AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.03.2002
QEYDİYYAT NÖMRƏSİ
44
ADI
Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2002, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 147)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.03.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

"Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 5-ci bəndinin 21-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, hər növbəti ilin dövlət büdcəsini tərtib edərkən büdcədən maliyyələşən təşkilatların istehlak etdikləri elektrik və istilik enerjisinin, təbii qazın, suyun dəyərinin ödənilməsi üçün büdcə ayırmalarının məbləğini müvafiq olaraq istehlakın həcmi üzrə nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən etsin.

3. Büdcədən maliyyələşən təşkilatların kommunal xidməti təşkilatlarına, həmin təşkilatların isə dövlət büdcəsinə olan borclarının və digər fəaliyyətlər üzrə borcların qarşılıqlı əvəzləşdirilməsinə yol verilmir.

4. Müəyyən olunsun ki, dövlət büdcə vəsaitlərinin baş sərəncamçılarının müvafiq vəzifəli şəxsləri müəyyən edilmiş qaydada maliyyələşdirilmiş elektrik və istilik enerjisinin, təbii qazın və suyun istehlakı haqqının vaxtında ödənilməsinə və müəyyən edilmiş limitdən artıq (büdcədənkənar vəsaitləri istisna olmaqla) kommunal xidmətlərindən (elektrik və istilik enerjisi, təbii qaz, su) istifadəyə yol verilməsinə görə məsuliyyət daşıyırlar.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq büdcə təşkilat və idarələrinin xidmət xərclərinin mütəmadi maliyyələşdirilməsini həyata keçirsin. Cari ildə görülmüş və ödənilməyən iş və xidmətlərin dəyəri qəbul edilmiş öhdəlik məbləğlərinə uyğun növbəti ildə ödənilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 18 mart 2002-ci il

    № 44

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 18 mart tarixli, 44 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə

 

QAYDALAR

 

1. Bu Qaydalar elektrik və istilik enerjisinin, təbii qazın və suyun istehlak haqqının vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi üzrə elektrik və istilik enerjisinin, təbii qazın, suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və nazirliklər, komitələr, büdcədən maliyyələşən idarə və təşkilatlar (bundan sonra – dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları) arasında qarşılıqlı münasibətləri tənzimləyir.

2. Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları qanunvericiliklə müəyyən olunmuş müddətdə növbəti büdcə ili üçün istehlak ediləcək elektrik və istilik enerjisinin, təbii qazın və suyun natural göstəriciləri və dəyəri barədə proqnozu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir və növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanun təsdiq edildikdən sonra bir ay müddətində elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə (bundan sonra - satıcılar) büdcədə nəzərdə tutulmuş limit həddində qüvvədə olan qiymətlərlə elektrik və istilik enerjisinin, təbii qazın və suyun tabeli təşkilatlar tərəfindən istehlakını, il və rüblər üzrə natural göstəricilərini və dəyərini ikitərəfli qaydada protokol tərtib edilməklə rəsmiləşdirirlər.

3. İllik və rüblük (aylıq) xidmət xərcləri üzrə büdcədə nəzərdə tutulmuş limitlər rəsmiləşdirildikdən sonra dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları on gün müddətində onları öz tabe təşkilatlarına və satıcılara çatdırırlar. Satıcılar isə öz növbəsində həmin limitləri müvafiq olaraq öz tabe təşkilatlarına çatdırırlar.

4. Tabeli təşkilatlar xidmət xərcləri üzrə büdcədə nəzərdə tutulmuş limitləri alandan sonra satıcılarla yeni büdcə ili başlayanadək, yəni 31 dekabr tarixinə qədər büdcə vəsaiti hesabına təmin olunan müqavilələr bağlayırlar.

Elektrik və istilik enerjisi, təbii qaz və su verilməsinin natural göstəriciləri büdcədə nəzərdə tutulmuş limitlər əsasında (qüvvədə olan qiymətlərlə) müəyyənləşdirilir.

Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları və onun tabeli təşkilatları ayrılmış limit çərçivəsində elektrik və istilik enerjisi, təbii qaz və su istehlak edirlər və onun dəyərinin ödənilməsinə cavabdehlik daşıyırlar. Büdcədənkənar vəsaitləri olan büdcə təşkilatları limitdən artıq elektrik və istilik enerjisi, təbii qaz və su tələbatına görə əsas müqaviləyə əlavə razılaşma imzalamalıdırlar. Bu zaman onlar limitdən artıq istehlak etdikləri elektrik və istilik enerjisinin, təbii qaz və suyun haqqını öz büdcədənkənar vəsaitləri hesabına ödəyirlər.

5. Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları satıcılara istehlak olunmuş elektrik və istilik enerjisi, təbii qaz və su üçün faktiki olaraq hər ay yaranmış borc həcmində ödənişi növbəti ayın 15-nə qədər həyata keçirirlər.

6. Tabeli təşkilatlar müqavilə bağlandıqdan sonra müvafiq sənədləri üç gün müddətində yerli maliyyə orqanlarına təqdim edirlər. Bu zaman yerli maliyyə orqanları tabeli təşkilatların büdcə öhdəliklərini qeydiyyata aldığı barədə müqavilənin əlavə nüsxəsində qeydlər edirlər.

7. Yerli maliyyə orqanları hər rüb ilin əvvəlindən artan yekuna uyğun xidmət xərcləri barədə məlumat hazırlayır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

8. Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları:

xidmətlər üzrə büdcə xərclərinin maliyyələşdirilməsi həcmlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqdan sonra beş gün müddətində satıcılara elektrik və istilik enerjisi, təbii qaz və suyun istehlakının ödənilməsi üçün nəzərdə tutulmuş öhdəliklər barədə məlumat verirlər;

satıcılar ilə birlikdə hər ay ödəniş qrafiki tərtib edir və həmin qrafiklərin surətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər;

razılaşdırılmış qrafiklər əsasında hər ay elektrik və istilik enerjisi, təbii qaz və suyun istehlakı haqqının ödənilməsi üçün reyestrlər tərtib edir və onları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay elektrik və istilik enerjisi, təbii qaz və suyun istehlakının ödənilməsi üçün dövlət büdcəsi vəsaitinin baş sərəncamçılarına açılmış vəsaitlər barədə satıcılara məlumat verir.

10. Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları hər rübün birinci ayının 20-nə kimi elektrik və istilik enerjisi, təbii qaz və suyun istehlakı haqqının ödənilməsinə yönəldilmiş büdcə vəsaitlərinin məbləği barədə satıcılara məlumat verirlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 aprel 2019-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 758)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 aprel 2019-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 758) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status