×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.02.2009
QEYDİYYAT NÖMRƏSİ
22
ADI
“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 145)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.02.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Avtovağzal və avtostansiya haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Avtovağzal və avtostansiya haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı güdən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 5 fevral 2009-cu il

                  №22

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Avtovağzal və avtostansiya haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1.1. “Avtovağzal və avtostansiya haqqında” Əsasnamə (bundan sonra - Əsasnamə) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

Bu Əsasnamə mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, avtovağzallara (avtostansiyalara) dair tələbləri, onların fəaliyyətinin əsaslarını və xüsusiyyətlərini, funksiyalarını və vəzifələrini, iş rejimini və texnoloji iş prosesini müəyyən edir.

1.2. Avtovağzalların (avtostansiyaların) fəaliyyəti ilə əlaqədar yaranan və bu Əsasnamə ilə əhatə olunmayan münasibətlər Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

1.3. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.3.1. avtovağzal - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, baqajların saxlama kameraları, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və ya xidməti otaqları, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perronu, avtobusların reyslərarası dayanması üçün meydançası və təmizləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi;

1.3.2. avtostansiya - yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş, 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün perronu olan qurğu;

1.3.3. perron - avtovağzallarda (avtostansiyalarda), dayanacaq məntəqələrində sərnişinlərin sərbəst hərəkət etməsi, gözləməsi, minib-düşməsi   üçün   nəzərdə   tutulmuş,   müəyyən   hündürlüyə malik və platformalara çıxışı olan (platformalar olduqda) meydança;

1.3.4. platforma - avtovağzallarda (avtostansiyalarda), dayanacaq məntəqələrində avtonəqliyyat vasitələrinə sərnişinlərin minib-düşməsi və bilavasitə avtonəqliyyat vasitəsinin yan alıb dayanması üçün nəzərdə tutulmuş, müəyyən hündürlüyə malik və perronla əlaqəsi olan yer;

1.3.5. sərnişin axını - müəyyən istiqamətdə və zaman vahidi ərzində faktiki daşınan sərnişinlərin sayı.

 

II. Avtovağzalın (avtostansiyanın) pasportu

 

2.1. Avtovağzallar (avtostansiyalar) şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədi ilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur. [1]

2.2. Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: [2]

2.2.1. hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

2.2.2. avtovağzalın (avtostansiyanın) planları;

2.2.3. xidməti otaqların planları;

2.2.4. minik meydançalarının ümumi planı;

2.2.5. avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası (bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun formada) ;

2.2.6. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. [3]

2.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq ərizə daxil olduğu gündən 15 gün müddətində bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun formada pasportun verilməsi məsələsinə baxır.

2.4. Ərizəçi bu Əsasnamənin 2.2-ci bəndində göstərilən sənədləri təqdim etmədikdə, yaxud avtovağzalın (avtostansiyanın) ərizədə göstərilən kateqoriyası bu Əsasnamənin 4 nömrəli əlavəsində müəyyən edilən müvafiq kateqoriya üçün minimal tələblərə uyğun gəlmədikdə, pasport verilməsindən imtina edilir. Digər səbəblərə görə imtinaya yol verilmir.

2.5. Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsaslandırılmış imtinasında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra pasport almaq üçün müvafiq sənədləri təkrarən təqdim etmək hüququna malikdir.

2.6. Avtovağzala (avtostansiyaya) bu Əsasnamənin 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş nümunədə verilən pasport 2 nüsxədə tərtib edilərək təsdiq olunur, onlardan biri avtovağzalda (avtostansiyada), digəri isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində saxlanılır.

2.7. Avtovağzalın (avtostansiyanın) pasportda göstərilən xarakteristikasında dəyişiklik olduğu hallarda yeni pasport verilir. Bu halda yeni pasport alınması üçün əvvəl verilmiş pasport və avtovağzalın (avtostansiyanın) müvafiq xarakteristikasında dəyişikliyi təsdiq edən digər sənədlər əlavə olunmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ərizə təqdim edilir. Yeni pasportun verilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

III. Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının meyarları və strukturu

 

3.1. Avtovağzallar I və II kateqoriyaya, avtostansiyalar I, II və III kateqoriyaya bölünürlər. Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi meyarları aşağıdakılardır:

3.1.1. gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayı;

3.1.2. binaların, tikililərin, istehsalat ərazisinin, texnoloji avadanlıqların mövcudluğu.

3.2. Avtovağzalların (avtostansiyaların) strukturu (kateqoriyaya uyğun) aşağıdakılardan ibarətdir:

3.2.1. sərnişinlərin gözləməsi üçün nəzərdə tutulan bina və tikililər, kassa zalı (bilet kassası), ana və uşaq otaqları, sürücülərin istirahət otaqları, inzibatı otaqlar, əl yükünün saxlama kameraları, tibbi yardım və polis məntəqələri, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitor vasitəsilə müşahidə aparmaq üçün texnoloji avadanlıqlar olan xidməti otaqlar (I kateqoriya aid olan avtovağzallarda təşkil edilir), iaşə, mədəni-məişət, o cümlədən universal rabitə xidmətlərinin göstərilməsi üçün yerlər, habelə sanitar-gigiyenik təyinatlı otaqlar;

3.2.2. sərnişinlərin minməsi və düşməsi üçün perronlar, sərnişinlərin avtobusa minməsi üçün perronlarda platformalar (I kateqoriya aid olan avtovağzallarda mütləq qaydada təşkil edilir), avtobusların reysarası dayanma sahələri və avtobusların salonlarının təmizlənməsi postları;

3.2.3. şəhər nəqliyyatının, o cümlədən taksi minik avtomobillərinin dayanması üçün sahələri olan vağzalyanı meydan;

3.2.4. avtovağzalın (avtostansiyanın) ərazisi ilə əlilliyi olan şəxs üçün təkərli oturacaqların hərəkəti üçün yollar və əlilliyi olan şəxslərin təkərli oturacaqla minməsi və düşməsi üçün təchiz olunmuş yerləri olan minmə (düşmə) perronları. [4]

3.3. Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının meyarları bu Əsasnamənin 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilir.

3.4. Avtovağzallar (avtostansiyalar) və daşıyıcılar arasında qarşılıqlı münasibətlər müqavilə əsasında qurulur.

3.5. Avtovağzallar (avtostansiyalar) tərəfindən bu Əsasnaməyə uyğun olaraq göstərilən xidmətlərə görə ödənişlər kateqoriyasından asılı olaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

 

IV. Avtovağzalların (avtostansiyaların) funksiyaları

 

4.1. Avtovağzalların (avtostansiyaların) funksiyaları aşağıdakılardır:

4.1.1. avtobusların avtovağzal, avtostansiya üzrə hərəkət cədvəllərinə riayət edilməsi, hər bir avtobusun sərnişin tutumundan səmərəli istifadə edilməsi, dispetçer xidmətinin təşkili və təmin olunması, sərnişin daşınmasının təhlükəsizliyi qaydalarına və normalarına riayət edilməsi, avtobusların hərəkətinin tənzimlənməsi, yol və dispetçer sənədlərinin rəsmiləşdirilməsi, avtobusların lazımi sanitar vəziyyətdə saxlanılmasına və tələb olunan səviyyədə təchiz edilməsinə, sərnişinlərdə biletlərin olmasına, gedişə və baqajın daşınmasına görə ödənişin düzgünlüyünə nəzarətin həyata keçirilməsi;

4.1.2. avtovağzallardan (avtostansiyalardan) istifadə edilməsi və avtobusda gedişlə əlaqədar məsələlər üzrə sərnişinlərə vaxtında və dolğun məlumat verilməsi, yeni açılmış marşrutlar, avtobusların hərəkət cədvəllərinə edilmiş dəyişikliklər, göstərilən xidmətlərin yeni növləri haqqında əhalinin məlumatlandırılması (yerli mətbuat, radio, televiziya və s. vasitəsilə), avtobusların hərəkətinə dair elan məzmunlu cədvəllərin müvafiq yaşayış məntəqəsinin ərazisində yayılması;

4.1.3. yola düşən avtobuslarda boş və boşalacaq yerlər, yol şəraitində dəyişikliklər və avtobusların hərəkət cədvəllərindən kənaraçıxmalar barədə avtovağzalların (avtostansiyaların) qarşılıqlı məlumatlandırılması;

4.1.4. gediş və baqaj daşınması biletlərinin satışından, poçt göndərişlərinin qəbulu və reysə çıxan avtobuslarda göndərilməsindən, sərnişinlərdən ayrılıqda daşınması üçün (baqaj avtomobillərinin hərəkəti təşkil edilən marşrutlarda) baqajın qəbulu və rəsmiləşdirilməsindən əldə olunan gəlirin yığılması, satılmış biletlərə və göstərilən xidmətlərə görə (biletlərin əvvəlcədən satışı, biletlərin evə çatdırılması, baqajın saxlanması və s. üzrə xidmətlər) daşıyıcılarla vaxtlı-vaxtında qarşılıqlı hesablaşmaların aparılması;

4.1.5. sərnişinlərə məişət xidmətlərinin göstərilməsi, avtovağzalda (avtostansiyada) olduqları müddətdə sərnişinlərin məişət tələbatlarının təmin edilməsi məqsədi ilə tədbirlərin görülməsi və sərnişinlərə mədəni-məişət və sanitar-gigiyenik xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan yerlərdə yüksək mədəni xidmət göstərilməsinin təmin edilməsi;

4.1.6. sürücülər üçün məişət və istirahətin, o cümlədən qısamüddətli (işində reysarası fasilə 4 saatdan az olan sürücülər üçün) və uzunmüddətli (işində fasilə 4 saatdan çox və istirahətli iş rejimi olan sürücülər üçün) istirahət üçün zəruri avadanlıqla təchiz olunmuş otaqların təşkil edilməsi, sürücülərin qidalanmaları və duş qəbul etmələri üçün zəruri şəraitin yaradılması;

4.1.7. avtobusların salonlarının təmizlənməsi və avtobusların mühafizəsi;

4.1.8. marşrutlar üzrə hərəkət cədvəllərinə dəyişikliklərin edilməsi, bu və ya digər marşrutda reyslərin sayının artırılması, avtobusların növü və ya markasının dəyişdirilməsi, tranzit avtobusların dayanma vaxtının artırılması və ya qısaldılması, reysin yerinə yetirilməsi vaxtının artırılması və ya qısaldılması, marşrutlar və reyslər üzrə gecikmələr və kənaraçıxmalar barədə məlumatların sərnişinlərə və avtovağzal (avtostansiya) xidmətlərinin digər istehlakçılarına vaxtlı-vaxtında çatdırılması;

4.1.9. vağzalyanı ərazinin abadlığı ilə əlaqədar işlərin, tikililərin, perronların keyfiyyətli və vaxtında təmiri, yanğın təhlükəsizliyi üzrə kompleks tədbirlərin görülməsi, avtovağzalın (avtostansiyanın) mövcud sanitariya-gigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi.

 

V. Avtovağzalların (avtostansiyaların) işçi heyəti, işinin texnoloji prosesi və rejimi

 

5.1. Avtovağzalların (avtostansiyaların) işçi heyəti və strukturu avtovağzalın (avtostansiyanın) kateqoriyasından asılı olaraq müəyyən edilir.

5.2. Avtovağzalın (avtostansiyanın) işçi heyəti üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən ayrı-ayrı vəzifələr üzrə vəzifə təlimatları təsdiq edilir.

5.3. Xidməti vəzifələrini yerinə yetirən avtovağzal (avtostansiya) işçisinin üzərində onun şəxsiyyətini və tutduğu vəzifəsini təsdiq edən döş nişanı olmalıdır.

5.4. Avtovağzallar (avtostansiyalar) üçün iş gününün başlanması və başa çatması vaxtı avtobusların hərəkət cədvəlinə uyğun olaraq, avtovağzalların (avtostansiyaların) rəhbərliyi tərəfindən müəyyən edilir.

5.5. Sərnişinlərin avtovağzalın (avtostansiyanın) binasına daxil olmasının təmin edilməsi üçün avtovağzaldan (avtostansiyadan) birinci avtobusun yola düşməsinə və ya birinci avtobusun avtovağzala (avtostansiyaya) gəlməsinə ən azı 30 dəqiqə qalmış açılmalı və gündəlik hərəkət cədvəli üzrə axırıncı avtobus gəldikdən (yola düşdükdən) ən azı 30 dəqiqə keçdikdən sonra bağlanmalıdır.

5.6. Avtovağzalın (avtostansiyanın) nahar fasiləsi ilə əlaqədar və ya təmizlik işlərinin aparılması üçün bağlanmasına yol verilmir. Gözləmə zalı, ana və uşaq otağı və tibb məntəqəsi avtovağzalın (avtostansiyanın) müəyyən edilmiş bütün iş günü ərzində sərnişinlər üçün açıq olmalıdır.

5.7. Biletlərin cari satışını həyata keçirən kassaların iş vaxtı avtobusların hərəkət cədvəli ilə müəyyən edilən avtovağzalın (avtostansiyanın) iş rejiminə uyğun şəkildə qurularaq, biletlərin bütün reyslər üzrə tam və vaxtında satılmasını təmin etməlidir.

5.8. Biletlərin əvvəlcədən satışını həyata keçirən kassaların iş rejimi yerli şəraitə uyğun sərnişinlərin rahatlığı nəzərə alınmaqla, avtobusların hərəkət cədvəlinə uyğunlaşdırılmadan müəyyən edilir.

5.9. Növbətçilik, hesabatların qəbulu, həmçinin mədaxilin inkassasiyası ilə əlaqədar olan şəxsi heyətin iş vaxtı və istirahət günləri avtovağzalın (avtostansiyanın) texnoloji iş prosesi nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

5.10. Avtovağzalın (avtostansiyanın) rəhbərinin, onun müavinlərinin və böyük dispetçerin iş rejimi (qrafiki) avtonəqliyyat vasitələrinin hərəkət intensivliyindən və sərnişin axınının dəyişməsindən asılı olaraq, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

5.11. Avtovağzalın (avtostansiyanın) işinin texnoloji prosesi onların xidmətlərinin səmərəli təşkili, habelə sərnişinlərə xidmət göstərilməsi və gündəlik olaraq avtobusların qəbulu və yola salınması üzrə əməliyyatların qarşılıqlı və ardıcıl surətdə yerinə yetirilməsi əsasında qurulur.

5.12. Avtovağzalda (avtostansiyada) avtobusların hərəkət sxemi avtovağzal (avtostansiya) zonasına avtobusların daxil olması, orada yerdəyişməsi və oradan çıxması istiqamətlərini müəyyən edir.

5.13. Avtovağzalda (avtostansiyada) avtobusların hərəkət sxeminin işlənib hazırlanması aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:

5.13.1. avtovağzala (avtostansiya) daxil olarkən və ya oradan çıxarkən avtonəqliyyat vasitələrinin yalnız sağ tərəfə dönməsi;

5.13.2. avtovağzala (avtostansiyaya) bitişik küçələrdə avtonəqliyyat vasitələrinin əks istiqamətdə hərəkət etməsi üçün döngələrin olması;

5.13.3. sərnişinlərin minib düşmələrinin avtonəqliyyat vasitələrinin sağ tərəfindən (hərəkət istiqaməti üzrə) platforma vasitəsilə həyata keçirilməsi;

5.13.4. avtonəqliyyat vasitələrinin minmə və düşmə platformalarına sağ tərəf istiqamətində yanaşması;

5.13.5. avtonəqliyyat vasitələrinin sərnişinlərin minməsi üçün verilməsi və yola düşməsi zamanı minimal sayda hərəkət əməliyyatlarının etməsi;

5.13.6. avtonəqliyyat vasitələrinin hərəkət xətlərinin sərnişin axını xətləri ilə kəsişməməsi.

5.14. Avtovağzalın (avtostansiyanın) sərnişinlərin hərəkət sxemini əks etdirən planında aşağıdakıların yerləşməsi təsvir edilməlidir:

5.14.1. xidməti, köməkçi, habelə sərnişinlər üçün nəzərdə tutulmuş otaqlar, onların təyinatı və nömrələnməsi;

5.14.2. giriş və çıxış qapıları və onların təyinatı;

5.14.3. sərnişinlər üçün nəzərdə tutulmuş məlumatların əsas elementləri (avtobusun yola düşməsi və gəlməsi, biletlərin qiyməti barədə cədvəllər, şəhərlərarası əlaqə xətlərinin sxemi).

5.15. Planda tikili və qurğulardan başqa aşağıdakılar göstərilməlidir:

5.15.1. avtonəqliyyat vasitələrinin giriş və çıxışı üçün, habelə sərnişinlərin şəhərə çıxışı üçün istiqamət göstəricilərinin quraşdırıldığı məntəqələr;

5.15.2. avtonəqliyyat vasitələrinin reyslərarası dayanması üçün ayrılmış yerlərin (postların) cizgiləri;

5.15.3. avtonəqliyyat vasitələrinin dayanacaq yerlərinin (postlarının) nömrələri göstərilməklə, platformaların təyinatı üzrə (gəlmə, yola düşmə, tranzit perronların) müəyyənləşdirilməsi;

5.15.4. avtonəqliyyat vasitələrinin yuyulması və onların texniki sazlığının yoxlanılması üçün ehtiyat məntəqələrinin cizgiləri;

5.15.5. taksi minik avtomobillərinin duracaq yerlərinin və digər avtomobillərin dayanacaq yerlərinin göstəriciləri və cizgiləri. [5]

5.16. Dispetçer rabitəsinin daxili və xarici vasitələrinin sxemi mövcud olan rabitə vasitələrinin və siqnalizasiyanın (telefon, radiostansiya, elektron rabitə və s.) avtovağzalda (avtostansiyada) həqiqi yerlərini və onların iş vaxtını müəyyənləşdirir.

5.17. Məlumat və xəbərdarlıq sxemi avtovağzalın (avtostansiyanın) ərazisində,  habelə avtovağzallar (avtostansiyalar) arasındakı  avtomobil yollarında iqlim şəraiti və yol şəraiti haqqında məlumatların təxirəsalınmaz və operativ ötürülməsinin təyinatını, qaydasını və vaxtını müəyyən edir.

5.18. Yanğın və fövqəladə hallar zamanı avtovağzalın (avtostansiyanın) işçi heyətinin və sərnişinlərin təxliyyə edilməsi planı insanların və mal-material qiymətlilərin avtovağzalın (avtostansiyanın) binasından evakuasiya edilməsi qaydasını və yollarını müəyyən edir.

5.19. Avtovağzalın (avtostansiyanın) işinin texnoloji prosesi aşağıdakılardan ibarətdir:

5.19.1. hərəkətin təşkil edilməsi və sərnişinlərə mədəni-məişət xidmətlərinin göstərilməsi;

5.19.2. informasiya xidmətinin təşkil edilməsi;

5.19.3. bilet satışının təşkil edilməsi;

5.19.4. sərnişinlərə məxsus baqajın və əl yüklərinin saxlanmasının təşkil edilməsi;

5.19.5. dispetçer xidmətinin təşkil edilməsi;

5.19.6. avtovağzalın (avtostansiyanın) saxlanılması.

5.20. Avtovağzalın (avtostansiyanın) texnoloji iş prosesi qaydasına aşağıdakılar əlavə olunur:

5.20.1. hər bir platforma üzrə avtobusların gəlmə və yola düşmə cədvəli;

5.20.2. marşrutların siyahısı, il ərzində avtobusların hərəkətinin dispetçer cədvəli;

5.20.3. avtobusların gəlməsi və yola düşməsi barədə görünən yerdə asılmış hərəkət cədvəli.

 

VI. Avtovağzalda (avtostansiyada) sərnişinlərə mədəni-məişət xidmətlərinin göstərilməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili

 

6.1. Avtobusların gəlməsini və yola düşməsini gözləyən sərnişinlər üçün nəzərdə tutulan gözləmə zalı, ana və uşaq, mədəni-məişət otaqları və tibbi yardım məntəqəsi rahat mebellə və avadanlıqla təchiz olunmalı, habelə istilik, kondisioner və ventilyasiya sistemi ilə təmin edilməlidir.

6.2. Gözləmə zalında köşklər, habelə qəzetlərin, suların və digər analoji malların satışı üçün avtomatlar yerləşdirilə bilər.

6.3. Ana və uşaq otağı azyaşlı uşaqları (10 yaşına qədər) və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan sərnişinlərə, həmçinin hamilə qadınlara xidmət göstərilməsi üçün nəzərdə tutulur. Ana və uşaq otağının, habelə tibbi yardım məntəqəsinin avadanlığı sanitariya-gigiyenik tələblərə uyğun olmalıdır. [6]

6.4. Azyaşlı uşaqları və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan sərnişinlər ana və uşaq otağı üzrə növbətçinin vasitəsilə növbədənkənar qaydada gediş sənədləri ilə təmin olunurlar.

6.5. Sürücülər üçün nəzərdə tutulmuş uzunmüddətli istirahət otaqlarından gediş  sənədlərini və pasportlarını təqdim etmiş tranzitlə hərəkət edən sərnişinlər də ödənişli əsaslarla istifadə edə bilərlər.

6.6. I kateqoriyalı avtovağzalda sərnişinlər tərəfindən dini ayinlərin keçirilməsi üçün xüsusi ibadət otağı olmalıdır.

6.7. Avtovağzalın (avtostansiyanın) ərazisində sərnişinlərin hərəkəti üçün nəzərdə tutulan yollar qısa olmalı və digər axınlarla kəsişməməlidir. Beynəlxalq və şəhərlərarası (rayonlararası) istiqamətlərdə hərəkət edən sərnişinlər üçün nəzərdə tutulan yollar bir-birindən ayrı olmalıdır.

6.8. Yola düşmə platformaları istiqamətində sərnişinlərin hərəkəti səmərəli şəkildə təşkil edilməli və binadan avtobuslara keçid təhlükəsiz olmalıdır.

 

VII. Avtovağzallarda (avtostansiyalarda) sorğu-məlumat xidmətinin təşkili

 

7.1. Avtovağzallarda (avtostansiyalarda) təşkil edilən sorğu-məlumat xidməti avtobusların hərəkətinə dair məlumatların sərnişinlərə operativ və dəqiq çatdırılmasını təmin etməlidir.

7.2. Sərnişinlərin məlumatlandırılması aşağıdakı qaydada həyata keçirilə bilər:

7.2.1. avtovağzalın (avtostansiyanın) binasında sxem, cədvəl və telemonitor formasında yerləşdirilmiş məlumat lövhələri vasitəsilə;

7.2.2. ikitərəfli rabitə əlaqəsi (radiorabitə) vasitəsilə sualları cavablandırmaqla;

7.2.3. avtomatik məlumat qurğusu vasitəsilə;

7.2.4. şəhər telefon şəbəkəsi vasitəsilə məlumatı çatdırmaqla;

7.2.5. radiotranslyasiya şəbəkəsi vasitəsilə elanları etməklə;

7.2.6. məlumat bürosunun işçiləri tərəfindən sərnişinlərin suallarına (sorğularına) şəxsən cavab verməklə.

7.3. Bütün məlumatlar sərnişinlərə ödənişsiz çatdırılır.

7.4. Məlumat lövhəsi vasitəsilə məlumatın çatdırılmasında məqsəd sərnişinlərin müstəqil olaraq, məlumat bürosunun işçi heyətinə müraciət etmədən, zəruri məlumatı əldə etmək imkanının yaradılmasından ibarətdir.

7.5. Məlumat lövhəsinin əsas elementləri aşağıdakılardır:

7.5.1. avtovağzal (avtostansiya) tərəfindən xidmət göstərilən avtobus marşrutları xətlərinin sxemləri, müxtəlif növ avtobusların salonlarında yerlərin nömrələnməsi və yerləşdirilməsi sxemi;

7.5.2. platforması göstərilməklə, avtobusların yola düşmə və gəlmə cədvəl, həmçinin reyslər üzrə məsafələrinə (km) dair göstərici;

7.5.3. sərnişin və baqaj daşınması haqqının məbləğini əks etdirən cədvəl;

7.5.4. avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarından çıxarışlar;

7.5.5. bilet kassalarının, saxlanma kameraların və digər xidmətlərin işi, avtobusların yola düşmə və gəlmə platformalarına çıxışlar və s. barədə məlumatları nəzərdə tutan göstəricilər və cədvəllər.

7.6. Avtovağzalda (avtostansiyada) sərnişinləri daha çox maraqlandıran məsələlərə dair sxemlərin, cədvəllərin və göstəricilərin sərnişinlərin hərəkət istiqamətləri nəzərə alınmaqla yerləşdirilməsi zəruridir.

7.7. Məlumat bürosu zəruri vəsait və məlumat materialları ilə təmin edilməlidir.

7.8. Radioretranslyasiya şəbəkəsi vasitəsilə sərnişinlərə aşağıdakılar barədə mütəmadi olaraq məlumat verilir:

7.8.1. avtobusların gəlməsi;

7.8.2. avtobuslara minik başlanması (15 və 10 dəqiqə qalmış) və yola düşməsi (5 və 3 dəqiqə qalmış);

7.8.3. əlavə avtobus reyslərinin açılması və onlara bilet satışının başlanması;

7.8.4. tranzitlə hərəkət edən avtobusların dayanma vaxtının dəyişdirilməsi;

7.8.5. avtobuslarda boş yerlərin olması.

7.9. Avtobusların hərəkət cədvəlinə edilən dəyişikliklərlə əlaqədar avtovağzala (avtostansiyaya) gəlmiş şəxslərə aşağıdakı qaydada radioretranslyasiya şəbəkəsi vasitəsilə hökmən məlumat verilməlidir:

7.9.1. avtobusun gəlmə və ya yola düşmə vaxtının dəyişdirilməsi haqqında - dərhal məlumat alındıqda və sonra hər 15 dəqiqədən bir;

7.9.2. reysin təxirə salınması və ya avtobusun növünün dəyişdirilməsi haqqında - hərəkət cədvəlində müəyyən edilmiş vaxtdan 1 saat əvvəl və ya bu barədə məlumat alındıqdan dərhal sonra hər 15 dəqiqədən bir;

7.9.3. əlavə reysin verilməsi və ya bilet kassalarının iş qaydasının dəyişdirilməsi haqqında - müəyyən məlumat alındıqdan dərhal sonra;

7.9.4. beynəlxalq reyslər barədə - Azərbaycan və müvafiq xarici dillərdə.

7.10. Nəqliyyatın hərəkəti və bilet kassalarının işinə dair elanlardan başqa, radioretranslyasiya şəbəkəsindən birdəfəlik elanların (yetkinlik yaşına çatmış sərnişinlərdən geri qalmış uşaqlar, sərnişinlər tərəfindən unudulmuş əşyalar və tapılmış sənədlər haqqında) verilməsi üçün də istifadə olunur.

 

VIII. Bilet satışı üzrə kassaların işinin təşkili

 

8.1. Bilet kassalarının işi sərnişin üçün minimum vaxt itkisi ilə biletlərin gündəlik və əvvəlcədən satışını təmin edəcək səviyyədə təşkil olunmalıdır. Bilet kassirləri üçün iş yerlərinin təşkili zamanı biletlərin satışı ilə əlaqədar əməliyyatların müddətinin azaldılmasına imkan yaradan və kassirlərin əməyini yüngülləşdirən şərait yaradılmalı, iş yerləri lazımi qaydada işıqlandırılmalı, onlar zəruri inventarla, xüsusi avadanlıqla, habelə məlumat materialları və vəsaitlərlə təchiz edilməlidir.

8.2. Bilet kassaları aşağıda göstərilən üç qrup üzrə təşkil oluna bilər:

8.2.1. biletlərin gündəlik satışı;

8.2.2. biletlərin əvvəlcədən satışı;

8.2.3. biletlərin geri qaytarılması.

8.3. Avtovağzallarda biletlərin əvvəlcədən satışı və geri qaytarılması üzrə kassaların gündəlik satış üzrə kassalarla birləşdirilməsi tövsiyə olunmur. Avtostansiyalarda biletlərin əvvəlcədən satışı və geri qaytarılması üzrə kassalar biletlərin gündəlik satışı üzrə kassalarla birləşdirilə bilər.

8.4. Biletlərin əvvəlcədən satışı üzrə kassalar məlumat bürosu ilə bir yerdə yerləşdirilə bilər.

8.5. Biletlərin gündəlik satışı üzrə kassaların işi «bütün istiqamətlərdə» və «istiqamətlər üzrə» həyata keçirilə bilər.

8.6. Bilet kassaları (birdən çox olduqda) nömrələnməli, onların üzərində (önündə) kassanın iş rejimi (işin başlanması və başa çatması, habelə fasilə vaxtı) və kassirin adı, soyadı haqqında məlumat lövhəsi olmalıdır.

8.7. «İstiqamətlər üzrə» kassaların işinin təşkili zamanı kassalara təhkim edilmiş reyslər arasında intervallar, habelə kassaların buraxılış qabiliyyəti nəzərə alınmaqla, onların hər biri tərəfindən satılmış biletlərin sayı hesablanmalıdır ki, avtobusların hərəkət cədvəli üzrə reysə (şəhərlərarası və beynəlxalq əlaqə üzrə) yola düşməsinə azı 5 dəqiqə qalmış biletlərin tam satışı və kassa cədvəllərinin tərtib olunması təmin edilsin.

8.8. Bilet satışının təşkili qaydası və şərtləri "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə müəyyən olunur.

 

IX. Avtovağzallarda (avtostansiyalarda) baqaj və əl yükünün saxlanması kameralarının işinin təşkili

 

9.1. Kateqoriyalarına uyğun olaraq avtovağzallarda (avtostansiyalarda), sərnişinlərin baqajının (əl yükünün) müvəqqəti saxlanması üçün saxlanma kameraları təşkil edilir.

9.2. Saxlanma kameralarının iş vaxtı avtovağzalın (avtostansiyanın) iş vaxtına uyğun olmalıdır.

9.3. Saxlanma kameraları yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə, onların işi üçün zəruri olan inventar və vəsaitlərlə təchiz edilir.

9.4. Əl yükü saxlanma kameralarına gediş biletlərinin olub-olmamasından asılı olmayaraq qəbul edilir.

9.5. Baqajın (əl yükünün) saxlanma kameralarına saxlanmaya qəbul edilməsi avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına uyğun olaraq həyata keçirilir.

 

X. Dispetçer xidmətinin işinin təşkili

 

10.1. Avtovağzalın (avtostansiyanın) dispetçer xidmətinin əsas vəzifələri aşağıdakılardır:

10.1.1.   avtobusların hərəkət cədvəlinə riayət olunmasına nəzarət edilməsi;

10.1.2.   avtobusların avtovağzala (avtostansiyaya) gəlməsi, sərnişinlərin avtobusa minməyə başlanması vaxtı və avtobusların yola düşməsi, reysdən gecikməsi və ya marşrutlar üzrə əlavə reyslərin açılması, avtobusların növünün dəyişdirilməsi barədə sərnişinlərin məlumatlandırılması;

10.1.3. digər avtovağzalların (avtostansiyaların) və sürücülərin hərəkət, yol və meteoroloji şərait haqqında, habelə avtobuslarda boşalmalı və boş oturacaq yerlərinin olması barədə məlumatlandırılması;

10.1.4. yol sənədlərinin rəsmiləşdirilməsi, ştamp-saat vasitəsilə sürücülərin yol vərəqələrində hərəkət cədvəlinin faktiki icrası ilə əlaqədar qeydlərin edilməsi və dispetçer jurnalının aparılması;

10.1.5. avtobusların cədvəldə göstərilmiş vaxtdan kənara çıxdığı hallarda onların hərəkətinin müntəzəmliliyinin təmin edilməsinə dair operativ tədbirlərin görülməsi.

10.2. Müvafiq kateqoriyalı avtostansiyada dispetçer vəzifəsi olmadıqda, onun vəzifəsi avtostansiya rəhbərliyi tərəfindən bilet kassirinə həvalə oluna bilər.

10.3. Avtobus avtovağzala (avtostansiyaya) çatdıqda, sürücü dispetçerə bu barədə məlumat verir. Dispetçer dispetçer jurnalında və sürücünün yol sənədlərində ştamp-saat vasitəsilə avtobusun gəlməsi barədə qeydlər edir və sənədləri bilet satışı cədvəlini tərtib etmək üçün kassirə verir.

10.4. Avtobusun minik meydançasına verilməsi zamanı növbətçi dispetçer avtovağzal (avtostansiya) üzrə sərnişinlərin avtobusa minməsinin başlanması vaxtı, platformanın nömrəsi və avtobusun yola düşməsi vaxtını elan edir.

10.5. Avtobus minik üçün təqdim edilənə (verilənə) qədər avtovağzalın, (avtostansiyanın) növbətçisi və ya perron (bilet) nəzarətçisi tərəfindən avtobusun təchizatı və sanitar vəziyyəti, yol sənədlərinin (reys cədvəlinin, marşrut sxeminin, biletlərin, biletlərin qeydiyyat vərəqəsinin və həmin vərəqədə biletlərin ilk və son nömrələrinə dair qeydlərin, gediş haqqı cədvəlinin, baqaj jetonlarının, yaxud qəbzlərinin) mövcudluğu və onların vəziyyəti yoxlanılır.

10.6. Sanitar tələblərə cavab verməyən və lazımi qaydada təchiz olunmayan avtobus marşrutdan çıxarılır və digər avtobusla əvəz olunur.

10.7. Hər bir avtobus reysə tam hazır vəziyyətdə minik üçün müəyyən edilmiş vaxtdan gec olmayaraq (şəhərlərarası (rayonlararası) əlaqədə avtobusun təyinat (başlanğıc və son) dayanacaqlarından yola düşməsinə ən azı 15 dəqiqə, beynəlxalq əlaqədə isə - 1 saat qalmış) həmin reys üçün müəyyən edilmiş platformaya verilir.

10.8. Avtobusa yalnız həmin reysə bilet almış sərnişinlər buraxılırlar.

10.9. Avtobusun şəhərlərarası (rayonlararası) və beynəlxalq reysə göndərilməsini hərəkət cədvəlinə uyğun olaraq, avtovağzalın (avtostansiyanın) növbətçisi və ya perron nəzarətçisi həyata keçirir. Bu halda növbətçi və ya perron nəzarətçisi aşağıda göstərilən hərəkətləri yerinə yetirir:

10.9.1. avtobusun reysə yola düşməsinə 5 dəqiqə qalmış (tranzit avtobusların yola düşməsinə 3 dəqiqə qalmış) yola düşən sərnişinlərin sayının cədvəldə göstərilən saya uyğunluğunu, yola düşən sərnişinlərdə gediş biletlərinin olub-olmamasını, habelə avtobusda boş yerlərin olub-olmamasını yoxlayır;

10.9.2. yola düşən sərnişinlərin sayını siyahıda qeyd edir və onu sürücüyə verir;

10.9.3. aparılmış yoxlamanı təsdiq edən şəxsi imzasını və ya ştampını qoyur;

10.9.4.   hərəkətin təhlükəsizliyini təmin etməklə, avtobusun perrondan yola düşməsinə icazə verir.

10.10. Perron xidmətinin işçiləri aşağıdakı halların qarşısını almalıdırlar:

10.10.1. zəruri təchizatı olmayan, antisanitar vəziyyətdə olan avtobusun minik üçün verilməsinin, habelə avtobusun minik üçün verilməsində gecikmələrin;

10.10.2. biletsiz və ya etibarsız biletlər olan sərnişinlərin, habelə daşınması rəsmiləşdirilməmiş və ya düzgün rəsmiləşdirilməmiş baqajın avtobusa buraxılmasının;

10.10.3. avtobusda daşınma haqqı ödənilməmiş (o cümlədən tranzit) və daşınması qadağan olunmuş və ya avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarında müəyyən ediləndən artıq sayda yer tutan və ya artıq çəkisi olan baqajın olmasının;

10.10.4. avtobusların reysə həddindən artıq yüklənməsinin, habelə gecikmə ilə yola salınmasının;

10.10.5. sərxoş vəziyyətdə olan sərnişinlərin avtobusa buraxılmasının;

10.10.6. kənar və ya hərəkət cədvəlinə uyğun hərəkət etməyən avtobusların perrona daxil olmasının və sərnişinlərin həmin avtobuslara minməsinin.

10.11. Biletlərin əvvəlcədən və ya gündəlik satışı cədvəllərindəki qeydlər sərnişinlərin tutduğu yerlərin sayına uyğun gəlmədikdə, bunun səbəblərinin aydınlaşdırılması üçün növbətçi dispetçer tərəfindən tədbirlər görülür. Artıq satılmış biletlər aşkar edildikdə, dəqiqləşdirmənin aparılması üçün cədvəl kassirə qaytarılır. Sərnişin gəlmədikdə, perron xidmətinin işçisi cədvəldə bu barədə qeyd edir və öz imzasını qoyur. Boş yerlərin sayı və nömrələri barədə məlumat dispetçerə çatdırılır.

 

XI. Avtovağzalların (avtostansiyaların) təchizatı

 

11.1. Şəhərlərdə və ya şəhər tipli qəsəbələrdə yerləşən avtovağzalın (avtostansiyanın) binasının ön hissəsində müvafiq olaraq «Avtovağzal» («Avtostansiya») sözü yazılmış lövhə olmalıdır. Avtovağzal (avtostansiya) avtomobil yollarının kənarında, şəhər tipli qəsəbələrdə, kənd tipli yaşayış məntəqələrində yerləşdikdə isə qeyd edilən lövhədə yaşayış məntəqəsinin adı göstərilir.

11.2. Avtovağzal (avtostansiya) zonasında olan bina və qurğularda onların təyinatına uyğun yazılar olan lövhələr yerləşdirilməlidir. Avtobusların yola düşmə və gəlmə perronlarında (platformalarında) onlara təyin edilmiş nömrəni və marşrutların adlarını əks etdirən göstəricilər quraşdırılmalıdır.

11.3. Küçə və stansiya zonası ilə vağzal binasının əlaqəsi üçün istifadə olunan bütün bayır qapılarında müvafiq olaraq «Giriş» və «Çıxış» yazıları olmalıdır.

11.4. Xidməti otaqların bütün qapılarının üzərində otaqların təyinatını, habelə vəzifəli şəxsin adı, soyadı və tutduğu vəzifə barədə məlumatları əks etdirən lövhəciklər olmalıdır.

Kənar şəxslərin daxil olması qadağan edilən xidməti otaqların (bilet kassaları, dispetçer otağı, məlumat bürosu, rabitə aparatlarının yerləşdirildiyi otaqlar) qapılarına müvafiq xəbərdarlıq yazılan olan lövhəciklər vurulmalıdır.

 

XII. Avtovağzalın (avtostansiyanın) rəhbərliyinin məsuliyyəti

 

12.1. Müvafiq pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə görə avtovağzalın (avtostansiyanın) rəhbərliyi (mülkiyyətçisi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

12.2. Avtovağzalın (avtostansiyanın) fəaliyyəti və göstərdiyi xidmətlər onlara verilmiş pasportla müəyyən edilmiş tələblərə uyğun olmadıqda, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri tətbiq edilməklə həmin avtovağzala (avtostansiya) verilmiş pasportun qüvvəsinin dayandırılması və ya pasportla müəyyən olunmuş kateqoriyanın aşağı salınması məsələsinə baxılır. [7]

 

XIII. Avtovağzalların (avtostansiyaların) fəaliyyətinə nəzarət

 

Avtovağzallar (avtostansiyalar) tərəfindən bu Əsasnamənin tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti həyata keçirir.

 


 

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə

1 nömrəli əlavə

 

Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün ərizənin

NÜMUNƏVİ FORMASI

 

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti [8]

 

Avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün

ƏRİZƏ

 

Sizdən

________________________________________________________________________________

avtovağzalın (avtostansiyanın) adı

 

avtovağzal (avtostansiya) üçün pasportun verilməsini xahiş edirik.

 

Ünvan:

________________________________________________________________________________

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

 

1. Hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti.

2. Avtovağzalın (avtostansiyanın) planı (avtovağzalın (avtostansiyanın) inzibati binasının planı və minik meydançalarını göstərməklə ümumi plan).

3. Avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası.

4. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. [9]

 

Rəhbərin soyadı, adı

___________________________

 

(imza)

__________________________

“___” ______________ 200 ___ il

 

 

M.Y.

 

 


 

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə

2 nömrəli əlavə

 

Avtovağzalın (avtostansiyanın)

QISA XARAKTERİSTİKASI

 

I. Avtovağzalın (avtostansiyanın) strukturunun qısa xarakteristikası

 

Göstəricilər

1.

Məntəqənin ümumi sahəsi, m2

2.

Tikililərin sahəsi, m2

3.

İş rejimi saat _____________ dan _____________ dək

4.

Ötürmə qabiliyyəti:

- sutka ərzində buraxıla bilən avtonəqliyyat vasitələrinin sayı

- sutka ərzində müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayı

5.

Hərəkətin orta intervalı (dəq.)

6.

Sərnişinlərin minməsi üçün perronların sayı

7.

Biletlərin satışını həyata keçirən kassaların sayı

8.

Xidmət göstərən marşrutların nəzərdə tutulmuş (faktiki) sayı:

- beynəlxalq

- şəhərlərarası (rayonlararası)

 

II. Xidməti-məişət və digər otaqların mövcudluğu barədə məlumatlar

 

Otağın adı

Təyinatı

Otağın sahəsi, m2

Qısa xarakteristika

 

 

 

 

 

 

 

 

 

Rəhbər

________________________________________________________________

 

                   (soyadı, adı, atasının adı, imza, möhürlə təsdiqlənir)

 


 

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə

3 nömrəli əlavə

 

Avtovağzalın (avtostansiyanın) pasportunun

 

NÜMUNƏSİ

 

 

 

“Təsdiq edirəm”

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi [10]

 

______________ / _______ /

 

“____” ___________ 200__ il

 

 

Avtovağzalın (avtostansiyanın)

 

PASPORTU

№ _________

_________________________________________________________________________________

təsərrüfat subyektinin adı, təşkilati-hüquqi forması

_________________________________________________________________________________

avtovağzalın / avtostansiyanın / adı

Avtovağzalın (avtostansiyanın) yerləşdiyi yerin ünvanı:

 

_________________________________________________________________________________

_________________________________________________________________________________

   Avtovağzalın (avtostansiyanın) kateqoriyası

_______________________________________

   Xidmət edilən marşrutların növləri:

 

   1. __________________________

 

   2. __________________________

 

   3. __________________________

 

   Sürücülərin istirahəti üçün otaqlar _____________ yerlikdir.

 

   Ana və uşaq otağı ______________ m2

 

  Sərnişinlər üçün gözləmə zalı _____________ m2

 

 

   Sərnişinlərin minməsi və düşməsi üçün perronların və platformaların sayı:

   ________ perron;

 

   ___________ platforma.

 

   Tibbi yardım məntəqəsi  ___________________

 

Avtovağzalın (avtostansiyanın) iş rejimi saat ______________ dan __________ dək.

 

 


 

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə

4 nömrəli əlavə

 

Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi

MEYARLARI

 

 

 

Sıra

№-si

Göstəricilərin adı

Avtovağzal

Avtostansiya

 

 

I kat.

II kat.

I kat.

II kat.

III kat.

1

2

3

4

5

6

7

1.

Sutka ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayı

300-dən yuxarı

150-dən-300-dək

75-dən -150-dək

25-dən -75-dək

25-dək

2.

İnzibati bina və ya xidməti otaqlar

+

+

+

Yalnız xidməti otaq

Yalnız xidməti otaq

3.

Sərnişinlər üçün gözləmə zalı

Ən azı 100 - sərnişin tutan gözləmə zalı

Ən azı 75 sərnişin tutan gözləmə zalı

35-dən- 75-dək sərnişin tutan gözləmə zalı

15-dən- 35-dək sərnişin tutan gözləmə zalı

15-dək sərnişin tutan gözləmə zalı

4.

Mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr

+

+

+

+

sanitar qovşağı

5.

Bilet kassaları

+

+

+

Bir bilet kassası

Bir bilet kassası

6.

Sürücülərin istirahət otaqları, ana və uşaq otağı, polis otağı

+

+

-

-

-

7.

Əl yüklərinin saxlama kamerası, bufet və tibbi yardım məntəqəsi

+

+

+

-

 

8.

Sərnişinlərin minməsi və düşməsi üçün perronlar, avtobusların reysarası dayanması üçün sahələr, avtobusun salonunun təmizlənməsi postları

+

+

+

+

Yalnız sərnişinlərin minməsi və düşməsi üçün perron

9.

Şəhər nəqliyyatının dayanması üçün sahələri və taksi minik avtomobilləri üçün duracaq yerləri olan vağzalyanı sahə [11]

+

+

+

+

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 aprel 2016-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 812)

2.       1 may 2018-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1106)

3.       21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160)

4.       7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515)

5.       15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281)

6.       8 may 2021-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 521)

7.       23 dekabr 2021-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1534) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2016-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 812) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 2.1-ci bənddən “şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm” sözləri çıxarılmışdır.

 

[2] 21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 2.2-ci, 2.3-cü, 2.5-ci, 2.6-cı, 2.7-ci, 5.2-ci və 12.2-ci bəndlərində və XIII hissənin mətnində ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 aprel 2016-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 812) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 2.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.2.6-cı yarımbənd əlavə edilmişdir.

 

[4] 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 3.2.4-cü yarımbəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

15 oktyabr 2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2020-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1281) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 3.2.4-cü yarımbəndində “əlil arabalarının” sözləri “əlilliyi olan şəxs üçün arabaların” sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2021-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1534) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 3.2.4-cü yarımbənddə “arabaların” sözü “təkərli oturacaqların” sözləri ilə, “araba ilə” sözləri “təkərli oturacaqla” sözləri ilə əvəz edilmişdir.

 

[5] 1 may 2018-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1106) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 5.15.5-ci yarımbəndində “taksi minik avtomobillərin” sözləri “taksi minik avtomobillərinin duracaq yerlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 515) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 6.3-cü bəndin birinci cümləsində və 6.4-cü bənddə “əlil” sözü “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2021-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2021-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1534) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 6.3-cü və 6.4-cü bəndlərdə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[7] 8 may 2021-ci il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 521) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 12.2-ci bəndində “standartlara” sözü “tələblərə” sözü ilə əvəz edilmişdir.

 

[8] 21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160) ilə 1 nömrəli əlavə - “Avtovağzala/avto-stansiyaya/pasportun verilməsi üçün ərizənin nümunəvi forması”nda “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[9] 15 aprel 2016-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 may 2016-cı il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 812) ilə “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin 1 nömrəli əlavə - “Avtovağzala / avtostansiyaya / pasportun verilməsi üçün ərizənin nümunəvi forması”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.

 

[10] 21 yanvar 2019-cu il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 160) ilə 3 nömrəli əlavə - “Avtovağzalın/avto-stansiyanın/ pasportunun nümunəsi”ndə “nəqliyyat naziri” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 1 may 2018-ci il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1106) ilə Əsasnaməyə 4 nömrəli əlavə - “Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi Meyarları”nın 9-cu hissəsində “dayanacaqları” sözü “duracaq yerləri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status