370.000.000
430.000.000
440.000.000
"Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair" Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair" 2008-ci il mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il.
№ 684-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməyə dair
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə dair ümumi istəyi rəhbər tutaraq və
diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşların Azərbaycan Respublikası və Koreya Respublikası arasında gediş-gəlişinin asanlaşdırılması arzusunda olaraq,
aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
1. Tərəflərin diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşlarının digər Tərəfin ərazisinə vizasız daxil olmaq, ərazini tərk etmək və tranzit keçmək hüququ vardır.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan şəxslər daxilolma günündən etibarən otuz (30) günü keçməyən müddətə digər Tərəfin ərazisində vizasız qalmaq hüququna malikdirlər.
3. Bu maddənin 1-ci bəndində qeyd olunan şəxslər digər Tərəfin ərazisində 30 gündən artıq müddətə qalmaq istəyirlərsə, əvvəlcədən göndərən Tərəfin diplomatik missiyası və ya konsulluq xidməti vasitəsilə viza üçün yazılı müraciət edəcəklər.
Maddə 2
1. Tərəflərdən birinin digər Tərəfin ərazisində diplomatik missiya və konsulluğa təyin olunmuş və etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşları digər Tərəfin ərazisində onların rəsmi qalma müddəti üçün vizasız daxil olmaq, tərk etmək və tranzit keçmək hüququna malik olacaqlar.
2. Göndərən Tərəfin vətəndaşları etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik olduqları təqdirdə bu maddənin birinci bəndində müəyyən edilən hüquq, diplomatik missiya və ya konsulluq xidməti üzvünü müşayiət edən həyat yoldaşına, valideynlərə və uşaqlara da şamil olunacaqdır.
Maddə 3
Bu Sazişin şamil olunduğu şəxslər qəbul edən dövlətin qanun və qaydalarına hörmət edəcək və xarici vətəndaşların giriş, çıxış, qalma və tranzit prosedurlarına dair qüvvədə olan qaydalara riayət edəcəklər.
Maddə 4
1. Tərəflərdən hər biri arzuolunmaz hesab etdiyi istənilən diplomatik və rəsmi/xidməti pasportlara malik olan şəxsin öz ərazisinə girişinə, oradan çıxışına və ya orada qalmasına etiraz etmək hüququnu özündə saxlayır. Belə etiraz diplomatik kanallar vasitəsilə gecikdirilmədən digər Tərəfə bildiriləcəkdir.
2. Tərəflərdən hər biri ictimai qayda, təhlükəsizlik və ya sağlamlıq səbəblərinə görə bütövlükdə və ya qismən bu Sazişin qüvvəsinə müvəqqəti məhdudiyyətlər tətbiq etmək və ya onun qüvvəsini dayandırmaq hüququnu özündə saxlayır. Belə məhdudiyyətlərin və dayandırmanın tətbiqi və ya bu məsələnin qaldırılması digər Tərəfə gecikdirilmədən, diplomatik kanallar vasitəsilə bildiriləcəkdir.
Maddə 5
1. Tərəflər bu Sazişin qüvvəyə minməsindən əvvəl diplomatik kanallar vasitəsilə etibarlı diplomatik və rəsmi/xidməti pasportların nümunələrini, eləcə də onlardan istifadə prosedurları haqqında məlumatı mübadilə edəcəklər.
2. Tərəflər, diplomatik və rəsmi/xidməti pasportlarda hər hansı dəyişikliklər barədə, belə dəyişikliklərin qüvvəyə minməsindən otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar.
Maddə 6
Tərəflər bu Sazişin həyata keçirilməsi və tətbiqi ilə bağlı hər hansı narazılıq və mübahisəni danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 7
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə, Sazişin ayrılmaz tərkib hissəsi olacaq və Sazişin 8-ci maddəsinə əsasən qüvvəyə minəcək protokollar formasında rəsmiləşdirilən düzəliş və dəyişikliklər edə bilərlər.
Maddə 8
1. Bu Saziş qeyri-müəyyən müddət üçün bağlanılır və diplomatik kanallar vasitəsilə Tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq daxili prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı gündən qüvvəyə minəcəkdir.
2. Tərəflərdən hər biri bu Sazişi diplomatik kanallar vasitəsilə yazılı bildiriş əsasında ləğv edə bilər. Ləğvetmə belə bildirişin alındığı gündən doxsan (90) gün sonra qüvvəyə minəcəkdir.
Bunun təsdiqi olaraq, Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bu saziş Bakı şəhərində 19 may 2008-ci ildə Azərbaycan, Koreya və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Koreya Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)