220.000.000
"Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi"nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 756 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 dekabr 2008-ci il
№ 268
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 5 dekabr tarixli 268 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 756 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır və təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə qaydasını və rejimini müəyyən edir.
1.2. Bu Qayda təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi, inkişafı və mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur.
1.3. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qurumların müsbət rəyləri olduqda icazə verilir.
2. Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə qaydası
2.1. Müalicə-profilaktika prosesini həyata keçirən sanatoriya-kurort müəssisələri, habelə təbii müalicə ehtiyatlarından müalicə-profilaktika məqsədi ilə istifadə edən hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibb fəaliyyətinə lisenziya əsasında fəaliyyət göstərirlər.
[1]
2.2. Sanatoriya-kurort müəssisələrinin tibb fəaliyyəti təbii müalicə amillərinin istifadə normaları və müalicə standartları əsasında təşkil olunur.
2.3. Çıxarılan mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatlarının həcmi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş ehtiyat və istismar müddətinə uyğun limitlə müəyyən edilir.
2.4. Təbii müalicə ehtiyatlarının istifadəsi üçün nəzərdə tutulmuş texniki üsullar bu məqsədlə hazırlanmış texnoloji sxemlər əsasında həyata keçirilir.
2.5. Təbii müalicə ehtiyatlarının keyfiyyəti onun tərkibində olan orqanizm üçün yararlı və zərərli elementlərin (maddələrin) təyini əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş balneoloji rəylə müəyyən edilir.
2.6. Təbii müalicə ehtiyatlarının istifadəsi üçün nəzərdə tutulmuş texnologiyalar mənbənin vaxtından əvvəl tükənməməsinə, çirklənməməsinə, faydalı qazıntıların qorunmasına və müalicəvi xassələrinin saxlanmasına zəmanət verməlidir.
2.7. Təbii müalicə ehtiyatlarının müalicəvi əhəmiyyəti və hazırkı vəziyyəti, müalicə-sağlamlaşdırma yerləri və kurortların ərazisi, onların müalicə ehtiyatlarını əks etdirən məlumatlar daxil olmaqla, dövlət geoloji və sanitar-epidemioloji ekspertizalar əsasında müəyyən edilir.
2.8. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ərazisində səs-küy və ətraf mühitin çirklənməsi əleyhinə tədbirləri, ictimai asayişin və insanların təhlükəsizliyinin qorunmasını, nəqliyyat vasitələrinin, xidmət müəssisələrinin və mədəni tədbirlərin işini tənzimləyən ümumi istifadə rejimi həyata keçirilir.
2.9. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ərazisində sanitar-epidemioloji vəziyyətə nəzarət məqsədi ilə dövlət sanitariya nəzarəti orqanları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
[2]
2.10. Müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ərazisi xüsusi mühafizə olunan təbiət əraziləri üçün qəbul edilmiş qaydalara, ekoloji və sanitar-epidemioloji normalara uyğun olmalıdır.
3. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ərazilərinin sanitariya mühafizəsi
3.1. Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsi məqsədi ilə onların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.
Sanitariya mühafizə zonası müalicə-sağlamlaşdırma yerlərinin və kurortların müalicə ehtiyatlarının, təbii, fiziki-kimyəvi xüsusiyyətlərinin vaxtından tez tükənməsinin, eləcə də onların çirklənməsinin qarşısının alınmasına yönəldilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazidir.
3.2. Sanitariya mühafizə zonaları sərhədlərinə və rejiminə görə üç növə bölünür:
3.2.1. birinci növ zona. Bu növ zona 100 metr radiusunda müəyyən edilir, çimərliklər və kurort kimi istifadə olunan meşə zolaqları istisna olmaqla, mineral suların üzə çıxdığı, müalicəvi palçıq yataqlarının yerləşdiyi, müalicə məqsədi ilə istifadə olunan mineral göllərin ərazisini əhatə edir.
Birinci növ zonada təbii müalicə ehtiyatları olan müalicə-sağlamlaşdırma yerlərinin və kurortların istifadəsi ilə birbaşa əlaqəsi olmayan şəxslərin yaşaması, obyektlərin tikintisi, dağ-mədən və torpaq işlərinin aparılması, həmçinin təbii müalicə ehtiyatlarına və kurortların sanitariya vəziyyətinə zərərli təsir göstərə bilən digər fəaliyyət növləri qadağan olunur.
Birinci növ zonada təbii müalicə ehtiyatlarının istismarı zamanı zəruri olan dağ-mədən və torpaq işlərinin aparılmasına, qurğuların (kaptaj, nasos stansiyaları, boru xətləri, rezervuarlar, içməli su qalereyaları, estakadalar və müalicəvi palçıqların çıxarılması üçün digər vasitələrin) tikintisinə, həmçinin rabitə vasitələrinin qurulmasına icazə verilir;
3.2.2. ikinci növ zona. Bu növ zona üzə çıxan mineral suların, müalicəvi palçıq yataqlarının, mineral su göllərinin, mineral su mənbələrinin əmələ gəlməsində iştirak edən yer səthindən dərin olmayan, dövr edən mineral və içməli su yataqları sahələrinə axan yerüstü və qrunt sularının ərazilərini; mineral suların, naftalan neftinin və müalicəvi palçığın toplanması üçün təbii və süni saxlanma yerlərini; sanatoriya-kurort və istirahət müəssisələrinin, həmçinin bu tip müəssisələrin tikintisi üçün əraziləri; parkları, meşə-parklarını və digər yaşıllıqları əhatə edir.
İkinci növ zonada sənaye obyektlərinin tikintisi və fəaliyyətdə olanların genişləndirilməsi, müalicə-sağlamlaşdırma yerlərində və kurortlarda müalicə alan və dincələnlərin, burada yaşayan əhalinin birbaşa tələbatının ödənilməsi ilə bağlı olmayan, həmçinin sanatoriya-kurort və yaşayış binalarının tikintisi və digər obyektlərin, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların inkişafı və abadlaşdırılması ilə bağlı olmayan dağ-mədən işlərinin aparılması, torpağa sorulan yerli çirkab su quyularının, çirkab sularla sahələrin suvarılması və çirkab su-süzülmə sahələrinin, qəbiristanlıqların, heyvan qəbiristanlıqlarının salınması, mal-qaranın kütləvi sürətdə otarılması, alaq otlarına, ziyanvericilərə və bitkilərin xəstəliklərinə qarşı zəhərli kimyəvi maddələrin tətbiqi, həmçinin ətraf mühiti, təbii müalicə ehtiyatlarını çirkləndirən və onların tükənməsinə gətirib çıxaran işlərin görülməsi qadağandır.
Parklarda, meşə-parklarda və digər yaşıllıqlarda bitkilərin kütləvi şəkildə təhlükəli və karantin xüsusiyyətli xəstəliklərə tutulması zamanı zəhərli kimyəvi maddələrin tətbiqi qanunvericiliyə uyğun olaraq yalnız ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparıla bilər;
3.2.3. üçüncü növ zona. Bu növ zona təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların yerləşdiyi ərazinin xarici sərhədi ilə hüdudlanır.
Üçüncü növ zona hidromineral resursların qidalanması və formalaşmasını əhatə edən ərazilərə, sanitariya mühafizə tələblərinin gözlənilməməsi səbəbindən mineral suların və müalicəvi palçıq yataqlarının hidrogeoloji rejiminə, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ətrafındakı meşə zolaqlarına və landşaft-iqlim şəraitinə mənfi təsir göstərə bilən ərazilərə şamil edilir.
Üçüncü növ zonaya aid ərazidə təbii müalicə ehtiyatlarına və sanitariya vəziyyətinə mənfi təsir göstərməyən işlərin aparılmasına icazə verilir.
3.3. Sanitariya mühafizə zonalarında təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların sanitariya vəziyyətinin lazımi səviyyədə saxlanması üçün sanitariya-sağlamlaşdırma və digər tədbirlər həyata keçirilir.
3.4. Bir neçə müalicə-sağlamlaşdırma yerləri və kurortlar tərəfindən bir və ya bir neçə mineral su mənbələrindən, çimərliklərdən və digər təbii müalicə ehtiyatlarından istifadə olunması zamanı onlar üçün vahid sanitariya mühafizə zonaları müəyyən edilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 oktyabr 2016-cı il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1715)
2.
30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 oktyabr 2016-cı il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1715) ilə “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin 2.1-ci bəndində “tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya)” sözləri “özəl tibb fəaliyyətinə lisenziya” sözləri ilə əvəz edilmişdir.
[2]
30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194) ilə “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin 2.9-cu bəndində “sanitar-epidemioloji nəzarət” sözləri “sanitariya nəzarəti” sözləri ilə əvəz edilmişdir.