123 - “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.05.2008
QEYDİYYAT NÖMRƏSİ
123
ADI
“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2008, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 446)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.05.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 29 may 2008-ci il

№ 123

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi

 

Q A Y D A S I

 

I. ÜMUMİ MÜDDƏA

 

Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir.

 

II. QULLUQ İLLƏRİNİN HESABLANMASI QAYDASI

 

2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir:

2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət;

2.1.2. ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət;

2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət;

2.1.4. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti;

2.1.5. ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət;

2.1.6. məzuniyyət dövrləri;

2.1.7. ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət;

2.1.8. peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət;

2.1.9. ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət;

2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət. [1]

2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir:

2.2.1. hakim vəzifəsində və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə işlədikləri müddət; [2]

2.2.2. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət;

2.2.3. hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında xidmət keçdikləri müddət; [3]

2.2.3-1. digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət; [4]

2.2.4. ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında, 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət; [5]

2.2.5. hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin tədris kurslarına cəlb olunduqları dövr;

2.2.6. ədliyyə orqanlarında qulluq edərkən, seçkili orqanlara seçilmiş işçilərin həmin orqanlarda işlədikləri müddət;

2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; [6]

2.2.8. xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və dövlət hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçdikləri müddət. [7]

2.3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ədliyyə orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, yaxud Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qərarı əsasında ədliyyə orqanlarına bərpa edilmiş işçilərin ədliyyə orqanlarından xaric olunduqları gündən işə bərpa olunma haqqında əmrin verildiyi günədək olan ədliyyə orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilir.

2.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik ədliyyə orqanları işçilərinin tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri qulluq illərinə daxil edilir.

2.5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır.

 

III. ƏLAVƏ HAQQIN HESABLANMASI VƏ VERİLMƏSİ QAYDASI

 

3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:

- 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz;

- 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz;

- 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz;

- 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz;

- 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;

- 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz;

- 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz;

- 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz.

3.2. Müvəqqəti əvəzetmə üzrə iş zamanı əlavə haqq əsas işin vəzifə maaşına və rütbəsinə uyğun hesablanır.

3.3. Təqvim ayı ərzində əlavə haqqın məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır.

Eyni qayda ay ərzində ədliyyə orqanı işçisinin vəzifə maaşının və xüsusi rütbəyə görə əlavələrin dəyişməsi zamanı da tətbiq edilir.

3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır.

 

IV. QULLUQ İLLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ RƏSMİLƏŞDİRİLMƏSİ QAYDASI

 

4.1. Qulluq illərini müəyyən edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülür. [8]

4.2. Əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir.

4.3. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və müvafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

4.4. Əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir.

4.5. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarından Azərbaycan Respublikasının ədliyyə nazirinə və ya məhkəməyə şikayət verilə bilər.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

2.       30 aprel 2012-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 may 2012-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 400)

3.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

4.       25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda 2.1.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.10-cu yarımbənd əlavə edilmişdir.

 

[2] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndindən “və məhkəmə aparatlarında ali hüquqi təhsil tələb edən inzibati vəzifələrdə” sözləri çıxarılmışdır.

 

[3] 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123) ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nın 2.2.3-cü bəndində "hüquq mühafizə" sözlərindən sonra "və fövqəladə hallar" sözləri əlavə edilmişdir.

 

[4] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na yeni məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.4-cü yarımbəndindən “ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti orqanlarında,” sözləri çıxarılmışdır.

 

[6] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.7-ci yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

 

[7] 25 noyabr 2021-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1290) ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.8-ci yarımbəndində “məhkəmə” sözü “dövlət” sözü ilə əvəz edilmişdir.

 

[8] 30 aprel 2012-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 may 2012-ci il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 400) ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 4.1-ci bəndində “götürülə bilər” sözləri “götürülür” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status