Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) təsviri” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikası Prezidentinin rəsmi simvoludur;
2.2. Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır;
2.3. Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) dublikatı (surəti) Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və? digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
[1]
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2008-ci il
№ 828
|
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 15 sentyabr tarixli 828 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) təsviri
Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) ikiüzlü qumaşı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) qumaşının yuxarı zolağı mavi rəngdə, orta zolağı qırmızı rəngdə, aşağı zolağı yaşıl rəngdədir. Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) qumaşının hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir.
Qumaş qızılı saçaqlarla haşiyələnmişdir.
Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi müddəti əks etdirən tarixlər həkk olunmuş gümüş bənd bərkidilir.
Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür.
Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) müxtəlif ölçülərdə ola bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 dekabr 2019-cu il tarixli 889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1932)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
23 dekabr 2019-cu il tarixli 889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1932) ilə 2.3-cü bəndinə “dublikatı” sözündən sonra “(surəti)” sözü əlavə edilmişdir.