×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
29.09.2000
QEYDİYYAT NÖMRƏSİ
167
ADI
Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.09.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“TƏSDİQ EDİLMİŞDİR”

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti

yanında Qiymətli kağızlar üzrə

Dövlət Komitəsi

Əmr № 167

29” sentyabr 2000-ci il

Sədr________________ H.Babayev

Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü

QAYDALARI [1]

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, 12 iyul 1994-cü il tarixli “Səhmdar cəmiyyəti haqqında”, 14 iyul 1998-ci il tarixli “Qiymətli kağızlar haqqında”, 16 may 2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə və 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq hazırlanmış və dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin (bundan sonra – “səhm”) buraxılışını, qeydiyyatını və tədavülünü tənzimləyir.

II. Səhmlərin buraxılışı və qeydiyyatı

2.1. Səhmdar cəmiyyəti (bundan sonra – “emitent”) yaradılan zaman səhmlərini yalnız sənədsiz adi adlı, nominal dəyəri Azərbaycan Respublikasının milli valyutasında ifadə olunmuş formada buraxa bilər.

2.2. Emitent səhmlərinin buraxılması və yerləşdirilməsi hüququnu səhm buraxılışının dövlət qeydiyyatından keçdiyi andan əldə edir.

2.3. Səhm buraxılışının dövlət qeydiyyatı emissiya prospektinin (özəlləşdirmə planının) qeydiyyatı ilə müşayiət olunur.

2.4. Səhm buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin (bundan sonra – “DƏN”) təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – “QKDK”) tərəfindən həyata keçirilir.

2.5. Səhmlərin dövlət qeydiyyatı üçün DƏN QKDK-ya aşağıdakı sənədləri təqdim edir:

2.5.1. səhmlərin dövlət qeydiyyatına alınması barədə məktub;

2.5.2. emissiya prospekti (özəlləşdirmə planı) - 2 (iki) nüsxədə;

2.5.3. emitentin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

2.5.4. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatı haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

2.5.5. dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə DƏN-in qərarının (sərəncamın) surəti;

2.6. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarda (sərəncamda) aşağıdakılar əks olunmalıdır:

2.6.1. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarı (sərəncamı) qəbul etmiş səlahiyyətli orqanın adı və qərarın (sərəncamın) qəbul edilmə tarixi;

2.6.2. emitentin tam adı və hüquqi ünvanı;

2.6.3. bir səhmin nominal dəyəri;

2.6.4. səhmlərin ümumi sayı;

2.6.5. səhmlərin növü;

2.6.6. səhmlərin yerləşdirilməsi qaydaları;

2.6.7. səhm sahibinin bir səhmlə təsbit edilmiş hüquqları və emitentin səhm sahibləri qarşısında olan öhdəlikləri.

2.7. Qərarda (sərəncamda) zəruri hesab edilən digər məlumat əks oluna bilər.

2.8. Emissiya prospektində (özəlləşdirmə planında) aşağıdakı məlumatlar əks olunmalıdır:

2.8.1. emitentin tam və qısaldılmış adı;

2.8.2. emitentin hüquqi ünvanı;

2.8.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatı haqqında Şəhadətnamənin nömrəsi və tarixi;

2.8.4. emitentin fəaliyyət növü;

2.8.5. səhmlərin buraxılışı haqqında qərarın (sərəncamın) nömrəsi və tarixi;

2.8.6. səhm buraxılışının ümumi məbləği;

2.8.7. səhmlərin növü;

2.8.8. səhmlərin ümumi sayı;

2.8.9. bir səhmin nominal dəyəri;

2.8.10. səhm sahibinin bir səhmlə təsbit edilmiş hüquqları və emitentin səhm sahibləri qarşısında olan öhdəlikləri.

2.8.11. səhm sahiblərinin uçotunu həyata keçirəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısının adı və hüquqi ünvanı;

2.8.12. səhmlərin satışı qaydası və üsulu;

2.8.13. səhmlərin satış müddəti;

2.8.14. səhmlərin yerləşdirilməsində iştirak etməyə cəlb edilən qiymətli kağızlar bazarının peşəkar iştirakçıları (olduqda) haqqında məlumat (adı, hüquqi ünvanı, səhmlərin yerləşdirilməsi zamanı yerinə yetirdiyi vəzifələr);

2.8.15. emitentin bütün filiallarının, nümayəndəliklərinin və nizamnamə fondlarında payı olan müəssisələrin tam adları və hüquqi ünvanları;

2.8.16. emitentin toplu maliyyə hesabatı və son hesabat dövrü üçün mühasibat balansı.

2.9. Emissiya prospektində zəruri hesab edilən digər məlumat əks oluna bilər.

2.10. Emissiya prospektinin səhifələri tikilir, nömrələnir, DƏN-nin səlahiyyətli şəxsi tərəfindən imzalanır və DƏN-nin möhürü ilə təsdiq edilir.

2.11. Səhmlərin yerləşdirilməsi başlayana qədər emitent emissiya prospektində olan məlumatların kütləvi informasiya vasitələri ilə açıqlanmasını təmin etməlidir.

2.12. QKDK səhm buraxılışının dövlət qeydiyyatını (və ya ondan əsaslandırılmış imtinanı) bu Qaydaların 2.5 bəndində göstərilən sənədlər təqdim edildiyi tarixdən etibarən 15 (on beş) gün ərzində həyata keçirir və bu barədə DƏN-ə yazılı məlumat verir.

2.13. Səhm buraxılışının qeydə alınmasından imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

2.13.1. təqdim olunmuş sənədlərin və onlarda olan məlumatların məzmununun bu Qaydaların tələblərinə uyğun olmaması;

2.13.2. emissiya prospektinə və ya səhmlərin qeydiyyatı üçün əsas olan digər sənədlərə qeyri-dürüst və ya təhrif olunmuş məlumatların daxil edilməsi;

2.13.3. Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinin pozulması.

2.14. Səhm buraxılışının qeydiyyata alınmasından imtina edilməsi haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər. [2]

2.15. QKDK səhm buraxılışının qeydə alınmasından imtina etdikdə səhmlərin dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədləri geri qaytarılmır.

2.16. QKDK səhm buraxılışının qeydiyyatı ilə birlikdə emitent haqqında məlumatı Azərbaycan Respublikasının səhmdar cəmiyyətlərinin vahid dövlət reyestrinə daxil edir. [3]

2.17. Səhm buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. [4]

III. Səhmlərin tədavülü

3.1. Səhmlərin alqı-satqısı və digər qaydada özgəninkiləşdirilməsi mövcud qanunvericiliklə qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.2. Səhmdar cəmiyyətin səhmlərinin satışına dair yekun məlumatlar DƏN tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. Milli Depozit Mərkəzi təqdim olunmuş sənədlər əsasında səhmdarların reyestrini formalaşdırır və səhmdarların səhmlər üzərində mülkiyyət hüququnun təsdiqinə dair müvafiq sənədlərin verilməsini təmin edir.

IV. Məsuliyyət

Bu Qaydaların müddəalarına riayət etməyən şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

V. Yekun müddəalar

Bu Qaydalar imzalandığı gündən qüvvəyə minir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2005-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 08-09)

2.       7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475) ilə “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nın təsdiq edilməsi haqqında” 2000-ci il 29 sentyabr tarixli 167 nömrəli əmri ləğv edilmişdir.

 

[2] 30 sentyabr 2005-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 08-09) ilə 2. 14-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.14. Səhm buraxılışının və emissiya prospektinin qeydə alınmasından imtina edilməsi haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

 

[3] 30 sentyabr 2005-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 08-09) ilə Qaydaların 2.16−cı bəndi çıxarılmışdır.

 

[4] 30 sentyabr 2005-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 08-09) ilə Qaydaların 2.17-ci bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

2.17. QKDK səhm buraxılışını dövlət qeydiyyatına aldıqda DƏN-ə səhm buraxılışının qeydə alınması haqqında şəhadətnaməni, emissiya prospektinin (özəlləşdirmə planının) qeydə alınması haqqında arayışı, səhmdar cəmiyyətinin Azərbaycan Respublikasının səhmdar cəmiyyətlərinin vahid dövlət reyestrinə daxil edilməsi haqqında arayışı təqdim edir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status