240.000.000
İcbari ekoloji sığorta haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ekoloji sığorta - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərə görə mülki məsuliyyətin sığortası;
1.0.2. təhlükəli mənbə - əhali, əmlak və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, zəhərləyici, çirkləndirici və digər zərərli maddələr, habelə radioaktiv və ionlaşdırıcı şüa mənbələri (bundan sonra - zərərli maddələr);
1.0.3. ətraf mühitin qəza nəticəsində çirklənməsi - qəza və (və ya) texnogen fəlakət nəticəsində zərərli maddələrin atmosfer havasına, suya atılmasına, yerin səthində və təkində yayılmasına görə ətraf mühitin müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənməsi;
1.0.4. ətraf mühitə vurulmuş zərər - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənmiş torpaq sahələrinin və su obyektlərinin bərpasına tələb olunan vəsait, habelə atmosfer havasının çirklənməsi, heyvanlar və bitkilər aləminin məhv olunması ilə bağlı zərər;
1.0.5. sığorta riskinin qiymətləndiricisi - sığortalının razılığı ilə sığortaçı tərəfindən təyin olunan, sığorta riskini müstəqil surətdə qiymətləndirən və bu sahədə ixtisaslaşmış hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə mәşğul olan fiziki şəxs.
Maddə 2. Ekoloji sığorta haqqında qanunvericilik
Ekoloji sığorta haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Sığorta fəaliyyəti haqqında, "Ətraf mühitin mühafizəsi haqqında", "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
[2]
Maddə 3. Ekoloji sığorta fəaliyyəti və obyekti
3.1. Ekoloji sığorta fəaliyyəti təhlükəli mənbəyi olan və mülki məsuliyyəti sığortalanan müəssisənin və ya fərdi sahibkarın (bundan sonra - müəssisə) obyektində baş verən qəza və (və ya) texnogen fəlakət (bundan sonra - qəza) nəticəsində əhaliyə, əmlaka və ətraf mühitə vurulan zərərin ödənilməsi üçün təminat sisteminin yaradılmasına yönəldilən, qanuna görə həyata keçirilən sığortaçıların və sığorta bazarının digər iştirakçılarının fəaliyyətidir.
Ekoloji sığorta fəaliyyəti bu Qanunun 9.5 və 9.6-cı maddələrində göstərilən xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan müəssisələri əhatə edir.
3.2. Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, habelə ətraf mühitə vurduğu zərərə görə təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeləri ekoloji sığorta obyektidir.
3.3. Ekoloji sığorta təhlükəli mənbəyi olan müəssisə ilə sığortaçı arasında qanunvericiliyə uyğun olaraq bağlanan müqavilə əsasında aparılır.
Maddə 4. Sığorta hadisəsi
4.1. Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına və ətraf mühitə zərərin vurulmasına səbəb olan hadisə sığorta hadisəsi sayılır.
4.2. Aşağıdakı halların nəticəsində zərərin vurulması sığorta hadisəsi hesab edilmir:
4.2.1. zərərli maddələrin qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olaraq atılması və ya yayılması;
4.2.2. hərbi əməliyyat, tətil, mülki çaxnaşma, qanuna itaətsizlik, təxribat, təbii fəlakət və bu qəbildən digər qarşısıalınmaz fövqəladə halların nəticələri ilə birbaşa və ya dolayısı ilə bağlı olan ətraf mühitin çirklənməsi;
4.2.3. sığortalının və ya zərərçəkmiş şəxsin ətraf mühitin qəza nəticəsində çirklənməsinə səbəb olan bilərəkdən edilmiş hərəkəti və ya hərəkətsizliyi;
4.2.4. sığortalının texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozması;
4.2.5. sığortalıya məlum olan, lakin barəsində sığortaçıya məlumat verilməmiş sığorta hadisəsinin baş verməsi riskini artıran hal və hərəkətlər;
4.2.6. sığortalının texnoloji və təbiəti mühafizə avadanlığının texniki vəziyyətinə nəzarət etməyə cavabdeh olan vəzifəli şəxslərin təqsirli hərəkətləri və ya hərəkətsizliyi.
Maddə 5. Sığortaçılar, onların hüquqları və vəzifələri
5.1. Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, icbari ekoloji sığorta növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.
[3]
5.2. Sığortaçının hüquqları:
5.2.1. sığortalı ilə birlikdə ekoloji sığorta riskini qiymətləndirmək və ya bu işin görülməsini sığorta riskinin müstəqil qiymətləndiricisinə həvalə etmək;
5.2.2. zərərin ödənilməsi barədə sığortalıya qarşı irəli sürülən iddialar üzrə məhkəmə icraatında iştirak etmək, müqavilədə nəzərdə tutulduğu hallarda sığortalının adından məhkəmədə çıxış etmək;
5.2.3. sığorta hadisəsinə dair sığortalıdan məlumat almaq, onun səbəblərini araşdırmaq üçün sığortalanmış müəssisəyə daxil olmaq və zəruri sənədlərin təqdim edilməsini ondan tələb etmək;
5.2.4. əmlaka və ətraf mühitə vurulan zərərin qiymətləndirilməsində təbiəti mühafizə və digər müvafiq orqanlarla birlikdə iştirak etmək;
5.2.5. sığorta müqaviləsi bağlandıqdan sonra sığorta riskinin artmasına səbəb olan hallar meydana çıxdıqda sığortalıdan müqavilə şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqlarının artırılmasını tələb etmək.
5.3. Sığortaçının vəzifələri:
5.3.1. sığorta hadisəsi baş verdikdə müqavilədə nəzərdə tutulmuş müddətdə sığorta ödənişini vermək və ya ödənişini verməkdən imtinanı yazılı şəkildə əsaslandırmaq;
5.3.2. sığorta hadisəsinin qarşısının alınmasına və ya zərərin azalmasına sığortalının çəkdiyi xərclərin əvəzini sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada və miqdarda ödəmək;
5.3.3. sığorta hadisəsinin baş vermə ehtimalının (sığorta riskinin) azaldılması istiqamətində əhəmiyyətli tədbirlər görüldükdə və ya zərərli maddələrlə əməliyyat həcmi əhəmiyyətli dərəcədə dəyişildikdə sığortalının tələbi ilə sığorta müqaviləsində müvafiq dəyişikliklər etmək və ya onu yenidən bağlamaq.
Maddə 6. Sığortalılar, onların hüquqları və vəzifələri
6.1. Zərərli maddələrin istehsalı, əldə olunması, emalı, istifadə edilməsi, daşınması, basdırılması və ya məhv edilməsi ilə məşğul olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, ətraf mühitə vurduğu zərərə görə mülki məsuliyyəti sığortalanmalıdır. Mülki məsuliyyəti sığortalanmış həmin şəxslər sığortalı hesab olunurlar.
6.2. Sığortalının hüquqları:
6.2.1. sığortaçı ilə müqavilə əsasında ətraf mühitin qəza nəticəsində çirklənməsinin qarşısının alınması tədbirlərinin görülməsi üçün sığortaçının yaratdığı müvafiq ehtiyat fondunun vəsaitindən istifadə etmək;
[4]
6.2.2. sığorta hadisəsinin baş verməsi riskinin azaldılması, istiqamətində tədbirlər görüldükdə sığorta haqlarının yenidən hesablanmasını sığortaçıdan tələb etmək;
6.2.3. sığorta qaydaları ilə tanış olmaq;
6.3. Sığortalının vəzifələri:
6.3.1. sığorta müqaviləsinə uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək;
6.3.2. sığorta riskinin, habelə sığorta hadisəsinin səbəblərinin və nəticələrinin müəyyənləşdirilməsi, zərərin həcminin qiymətləndirilməsi üçün zəruri olan məlumatı sığortaçıya təqdim etmək, habelə sığortaçının nümayəndələrinin müəssisəyə daxil olmasını, avadanlığın vəziyyəti ilə tanış olmasını, qəza yerinə baxmasını təmin etmək;
6.3.3. ətraf mühitin qəza nəticəsində çirklənməsi və ya onun üçün təhlükə yaradan amillər barəsində sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığortaçıya məlumat vermək;
6.3.4. ətraf mühitin qəza nəticəsində çirklənməsinin mənfi təsirinin minimuma endirilməsi üçün tədbirlər görmək;
6.3.5. ətraf mühit üçün ekoloji təhlükə yaradan hər hansı fəaliyyəti və obyektləri barədə sığortaçıya məlumat vermək.
Maddə 7. Ekoloji sığorta müqaviləsi
7.1. Sığortalı ilə sığortaçı arasında bağlanan ekoloji sığorta müqaviləsinə görə, sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) üzrə sığortalıya sığorta ödənişi vermək, sığortalı isə müəyyən olunan müddətlərdə sığorta haqqını ödəmək öhdəliklərini götürürlər. Müqavilə ən azı bir il müddətinə bağlanır.
7.2. Müqavilədə sığorta ödənişinin və haqlarının ödənilməsi qaydası və müddəti, tərəflərin qarşılıqlı hüquq və vəzifələri, habelə qanunvericilikdən irəli gələn və hər iki tərəfin razılaşdığı digər şərtlər müəyyən edilir.
7.3. Ekoloji sığorta müqaviləsi bağlanan zaman sığortalının ekoloji auditi aparıla bilər. Müqavilədə başqa hal nəzərdə tutulmamışsa, ekoloji audit sığortalının hesabına aparılır. Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə və onun hesabına da ekoloji audit aparıla bilər.
Maddə 8. Ekoloji sığorta müqaviləsinin olmasına nəzarət
Təhlükəli mənbəyi olan müəssisə fəaliyyət göstərdikdə, istifadəyə verildikdə, yenidən qurulduqda, habelə təbiətdən istifadə üçün icazə aldıqda, belə müəssisədə ekoloji sığorta müqaviləsinin olmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 9. Sığorta məbləği
[5]
9.1. Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərin ödənilməsi üzrə sığortaçının öhdəliyinin son həddi olan sığorta məbləği ekoloji sığorta riskinin qiymətləndirilməsi əsasında sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
9.2. öhdəliyin son həddi (sığorta məbləği) sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulmuş zərərin bir faktından irəli gələn bir və ya bir neçə iddialar üzrə sığorta ödənişlərinin verilməsi üçün müəyyən edilir.
9.3. Sığorta riskinin müəyyənləşdirilməsi və sığorta məbləğinin hesablanması aşağıdakı meyarlara əsasən həyata keçirilir:
9.3.1. zərərli maddələrin təhlükə dərəcəsi;
9.3.2. zərərli maddələrin istehsalı, emalı, daşınması, basdırılması, məhv edilməsi və üzərində keçirilən digər əməliyyatların aparılması həcmi;
9.3.3. istismar olunan avadanlığın texniki vəziyyəti;
9.3.4. insanların həyatına və sağlamlığına, əmlaka, yerin təkinə, heyvanlar və bitkilər aləminə, torpağa, su obyektlərinə, atmosfer havasına ekoloji təhlükə törətməsi baxımından təhlükəli mənbəyi olan müəssisənin coğrafi mövqeyi və yerləşdiyi ərazinin təbii (hidrometeoroloji) şəraiti.
9.4. Normativ metodik sənədlərlə əlavə meyarlar da müəyyən edilə bilər.
9.5. İcbari ekoloji sığorta üçün sığorta məbləği hər bir kateqoriya üzrə on bir min manatdan az və bir milyon yüz min manatdan çox olmamaq şərti ilə aşağıdakı qaydada müəyyənləşdirilir:
[6]
9.5.1. birinci kateqoriya: radioaktiv maddələrin emalı, istifadəsi, saxlanması və basdırılması ilə məşğul olan müəssisələr - əməliyyat Həcminin dəyərindən 0,9 faizi;
9.5.2. ikinci kateqoriya: neft və qazçıxarma, qazma müəssisələri - neft hasilatı və qazma işləri dəyərindən 0,7 faizi;
9.5.3. üçüncü kateqoriya: neftayırma, neft emalı məhsullarının istehsalı və qaz emalı müəssisələri (benzin, ağ neft, yanacaq mazut, dizel yanacağı, neft-bitum və sairə) - istehsal dəyərindən 0,6 faizi;
9.5.4. dördüncü kateqoriya: kimyəvi maddələrin və məhsulların istehsalı müəssisələri (propilen, etilen, polietilen, izopropil spirti, lak-boya məmulatları, kaustik soda, xlorid turşusu, propilen oksidi, dixloretan, benzol, divinil, qatran, pirokondensat və sairə) - istehsal dəyərindən 0,5 faizi;
9.5.5. beşinci kateqoriya: istilik elektrik stansiyaları - elektrik enerjisinin istehsalı dəyərindən 0,1 faizi;
9.5.6. altıncı kateqoriya: magistral neft və qaz boru kəmərləri - üç yüz otuz min manat;
[7]
9.5.7. yeddinci kateqoriya: neft və maye şəklində neft və qaz emalı və kimya məhsulları, radioaktiv və digər zərərli maddələrin daşınması;
dəmir yolu və gəmi (su nəqliyyatı) ilə daşınan hər 1000 ton - yüz altmış beş manat;
[8]
hər bir avtomobili - beş yüz əlli manat;
[9]
9.5.8. səkkizinci kateqoriya: avtomobillər üçün yanacaq doldurma stansiyaları (benzin, dizel yanacağı, qaz) - şərti maliyyə vahidinin:
[10]
Bakıda - iyirmi iki min manat;
[11]
Sumqayıtda - on altı min beş yüz manat;
[12]
digər rayon və şəhərlərdə - on bir min manat.
[13]
9.6. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa 1-ci əlavənin 1-ci bəndində göstərilən və bu Qanunun 9.5-ci maddəsində əhatə olunmamış zərərli maddələrdən istifadə edən müəssisələr üçün (istehsal, emal, daşınma, saxlama, məhv etmə və sairə) icbari ekoloji sığorta məbləği iyirmi iki min manat məbləğində müəyyən olunur. Bu məbləğə müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 9.3 və 9.4-cü maddələrinə uyğun olaraq təsdiq etdiyi əmsallar tətbiq edilir.
[14]
9.7. Sığortalı öz məsuliyyətini könüllü olaraq bu Qanunun 9.5 və 9.6-cı maddələrində müəyyən edilmiş sığorta məbləğindən artıq sığorta etdirə bilər.
Maddə 10. Sığorta haqqı və tarifi
10.1. Sığorta haqqı öhdəliyin son həddi olan sığorta məbləğindən asılı olaraq sığorta tarifi üzrə hesablanır və sığorta müqaviləsi ilə müəyyən edilir.
10.2. İcbari ekoloji sığorta üçün sığorta tarifinin minimum faiz dərəcəsi bu Qanunun 9.5 və 9.6-cı maddələrində müəyyən edilmiş minimum sığorta məbləğinin 2 faizini təşkil edir.
[15]
Maddə 11. Sığorta ödənişi
11.1. Sığorta hadisəsi baş verdikdə sığortaçı fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) üzrə vurulmuş zərərin ödənilməsi üçün sığortalıya və ya zərərçəkənlərə sığorta ödənişi verir.
11.2. Sığorta ödənişi zərərin faktiki miqdarında verilir və sığorta ödənişlərinin ümumi miqdarı sığortaçının öhdəliyinin son həddindən (sığorta məbləğindən) artıq ola bilməz.
11.3. Sığorta ödənişini vermək üçün sığortalı aşağıdakı sənədləri təqdim etməlidir:
11.3.1. sığorta hadisəsinin səbəbləri, zərərin miqyası və nəticəsi barədə səlahiyyətli komissiyanın aktı;
11.3.2. sığorta hadisəsi ilə bağlı müəssisədaxili sənədlər;
11.3.3. hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən iddialar (tələblər);
11.3.4. iddialar üzrə mübahisə olduqda, ödənilməli olan zərərin miqdarı göstərilməklə məhkəmənin qərarı.
11.4. Ətraf mühitin qəza nəticəsində çirklənməsinin qonadotrop nəticələri ilə bağlı zərər və cərimələr sığortaçı tərəfindən ödənilmir.
11.5. Sığortalının eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda hər sığortaçı öz öhdəliyinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə bərabər faiz miqdarında sığorta ödənişi verir.
Maddə 12. Sığorta ödənişini verməkdən imtina
12. Sığortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduqda sığorta ödənişindən imtina etmək hüququna malikdir.
[16]
Maddə 13. Sığorta ehtiyatları
13.1. Ekoloji sığorta müqaviləsinə görə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə sığortaçı daxil olmuş sığorta haqlarının 80 faizi miqdarında qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta ehtiyatları yaratmalıdır.
[17]
13.2. Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:
13.2.1. sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz;
13.2.2. sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz;
13.2.3. ətraf mühitin mühafizəsi tədbirlərinə - 5 faiz.
13.3. Ətraf mühitin mühafizəsi tədbirlərinə ayırmalar və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi sığortalının təbiəti mühafizə tədbirləri planına uyğun olaraq istifadə edilir.
[18]
Maddə 14. İddia müddəti
14.1. Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına vurulan zərərin ödənilməsinə dair tələblərə iddia müddəti şamil edilmir.
14.2. Əmlaka, yerin təkinə, torpağa, su obyektlərinə, atmosfer havasına, heyvanlar və bitkilər aləminə vurulan zərərin ödənilməsi ilə bağlı tələblər üzrə iddia müddəti sığorta hadisəsinin baş verdiyi gündən etibarən 2 ildir.
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə sığortaçılar və sığortalılar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 16. Mübahisələrin həlli
Ekoloji sığorta münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
[19]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 12 mart 2002-ci il
№ 271-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)
2.
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
3.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)
4.
24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788) ilə ləğv edilmişdir.
[2]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.
[3]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960 ) ilə 5.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ekoloji sığortanı həyata keçirməsi üçün xüsusi razılıq almış sığorta təşkilatları sığortaçılar hesab olunur.
[4]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 6.2.1-ci maddə çıxarılmışdır.
[5]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 9.1-ci, 11.2-ci və 11.5-ci maddələrdə "məsuliyyətinin" sözü "öhdəliyinin" sözü ilə, 9.2-ci və 10.1-ci maddələrdə isə "məsuliyyətin" sözü "öhdəliyin" sözü ilə əvəz edilmişdir.
[6]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5-ci maddədə “şərti maliyyə vahidinin 10 000 mislindən az və 1 000 000 mislindən” sözləri “on bir min manatdan az və bir milyon yüz min manatdan” sözləri ilə əvəz edilmişdir.
[7]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.6-cı maddədə “şərti maliyyə vahidinin 300 000 misli” sözləri “üç yüz otuz min manat” sözləri ilə əvəz edilmişdir.
[8]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.7-ci maddənin ikinci abzasında “şərti maliyyə vahidinin 150 misli” sözləri “yüz altmış beş manat” sözləri ilə əvəz edilmişdir.
[9]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.7-ci maddənin üçüncü abzasında “şərti maliyyə vahidinin 500 misli” sözləri “beş yüz əlli manat” sözləri ilə əvəz edilmişdir.
[10]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.8-ci maddənin birinci abzasdan “şərti maliyyə vahidinin” sözləri çıxarılmışdır.
[11]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.8-ci maddənin ikinci abzasda “20 000 misli” sözləri “iyirmi iki min manat” sözləri ilə əvəz edilmişdir.
[12]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.8-ci maddənin üçüncü abzasda “15 000 misli” sözləri “on altı min beş yüz manat” sözləri ilə əvəz edilmişdir.
[13]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.5.8-ci maddənin dördüncü abzasda “10 000 misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir.
[14]
2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 9.6-cı maddənin ikinci cümləsində “şərti maliyyə vahidinin 20 000 mislində” sözləri “iyirmi iki min manat məbləğində” sözləri ilə əvəz edilmişdir.
[15]
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 10.2-ci maddədə "minimum dərəcəsi" sözləri "minimum faiz dərəcəsi" sözləri ilə əvəz edilmişdir.
[16]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
12.0. Sığortaçının aşağıdakı hallarda sığorta ödənişini verməkdən imtina etmək hüququ vardır:
12.0.1. sığortalı sığorta hadisəsinin baş verməsinə səbəb olan və ya başvermə ehtimalını artıran dəyişikliklər (risklər) haqqında müqavilədə müəyyən edilmiş müddətdə sığortaçıya məlumat vermədikdə;
12.0.2. bu Qanuna görə sığorta hadisəsi hesab edilməyən hallarda zərər vurulduqda;
12.0.3. sığortalının sığortalanmış əmlaka dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görməməsi;
12.0.4. qanunvericilikdə və ya sığorta müqaviləsində digər əsaslar olduqda.
[17]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 13.1-ci maddədə "sığorta haqlarından" sözləri "sığorta haqlarının 80 faizi miqdarında" sözləri ilə əvəz edilmişdir və 13.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
13.2. Sığortaçılar ətraf mühitin qəza nəticəsində çirklənməsinin qarşısının alınması və vurula bilən zərərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün sığorta haqlarının 5 faizini və komisyon mükafatları üçün sığorta haqlarının 10 faizini müvafiq sığorta ehtiyatları fondlarına yönəldirlər.
[18]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 13.3-cü maddədə "Tədbirlərin maliyyələşdirilməsi üçün sığorta ehtiyatları fondu sığortalının sığortaçı ilə razılaşdığı və" sözləri "Ətraf mühitin mühafizəsi tədbirlərinə ayırmalar" sözləri ilə əvəz edilmişdir.
[19]
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 16-cı maddədə "mübahisə və fikir ayrılıqları tərəflər arasında ilkin olaraq danışıqlar yolu ilə razılığa gəlinmədikdə, mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə həll edilir" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.