×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.08.2008
QEYDİYYAT NÖMRƏSİ
2983
ADI
Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-08-2008, Nəşr nömrəsi: 173), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2008, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 750)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.08.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
300.000.000
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında

Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında əldə edilən sosial-iqtisadi nailiyyətlər yaşayış məntəqələrinin müasir şəhərsalma və tikinti fəaliyyətinin prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. [2]

Bu çərçivədə kommunal xidmətlərin yaxşılaşdırılması, istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin aradan qaldırılması, şəhər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. [3]

Kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə görülən işlərə və əldə olunan nailiyyətlərə baxmayaraq, məişət tullantılarının və digər təhlükəsiz bərk tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ciddi çatışmazlıqlar hələ də mövcuddur. Məişət tullantılarının və digər təhlükəsiz bərk tullantıların daşınmasında vahid sistemin mövcud olmaması, yığılan tullantıların emal edilmədən və zərərsizləşdirilmədən istifadə imkanları bitmiş tullantı poliqonlarında toplanması, bir çox yerlərdə icazəsiz tullantı sahələrinin əmələ gəlməsi və ətraf mühitin çirklənməsi ciddi narahatlıq doğurur. [4]

Məişət tullantılarının və digər təhlükəsiz bərk tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə qərara alıram: [5]

1. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ‒ Cəmiyyət) yaradılsın. [6]

2. Müəyyən edilsin ki, Cəmiyyət aşağıdakı işləri həyata keçirir: [7]

2.1. Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması;

2.2. Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi;

2.3. Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi.

3. Cəmiyyətin fəaliyyətinin təşkil edilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələri əmlakları ilə birgə Cəmiyyətə verilsin.

4. Bakı şəhərinin ərazisində (Qala qəsəbəsi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və Cəmiyyətə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın. [8]

5. Müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı Şəhər İcra Hakimiyyətinə verilsin.

6. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: [9]

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

6.1.2. Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

6.2.1. icra orqanının üzvlərinin, o cümlədən onun rəhbərinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.2.2. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

6.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

6.2.4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

6.2.5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

6-1. Müəyyən edilsin ki: [10]

6-1.1. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

6-1.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

6-1.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

6-1.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

6-1.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

6-1.2.4. aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

6-1.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

6-1.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

6-1.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

6-1.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

6-1.2.9. bu Sərəncamın 6-cı hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılsın ki: [11]

7.1. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlasın və Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün;

7.2. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin və Müşahidə Şurasının sədrini və üzvlərini təyin etsin;

7.3. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində dövlətə məxsus səhmlərin səmərəli idarə edilməsini təmin etsin;

7.4. hər il “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq etsin;

7.5. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. [12]

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikasında məişət tullantılarının idarə olunmasının beynəlxalq təcrübəyə uyğun qurulması, tullantıların toplanması, daşınması və təkrar istifadə üçün emal sahələrinin bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Bakı Şəhər İcra Hakimiyyəti “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti təşkil edilənədək məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı işlərin fasiləsiz həyata keçirilməsini təmin etsin.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 avqust 2008-ci il

    № 2983

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

2.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

3.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

4.       22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631)

5.       22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022)

6.       2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə Sərəncamın adında “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilmişdir.

 

2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724) ilə adında “Məişət tullantıları ilə sözləri Tullantılarla sözü ilə əvəz edilmişdir.

 

[2] 22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə preambulanın birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasında müşahidə olunan yüksək iqtisadi inkişaf templəri ölkə paytaxtının abadlaşdırılması, Bakı şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə son illərdə bir sıra ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

 

[3] 2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724) ilə preambulanın ikinci abzasdan “şəhər sözü çıxarılmışdır.

 

[4] 2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724) ilə preambulanın üçüncü abzasnın birinci cümləyə məişət tullantılarının sözlərindən sonra və digər təhlükəsiz bərk tullantıların sözləri əlavə edilmişdir və ikinci cümləyə Məişət tullantılarının sözlərindən sonra və digər təhlükəsiz bərk tullantıların sözləri əlavə edilmişdir və həmin cümlədə zibilin sözü tullantıların sözü ilə, zibilliklərin sözü tullantı sahələrinin sözləri ilə edilmişdir.

 

[5] 22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə preambulanın dördüncü abzasında “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilmişdir.

 

2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724) ilə preambulanın dördüncü abzasına “Məişət tullantılarının sözlərindən sonra və digər təhlükəsiz bərk tullantıların sözləri əlavə edilmişdir və həmin abzasdan şəhərin sözü çıxarılmışdır.

 

[6] 22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022) ilə 1-ci hissəyə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilmişdir.

 

[7] 22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə 2-ci hissəyə “zərərsizləşdirilməsi” sözündən sonra “, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması” sözləri əlavə edilmişdir.

22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022) ilə 2-ci, 3-cü (hər iki halda) və 4-cü hissələrdə ismin müvafiq hallarında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti” sözləri ismin müvafiq hallarında “Cəmiyyət” sözü ilə əvəz edilmişdir.

 

2 iyul 2022-ci il tarixli 1735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 iyul 2022-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 724) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, Cəmiyyət Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması işlərini həyata keçirir.

 

[8] 22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə 4-cü hissəyə “Bakı şəhərinin ərazisində” sözlərindən sonra “(Qala qəsəbəsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[9] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 6-cı bəndində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 2701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 iyun 2021-ci il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 631) ilə 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022) ilə 6-cı hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6. Müəyyən edilsin ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin saxlayıcısı funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

 

[10] 22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022) ilə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[11] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 7-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 7-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[12] 22 sentyabr 2021-ci il tarixli 2908 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1022) ilə 7.2 – 7.5-ci bəndlər ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status