×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.04.2002
QEYDİYYAT NÖMRƏSİ
74
ADI
Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2002, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 215)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.04.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında

Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 29 aprel 2002-ci il

     № 74

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Psixoloji-tibbi-pedaqoji komissiya barədə

 

ƏSASNAMƏ

 

1. Ümumİ müddəalar

 

1.1. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə yaradılır.

1.2. Psixoloji-tibbi-pedaqoji komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Elm və Təhsil Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur. [1]

 

2. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın təşkİlİ

 

2.1. Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin əmri ilə, Respublika psixoloji-tibbi-pedaqoji komissiyası isə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin əmri ilə yaradılır. [2]

2.2. Psixoloji-tibbi-pedaqoji komissiyanın tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. [3]

2.3. Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinə rəhbərlik və nəzarət müvafiq olaraq Elm və Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılır. [4]

2.4. Komissiyanın səmərəli fəaliyyəti üçün Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehlik daşıyırlar. [5]

2.5. Psixoloji-tibbi-pedaqoji komissiya uşaqların hərtərəfli müayinəsi üçün əlverişli şəraiti olan xüsusi təhsil müəssisəsində fəaliyyət göstərir.

2.6. Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir. Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər. İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.

2.7. Komissiyanın iclasları vaxtaşırı keçirilir və protokollaşdırılır. Komissiyanın qərarı yekun rəy hesab olunur.

Komissiya üzvlərinin çoxu iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir.

2.8. Respublika psixoloji-tibbi-pedaqoji komissiyası rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyasının hesabatını dinləyir, fəaliyyətini qiymətləndirir.

2. 9. Psixoloji-tibbi-pedaqoji komissiya ilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında yaranmış mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunur.

2.10. Psixoloji-tibbi pedaqoji komissiyada çalışan şəxslərin (dövlət qulluqçuları istisna olmaqla) əsas iş yerindəki əmək haqlarına “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq 50 faiz əlavə edilir. [6]

 

3. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın vəzİfələrİ

 

Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri aşağıdakılardır:

3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;

3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;

3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

3.4. fərdi təlim planına dair tövsiyələr vermək;

3.5. sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;

3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;

3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyә və məsləhətlər vermək;

3.8. sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bankını təşkil etmək və məlumatları Elm və Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etmək; [7]  

3. 9. xüsusi təhsil alma formalarını müəyyənləşdirmək;

3.10. şagirdlərin sinifdən-sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək;

3.11. fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası aparılması üçün rəy vermək;

3.12. ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsinə göndərilməsi üçün rəy vermək;

3.13. psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər;

3.14. xüsusi təhsil almaq hüquqi psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur;

3.15. psixoloji-tibbi pedaqoji komissiya verdiyi sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;

3.16. psixi inkişafın ağır ləngiməsi, debillik və imbesillik arasındakı yaxınlıq vəziyyəti hallarında əqli geriliyin dərəcəsinin dəqiq diaqnozu yalnız təlim-tərbiyə prosesində təyin oluna bilərsə, diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə uşaq bir ildən artıq olmayaraq xüsusi təhsil məktəbinə göndərilir. Bu müddət qurtardıqdan sonra uşağın təhsilini davam etdirməli olduğu təhsil müəssisəsinin tipini müəyyən etmək üçün o, təkrar olaraq psixoloji tibbi-pedaqoji komissiyaya göndərilir;

3.17. psixoloji-tibbi-pedaqoji komissiya qeydiyyat jurnalı aparır. Həmin jurnalda uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, həkimin diaqnozu və uşağın hansı tipli müəssisəyə göndərilməsi qeyd olunur.

 

4. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyada müayİnə

 

4.1. Müayinə ediləcək hər bir uşaq üçün aşağıdakı sənədlər tələb olunur:

sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi;

doğum haqqında şəhadətnamə;

baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış, yaxud xəstəlik tarixçəsindən çıxarış (1-ci siniflərə qəbul zaman və münaqişəli məsələlər olduqda uşağın dəyişmə vərəqəsi tələb olunur);

pedaqoji xasiyyətnamə (nə vaxtdan bu məktəbdə oxuyur, bilik səviyyəsi, oxumağa həvəsi, qavrama qabiliyyəti və s.);

qiymət cədvəli;

yaşayış yeri üzrə qeydiyyat haqqında arayış. [8]

4.2. Hər bir uşağın müayinəsi üçün 10-20 dəqiqə vaxt ayrılmalıdır.

4.3. Baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış və qiymət cədvəlinin surəti psixoloji-tibbi-pedaqoji komissiyada saxlanılır.

4.4. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.

4.5. Müayinə valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə tibb, sosial müdafiə müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə aparılır. [9]

4.6. Valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə yaşayış yeri məlum olmayan, sağlamlıq imkanı məhdud uşaqlar nizamnamələrinə əsasən uşaqların hüquqlarının müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə psixoloji-tibbi-pedaqoji komissiyada müayinədən keçirilirlər.

4.7. Valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə, psixoloji-tibbi pedaqoji komissiyada müayinə məhkəmənin qərarı ilə aparılır. Uşaqların müayinəsi zamanı valideynlərin (yaxud digər qanuni nümayəndələrin) iştirakı zəruridir.

4.8. Müayinədən keçirilmiş uşağa təlim-tərbiyə aldığı (alacağı) və yaxud müalicə olunacağı müəssisəyə göndəriş komissiyanın qərarına əsasən verilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 aprel 2005-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

3.       17 dekabr 2015-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1582)

4.       30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)

5.       19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)

6.       21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 1.2-ci və 2.1-ci bəndlərində “Təhsil Nazirliyinin” sözləri “Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə təsdiq edilmiş “Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə”nin 2.1-ci bəndində “yerli şöbələri (idarələri)” sözləri “yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.1-ci bənddən ismin müvafiq hallarında “Səhiyyə Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “yerli bölmələri” və “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.1-ci bəndində “yerli şöbələrinin (idarələrinin)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.2-2.4-cü bəndlərindəTəhsil Nazirliyi” sözləri “Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.3-cü bəndində “, Səhiyyə Nazirliyi və onların yerli orqanları” sözləri “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.4-cü bənddən “Səhiyyə Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

[6] 1 aprel 2005-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 2.10-cu bəndində “çalışan şəxslərin” sözlərindən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[7] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 3.8-ci bəndində “və Səhiyyə Nazirliyinə” sözləri “, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 3.8-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[8] 17 dekabr 2015-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1582) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 4.1-ci bəndinin yeddinci abzasında “yerindən” sözü “yeri üzrə qeydiyyat haqqında” sözləri ilə əvəz edilmişdir.

[9] 30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin 4.5-ci bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status