090.000.000
Bakı şəhərində keçiriləcək «Bakı-İslam Mədəniyyətinin Paytaxtıdır» adlı beynəlxalq tədbirə hazırlıq haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Beynəlxalq mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə ölkədə aparılan davamlı siyasətin nəticəsi olaraq, İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin V Konfransında Bakı şəhəri 2009-cu il İslam Mədəniyyəti Paytaxtı elan edilmişdir.
Bakı şəhərində keçiriləcək «Bakı - İslam Mədəniyyətinin Paytaxtıdır» adlı beynəlxalq tədbirin xüsusi əhəmiyyətini nəzərə alaraq, habelə bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. «Bakı - İslam Mədəniyyətinin Paytaxtıdır» adlı beynəlxalq tədbirə hazırlıq işlərinin aparılması üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 000 000 (bir milyon) manat məbləğində vəsait Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin ayrılmasını təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 27 avqust 2008-ci il
№ 3016