat cəmiyyətinin xüsusi icazəsini, gəmi heyətinin siyahısını, tərsanənin və başqa təşkilatların mütəxəssislərinin siyahısını və həmçinin, istismar sınağına çıxmazdan əvvəl təyin olunmuş maqnit kompasının deviasiyasının cədvəlini Liman Nəzarəti Müfəttişliyinə təqdim etməlidir.

8.34. Limandan dənizə və ya başqa körpüyə yan almaq üçün körpüdən çıxmazdan 15 dəqiqə əvvəl UQD radiostansiyası vasitəsilə GHİX-dən icazə alınmalıdır.

 

9. Gəmilərin liman reydində dayanması

 

9.1. Gəmilərin daxili və xarici reydlərdə lövbər dayanacağına gəlməsinə liman kapitanının təyin etdiyi rayonlarda yalnız Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postu, sərhəd xidməti və gömrük orqanları ilə razılaşdırılaraq icazə verilir.

9.2. Lövbər dayanacağı aşağıdakı hallarda qadağandır:

- xəritələrdə, üzgüçülük üzrə rəhbər sənədlərdə və «Dəniz gəmiçilərinə bildirişlər»də göstərilən qadağan edilmiş rayonlarda;

- farvaterlərdən, kanal və stvorlardan 1.5 mil və ya daha az məsafədə;

- dayanacağın təhlükəsizliyini təmin etməyən dərinliklərdə;

- tərsanələrin akvatoriyalarında;

- sualtı kommunikasiyaların keçid zonalarında.

9.3. Gəmilərin lövbərə durması və ya lövbər dayanacağı yerini dəyişməsi GHİX-in, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun və Sahil Mühafizəsinin razılığı ilə həyata keçirilir.

9.4. İcazəsiz və ya nəzərdə tutulmamış yerdə lövbərə durmuş gəmi Liman Nəzarəti Müfəttişliyinin göstərişinə əsasən lövbər dayanacağı yerini dəyişməlidir.

9.5. Zəruri hallarda müşahidə nöqtəsindən kənarda qalmayan, lövbər dayanacağı yerini sərbəst dəyişmək hüququna malik olan kapitan bu barədə dispetçer xidmətini və Liman Nəzarəti Müfəttişliyini xəbərdar etməlidir.

9.6. Dreyf üsulu ilə gəminin lövbər dayanacağı yerini dəyişmək qadağandır.

9.7. Gəmidə naviqasiya işıqları kimi qəbul edilə biləcək işıqların qaldırılması (çıraqbanlı) qadağandır.

9.8. Lövbərdə dayanan gəmilərin məsul növbətçisi gəmi radiostansiyalarının 16-cı kanalında və ya müvafiq yerli qaydalarda göstərilmiş digər UQD kanallarında radio növbəsi çəkməlidir.

9.9. Günün qaranlıq vaxtı lövbərdə dayanan gəmilərdə «Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar»a müvafiq işıqlar yandırılmalıdır.

9.10. Heyəti olmayan özühərəkətetməyən gəmiləri və üzən vasitələri yedəksiz lövbərdə saxlamaq qadağandır.

9.11. Kapitan gəminin bortuna götürülmüş və ya bortda aşkar edilmiş kənar şəxslər haqqında dərhal Sahil Mühafizəsinin növbətçi xidmətini (sahil məntəqəsini) və liman kapitanını məlumatlandırmalı və onları müvafiq dövlət orqanlarına təhvil verməlidir.

9.12. Kater və ya xilasedici qayıqların suya salınması yalnız sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqəsinin, gömrük orqanlarının və Liman Nəzarəti Müfəttişliyinin razılığı ilə həyata keçirilir. Bu tələblər suda batan insanlara kömək göstərən və qəza-xilasetmə işlərini yerinə yetirən gəmilərə şamil edilmir.

9.13. Reyddə dayanarkən, gəmilərdə yük oxları, sallar və traplar yalnız onların istifadəsi zamanı bortdan aşırdılmalıdır.

9.14. Baş mühərrik gəminin təhlükəsiz dayanacağını təmin etmək məqsədi ilə hazır vəziyyətdə saxlanılmalıdır.

9.15. Katerlərin, qayıqların və salların suya buraxılması yalnız liman kapitanının və Sahil Mühafizəsinin icazəsi ilə həyata keçirilir. Bu tələblər dənizdə batan insanlara köməklik edildiyi və qəza xilasedici işlərin həyata keçirildiyi hallara aid edilmir.

 

10. Körpülərin gəmilərin yanalma prosesinə hazırlanması

 

10.1. Körpü sahibi gəminin körpüyə girişi və çıxışı, təhlükəsiz yan alması, körpüdə dayanması, yük əməliyyatlarının və digər işlərin aparılması üçün hazırlıq işləri görməlidir.

10.2. Körpüyə yaxınlaşan gəminin yan alması üçün körpü xəttinin sərbəst uzunluğu kifayət qədər təmin olunmalıdır. Gəmilərin ölçüsündən və dayanacaq şəraitindən asılı olaraq gəmilərarası məsafə 10 metrdən az olmamalıdır.

10.3. Körpü xəttinin 3 metrlik hissəsi yüklərdən və yanalma əməliyyatına maneə törədə bilən digər əşyalardan təmizlənməlidir.

10.4. Körpü kranları körpü xəttindən liman rəhbərliyi tərəfindən təsdiq olunmuş sxemə uyğun kənarlaşdırılır.

10.5. Yanalma zonasında bütün işlər və nəqliyyatın hərəkəti dayandırılır.

10.6. Günün qaranlıq vaxtı körpü tam işıqlandırılmalıdır.

10.7. Gəminin yanalma yeri körpü sahibinin nümayəndəsi tərəfindən gündüz vaxtı qırmızı bayraq, gecə vaxtı isə qırmızı fənərlə göstərilir.

10.8. Yanalma əməliyyatına başlamazdan əvvəl gəmi kapitanı körpünün vəziyyəti, ölçüləri və mövcud dərinliklər haqqında liman dispetçerindən və ya bələdçidən müvafiq məlumatlar almalıdır.

10.9. Sərnişin körpülərində yük əməliyyatının aparılmasına yalnız müstəsna hallarda icazə verilə bilər.

10.10. İki gəminin laq üsulu ilə körpüyə qoyulması yalnız həmin gəmilərin kapitanlarının birgə razılığı və Liman Nəzarəti Müfəttişliyinin icazəsi ilə həyata keçirilir.

 

11. Gəmilərin körpüyə yan alması

 

11.1. Körpülər gəmilərin təhlükəsiz yan almasına dair tələblər çərçivəsində hazır olmadığı halda, gəmilərin həmin körpülərə yan alması qadağandır.

11.2. Gəminin körpüyə yan alması yalnız liman dispetçerinin və ya körpü sahibinin icazəsi ilə həyata keçirilir. Bu icazə əvvəlcədən Liman Nəzarəti Müfəttişliyi ilə razılaşdırılır. Eyni zamanda, bu icazə Liman Nəzarəti Müfəttişliyi, Dövlət Sərhəd Xidməti, gömrük orqanları, əgər gəmidə təhlükəli yüklər varsa, limanın yanğından mühafizə xidməti və gəmidə xüsusi təhlükəli yoluxucu xəstəliklərin aşkar əlamətləri ilə xəstələrin olduğu halda isə sanitariya-karantin xidməti ilə razılaşdırılır.

11.3. Gəmiləri yanalma üçün təyin edilməmiş hər hansı qurğunun hissəsinə bağlamaq qadağandır.

11.4. Yanalma əməliyyatında kənar şəxslərin olması qadağandır.

11.5. İki və daha artıq gəminin eyni zamanda qonşu körpülərə yan alması və ya körpüdən aralanması qadağandır.

11.6. Gəminin körpüyə yan alması üçün körpü sahibi yanalma əməliyyatının rəhbəri ilə birgə gəminin tam tutumundan asılı olaraq, yanalma əməliyyatı işçilərinin sayını aşağıdakı kimi müəyyən edir:

Gəminin tutumu, req.ton

Yanalma əməliyyatı işçilərinin sayı

300

1

300-1500

2

1500-2500

3

2500-5000

4

5000-dən artıq

6

10000-dən artıq

8

11.7. Gəmi körpüdə dayanan digər gəminin bortuna yan alarkən, körpüdə dayanan gəminin heyəti gəminin bortunu kraneslərin köməyi ilə qoruyur və gəmiyə verilən yanalma kəndirlərini qəbul edir. Sahil yanalma kəndirlərinin qəbulunu körpünün rəhbəri təmin edir.

11.8. Kiçikölçülü gəmilər körpüyə yalnız Liman Nəzarəti Müfəttişliyinin və limanın növbətçi dispetçerinin icazəsi ilə yan ala bilərlər.

11.9. Zəruri hallarda neftdaşıyan gəmilərin quru yük körpülərinə yan alması Liman Nəzarəti Müfəttişliyinin və liman dispetçerinin icazəsi ilə həyata keçirilə bilər.

11.10. Xarici gəmilərin körpüyə yan alması və onların yerlərinin dəyişdirilməsi əvvəlcədən gömrük orqanları və Sahil Mühafizəsi ilə razılaşdırılmalıdır.

11.11. Gəmilərin yanalma əməliyyatı küləyin sürəti şimal istiqamətində 20 m/san-dən, cənub istiqamətində 17 m/san-dən az olduqda və yalnız yedək gəmilərinin köməyi ilə həyata keçirilir. Ayrı-ayrı hallarda istehsalat zərurəti yarandıqda, gəmi sahibinin xahişi və yuxarıda göstərilən məhdudiyyətlər Liman Nəzarəti Müfəttişliyinin razılığı ilə nəzərə alına bilər. Bu halda yanalma əməliyyatı prosesində baş verən hər hansı bir neqativ nəticələrə gəminin sahibi cavabdehdir.

11.12. İki gəminin paralel bort-borta olduğu halda onların körpüyə yan alması qadağandır.

 

12. Gəmilərin körpüdə dayanması

 

12.1. Gəmilərin körpüdə dayanması liman dispetçeri, Liman Nəzarəti Müfəttişliyi, sərhəd xidməti məntəqəsi və limanın təhlükəsizliyi xidməti ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

12.2. Əgər gəmilərdən birində 1-ci və ya 2-ci sinif təhlükəli yük olarsa (bunker əməliyyatından başqa), onların laq üsulu ilə dayanması qadağandır.

12.3. Körpüdə dayanmış gəminin kapitanı dənizin üst səthinin, dibinin və körpünün çirklənməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməli və həmçinin qarlı günlərdə trap ətrafının təmizlənməsini təmin etməlidir.

12.4. Yanalma əməliyyatı sona çatdıqdan sonra gəminin dənizə atılmamış lövbərləri yerinə yığılmalı və lövbər zəncirləri isə stoporlarla bağlanılmalıdır.

12.5. Gəmidən körpüyə verilmiş traplar leyer və tutacaqlarla təchiz olunmalıdır. Trapın yanında 30 metr uzunluğu olan iplə bağlı xilasetmə dairəsi olmalıdır.

12.6. Trapın alt hissəsində insanların düşməsinin qarşısını alan qoruyucu tor olmalıdır. Günün qaranlıq vaxtı trap və onun ətrafı yetərli dərəcədə işıqlandırılmalıdır.

12.7. Gəmi təmiri tərsanəsinin müdiriyyəti təmir olunan gəmilərin və üzən vasitələrin təhlükəsiz dayanacağının təşkilinə və həmçinin tərsanənin akvatoriyasında ətraf mühitin qorunmasına və nəzarətinə cavabdehlik daşıyır.

12.8. Günün qaranlıq vaxtı körpüdə dayanmış gəmidə müvafiq səviyyədə xarici işıqlanma təşkil olunmalı, gəminin burun və arxa hissəsində isə gəminin qurtaracaqlarını işarə edən işıqlar qoyulmalıdır.

12.9. Gəminin ölçüsündən və mənsubiyyətindən asılı olmayaraq trapın yanında növbətçi olmalıdır. Növbə xidmətçisi Liman Nəzarəti Müfəttişliyinin, liman dispetçerinin, limanın mühafizə xidmətinin, limanın yanğından mühafizə və tibbi xidmətinin rabitə əlaqəsi kanalını və telefon nömrələrini bilməlidir.

12.10. Gəmidən sahilə və əksinə keçməyə yalnız trap vasitəsilə icazə verilir. Gəmi traplarının texniki vəziyyətinə və təhlükəsiz istifadəsinə gəmi müdiriyyəti cavabdehlik daşıyır. Gəmiyə sahildən verilmiş trapın texniki vəziyyətinə isə liman müdiriyyəti cavabdehdir.

12.11. Tanker və ya maye yanacağı olan bunker gəmiləri gecə vaxtı ştat işıqlarından əlavə, yaxşı görünən yerdə ən azı 2 mil məsafədən görünən bir qırmızı işıq yandırmalı, gündüz isə Beynəlxalq Bayraqlar Toplusuna (BBT) əsasən «Bravo» bayrağını qaldırmalıdırlar.

12.12. Körpüdə dayanmış gəmidə Liman Nəzarəti Müfəttişliyinin icazəsi olmadan yük kranlarını, oxları, trapları, qayıq və digər vasitələri sallanmış vəziyyətdə saxlamaq qadağandır.

12.13. Körpüdə dayanan gəmiyə qayıqlarını bortun yanında saxlamaq, həmçinin bortdan kənara çıxarmaq və suyadək aşağı endirmək qadağandır.

12.14. Baş mühərriklərin, sükanın, lövbər və yanalma qurğularının sıradan çıxması halları ilə bağlı işlər zamanı qayıq və ya digər üzən vasitələrdən istifadə etməyə liman kapitanından yazılı razılıq alındıqdan sonra icazə verilə bilər.

12.15. Limanda dayanmış gəmidə qəza və yanğın əleyhinə vasitələr saz və istifadəyə hazır vəziyyətdə saxlanılmalıdır.

12.16. Kiçikhəcmli gəmilərin mühafizəsi gəmi sahibi tərəfindən təmin olunaraq həyata keçirilir.

12.17. Yük əməliyyatları zamanı gəminin yana meyli 5 dərəcədən artıq olmamalıdır. Küləyin sürəti 17 m/san və daha artıq olduqda, limanda yük əməliyyatlarının aparılması və gəmilərin körpüdə yerinin dəyişdirilməsi qadağandır.

12.18. Limandan çıxan iritonnajlı gəmilər öz mühərrikləri ilə körpülərin yaxınlığında manevr etməməli və bunun üçün yedək gəmilərindən istifadə etməlidirlər.

12.19. Gəmi bilavasitə körpüdə dayanarkən, mühərriklərin qızdırılması üçün dirsəkli vintlər ən kiçik dövrlərdə işlədilməlidir.

 

13. Dayanacaq yerinin dəyişdirilməsi

 

13.1. Liman dispetçerinin, Liman Nəzarəti Müfəttişliyinin, gömrük orqanının və Sahil Mühafizəsinin razılığı olmadan gəminin limanda dayanacaq yerinin dəyişdirilməsi qadağandır.

13.2. Gəmi kapitanı nəzərdə tutulan dayanacaq yerinin dəyişdirilməsi haqqında limanın növbətçi dispetçeri tərəfindən 2 saatdan gec olmamaq şərti ilə xəbərdar edilməlidir.

13.3. Əgər körpüdə yerdəyişmə saat 17.00-dan növbəti gün saat 08.00-dək planlaşdırılarsa, liman rəhbərliyi gəmi kapitanına bu barədə saat 15.00-dək məlumat verməlidir.

13.4. Əgər dayanacaq yerini dəyişən gəmi körpüdə dayanan digər gəminin bortuna laq üsulu ilə yan alarsa, sonuncuya bu halda yerdəyişməyə başlamazdan 1 saat əvvəl xəbərdarlıq edilir.

13.5. Gəminin bir körpüdən digərinə yanalma əməliyyatını həyata keçirmək üçün kapitan əməliyyatın başlanmasına 15 dəqiqə qalmış UQD radiostansiyası ilə təyin olunmuş kanalda GHİX-dən icazə almalıdır.

13.6. Gəminin bir körpüdən digərinə yerləşdirilməsinə və ya reydə çıxarılmasına yalnız kapitan və ya onun baş köməkçisi gəmidə olduğu hallarda icazə verilə bilər.

13.7. Körpünün uzunluğu boyunca yerdəyişmə 50 metr məsafədən çox olmadığı halda, əməliyyat yanalma kəndirlərinin çəkilib dartılma vasitəsilə həyata keçirilə bilər. Yerdəyişmə 50 metr məsafədən çox olduğu halda, əməliyyat yalnız yedəkçi gəmilərin köməyi ilə aparılmalıdır.

13.8. Gəmi limanın tələblərini yerinə yetirməyərək körpünü tərk etdiyi hallarda gəmi kapitanı (gəmi sahibi) bu səbəbdən yaranan nəticələrə görə cavabdehlik daşıyır.

13.9. Xarici gəmilərin limanda hər hansı bir yerdəyişməsi üçün bələdçi xidmətinin olması məcburidir.

13.10. Kəndirlər vasitəsilə gəminin körpü boyu yerdəyişməsi Liman Nəzarəti Müfəttişliyinin icazəsi ilə bələdçisiz həyata keçirilə bilər.

 

14. Hava şəraitinin kəskinləşdiyi hallarda görülən tədbirlər

 

14.1. Hava şəraitinin dəyişməsi haqqında məlumat alan Liman Nəzarəti Müfəttişliyi bu barədə liman akvatoriyasında olan gəmilərin sahiblərini, dispetçer xidmətini, liman akvatoriyasında və körpülərdə olan bütün gəmi kapitanlarını və agentlikləri dərhal xəbərdar etməlidir.

14.2. Hava şəraitinin pisləşməsi aydın müşahidə olunduqda və fırtına xəbərdarlığı haqqında məlumat alındıqda, kapitanlar gəmilərin təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq tədbirlər görməlidirlər.

14.3. Fırtına xəbərdarlığını alan liman kapitanı limanın dispetçer xidmətinə fırtına zamanı limanı tərk edəcək gəmilərin siyahısını təqdim etməlidir. Kapitanlar və Liman Nəzarəti Müfəttişliyi gəmi və üzən vasitələrin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün onları yüksək hazırlıq səviyyəsinə gətirməlidirlər.

14.4. Limanın ərazisində küləkdən və dalğalanmadan qorunmaq üçün şərait olmadığı halda, gəmilər dənizə çıxmaq məqsədi ilə yüksək hazırlıq səviyyəsinə gətirilməlidirlər.

14.5. Fırtına xəbərdarlığı və yaxud küləyin sürətinin 17 m/san-dən artıq güclənməsi haqqında proqnoz alınarkən, gəmidə kapitan və yaxud kapitanın baş köməkçisi olmalıdır.

14.6. Texniki cəhətdən saz olan hər bir gəmi fırtına zamanı liman kapitanının tələbinə əsasən limanı tərk etməlidir.

14.7. Fırtınalı hava şəraitində limanda dayanan gəminin kapitanı Liman Nəzarəti Müfəttişliyinin təhlükəsizliyin təmin olunmasına yönəldilmiş bütün tələblərini dərhal yerinə yetirməlidir.

14.8. Hər bir halda kapitan və heyət üzvləri, liman rəhbərliyi və gəmi sahibləri limanda gəmilərin təhlükəsiz dayanmasının təmin olunmasına dair göstərişlərinə əsaslanmalıdırlar.

14.9. Kiçikhəcmli gəmilərin və özühərəkətetməyən üzən vasitələrin kapitanları təhlükəli vəziyyət haqqında xəbərdarlıq aldıqda, dərhal təhlükəsiz dayanacaq təmin etmək üçün tədbirlər görməlidirlər.

14.10. Hava kəskin surətdə dəyişərkən və yaxud fırtına gözlənilərkən limanın yedək gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilir.

 

15. Kiçikhəcmli gəmilərin və üzən vasitələrin limanda dayanması və hərəkəti

 

15.1. Qeydiyyata alınmış kiçikhəcmli və idman gəmilərinin sahiblərinə müəyyən olunmuş qaydada gəmi biletləri verilir və tanınma (identifikasiya) nömrəsi təqdim olunur.

15.2. Kiçikhəcmli və idman gəmilərinin sahibləri mülkiyyətində olan gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi və üzmə müddətinin uzadılması üçün onları hər il texniki baxışa təqdim etməlidirlər.

15.3. Kiçikhəcmli və idman gəmilərinin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli qayıqların (idman gəmilərinin) idarə olunması hüququnu verən müvafiq şəhadətnaməyə malik olmalıdırlar.

15.4. Kiçikhəcmli və idman gəmilərinin sahibləri və bu gəmilərin sürücüləri onları idarə etmək hüququnu əldə etmək məqsədi ilə «Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiya»nın tələblərinə uyğun olaraq suda xilasetmə üzrə müvafiq şəhadətnamələrə malik olmalıdırlar.

15.5. Kiçikhəcmli və idman gəmiləri bortunda aydın görünüşlü yazılara malik olmalıdırlar:

- burun hissədə – gəminin adı;

- arxa hissədə – qeydiyyat limanı və nömrəsi.

15.6. Kiçikhəcmli və idman gəmiləri limanların akvatoriyasında üzərkən UQD radiostansiyası vasitəsilə GHİX-i ilə rabitə əlaqəsinə malik olmalıdırlar.

15.7. UQD radiostansiyasına malik olmayan gəmilərin üzməsi qadağandır.

15.8. Küləyin sürəti 7m/san-dən artıq olduqda, avarlı qayıqların üzməsi qadağan edilir.

15.9. Yaxta və mühərrikli qayıqlar küləkli və dalğalı havada yalnız onların təsnifat şəhadətnaməsində göstərilmiş məhdudiyyətlərə uyğun olaraq hərəkət edə bilərlər.

15.10. Kiçikhəcmli və idman gəmilərinə aşağıdakılar qadağandır:

- liman akvatoriyalarının daxilində onlar üçün ayrılmış üzmə rayonunun hüdudlarından kənarlaşmaq;

- nəqliyyat və digər gəmilərin kurslarını kəsmək və onların hərəkətinə maneə törətmək;

- limanın körpülərində və lövbərdə dayanmış gəmilərə, naviqasiya avadanlıqları vasitələrinin işarələrinə, gəmi təmiri tərsanələrinin körpülərinə və dənizkənarı parkın sahil sütunlarına yan almaq;

- göyərtəsinə müəyyən olunmuş saydan artıq insan götürmək;

- gəmi şəhadətnaməsində göstərilmiş qaydalara uyğun olan icazəyə malik olmadan sərnişin və yükləri daşımaq;

- kiçikhəcmli və idman gəmilərinin bortundan çimmək üçün istifadə etmək;

- sahilə yaxınlaşaraq, yük və ya sərnişin götürmək.

15.11. Kiçikhəcmli gəmilər, idman gəmiləri və üzən qurğular limanda yalnız onlar üçün ayrılmış yerlərdə dayanmalıdırlar.

15.12. Könüllü idman cəmiyyətlərinin, yaxt-klubların və digər təşkilatların rəhbərləri, həmçinin kiçikhəcmli və idman gəmilərinə sahib olan hüquqi şəxslər tərəfindən gəmilərin dayanacaq yerlərində müşahidə məntəqələri təşkil edilməlidir.

15.13. Kiçikhəcmli və idman gəmilərinin limanlardan çıxmasını rəsmiləşdirmək üçün hüquqi və fiziki şəxslər Liman Nəzarəti Müfəttişliyinə və Sahil Mühafizəsinə müraciət etməlidirlər.

15.14. Limandan gəminin çıxışını rəsmiləşdirmək üçün ərizədə aşağıdakılar göstərilməlidir:

- gəminin adı;

- gəminin xüsusiyyətləri (spesifikasiyası);

- gəmi sürücülərinin adı və onların ixtisas rütbələri (sertifikatları);

- bortda olan sərnişinlərin sayı;

- çıxışın məqsədi.

15.15. Su idman tədbirl ərində (yarışlar, spartakiadalar, dərs təlimləri və s.) iştirak edən idman gəmilərinin hərəkəti zərurət yarandıqda, Hərbi Dəniz Qüvvələrinin Liman Xidməti Postunun və ya Sahil Mühafizəsinin dənizdə xidmət aparan növbətçi gəmilərinin tələblərinə əsasən dərhal dayandırılmalıdır.

15.16. Kiçikhəcmli gəmilərin dayanacaq yerini təyin edərkən, külək və dalğalanma şəraitində gəmilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yerli qaydalar və həmçinin böyüktonnajlı gəmilərin hərəkət yollarından və dayanacaq məntəqələrindən kifayət qədər uzaqlığı nəzərə alınmalıdır.

15.17. Kiçikhəcmli gəmilərin sahibləri və kapitanları onların təyin olunmuş dayanacaq yerlərində təhlükəsiz dayanmasını təmin etməlidirlər.

15.18. Heyəti olmayan, özühərəkətetməyən, yedəklə üzən qurğuları lövbərdə saxlamaq qadağandır.

15.19. Kiçikhəcmli gəmilər yük körpülərinə yalnız liman dispetçerinin, gömrük orqanlarının və sərhəd xidmətinin icazəsi ilə yan ala bilərlər.

15.20. Kiçikhəcmli gəmilərin neft körpülərində və tankerlər üçün nəzərdə tutulmuş dayanacaqlarda dayanması qadağandır.

15.21. Limanda dayanarkən gəmi sahibləri öz gəmilərinin mühafizəsini təmin etmək məqsədi ilə gün ərzində növbə xidməti təşkil edərək, onların dayanacağına nəzarət etməlidirlər.

15.22. Kiçikhəcmli gəmilərin kapitanları liman dispetçerinin tələblərinə əsasən öz gəmilərini körpü boyu tarımlayır və ya yerini dəyişir.

 

16. Dənizin çirklənməsinin qarşısının alınması

 

16.1. Azərbaycan Respublikasının yurisdiksiyası şamil olunan sularda, liman akvatoriyalarında və ərazi sularında üzən bütün gəmilər, eləcə də liman ərazisində və sahilboyu ərazilərdə fəaliyyət göstərən təşkilatlar və hüquqi şəxslər «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət etməlidirlər.

16.2. Limanlarda üzən gəmilər və gəmiçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən dənizin çirklənməsinin qarşısının alınmasına dair görüləcək tədbirlərin xüsusiyyətləri, gəmilərdən və müəssisələrdən istismar zamanı əmələ gələn neft tərkibli maddələrin, zibillərin, çirkab sularının və digər zərərli tullantıların qəbulu qaydaları liman rəhbərliyi tərəfindən müəyyən edilir.

16.3. Dənizin canlı orqanizmləri və ya insan sağlamlığı üçün aşağıda adları sadalanan zərərli maddələrin gəmidən dənizə atılması qadağandır:

- neft və hər növ neft məhsulları, həmçinin müxtəlif gəmi qurğularında istifadə olunan qarışıqlar;

- kimyəvi xam maddələr və kimyəvi istehsal məhsulları;

- tualetlərdən, ambulatoriya və lazaretlərdən, heyvanlar saxlanılan yerlərdən axan təmizlənməmiş çirkab suları;

- dəniz suyunun xüsusiyyətlərini, rəngini, iyini dəyişən digər çirkab axıntıları;

- zibil və qida (ərzaq) qalıqları.

16.4. Atmosferin və ətraf mühitin zəhərli qazlarla çirkləndirilməsinin meyarları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının və «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın normativ tələbləri ilə tənzimlənir.

16.5. Liman akvatoriyalarında və ərazi sularında çirklənmənin qarşısını almaq məqsədi ilə aşağıdakıları etmək məcburidir:

- təsadüfi və ya nəzərdə tutulmuş tullantıların atıla biləcəyi klapanları bağlı saxlamaq və plomblamaq;

- göyərtədə şpiqatları bağlı saxlamaq, şlanq və hava borularının birləşən yerlərinin altında altlıqlar (poddonlar) qoymaq;

- ballast sularını yalnız Liman Nəzarəti Müfəttişliyinin icazəsi ilə boşaltmaq və ya qəbul qurğularına təhvil vermək;

- gəmilərin rənglənməsini, göyərtə və anbarların yuyulması və təmir işlərini Liman Nəzarəti Müfəttişliyinin icazəsi ilə həyata keçirmək.

16.6. Gəmilər liman akvatoriyasında istər öz gəmilərindən, istərsə də digər mənbələrdən zərərli maddələrin dənizə atılması halları barədə Liman Nəzarəti Müfəttişliyinə dərhal məlumat verməlidirlər.

16.7. Ətraf mühitin mühafizəsinə dair gəmi sənədləri müvafiq səlahiyyətli təşkilatların nümayəndələrinin tələbinə əsasən dərhal təqdim olunmalıdır.

16.8. Gəmidə yığılmış hər növ çirkabın, döşəməaltı və ballast sularının, habelə zibillərin qəbulunu liman təmin etməlidir.

16.9. Gəmidən verilmiş sifariş əsasında limana verilən sərt separasiya, neft məhsullarının qalıqları, yağlanmış əskilər, sənaye zibilləri, texniki, qida tullantıları, işlənmiş qablar və digər tullantılar xüsusi taralarda daşınmalıdır.

16.10. Mühərriklərin soyuducu su sisteminin çəkilmə dəlikləri gəmi limana daxil olanadək, xüsusi örtüklə bağlanmalıdır.

16.11. Yük əməliyyatı, gəminin yanacaq qəbul etməsi, çirkab və ballast sularının boşaldılması zamanı gəmi heyətinin səhvi və ya istifadə olunan gəmi avadanlığının texniki nasazlığı nəticəsində körpü və ya dəniz akvatoriyasının çirklənməsinə gəmi və gəmi sahibi cavabdehlik daşıyır.

16.12. Bortunda zibil, çirkab və döşəməaltı sular, qida və digər sərt qalıqlı tullantılar olan gəminin limanı tərk etməsi qadağandır.

16.13. Liman akvatoriyasında neft ləkələrinin gəmi heyəti tərəfindən nefti dibə çökdürən və ya onu suda həll edən məhlulların istifadəsi ilə aradan qaldırılması qadağandır.

16.14. Neft dağıntısını törədən hər hansı bir gəminin dağıntının aradan qaldırılması işlərində köməklik göstərməsi məcburidir.

 

17. Limanda radio-rabitə vasitələrindən istifadə

 

17.1. Liman akvatoriyasında olan gəmiyə UQD radiostansiyasından və peyk rabitə vasitələrindən başqa, teleqraf və digər telefon radio qurğularından istifadə etmək qadağandır.

Müstəsna hallarda - gəmi təhlükəyə məruz qalarsa və ya digər fəlakətə uğramış gəmilərə yardım etmək istəyirsə, bu zaman istənilən rabitə vasitəsi ilə məlumatın ötürülməsinə icazə verilir.

17.2. Gəmilərin hərəkətini tənzimləmək üçün ayrılmış müəyyən UQD kanallarında gəmilərin hərəkətinin tənzimlənməsinə aid olmayan danışıqların aparılması qadağandır.

17.3. Əgər abunəçi ilə sahil telefon şəbəkəsi vasitəsilə əlaqə saxlamaq mümkün deyilsə, bu halda körpüyə yan almış gəmi peyk və ya UQD radio-rabitə sistemindən istifadə edə bilər.

17.4. UQD radio qurğusuna malik olan gəmi liman sularında üzərkən, məlumatı qəbul etmək üçün onları işlək vəziyyətdə saxlamalı və təyin olunmuş radio-rabitə qaydalarına ciddi riayət etməlidir.

17.5. Liman akvatoriyasında olan gəmilərin radio qurğusunun fəaliyyətinə sahil radio mərkəzləri nəzarət edir.

 

18. Liman akvatoriyasında mövcud mühafizə və hərəkət qaydaları

 

18.1. Azərbaycan Respublikasının ərazisində yerləşən liman və liman məntəqələri GLVM BM-nin tələblərinə uyğun reqlamentlərə və müvafiq şəhadətnaməyə malik olmalıdır və bu limanlara yalnız GLVM BM-nin tələblərinə uyğun gəmi mühafizə planına malik olan xarici gəmilər daxil ola bilər.

18.2. Liman akvatoriyasında üzmə və dayanma zamanı gəmi limanda olan gəmilərin təhlükəsizliyini və hidrotexniki və digər liman qurğularının, o cümlədən naviqasiya avadanlıqlarının qorunub saxlanılmasını təmin edən qaydalara ciddi riayət etməlidir.

18.3. Üzən mayaka, buylara və başqa üzən naviqasiya avadanlıqlarına yaxınlaşmaq və yan almaq qəti qadağandır.

18.4. Naviqasiya avadanlıqlarının zədələnməsini və onların öz yerindən kənarlaşmasını aşkar edən şəxslər bu barədə liman rəhbərliyinə dərhal xəbər verməlidirlər.

18.5. İstənilən üzən vasitələrin təmir və ya digər məqsədlər üçün sahilə və ya körpüyə çıxarılması yalnız liman rəhbərliyinin icazəsi ilə həyata keçirilir.

18.6. Limanda dayanmış gəmilərdə təmizləmə-rəngləmə işləri yalnız Liman Nəzarəti Müfəttişliyinin icazəsi ilə yerinə yetirilir.

18.7. Liman daxilində dayanan gəmilərin və onlarda olan yüklərin qorunması gəmi heyəti üzvlərinin vəzifəsidir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 oktyabr 2012-ci il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1022)

2.       25 iyun 2015-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 875)

3.       8 sentyabr 2015-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1211)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 8 sentyabr 2015-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1211) ilə “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 171 nömrəli qərarı ləğv edilmişdir.

 

[2] 25 iyun 2015-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 875) ilə 1.4-cü bəndin onuncu abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə, “balıq ovlayan” sözləri isə “balıq və digər su bioresurslarının ovunu həyata keçirən” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 oktyabr 2012-ci il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1022) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nın 1.22-ci bəndinin iyirmi ikinci abzasından sonra iyirmi üç-iyirmi altıncı abzaslar əlavə edilmişdir.

 

[4] 25 iyun 2015-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 875) ilə 2.5-ci bənddə “balıq tutulmasına” sözləri “balıq və digər su bioresurslarının ovuna” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 iyun 2015-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2015-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 875) ilə 8.17-ci bəndin ikinci abzasında “balıq ovlamaq” sözləri “balıq və digər su bioresurslarını ovlamaq” sözləri ilə, üçüncü və dördüncü abzaslarında isə “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status