×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.2008
QEYDİYYAT NÖMRƏSİ
219
ADI
“Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2008, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 866)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.09.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası» nın təsdiq edilməsi haqqında

“Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 19 sentyabr 2008-ci il

                      № 219

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 19 sentyabr tarixli 219 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi qaydası

 

1. Ümumi müddəa

 

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Standartları və tövsiyə olunan Təcrübəsinə (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına 13 nömrəli əlavə - “Aviasiya qəzalarının və insidentlərinin təhqiqatı”na) uyğun hazırlanmışdır və milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində mülki hava gəmiləri, habelə xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının mülki hava gəmiləri ilə baş verən aviasiya qəzaları, insidentləri və istehsalat hadisələri (ümumilikdə aviasiya hadisələri) barədə məlumatın verilməsi qaydasını müəyyən edir.

 

2. Aviasiya hadisəsi haqqında məlumat

 

2.1. Aerodrom-dispetçer məntəqələrinin (ADM) və ya aeroportların istehsalat-dispetçer xidmətlərinin (AİDX) dispetçerləri aviasiya qəzası və ya ciddi insident haqqında məlumat aldıqda, təsdiq edilmiş xəbərdarlıq sxeminə uyğun olaraq baş vermiş hadisə barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik), aviaşirkətin (istismarçının) rəhbərliyinə, aviasiya hadisəsinin baş verdiyi ərazi üzrə məsul aeroport (aviaşirkət) rəhbərinə və həmçinin hava hərəkətinin təşkili vahid sisteminin (HHT VS) orqanına ilkin məlumat verirlər. [1]

Azərbaycan Respublikasının ərazisində hava gəmisinin aviasiya qəzasına uğraması və ya ciddi insidentin baş verməsi barədə ilkin məlumat daxil olduqda Agentlik hadisə barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq dərhal məlumat verir. [2]

Azərbaycan Respublikasının ərazisində xarici dövlətə məxsus hava gəmisi ilə aviasiya qəzasının və ya ciddi insidentin baş verməsi barədə məlumat yuxarıda göstərilən mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, hava gəmisinin qeydiyyatda olduğu dövlətin diplomatik nümayəndəliyinə, eləcə də həmin hava gəmisinin məxsus olduğu aviaşirkətə və yaxud onun nümayəndəliyinə (əgər mövcuddursa) təqdim edilir.

2.2. ADM və ya AİDX dispetçerləri aviasiya insidenti və ya istehsalat hadisəsi haqqında məlumat aldıqda, bu barədə ilkin və sonrakı məlumatları Agentlik tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında hava gəmilərinin hərəkəti haqqında məlumat cədvəli”nə uyğun təqdim edirlər.

2.3. Azərbaycan Respublikasına mənsub hava gəmisi ilə xarici dövlətin ərazisində aviasiya hadisəsinin baş verməsi barədə ilkin məlumat Azərbaycan Respublikasının aviasiya insidentinin və yaxud hadisəsinin baş verdiyi dövlətdəki nümayəndəsi, yaxud həmin dövlətin aviasiya orqanı tərəfindən “Azərbaycan Respublikasında hava gəmilərinin hərəkəti barədə məlumat cədvəli”nə uyğun olaraq Agentliyə və aviaşirkətin rəhbərliyinə təqdim edilir. Agentlik isə öz növbəsində bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal məlumat verir.

2.4. Ərazisində insidentin baş verdiyi dövlətdə Azərbaycan Respublikasının mülki aviasiyasının nümayəndəliyi olmadıqda, hadisə barədə ilkin məlumat ekipaj üzvləri, yaxud Azərbaycan Respublikasının həmin dövlətdə fəaliyyət göstərən diplomatik və konsulluq nümayəndəliyi tərəfindən diplomatik kanallar və ya hava hərəkətinin təşkili orqanlarının kanalları vasitəsilə verilə bilər.

2.5. Agentlik Azərbaycan Respublikasının ərazisində aviasiya qəzasının və ya ciddi insidentin baş verməsi haqqında ilkin məlumatı aldıqda, ən rahat və sürətli rabitə vasitəsindən istifadə etməklə, minimal ləngimə ilə hadisə barədə bu Qaydanın 2.7-ci bəndinə uyğun məzmunda aşağıdakılara bildiriş göndərir:

a) hava gəmisi Azərbaycan Respublikasına mənsub olduqda : layihələşdirən təşkilatın dövlətinə; istehsalçı dövlətə;

b) hava gəmisi xarici dövlətə mənsub olduqda : hava gəmisinin qeydiyyatda olduğu dövlətə; istismarçının dövlətinə; layihələşdirən təşkilatın dövlətinə; istehsalçı dövlətə.

2.6. Maksimal kütləsi 2250 kq-dan artıq olan mülki hava gəmisi ilə Azərbaycan Respublikasının ərazisində aviasiya qəzasının və ya ciddi insidentin baş verməsi haqqında bildiriş Agentlik tərəfindən bu Qaydanın 2.7-ci bəndinə uyğun olan məzmunda, müəyyən edilmiş qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) təqdim edilir.

2.7. Aviasiya qəzası və ya ciddi insident haqqında ilkin məlumata aşağıdakılar daxil edilməlidir:

2.7.1. hadisənin növü;

2.7.2. hadisənin baş verdiyi tarix, yerli və UTC vaxtı (Universal Coordinated Time, yəni koordinasiya edilmiş ümumdünya vaxtı) və yer;

2.7.3. hava gəmisinin tipi, dövlət və qeydiyyat tanınma nişanları, zavod nömrəsi və mənsubiyyəti;

2.7.4. hava gəmisinin sahibinin, istismarçının, icarəyə götürənin (əgər mövcuddursa), layihələşdirən təşkilatın və istehsalçının adı;

2.7.5. hadisə zamanı meteoroloji şərait;

2.7.6. hava gəmisi kapitanının və hava gəmisində olduğu təqdirdə, yoxlayıcının (heyətə müəyyən işlərin yerinə yetirilməsinə icazə vermək, təlim-məşq uçuşlarını keçirmək və ya iş texnologiyasını yoxlamaq məqsədi ilə təyin edilən mütəxəssis – pilot, naviqator, bort mühəndisi) soyadı, adı, atasının adı və vəzifəsi;

2.7.7. tapşırığın xarakteri, ilkin yoladüşmə və təyinat məntəqələri göstərilməklə, reysin nömrəsi;

2.7.8. son yoladüşmə və nəzərdə tutulan enmə məntəqəsi;

2.7.9. asanlıqla müəyyən edilən hər hansı coğrafi məntəqə, coğrafi enlik və uzunluq baxımından hava gəmisinin olduğu yer;

2.7.10. hadisənin baş verdiyi yerin fiziki-coğrafi xüsusiyyətləri;

2.7.11. məlumat təqdim edildiyi anadək aviasiya hadisəsinin dəqiq məlum olan başvermə səbəbləri;

2.7.12. hava gəmisində olan ekipaj üzvlərinin və sərnişinlərin, o cümlədən həlak olan və bədən xəsarəti alan şəxslərin, həmçinin hava gəmisində olmayan, hadisə nəticəsində həlak olan və xəsarət alan şəxslərin sayı;

2.7.13. sərnişinlərin vətəndaşlığı;

2.7.14. hava gəmisində təhlükəli yüklərin mövcud olub-olmaması və onların xarakteri;

2.7.15. hava gəmisinin zədələnmə dərəcəsi;

2.7.16. axtarış və qəza-xilasetmə işlərinin təşkili və həyata keçirilməsi barədə məlumatlar;

2.7.17. araşdırmanın hansı dövlətin komissiyası tərəfindən həyata keçiriləcəyi barədə məlumat;

2.7.18. məlumat təqdim edildiyi anadək aviasiya hadisəsi ilə bağlı digər dəqiq məlumatlar;

2.7.19. məlumat almaq üçün əlaqə telefonu, faks və ya elektron ünvanı.

2.8. Aviasiya insidenti və ya istehsalat hadisəsi barədə ilkin məlumat müvafiq olaraq 2.7.1-2.7.7-ci, 2.7.11-ci, 2.7.12-ci, 2.7.14-cü və 2.7.15-ci bəndlərdə nəzərdə tutulmuş məlumatları əks etdirməlidir.

2.9. 2.7-ci və 2.8-ci bəndlərə uyğun olaraq tələb edilən məlumatlardan hər hansı birinin olmaması ilkin məlumatın təqdim edilməsini ləngitməməlidir. Məlumatda hadisənin səbəbləri və baş verdiyi şərait barədə təxmini informasiya olmamalıdır.

2.10. Xarici dövlətlərə və beynəlxalq mülki aviasiya təşkilatlarına göndərilən bildirişlər ingilis dilində tərtib olunur.

2.11. Aviasiya qəzasının və ya ciddi insidentin baş verdiyi hava gəmisini istismar edən aviaşirkət malik olduğu ən münasib və sürətli rabitə vasitələrindən istifadə etməklə, qeyd edilən hava gəmisinin bortunda olan təhlükəli yüklər barədə komissiyaya dərhal ətraflı məlumat verməlidir.

2.12. Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın sədri aviasiya hadisəsinin baş verdiyi yerə gəldiyi andan etibarən, 3 gün müddətində ilkin məlumata müvafiq olaraq aviasiya hadisəsi barədə dəqiqləşdirilmiş məlumatı, həmçinin zəruri hallarda təcili profilaktik tədbirlərin görülməsinə dair təklifləri Agentlik rəhbərinə təqdim edir. [3]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2.       21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160)

3.       21 yanvar 2019-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 167)

4.       4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160) ilə “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci abzasında, 2.2-ci, 2.3-cü (birinci və ikinci cümlələrində), 2.5-ci, 2.6-cı, 2.12-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

4 aprel 2022-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 384) ilə “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci abzasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci abzasından “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılmışdır və həmin abzasa “Daxili İşlər Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə,” sözləri əlavə edilmişdir.

 

[3] 21 yanvar 2019-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 167) ilə “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.12-ci bəndində “Təhqiqat komissiyasının” sözləri “Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status