AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.04.2002
QEYDİYYAT NÖMRƏSİ
286-IIQ
ADI
"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulmaq barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 220)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulmaq barəsində

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna müvafiq bəyanat ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2002-ci il
№ 286-IIQ

 

"Uşaq hüquqları haqqında" Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair

FAKULTATİV PROTOKOLU

 

Bu Protokolun iştirakçısı olan dövlətlər,

Uşaq hüquqları haqqında Konvensiyanın hər yerdə dəstəklənməsindən ruhlanaraq və bunu uşaq hüquqlarının təşviqi və müdafiəsi işinə geniş miqyasda bağlılığın sübutu sayaraq,

uşaq hüquqlarının xüsusi müdafiəyə ehtiyacı olmasını bir daha təsdiq edərək, sülh və təhlükəsizlik şəraitində onların vəziyyətinin heç bir fərq qoymadan

 getdikcə yaxşılaşdırılmasının, həmçinin onların inkişafı və təhsil almasının təmin edilməsinə çağıraraq,

silahlı münaqişələrin uşaqlara fəlakətli və geniş miqyaslı təsirindən, həmçinin möhkəm sülh, təhlükəsizlik və inkişaf üçün uzunmüddətli mənfi nəticələrindən narahatlıq keçirərək,

silahlı münaqişə şəraitində uşaqlara qəsdi, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi, adətən çoxlu uşaq olan yerlərə bilavasitə hücumları pisləyərək,

Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun qəbulunu və xüsusilə onda 15 yaşma çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi yaxud onlardan beynəlxalq və eləcə də beynəlxalq olmayan silahlı münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda fəal istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət kimi tövsif olunmasını qeyd edərək,

beləliklə, Uşaq hüquqları haqqında Konvensiyada tanınmış hüquqların daha səmərəli həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə uşaqları silahlı münaqişələrə cəlb etməkdən qorumanın gücləndirilməsini zəruri hesab edərək,

Uşaq hüquqları haqqında Konvensiyanın 1-ci maddəsinin bu Konvensiyanın məqsədləri üçün 18 yaşına çatmamış hər bir insanın uşaq olduğunu, - əgər həmin uşağa şamil oluna biləcək qanuna görə o həmin yaşdan daha əvvəl yetkinlik yaşma çatmış sayılmırsa, - nəzərdə tutmasını qeyd edərək,

şəxslərin silahlı qüvvələrə çağırışının və onların hərbi əməliyyatlarda iştirakının mümkün yaş həddini artıran Konvensiyaya dair Fakultativ Protokolun, uşaqlara aid olan bütün hərəkətlərdə birinci növbədə uşağın maraqlarının ən yaxşı təmininə diqqət ayrılmalı olmasını nəzərdə tutan prinsipin həyata keçirilməsinə səmərəli şəkildə kömək edəcəyinə əmin olaraq,

Qırmızı Xaç və Qırmızı Ayparanın 1995-ci ilin dekabr ayında keçirilmiş iyirmi altıncı Beynəlxalq Konfransının, xüsusən münaqişə tərəflərinə 18 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda iştirak etməməsini təmin etmək məqsədi ilə istənilən mümkün addımları atmağı tövsiyə etməsini qeyd edərək,

Beynəlxalq Əmək Təşkilatının silahlı münaqişələrdə istifadə olunmaq üçün uşaqların zorla və ya məcburi şəkildə cəlb edilməsini qadağan edən Uşaq əməyinin ən pis formalarının qadağan olunması və kökünün kəsilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında 182 saylı Konvensiyasının 1999-cu ilin iyununda yekdilliklə qəbul olunmasını alqışlayaraq,

uşaqların dövlət daxilində və onun hüdudlarından kənarda dövlətin silahlı qüvvələrindən fərqli olan silahlı qruplarla hərbi əməliyyatlara cəlb edilməsi, təlimi və istifadə olunmasını dərin narahatlıqla pisləyərək və bu məqsədlə uşaqları cəlb edən, onlara təlim keçən və onlardan istifadə edən şəxslərin məsuliyyətini etiraf edərək,

silahlı münaqişənin hər bir tәrәfinin beynəlxalq humanitar hüququn müddəalarına riayət etməsi öhdəliyini xatırladaraq,

bu Protokolun Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi də daxil olmaqla, onun prinsip və məqsədlərinə və humanitar hüququn müvafiq normalarına xələl gətirmədiyini qeyd edərək,

 Nizamnamədə ifadə olunmuş məqsəd və prinsiplərə tam hörmət edilməsinə və insan hüquqları sahəsində tətbiq olunan müqavilələrə riayət olunmasına əsaslanmış sülh və təhlükəsizlik şəraitinin xüsusilə silahlı münaqişə və xarici işğal zamanı uşaqların tam müdafiəsi üçün vacib şərt olduğunu nəzərə alaraq,

iqtisadi və ya sosial vəziyyəti yaxud cinsi ilə əlaqədar olaraq, bu Protokola zidd şəkildə hərbi əməliyyatlara cəlb edilmək və bu əməliyyatlarda istifadə olunmaq cəhətdən xüsusilə müdafiəsiz olan uşaqların məxsusi ehtiyaclarını etiraf edərək,

uşaqların silahlı münaqişələrdə iştirakının iqtisadi, sosial və siyasi səbəblərinin nəzərə alınması zərurətini unutmayaraq,

bu Protokolun həyata keçirilməsində, həmçinin silahlı münaqişələrin qurbanı olmuş uşaqların fiziki və psixososial reabilitasiyası və sosial reinteqrasiyası işində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyinə inanaraq,

Protokolun həyata keçirilməsinə aid olan məlumatın yayılmasında və maarifləndirici proqramlarda cəmiyyətin, xüsusilə uşaqların və zərər çəkmiş uşaqların iştirakını dəstəkləyərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

İştirakçı dövlətlər onların silahlı qüvvələrinin 18 yaşma çatmamış hərbi qulluqçularının hərbi əməliyyatlarda bilavasitə iştirak etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.

Maddə 2

İştirakçı dövlətlər 18 yaşına çatmamış şəxslərin bu dövlətlərin silahlı qüvvələrinə məcburi çağırışa cəlb edilməməsini təmin edirlər.

Maddə 3

1. İştirakçı dövlətlər bu maddənin prinsiplərini nəzərə alaraq və 18 yaşına çatmamış şəxslərin Uşaq hüquqları haqqında Konvensiyaya uyğun olaraq xüsusi müdafiə hüquqları olduğunu etiraf edərək, öz milli silahlı qüvvələrinə şəxslərin könüllü çağırışının minimal yaş həddini Konvensiyanın 38-ci maddəsinin 3-cü bəndində göstərilən yaş həddi ilə müqayisədə artırırlar.

2. Hər bir iştirakçı dövlət bu Protokolu ratifikasiya edərkən və ya ona qoşularkən məcburi xarakterli bəyanatını saxlanılmaq üçün təhvil verməlidir; bəyanatda öz milli silahlı qüvvələrinə könüllü çağırış üçün həmin dövlətin icazə verdiyi minimal yaş göstərilir və belə çağırışın zorakı və ya məcburi xarakter daşımamasını təmin etmək üçün dövlətin verdiyi zəmanət ifadə olunur.

3. 3.18 yaşma çatmamış şəxslərin öz milli silahlı qüvvələrinə könüllü çağırışına yol verən iştirakçı dövlətlər zəmanət verirlər ki, onlar minimum olaraq aşağıdakıları təmin edəcəklər:

(a) belə çağırış həqiqətən könüllü xarakter daşısın;

(b) belə çağırış şəxsin valideynləri və ya qanuni qəyyumlarının şüurlu razılığı ilə həyata keçirilsin;

(c) belə şəxslər bu cür hərbi xidmətlə bağlı mükəlləfiyyət barədə tam həcmdə məlumatlandırılmış olsunlar;

(d) belə şəxslər onların milli hərbi xidmətə qəbulundan əvvəl öz yaşları haqqında etibarlı şəhadətnamə təqdim etsinlər.

 

4. Hər bir iştirakçı dövlət istənilən zaman, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanlanmış müvafiq bildiriş göndərməklə, öz bəyanatının müddəalarını gücləndirə bilər; Baş katib bu barədə bütün iştirakçı dövlətləri məlumatlandırır. Belə bildiriş onun Baş katib tərəfindən alındığı gündən qüvvəyə minir.

5. Bu maddənin 1-ci bəndindəki yaş həddinin artırılmasına dair tələb, Uşaq hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrinə uyğun olaraq, iştirakçı dövlətlərin silahlı qüvvələrinin tabeliyində və ya nəzarəti altında olan tədris müəssisələrinə şamil edilmir.

Maddə 4

1. Dövlətin silahlı qüvvələrindən fərqli olan silahlı qruplar 18 yaşına çatmamış şəxsləri heç bir halda hərbi əməliyyatlara cəlb etməməli və ya onlardan istifadə etməməlidirlər.

2. İştirakçı dövlətlər belə cəlbetmə və istifadənin qarşısının alınması məqsədi ilə, bu cür təcrübənin qadağan edilməsi və kriminallaşdırılması üçün zəruri olan hüquqi tədbirlər də daxil olmaqla, bütün mümkün tədbirləri görürlər.

3. Həmin maddənin tətbiqi bu Protokola uyğun olaraq, silahlı münaqişə tərəflərinin heç birinin hüquqi statusuna toxunmur.

Maddə 5

Bu Protokoldakı heç bir müddəa iştirakçı dövlətin qanunvericiliyində və ya beynəlxalq müqavilələrdə və beynəlxalq humanitar hüquqda olan, uşaq hüquqlarının həyata keçirilməsinə böyük dərəcədə kömək edən müddəaları istisna edən kimi təfsir edilə bilməz.

Maddə 6

1. Hər bir iştirakçı dövlət bu Protokolun müddəalarının səmərəli həyata keçirilməsinin və tətbiq olunmasının təmini üçün öz yurisdiksiyası çərçivəsində bütün zəruri hüquqi, inzibati və digər tədbirləri görür.

2. İştirakçı dövlətlər bu Protokolun prinsip və müddəalarının həm böyüklər, həm də uşaqlar arasında müvafiq vasitələrlə geniş yayılmasını və təbliğini təmin etməyi öhdələrinə götürürlər.

3. İştirakçı dövlətlər onların yurisdiksiyası altında olan, bu Protokola zidd olaraq hərbi əməliyyatlara cəlb edilmiş və istifadə edilmiş şəxslərin tərxis olunmasının və ya digər şəkildə hərbi xidmətdən azad edilməsinin təmini üçün bütün mümkün tədbirləri görürlər. Zərurət yaranarsa, iştirakçı dövlətlər bu şəxslərin fiziki və psixoloji vəziyyətlərinin bərpası, həmçinin sosial reinteqrasiyası üçün lazım olan hər cür yardım göstərəcəklər.

Maddə 7

1. İştirakçı dövlətlər bu Protokolun həyata keçirilməsi, o cümlədən Protokola zidd olan istənilən fəaliyyətin qarşısının alınması işində və bu Protokola zidd fəaliyyətlərin qurbanları olmuş şəxslərin, o cümlədən texniki əməkdaşlıq və maliyyə yardımı vasitəsi ilə reabilitasiyası və sosial reinteqrasiyası işində əməkdaşlıq edirlər. Belə yardım və əməkdaşlıq maraqlı iştirakçı dövlətlərlə və müvafiq beynəlxalq təşkilatlarla məsləhətləşməklə həyata keçiriləcəkdir.

Maddə8

1. Hər bir iştirakçı dövlət Protokolun bu iştirakçı dövlət üçün qüvvəyə minməsindən sonra iki il müddətində Uşaq Hüquqları üzrə Komitəyə məruzə təqdim edir; məruzədə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər, o cümlədən iştirak və çağırışa aid müddəaların həyata keçirilməsi məqsədi ilə görülmüş tədbirlər haqqında əhatəli məlumat verilir.

2. Əhatəli məruzə təqdim olunduqdan sonra hər bir iştirakçı dövlət Konvensiyanın 44-cü maddəsinə uyğun olaraq, Protokolun həyata keçirilməsinə aid istənilən əlavə məlumatı Uşaq Hüquqları üzrə Komitəyə təqdim etdiyi məruzələrə daxil edir. Protokolun digər iştirakçı dövlətləri beş ildən bir məruzə təqdim edirlər.

3. Uşaq Hüquqları üzrə Komitə iştirakçı dövlətlərdən bu Protokolun həyata keçirilməsinə aid əlavə məlumat ala bilər.

Maddə9

1. Bu Protokol Konvensiyanın iştirakçısı olan və ya onu imzalamış istənilən dövlətin imzalaması üçün açıqdır.

2. Bu Protokol ratifikasiya olunmalıdır və istənilən dövlətin ona qoşulması üçün açıqdır. Təsdiqnamələr və ya qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanılmaq üçün verilir.

3. Konvensiya və Protokolun depozitarisi qismində çıxış edən Baş katib Konvensiyanın iştirakçısı olan bütün dövlətləri və Konvensiyanı imzalayan bütün dövlətləri 13-cü maddəyə uyğun olaraq, saxlanılmaq üçün verilən hər bir bəyanat barədə məlumatlandırır.

Maddə 10

1. Bu Protokol 10-cu təsdiqnamənin və ya qoşulma haqqında sənədin saxlanılmaq üçün verilməsindən üç ay sonra qüvvəyə minir.

2. Bu Protokol onu ratifikasiya edən və ya Protokolun qüvvəyə minməsindən sonra ona qoşulan hər bir dövlət üçün belə dövlətin öz təsdiqnaməsi və ya qoşulma haqqında sənədini saxlanılmağa verməsindən bir ay sonra qüvvəyə minir.

Maddə 11

1. İstənilən iştirakçı dövlət istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə Protokolu denonsasiya edə bilər; Baş katib bu barədə Konvensiyanın digər iştirakçı dövlətlərini və Konvensiyanı imzalamış bütün dövlətləri məlumatlandırır. Denonsasiya belə bildirişin Baş katib tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir. Lakin bu bir ilin başa çatdığı gün denonsasiya edən iştirakçı dövlət silahlı münaqişədə olarsa, denonsasiya bu silahlı münaqişə bitənədək qüvvəyə minmir.

2. Belə denonsasiya iştirakçı dövləti denonsasiyanın qüvvəyə minməsi tarixinədək baş vermiş istənilən hərəkət barədə bu Protokolla nəzərdə tutulan öhdəliklərindən azad etmir. Eyni zamanda belə denonsasiya heç bir halda onun qüvvəyə minməsi tarixinədək Komitənin müzakirəsində olan istənilən məsələnin sonrakı müzakirəsi üçün maneə törətmir.

Maddə 12

1. İstənilən iştirakçı dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib düzəlişə baxılması və ona səs verilməsi məqsədi ilə iştirakçı dövlətlərin konfransının çağırılmasına münasibət bildirilməsi xahişi ilə təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə çatdırır. Belə məlumatın verildiyi tarixdən başlayaraq dörd ay müddətində iştirakçı dövlətlərin ən azı üçdə biri belə konfransın çağırılmasına tərəfdar çıxarsa, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Konfransda iştirak edən və səs verən iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan istənilən düzəliş təsdiq olunmaq üçün Baş Assambleyaya təqdim olunur.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq olunmaqla və iştirakçı dövlətlərin üçdə iki səs çoxluğu ilə qəbul edilməklə qüvvəyə minir.

3. Düzəliş qüvvəyə mindikdə, onu qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur, digər iştirakçı dövlətlər üçün isə bu Protokolun müddəaları və onlar tərəfindən qəbul edilmiş əvvəlki düzəlişlər məcburi olaraq qalır.

Maddə 13

1. İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Protokol Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun təsdiq olunmuş surətlərini Konvensiyanın iştirakçısı olan bütün dövlətlərə və Konvensiyanı imzalamış bütün dövlətlərə göndərir.

 

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının

Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair

Fakultativ Protokolunun 3-cü maddəsinin 2-ci bəndi üzrə

AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATI

 

Azərbaycan Respublikası Protokolun 3-cü maddəsinə uyğun olaraq bəyan edir ki, Azərbaycan Respublikasının "Hərbi xidmət haqqında" 1992-ci il 3 noyabr tarixli Qanununa əsasən, hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları və digər şəxslər hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə 17 yaşından könüllü daxil ola və qəbul edilə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyi bu cür xidmətin zorakı və ya məcburi xarakter daşımamasına, həmin şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin şüurlu razılığı əsasında həyata keçirilməsinə, göstərilən şəxslərə bu cür hərbi xidmətlə bağlı vəzifələr barəsində tam məlumat verilməsinə və milli silahlı qüvvələrdə xidmətə qəbul edilənədək onlardan yaşlarını təsdiq edən sənədlərin tələb edilməsinə təminat verir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status