AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI, TƏLİMATLARI VƏ İZAHLARI
QƏBUL EDİLDİYİ TARİX
30.03.2009
QEYDİYYAT NÖMRƏSİ
19/86
ADI
2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 31-03-2009, Nəşr nömrəsi: 66), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2009, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 158)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.03.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə

2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ (REFERENDUM) KOMİSSİYASININ QƏRARI

 

Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun)  hazırlanması və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. İlin əvvəlindən respublika üzrə seçicilər siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsi ilə ictimailəşdirilmiş, habelə seçicilərin tanış olmaları üçün vaxtında nümayiş etdirilmişdir. Referenduma hazırlıq və onun keçirilməsi prosesi sistemli, mütəşəkkil, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim planı əsasında aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı və onların təklifi ilə respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edildikdən sonra seçicilərin maarifləndirilməsi, təklif edilən  düzəlişlərin mahiyyətinin vətəndaşlara izah edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Referendum Aktının layihəsi rəsmi qəzetlərdə (“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”) dərc edilmiş, Milli Məclisin və Mərkəzi Seçki (Referendum) Komissiyasının internet səhifələrində yerləşdirilmişdir.  Layihəyə  uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən hazırlanmış müqayisəli təqdimatı seçicilərin sayı nəzərə alınmaqla çap edilmiş, aşağı seçki komissiyaları vasitəsilə 5 milyona yaxın vətəndaşın ünvanına çatdırılmışdır. Arzu edən şəxslərin həmin sənədləri əldə edə bilmələri üçün seçki məntəqələrində müvafiq şərait yaradılmışdır.

Referendum Aktının layihəsi və Mərkəzi Seçki (Referendum) Komissiyasının hazırladığı müqayisəli təqdimat plakat şəklində də çap edilmiş, seçicilərin tanış olmaları üçün yaxşı görünən yerlərdə asılmaqla ölkə ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılmışdır.

Referendum üzrə səsvermə bülleteninin nümunələri rəsmi qəzetlərdə Azərbaycan və rus dillərində dərc edilmiş, habelə plakat şəklində hazırlanaraq müvafiq yerlərdə asılmaqla seçicilərin diqqətinə çatdırılmışdır.

Referenduma çağırış, onun keçirilmə tarixi və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış məntəqələrinin ərazilərində əhalinin gur olduğu yerlərdə asılmışdır. Maarifləndirici materialların bəziləri, o cümlədən televiziya kanallarında nümayiş etdirilən 4 reklam çarxından biri Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə hazırlanmışdır.

Mərkəzi Seçki (Referendum) Komissiyasının üzvləri və Katibliyin əməkdaşları tərəfindən referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparılmışdır. Bununla bağlı televiziya və radiolarda 100-dək  çıxış olmuş, mətbuatda 120-dən çox məqalə dərc edilmiş, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən hətta vaxtından əvvəl çoxsaylı təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunmuş, toplu halına salınmış, mətbuat və internet vasitəsilə ictimailəşdirilərək maraqlı subtektlərin əldə etmələri üçün onlara lazımi şərait yaradılmışdır. Respublika və müvafiq seçki dairələri üzrə seçki komissiyalarının 31 mindən çox  üzvünü və mütəxəssisini əhatə edən çoxsaylı müxtəlif növ konfranslar, seminar-müşavirələr və treninqlər keçirilmişdir.     

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki (Referendum) Komissiyası və ATƏT-in  Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.

Referendum təyin edildikdən sonra aktiv seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u Mərkəzi Seçki (Referendum) Komissiyasında, 124-ü isə dairə seçki (referendum) komissiyalarında qeydə alınmışdır. Respublika ictimaiyyətinin müxtəlif təbəqələrini özündə əks etdirən təşviqat qruplarının Mərkəzi Seçki (Referendum) Komissiyası və dairə seçki komissiyaları tərəfindən qeydə alınması Referendum Aktının geniş və hərtərəfli müzakirəsində əhəmiyyətli rol oynamışdır. Onlara referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər əsaslarla geniş imkanlar yaradılmış, referendumqabağı təşviqat sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki (Referendum) Komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qrupları İctimai Televiziya və Radio Yayımları Şirkətinin kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüququ qazanmışlar. Bununla əlaqədar Şirkət təşviqat qruplarına həftə ərzində 90 dəqiqəsi televiziyada, 90 dəqiqəsi isə radioda olmaqla 3 saatlıq pulsuz efir vaxtı ayırmışdır. Təşviqat kampaniyası başlayan gün – 2009-cu il fevralın 18-də ödənişsiz efir vaxtının 9 təşviqat qrupu arasında bərabər bölünməsi məqsədilə püşkatma keçirilmişdir. Püşkatmanın nəticələrinə uyğun olaraq, hər həftənin çərşənbə günləri radioda, şənbə günləri isə televiziyada Referendum Aktı layihəsinin seçicilərə çatdırılması üçün dəyirmi masalar təşkil edilmişdir. 4 həftə ərzində bütün təşviqat qrupları ayrılmış  efir vaxtından tam istifadə etmişlər.

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri həftəlik dərc yerinin 10 %-dən aşağı olmamaq şərtilə Mərkəzi Seçki (Referendum) Komissiyasında qeydə alınmış təşviqat qruplarına öz materiallarını ödənişsiz çap etdirmək üçün bərabər həcmdə yer ayırmışlar. Təşviqat kampaniyası dövründə bütün referendum subyektləri həmin imkandan da tam istifadə etmişlər.

Referendumqabağı təşviqatın aparılması üçün Mərkəzi Seçki (Referendum) Komissiyasında qeydə alınmış 9 təşviqat qrupunun hər birinə dövlət büdcəsi hesabına 23.300 manat vəsait ayrılmışdır. Bu vəsaitdən istifadə edən təşviqat qrupları  kütləvi informasiya vasitəsində öz təşviqat materiallarını ödənişli əsaslarla yerləşdirə bilmişlər.

Ümumiyyətlə, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə geniş yer ayırmış, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə dair çoxsaylı şərhlər vermiş, ekspert rəylərini və ictimaiyyət nümayəndələrinin fikirlərini dərc etmişlər.

Təşviqat qrupları seçiciləri Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə və ya əleyhinə səs verməyə çağıran 180 minədək plakat və 400 minə yaxın digər çap materialları hazlrlamış, onları bütün dairə və məntəqə seçki komissiyalarının ərazilərində ayrılmış yerlərdə asmaqla və digər üsullarla yaymışlar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında 2.478-i açıq,  2.065-i qapalı olmaqla cəmi 4.543 yer ayrılmışdır. Təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçirmişlər.

Referendumqabağı təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə edə bilmişlər.

2009-cu il fevralın 18-də başlanmış təşviqat kampaniyası 27 gün davam edərək, martın 17-də başa çatmışdır. Aparılmış ilkin təhlillər həmin mərhələdən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun  çatdırılması yönündə əhatəli iş görüldüyünü təsdiq edir.

Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki (referendum) məntəqələri kifayət qədər kabinə və səsvermə qutuları ilə təmin edilmişdir. Səsvermə seçicilərin 70,83%-nin iştirakı ilə, yüksək fəallıqla keçmişdir. Səsvermə prosesi 47.000-dən çox yerli müşahidəçinin, habelə 25-ə yaxın ölkənin 30-a qədər nüfuzlu beynəlxalq qurumunun 177 nümayəndəsinin, 10 beynəlxalq nüfuzlu KİV nümayəndəsinin və çoxsaylı yerli KİV nümayəndələrinin müşahidəsi ilə, ölkə ərazisində fəaliyyət göstərən seçki (referendum) məntəqələrinin 10%-ə qədərində quraşdırımış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin nəticələri həmin gün Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən ictimaiyyətə çatdırılmış, ümumilikdə isə nəticələr vaxtında müəyyən edilərək rəsmiləşdirilmiş və ictimailəşdirilmişdir.

Səsvermə prosesi başa çatdıqdan sonra Mərkəzi Seçki (Referendum) Komissiyasına bir müraciət daxil olmuşdur ki, o da qanunla müəyyən edilmiş qaydada araşdırılmışdır.

Seçki (referendum) dairələri üzrə səsvermənin nəticələri müəyyən edilərək qanunda nəzərdə tutulmuş müddətdə referenduma yekun vurulması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına təqdim edilmiş, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən bununla əlaqədar müvafiq araşdırma aparılaraq referendumun nəticələrinə dair Protokol tərtib edilmişdir.

Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı lahiyəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.

2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Protokolu  təsdiq edilərək referenduma yekun vurulmalı, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 138-ci və 140-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki (Referendum) Komissiyası referendumdan sonra 25 gündən gec olmayaraq referenduma yekun vurur, referendumun rəsmi nəticələrini elan edir və referendum yolu ilə qəbul edilmiş aktın mətnini dərc edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,  19.14-cü,  28.2-ci, 28.4-cü, 138-ci və 140-cı maddəsinə uyğun olaraq qərara alır:

1. 2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Protokolu  təsdiq edilərək referenduma yekun vurulsun.

2. Ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının lahiyəsi qəbul edilmiş hesab edilsin.

3. Referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr

Məzahir Pənahov

Müavin

Svetlana Qasımova

Katib

Natiq Məmmədov

 

Üzvlər:

Fuad Cavadov

Azər Tağıyev

Ramiz İbrahimov

Tamam Cəfərova

Validə Kazımova

Rövşən İsmayılov

Qabil Orucov

Akif Qurbanov

Tofiq Həsənov

Almas Qəhramanlı

İlham Məmmədov

Oktay Hümbətli

Nizami Nadirov

 

 

 

 

Bakı şəhəri, 30 mart 2009-cu il

№ 19/86

 

 

 

"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında"

 

AZƏRBAYCAN RESPUBLİKASININ REFERENDUM AKTI

 

1. 12-ci maddənin I hissəsinə «azadlıqlarının» sözündən sonra «, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözləri əlavə edilsin.

2. 15-ci maddənin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözləri əlavə edilsin.

3. 17-ci maddə «Ailə, uşaqlar və dövlət» adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:

«III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.».

4. 18-ci maddənin II hissəsində «dinlərin» sözündən sonra «(dini cərəyanların)» sözləri əlavə edilsin.

5. 19-cu maddənin II hissəsində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin.

6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:

«IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.».

7. 29-cu maddənin IV hissəsindən «və ya ictimai ehtiyaclar» sözləri çıxarılsın.

8. 32-ci maddədə:

II hissənin ikinci cümləsində «şəxsi həyata» sözləri «şəxsi və ailə həyatına» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.»;

III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.»;

aşağıdakı məzmunda V hissə əlavə edilsin:

«V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.».

9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:

«III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.».

10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:

«V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.».

11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

«III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.».

12. 67-ci maddədə:

maddənin adında «ittiham edilənlərin» sözləri «təqsirləndirilən şəxslərin» sözləri ilə, maddənin mətnində «ittiham etdiyi» sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin;

maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

«II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.».

13. 71-ci maddədə:

II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.».

aşağıdakı məzmunda IX və X hissələr əlavə edilsin:

«IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.».

14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.».

15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

«II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.».

16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.».

17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

«IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.».

18. 92-ci maddədə «daimi və başqa» sözləri «komitələr və» sözləri ilə əvəz edilsin.

19. 95-ci maddədə:

I hissənin 4-cü bəndinə «dövlətlərarası» sözündən sonra «və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası» sözləri əlavə edilsin;

15-ci bənddə «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin;

aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:

«20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.».

20. 96-cı maddədə:

I hissəyə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,» sözləri, II və IV hissələrinə «Ali Məhkəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,» sözləri əlavə edilsin;

III hissədə «orqanın» sözü «subyektin» sözü ilə əvəz edilsin;

aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:

«VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.».

21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:

«V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.».

22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:

«II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.».

23. 109-cu maddənin I hissəsində:

10-cu bənddə «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:

«Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;»;

13-cü bənddə «İcra Aparatını» sözləri «Administrasiyasını» sözü ilə əvəz edilsin;

17-ci bənddə «dövlətlərarası beynəlxalq» sözləri «dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası» sözləri ilə əvəz edilsin.

24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:

«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.».

25. 129-cu maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:

«II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.».

26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.».

27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

«III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.».

28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II, III və IV hissələr əlavə edilsin:

«I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.

II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.

IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.».

29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:

«VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.».

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status