AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.10.1996
QEYDİYYAT NÖMRƏSİ
136
ADI
Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.10.1996
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRAR

 

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli «Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında» Fərmanının yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 

Baş nazirin birinci müavini A.RASİ-ZADƏ

 

Bakı şəhəri, 3 oktyabr 1996-cı il

                    № 136

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1996-cı il 3 oktyabr tarixli 136 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi qaydalar

 

1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli Fərmanına uyğun olaraq yaradılmış «Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası» (RTDK) öz səlahiyyətləri çərçivəsində Radioelektron vasitələrinin elektromaqnit uzlaşması, radiotezlik spektrinin bölünməsi və istifadə olunması sahəsində vahid siyasətin hazırlanmasını və həyata keçirilməsini təmin edir, həmçinin radiotezliklərin bölünməsi və istifadəsi ilə məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi üzrə işləri təşkil edir.

2. Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Beynəlxalq Telekommunikasiya Birliyinin (BTB) normativ sənədlərini və bu Əsasnaməni rəhbər tutur.

3. Radiotezliklər üzrə Dövlət Komissayasının tərkibinə:

Komissiyanın sədri — Azərbaycan Respublikası Baş nazirinin müavini;

Komissiyanın sədr müavini — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (vəzifəsinə görə); [2]

həmçinin Radiotezliklər üzrə Dövlət Komissiyasının tərkibinə rabitə, müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin, Dövlət Sərhəd Xidmətinin rəhbərləri tərəfindən təyin edilən bu orqanların səlahiyyətli nümayəndələri daxildir. [3]

Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə radiokommunikasiya vasitələrini istehsal və istismar edən respublikanın digər müəssisələrinin nümayəndələri də bu komissiyasının tərkibinə daxil edilə bilərlər. Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri və onun müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

4. Azərbaycan Respublikası RTDK-sı üçün radiotezlik zolaqlarının bölünməsi, ayrılması, koordinasiya və istifadəsi üzrə materialların hazırlanması və bu sahədə operativ işlərin görülməsi üçün RTDK-sının işçi qrupu yaradılır.

5. Radiotezlik spektrinin bölünməsi və istifadə olunması haqqında RTDK-nın qəbul etdiyi qərarlar mülkiyyətçilik formasından asılı olmayaraq, Radioelektron vasitələrindən istifadə edən, habelə belə vasitələrin layihələndirilməsi və istehsalı ilə məşğul olun bütün nazirlik, müəssisə, idarə, təşkilat, habeə hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməlidir.

 

II. Vəzifələr

 

Azərbaycan Respublikası RTDK-nın əsas vəzifələri aşağıdakılardır:

radioelektron vasitələrinin perspektiv inkişaf planları əsasında radiotezliklər spektrinin bölünməsi və istifadə olunması sahəsində uzunmüddətli dövlət siyasətinin hazırlanması;

müxtəlif tipli radioelektron vasitələrinin radiotezlik spektrindən istifadə olunmasının perspektiv planlarının və Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik zolaqlarının bölünməsi cədvəlinin hazırlanması və dəyişiklik edilməsi;

Beynəlxalq Telekommunikasiya Birliyində (BTB) Azərbaycan Respublikasını təmsil etmək, radiotezliklərin planlaşdırılması, bölünməsi və istifadə olunması məsələlərində Azərbaycan Respublikasının beynəlxalq hüquqlarının müdafiəsinin təmin edilməsi;

radioelektron vasitələrinin layihələndirilməsi, təkmilləşdirilməsi, istehsalı və xaricdən gətirilməsi üçün radiotezlik zolaqlarının ayrılması;

radioelektron vasitələrinin elektromaqnit uzlaşmasının təmin edilməsi sahəsində vahid texniki siyasətin hazırlanması, həyata keçirilməsi;

bütün növlər üzrə radioelektron vasitələrinə verilmiş radiotezliklərin qeydə alınmasının təşkili.

Radiotezliklərdən istifadə qaydalarını müəyyən edir [4]

 

III. Funksiyalar

 

Qarşıya qoyulmuş məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası RTDK-sı aşağıdakı funksiyalara malikdir:

xarici ölkələrin rabitə rəhbərləri ilə radiotezlikləri razılaşdırır, Azərbaycan Respublikasının radioelektron vasitələrinə verilmiş tezliklərin Beynəlxalq Telekommunikasiya Birliyində (BTB) qeydiyyatdan keçirilməsini təmin edir;

ayrı-ayrı radioxidmətlərə verilmiş radiotezliklərin istifadəsinin tənzimlənməsi üçün Azərbaycan Respublikası ilə qonşu ölkələrin rabitə rəhbərləri arasında imzalanacaq müqavilələrin hazırlanmasında iştirak edir;

xarici ölkələrin rabitə rəhbərlikləri ilə radiokommunikasiya məsələlərinə dair aparılan danışıqlarda iştirak edir, imzalanmış müqavilələrdə respublika rabitə rəhbərliyinin götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

marağı olan təşkilatlarla birgə respublikanın radioelektron vasitələrinə verilmiş radiotezliklərin beynəlxalq hüquq mühafizəsi üzrə işlərin illik planını hazırlayır və onun yerinə yetirilməsinə nəzarət edir;

radiotezliklərin istifadəsinin tənzimlənməsi, şüalanmaya nəzarət və öz səlahiyyətləri daxilində olan başqa məsələlərə dair danışıqlarda iştirak edəcək nümayəndəlik üçün texniki tapşırıqlar, göstərilər və iş materialları hazırlayır. Bu nümayəndəliyin tərkibinə dair təkliflər verir, hesabatları təhlil edir və bağlanmış müqavilələrin həyata keçirilməsini təşkil edir;

Radiokommunikasiya Reqlamentinə yenidən baxılması və radiotezliklərin planlaşdırılması və bölünməsinə dair Beynəlxalq Telekommunikasiya Birliyinin təşkil etdiyi beynəlxalq və regional konfranslara hazırlıq komissiyalarında iştirak edir;

Azərbaycan Respublikası ərazisində yerləşən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, xarici dövlət orqanlarının, habelə Azərbaycan Respublikası ərazisində yerləşən digər beynəlxalq təşkilatların radioelektron vasitələri üçün verilmiş radiotezliklərin razılaşdırılması və bu tezliklərin müəyyən olunmuş qaydada Beynəlxalq telekommunikasiya Birliyində qeydiyyat işlərini aparır;

beynəlxalq hüquq xarakterli və radiokommunikasiya üzrə beynəlxalq sazişdə və başqa beynəlxalq aktlarda Azərbaycan Respublikasının mənafeyinə aid olan məsələləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırır;

radioelektron vasitələrinin ərazi-tezlik prinsipləri üzrə yerləşdirilməsi normalarını təsdiq edir və elektromaqnit uzlaşmasını nəzərə alaraq həyata keçirir;

elektromaqnit uzlaşması, radiotezliklərdən istifadə edilməsi, tanınma siqnalları, radioelektron vasitələri ilə təchiz olunma qaydaları və digər tələbatlar üzrə radioelektron vasitələri üçün texniki şərtlər hazırlayır və onların standartlarının layihələrini lazım gəldikdə Dövlət standartlaşdırma orqanları ilə razılaşdırır;

elektromaqnit uzlaşmasının təmin olunması üçün nazirlik, idarə və müəssisələrlə birlikdə təşkilati-texniki tədbirlər hazırlayır və bu tədbirlərin yerinə yetirilməsinə nəzarəti təşkil edir;

radiorabitə sahəsində səmərələşdiricilik və ixtiraçılığın inkişafı, elmi-texniki informasiyaların verilməsi, habelə elmi-tədqiqat və layihə-konstruktor işlərinə həsr olunmuş mövzular üzrə təkliflər hazırlayır və rəy verir;

radiorabitə reqlamentinə uyğun olaraq Azərbaycan Respublikasının xidmət sahələri arasında radiotezlik zolaqlarının bölüşdürülməsi üzrə Milli Cədvəli hazırlayır və nəşr etdirir;

xarici ölkələrlə elmi-texniki əlaqələr haqda müəyyən olunmuş qaydada təkliflər hazırlayır;

radiotezlik zolaqlarının ayrılması üçün nazirlik, idarə, müəssisə, təşkilat və vətəndaşların sifarişlərinin texniki ekspertizasını həyata keçirir və bu zolaqların istifadəsi üçün texniki təkliflər hazırlayır;

sənaye maneələrinin ümumdövlət norma və standartlarına, yüksəktezlikli qurğuların, elektrik avadanlıqlarının, maşın və aparatların, cihazların elektromaqnit uzlaşmasını səciyyələndirən texniki şərtlərə baxır və münasibətini bildirir.

Radioelektron vasitələrin elektromaqnit uzlaşmasını təmin etmək məqsədilə radiotezliklərin ayrılması qaydalarını, radioelektron vasitələrin və  yüksəktezlikli qurğuların layihələşdirilməsinin, istehsalının, quraşdırılmasının, istismar olunmasının və idxal edilməsinin xüsusi şərtlərini, habelə  radiodalğaların qəbulunu sənaye radiomaneələrindən qorumaq üçün kompleks tədbirlərin həyata keçirilməsi şərtlərini müəyyən edir [5]

 

IV. Hüquqlar

 

Azərbaycan Respublikasının RTDK-sı aşağıdakı hüquqlara malikdir:

Beynəlxalq Telekommunikasiya Birliyində bütün növ radiokommunikasiya vasitələrinə verilən radiotezliklərin yenidən baxılması işlərində iştirak etmək;

radioelektron vasitələrinin respublikaya gətirilməsi, respublikamızda layihələndirilməsi və təkmilləşdirilməsi, istehsalı üçün radiotezlik zolağını ayırmaq;

radioelektron vasitələri üçün dövlət standartları, texniki şərtləri, normaları, istismar qaydaları və başqa normativ-texniki sənədlərin hazırlanmasında iştirak etmək.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 oktyabr 1997-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 339)

2.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 342)

3.       21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 750)

4.       5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)

5.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

6.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

7.       21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153)

8.       18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 may 2022-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2022-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 558) ilə ləğv edilmişdir.

 

[2] 21 sentyabr 2004-cü il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 750) ilə «Azərbaycan  Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 3-cü bəndinin üçüncü abzasında "Rabitə Nazirliyi" sözləri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü bəndinin üçüncü abzasında “Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri” sözləri “Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153) ilə “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin üçüncü abzasında “rabitə və yüksək texnologiyalar” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 342) ilə «Azərbaycan  Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 3-cü bəndinə "Dövlət Konserninin" sözlərindən sonra "Dövlət Sərhəd Xidmətinin" sözləri əlavə edilmişdir.

 

5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə «Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 3-cü bəndinin dördüncü abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserninin» sözləri «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin» sözləri ilə əvəz edilmişdir.

 

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin dördüncü abzasından “, milli təhlükəsizlik” sözləri çıxarılmışdır və həmin abzasa “nazirliklərinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilmişdir.

 

[4] 27 oktyabr 1997-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 339) ilə «Azərbaycan  Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 2-ci bölmənin 7-ci abzasından sonra yeni abzas əlavə edilmişdir.

 

[5] 27 oktyabr 1997-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 339) ilə «Azərbaycan  Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 3-cü bölmənin 17-ci abzasından yeni abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status