«Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər, əlavələr edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısı»nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının yaradılması haqqında» 2006-cı il 29 dekabr tarixli 512 nömrəli, «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2007-ci il 20 aprel tarixli 565 nömrəli fərmanlarının və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər, əlavələr edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 fevral 2009-cu il
№ 21
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 21 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər, əlavələr edilən və qüvvədən düşən bəzi qərarlarının Siyahısı
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş «Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə»nin 9-cu bəndinin yeddinci abzasında «Azərbaycan Hava Yolları Dövlət Konserni «AZAL», aeroportlarının qəza-xilasetmə xidmətləri» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmətləri» sözləri ilə əvəz edilsin.
2. «Azərbaycan Respublikasının hava nəqliyyatını böhrandan çıxarmaq və onu 1993-1995-ci illərdə və 2000-ci ilə qədər inkişaf etdirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 2 avqust tarixli 423 nömrəli qərarının 10-cu bəndi çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 3-cü bəndinin dördüncü abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserninin» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin.
[1]
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 1 mart tarixli 30 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 187; 2001-ci il, № 5, maddə 345, 2008-ci il, № 6, maddə 586) ilə təsdiq edilmiş «Akkreditiv və ya qabaqcadan ödəmə sisteminə keçirilməyən müəssisələrin Siyahısı»nın VII hissəsində «Azərbaycan Hava Yolları» DK» sözləri hər iki halda «Azərbaycan Hava Yolları» QSC» sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №6, maddə 475; 2002-ci il, № 11, maddə 675; 2003-cü il, № 8, maddə 460; 2005-ci il, № 10, maddə 973; 2006-cı il, № 6, maddə 584; 2007-ci il, № 10, maddə 1021; 2008-ci il, № 2, maddə 116) ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 4.1-ci bənddə, 4.3-cü bəndin birinci, ikinci və üçüncü abzaslarında, 4.4-cü bəndin birinci və ikinci abzaslarında, 4.5-ci bənddə, 4.6-cı və 4.8-ci bəndlərin birinci abzaslarında və 4.9-cu bənddə (hər iki halda) ismin müvafiq hallarında «Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanı» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası»
sözləri ilə əvəz edilsin;
5.2. 4.7-ci bəndin birinci abzasında «Azərbaycan Respublikasında mülki aviasiyanı nizama salan dövlət orqanı» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 871; 2007-ci il, № 12, maddə 1336) ilə təsdiq edilmiş «Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
6.1. «Ümumi müddəalar» bölməsi üzrə:
6.1.1. 1-ci bənddə «Azərbaycan Respublikasının Hava Məcəlləsinə» sözləri «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanununa» sözləri ilə əvəz edilsin;
6.1.2. 3-cü bənddə «Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra - Dövdağmədəntexnəzarət Komitəsi)» sözlərindən sonra «Aviasiya haqqında» Qanunu və» sözləri əlavə edilsin;
6.1.3. 4-cü bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
«Təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazəni Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası verir.»;
6.1.4. 5-ci bənddə «Mülki Aviasiyasını idarə edən dövlət orqanı (MAİEDO)» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
6.1.5. 8-ci bənddə «MAİEDO-ya» sözü «Dövlət Mülki Aviasiya Administrasiyasına» sözləri ilə əvəz edilsin;
6.1.6. 10-cu bənddə «Azərbaycan Respublikası Mülki Aviasiyanı idarə edən dövlət orqanı» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
6.1.7. 12-ci bənddə «Azərbaycan Respublikası MAİEDO-nun» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilsin;
6.1.8. 15-ci bəndin birinci və dördüncü abzaslarında «Azərbaycan Respublikasının MAİEDO» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
6.2. «Əsas anlayışlar» bölməsinin «Qeyd» hissəsində «Azərbaycan Respublikasının MAİEDO-nun» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilsin;
6.3. 1.3-cü bənddə «Azərbaycan Respublikası MAİEDO» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə, 1.4-cü bəndin üçüncü abzasında və 1.5-ci bənddə «Azərbaycan Respublikasının MAİEDO-nun» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə, 1.6-cı bənddə «Azərbaycan Respublikası MAİEDO-nun» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə, 1.7-ci bənddə «Azərbaycan Respublikasının MAİEDO-nun uçuşların təhlükəsizliyi və nəzarəti üzrə Baş Müfəttişlik» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının müvafiq qurumu» sözləri ilə əvəz edilsin;
6.4. 2.10-cu bəndin on beşinci abzasında «Azərbaycan Respublikası MAİEDO» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
6.5. 4.7-ci bənddə «Mülki Aviasiyanın idarə edilməsi üzrə dövlət orqanının (MAİEDO)» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilsin;
6.6. 9.1-ci bəndin ikinci cümləsində «aviasiya müəssisəsinin rəhbərinə (hərbi hissənin komandirinə)» sözlərindən əvvəl «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına və» sözləri əlavə edilsin;
6.7. 14.3-cü bəndin ikinci abzasının altıncı cümləsində «Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının uçuşun təhlükəsizliyi və nəzarəti üzrə Baş Müfəttişliyinin rəisinə» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının müvafiq qurumunun rəhbərinə» sözləri ilə əvəz edilsin;
6.8. 17.3-cü, 17.4-cü və 17.5-ci bəndlərdə «Azərbaycan Respublikasının Hava Məcəlləsi» sözləri «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu» sözləri ilə əvəz edilsin;
6.9. həmin qərarın 4 nömrəli əlavəsində «Azərbaycan Hava Yolları» Dövlət Konserni» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 809; 2002-çi il, № 10, maddə 641; 2003-cü il, № 6, maddələr 342, 348; 2004-cü il, № 10, maddə 871; 2005-ci il, № 6, maddə 541, № 10, maddə 978; 2006-cı il, № 4, maddə 373, № 9, maddə 822, № 10, maddə 903; 2008-ci il, № 2, maddə 130) ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı»nın «Tam təsərrüfat hesablı istehlakçılar» bölməsinin səkkizinci abzasında «Azərbaycan Hava Yolları Dövlət Konserninin» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 88; 2005-ci il, № 9, maddə 855) ilə təsdiq edilmiş «Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi»ndə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.7-ci bəndin «ç» yarımbəndində və 2.9-cu bənddə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru» sözləri ilə əvəz edilsin;
8.2. 3.8-ci bənd çıxarılsın.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 53 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 302; 2006-cı il, № 12, maddə 1163; 2007-ci il, № 11, maddə 1185) ilə təsdiq edilmiş «Mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması haqqında Dövlət Proqramı»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
9.1. 1.4-cü bəndin ikinci cümləsində «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi «Azərbaycan Hava Yolları» Dövlət Konserni ilə qarşılıqlı əlaqədə» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin»;
9.2. 1.4-cü bəndin üçüncü cümləsində, 2.1.2-ci yarımbəndin qırxıncı və qırx birinci abzaslarında, 2.7.5-ci yarımbəndində, 2.7.8-ci yarımbəndində, 4.1.3-cü yarımbəndində (birinci halda), 4.1.6-cı yarımbəndin ikinci abzasında, 4.3.12-ci yarımbəndində, 5.5-ci bəndində, 7.1-ci bəndində (hər iki halda), 2 nömrəli əlavənin 4-cü bölməsinin birinci, on birinci və on ikinci abzaslarında ismin müvafiq hallarında «Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;
9.3. 2.1.2-ci yarımbəndin birinci və otuz üçüncü abzaslarında, 2.2.1-ci yarımbəndin üçüncü abzasında, 2.6.3-cü yarımbənddə, 4.1.2-ci yarımbəndin ikinci abzasında, 4.1.3-cü yarımbənddə (ikinci halda) ismin müvafiq hallarında «Azərbaycan Hava Yolları» Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
9.4. 2.1.2-ci yarımbəndin doqquzuncu abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru» sözləri ilə əvəz edilsin, on dördüncü abzasında «Dövlət Konserni baş direktorunun 1-ci müavini» sözləri «Qapalı Səhmdar Cəmiyyətinin prezidenti» sözləri ilə əvəz edilsin, on səkkizinci abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserni Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri» sözləri ilə əvəz edilsin, on doqquzuncu abzasında «Azəraeronaviqasiya» müəssisəsinin direktoru» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin «Azəraeronaviqasiya» Hava Hərəkəti İdarəsinin rəhbəri» sözləri ilə əvəz edilsin, iyirminci abzasında «Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportunun direktoru» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportunun
rəhbəri» sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda qırxıncı abzas əlavə edilsin və qırxıncı-əlli birinci abzaslar müvafiq olaraq qırx birinci-əlli ikinci abzaslar hesab edilsin:
«Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının müvafiq qurumu;»;
9.5. 2.2.1-ci yarımbəndin beşinci abzasının ikinci cümləsində «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktorunun aviasiya təhlükəsizliyi üzrə köməkçisi (müavini, idarə rəisi)» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının müvafiq qurumunun rəhbəri» sözləri ilə əvəz edilsin;
9.6. 2.2.2-ci yarımbəndin «a» yarımbəndində «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi «Azərbaycan Hava Yolları» Dövlət Konserni ilə birlikdə» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
9.7. 2.3.2-ci yarımbəndin üçüncü abzasında «vəzifəli şəxsləri,» sözlərindən sonra «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndəsi» sözləri əlavə edilsin, «Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinin nümayəndəsi» sözləri çıxarılsın;
9.8. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
«2.4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
2.4.1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Dövlət Proqramının tələblərinin lazımi səviyyədə icra edilməsi üçün hər vasitə ilə müvafiq orqanlara yardım göstərir.
2.4.21. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:
mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına qarşı tədbirlərin
həyata keçirilməsində iştirak edir;
mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə hallarına cavab tədbirlərində öz idarələrinin digər güc strukturları ilə qarşılıqlı fəaliyyətini təşkil edir»;
9.9. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
«2.5. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti
2.5.1.«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti Dövlət Proqramının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
2.5.2. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti:
Azərbaycan Respublikasının nəqliyyat qanunvericiliyinə, bu Dövlət Proqramına və İCAO-nun sənədlərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində sahə və idarələrarası qaydalara, əsasnamələrə, təlimatlara və mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə digər normativ aktlara dair Dövlət Mülki Aviasiya Administrasiyasına təkliflər verir və müvafiq normativ aktların həyata keçirilməsində iştirak edir;
«Azərbaycan Respublikasının beynəlxalq aeroportlarında rejim zonası haqqında Əsasnamə»ni, «Azərbaycan Respublikasının aeroportlarında hava gəmilərinə nəzarətin texnoloji sxemi»ni, «Hava gəmilərinin Azərbaycan Respublikasından xaricə uçuşları zamanı aeroportlarda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti məntəqələrinin, gömrük orqanlarının, nəqliyyatda polis orqanlarının və aviasiya təhlükəsizliyi xidmətlərinin qarşılıqlı fəaliyyəti haqqında Təlimat»ı işləyib hazırlayır və təsdiq edilmək üçün Dövlət Mülki Aviasiya Administrasiyasına təqdim edir;
mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına qarşı əks tədbirlər barədə yuxarı təşkilatlara təkliflər verir;
mülki hava gəmiləri ilə bağlı Azərbaycan Respublikasının ərazisində və qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlətlərin mülki hava gəmilərində baş vermiş aviasiya hadisələrinin, həmçinin qanunsuz müdaxilə aktlarının xidməti araşdırılmasında iştirak edir;
aviasiya təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi texniki vasitələrin yeni nümunələrinin yaradılması və tətbiqinin koordinasiyasını həyata keçirir;
aviasiya personalının aviasiya təhlükəsizlik məsələləri üzrə peşəkar hazırlığı və ixtisas səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;
mülki aviasiya personalının aviasiya təhlükəsizliyinin təmin edilməsi proseduru və tədbirlərinə uyğun öyrədilməsini təşkil edir;
hava gəmisinin qaçırılması və mülki aviasiyanın fəaliyyətinə digər qanunsuz müdaxilə aktları ilə bağlı halların qarşısının alınması üzrə əməliyyatlarda bilavasitə iştirak edir;
qanunsuz müdaxilə aktlarının təhlilini aparır, onların qarşısının alınması üçün tədbirlər işləyib hazırlayır;
aviasiya təhlükəsizliyinin vəziyyəti, görülən işlər və tədbirlər haqqında hər il Dövlət Mülki Aviasiya Administrasiyasına hesabat təqdim edir;
mülki aviasiyanın təhlükəsizliyi üçün riskin yüksək olduğu Azərbaycan Respublikası regionlarında və yüksək səmərəli aviadaşımaları olan dövlətlərdə özünün nümayəndəsini təyin edə bilər»;
9.10. 2.6.3-cü, 2.7.7-ci 2.8.2-ci və 2.13.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
9.11. 2.8.2-ci yarımbənddən «Azərbaycan Hava Yolları» Dövlət Konserni, digər» sözləri çıxarılsın;
9.12. 2.13.2-ci yarımbənddən «Azərbaycan Hava Yolları» Dövlət Konserni və» sözləri çıxarılsın;
9.13. aşağıdakı məzmunda 2.14-cü bənd əlavə edilsin:
«2.14. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası
2.14.1. Azərbaycan Respublikasında mülki aviasiya sahəsində həyata
keçirilən dövlət siyasətini həyata keçirir;
2.14.2. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası:
mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsinə nəzarət edir;
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
Azərbaycan Respublikasının iştirakçısı olduğu mülki aviasiya sahəsində beynəlxalq konvensiyaların icrasına nəzarəti həyata keçirir;
Azərbaycan Respublikası adından beynəlxalq təşkilatlarla aviasiya təhlükəsizliyinə dair məsələlər barədə əlaqələri və yazışmaları həyata keçirir;
Dövlət Proqramının müxtəlif aspektləri ilə məşğul olan və ya onlara cavabdeh olan nazirliklərin, idarələrin və digər təşkilatların fəaliyyətinin əlaqələndirilməsi üsullarını müəyyən edir;
mülki aviasiyanın fəaliyyətinə nəzarəti və dövlət tənzimlənməsini təmin edir;
mülki aviasiyanın aviasiya təhlükəsizliyini təmin edən subyektlərin qeydiyyatını və sertifikatlaşdırılmasını, həmçinin aviasiya fəaliyyəti ilə məşğul olan xüsusi bölmələrin aviasiya təhlükəsizliyi məsələləri üzrə qiymətləndirilməsini həyata keçirir;
müəyyən edilmiş qaydalara uyğun olaraq, təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr verir;
hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq verir;
təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətlərinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları öz səlahiyyətləri daxilində təsdiq edir və onların icrasına nəzarəti həyata keçirir;
mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üzrə əməliyyatların həyata keçirilməsində, qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak edir, həmçinin bu cür qanunsuz müdaxilə aktları üzrə xidməti araşdırma aparır;
müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin hava gəmilərinə, xidməti otaqlara daxil olması, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olması məqsədi ilə, habelə mülki aviasiya sahəsində çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təminatı məsələlərinə dair müvafiq tapşırıqlar və müfəttiş göstərişləri verir və onların icra müddətlərini müəyyən edir;
mülki aviasiya tədris müəssisələrinin sertifikatlaşdırılmasını keçirir və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar mülki aviasiya mütəxəssislərinin hazırlığı və peşəkar səviyyəsinin artırılması üçün tədbirlər işləyib hazırlayır;
qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;
digər ölkələrdə mülki aviasiyanın aviasiya təhlükəsizliyi məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəli orqan təyin edir və onun haqqında Əsasnaməni təsdiq edir»;
9.14. 4.4.2-ci yarımbəndin «Qeyd» hissəsində «Azərbaycan Hava Yolları» Dövlət Konserninin» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilsin;
9.15. 5.6-cı bəndin «e» yarımbəndinin ikinci abzasında «Bu aparatlar» sözlərindən sonra «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında,» sözləri əlavə edilsin;
9.16. 6.4-cü bəndin ikinci abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserninin komanda məntəqəsinin» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının müvafiq qurumunun» sözləri ilə əvəz edilsin;
9.17. 6.6-cı bənddə «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə, » sözlərindən sonra «Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasına,» sözləri əlavə edilsin;
9.18. 7.2-ci bənddə «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi «Azərbaycan Hava Yolları» Dövlət Konserni ilə birlikdə və» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin;
9.19. 2 nömrəli əlavə üzrə:
9.19.1. 3-cü bölməsinin müvafiq olaraq birinci və on dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:
«Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə;»;
9.19.2. 4-cü bölməsinin on dördüncü abzası çıxarılsın;
9.20. 4 nömrəli əlavənin «Aviasiya təhlükəsizliyi üzrə idarələrarası orqanların strukturu»nun «Respublika orqanları» bölməsində «Azal»DK» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin, «Yerli orqanlar» bölməsində «Aviasiya Təhlükəsizliyi İdarəsi (xidməti)» qrafası çıxarılsın və «Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportu» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;
9.21. 4.1.8-ci bənd və 5 nömrəli əlavə çıxarılsın. 4.1.9 - 4.1.19-cu bəndlər müvafiq olaraq 4.1.8 -4.1.18-ci bəndlər hesab edilsin.
10. «Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 866; 2006-cı il, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007-ci il, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008-ci il, № 2, maddə 130, № 4, maddə 308, № 10,
maddə 936, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 yanvar tarixli 1 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:
10.1. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - «Büdcə xərclərinin iqtisadi təsnifatı» üzrə:
10.1.1. 251122 kodunun «Yarımmaddə» sütununda «Dövlət Konserninə» sözləri «Qapalı Səhmdar Cəmiyyətinə» sözləri ilə əvəz edilsin;
«251122. «Azərbaycan Hava Yolları» Dövlət Konserninə verilən subsidiyalar» yarımmaddəsində ismin müvafiq hallarında «Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin;
10.2. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - «Büdcə xərclərinin inzibati təsnifatı»nın «Digər Dövlət Orqanları və Tədbirləri» bölməsinin yeddinci sətrində «Dövlət Konserni» sözləri «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1230; 2006-cı il, № 9, maddə 822, № 11, maddə 1000; 2007-ci il, № 4, maddə 387, № 10, maddə 1021, № 12, maddə 1337) ilə təsdiq edilmiş «İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların
(işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı»nın 7-ci kateqoriyasına aid 3-cü və 4-cü sütunlarında «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il l fevral tarixli 22 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 182) ilə təsdiq edilmiş «Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları»nın 1.6-cı və 2.30-cu bəndlərində «Dövlət Konserni» sözləri «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin.
13. «Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1345; 2008-ci il, № 8, maddə 787) 1-ci, 3-cü, 4-cü, 5-ci bəndlərində ismin müvafiq hallarında «Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 107) ilə təsdiq edilmiş «İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2008-ci ildə aparılacaq monitorinqin qrafiki»nin «İri dövlət vergi ödəyicilərinin adı» sütununun 2-ci bəndində «Azərbaycan Hava Yolları» DK (AzAL)» sözləri «Azərbaycan Hava Yolları» QSC (AZAL)» sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Hava Yolları» Dövlət Konserninin məsələləri haqqında» 1992-ci il 28 aprel tarixli 232 nömrəli, «Azərbaycan Hava Yolları» Dövlət Konserninin nəzdində müstəqil təsərrüfat hesablı nəşriyyat yaradılması haqqında» 1992-ci il 10 avqust tarixli 436 nömrəli və «Ölkənin iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət müəssisələrinin siyahısının təsdiq edilməsi barədə» 1997-ci il 29 sentyabr tarixli 111 nömrəli qərarları (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 265;
2006-cı il, № 11, maddə 1000; 2008-ci il, № 6, maddə 586) qüvvədən düşmüş hesab edilsin.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558) ilə 3-cü bənd ləğv edilmişdir.