AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.03.2009
QEYDİYYAT NÖMRƏSİ
69
ADI
Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-03-2009, Nəşr nömrəsi: 51), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2009, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 161)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.03.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında

Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.

Bununla yanaşı, müvafiq icazələrin alınması və qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırlar.

Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə qərara alıram:

1. 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edilsin.

2. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunsun.

3. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə aşağıdakı vəzifələrin yerinə yetirilməsi tapşırılsın:

3.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi (müddətinin uzadılması) məqsədi ilə sənədlərin qəbulu; [1]

3.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi (müddətinin uzadılması); [2]

3.3. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi (müddətinin uzadılması); [3]

3.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması;

3.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi;

3.5-1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması; [4]

3.6. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması;

3.7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması;

3.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr və həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında məlumatların "Giriş-Çıxış və Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə ötürülməsi. [5]

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən daxil olmuş sənədlər əsasında 7 gün müddətində Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilib-verilməməsi ilə bağlı qərarların qəbul edilməsini və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunmasını təmin etsin. [6]

5. Müəyyən edilsin ki: [7]

5.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılır;

5.2. miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər;

5.3. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən aparılır.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. daxili əmək bazarı və işçi qüvvəsinə olan tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən çıxış və qayıdış vizalarının ləğv edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:

7.1. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vəsiqələrin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılmasına dair qərarın nümunəsinə, təsvirinə və spesifikasiyasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi və onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi, tətbiq ediləcək yeni qaydaların əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə çatdırılması məqsədi ilə izahat işlərinin aparılması, yaddaş kitabçalarının hazırlanması və digər zəruri tədbirlərin görülməsini təşkil etsin; [8]

7.3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında icazələrin alınması üçün verilən ərizələrin formalarının, habelə təqdim olunmalı sənədlərin siyahısının və ödənilən dövlət rüsumları barədə məlumatların yerləşdirilməsini təmin etsin;

7.4. əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən elektron poçt vasitəsilə ərizələrin qəbul edilməsinə başlanılması üçün müvafiq tədbirlər görsün.

8. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2009-cu il

    № 69

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 iyun 2011-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2011-ci il, № 138; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 509)

2.       13 sentyabr 2013-cü il tarixli 981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2013-cü il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1047)

  1. 11 sentyabr 2014-cü il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1046)
  2. 21 sentyabr 2015-ci il tarixli 625 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 sentyabr 2015-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1012)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 iyun 2011-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2011-ci il, № 138; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 509) ilə 3.1-ci bəndə “icazələrin” sözündən sonra “, habelə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin” sözləri əlavə edilmişdir.

11 sentyabr 2014-cü il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1046) ilə 266 nömrəli 3.1-ci və 3.2-ci bəndlərdə “fərdi icazələrin verilməsi” sözləri “iş icazələrinin verilməsi (müddətinin uzadılması)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 25 iyun 2011-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2011-ci il, № 138; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 509) ilə 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi;

 

[3] 11 sentyabr 2014-cü il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1046) ilə 3.3-cü bəndə “icazələrin verilməsi” sözlərindən sonra “(müddətinin uzadılması)” sözləri əlavə edilmişdir.

 

[4] 13 sentyabr 2013-cü il tarixli 981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2013-cü il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1047) ilə 3.5-1-ci bənd əlavə edilmişdir.

21 sentyabr 2015-ci il tarixli 625 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 sentyabr 2015-ci il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1012) ilə 3.5-1-ci bəndinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilmişdir.

 

[5] 13 sentyabr 2013-cü il tarixli 981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2013-cü il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1047) ilə 3.8-ci bəndin əvvəlinə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması,” sözləri əlavə edilmişdir.

 

[6] 25 iyun 2011-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2011-ci il, № 138; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 509) ilə 4-cü bənd çıxarılmışdır.

 

[7] 11 sentyabr 2014-cü il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1046) ilə 5-ci hissə ləğv edilmişdir.

 

[8] 13 sentyabr 2013-cü il tarixli 981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2013-cü il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1047) ilə 7.2-ci bəndə “yaşayış yeri” sözlərindən sonra “və olduğu yer” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status