×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.04.2002
QEYDİYYAT NÖMRƏSİ
311-IIQD
ADI
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 241)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
090.000.000
250.000.000
180.000.000
080.000.000
110.000.000
380.000.000
020.000.000
100.000.000
140.000.000
150.000.000
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 9, maddə 221; № 17, maddə 736; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 226; 1999-cu il, № 1, maddə 8) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2-ci maddədə:

a) "Torpaq Məcəlləsi" sözləri maddədən çıxarılsın;

b) aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:

"torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir".

2. 4-cü maddənin birinci hissəsində "tam təsərrüfat idarəsinə yaxud əməli idarəsinə verilmiş hüquqi şəxslərə" sözləri "üzərində digər əşya hüquqlarına malik olan şəxslərə" sözləri ilə əvəz edilsin.

3. 12-ci maddənin ikinci və üçüncü cümlələri çıxarılsın.

4. 13-cü maddədə:

a) maddənin adında "müqavilənin" sözü "icarə müqaviləsinin" sözləri ilə əvəz edilsin;

b) 1-ci bəndin birinci cümləsində "verilməsinə" sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə" sözləri əlavə edilsin;

c) 5-ci bəndə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin: "İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər".

5. 16-cı və 17-ci maddələr çıxarılsın.

6. 18-ci maddənin 4-cü, 6-cı, 9-cu və 10-cu bəndləri, habelə 8-ci bəndin ikinci cümləsi çıxarılsın.

7. 19-21-ci maddələr çıxarılsın.

II. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 23, maddə 1013; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 1, maddə 6; № 3, maddə 226; № 4, maddə 280) 1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir".

III. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 2, maddə 40; 1994-cü il, № 18, maddə 246; 1995-ci il, № 22, maddə 359) 10-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

"Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir".

IV. "Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 17, maddə 114; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 226) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 5-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır".

2. 8-ci maddənin üçüncü hissəsində "Palatası" sözündən sonra "Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla" sözləri əlavə edilsin.

3. 11-ci maddədə:

a) ikinci hissənin birinci cümləsində "auditor təşkilatının üzvü kimi" sözləri "auditor təşkilatı ilə müqavilə əsasında" sözləri ilə əvəz edilsin;

b) beşinci hissədə "Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaya malik azı üç auditordan ibarət" sözləri "Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş" sözləri ilə əvəz edilsin.

V. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 17-18, maddə 275) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 6-cı maddədə:

a) 3-cü bəndin ikinci abzasında "sahiblikdə, əməli idarəetmədə" sözləri "digər əşya hüquqları əsasında" sözləri ilə əvəz edilsin;

b) 5-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"İnvestor öz öhdəliklərinə təminat vermək üçün yalnız mülkiyyət hüququ əsasında özünə məxsus olan əmlakı girov qoya bilər.".

2. 20-ci maddənin 2-ci bəndinə aşağıdakı redaksiyada beşinci abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər hallarda". [1]

VI. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 23-24, maddə 368) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 6-cı maddədə:

a) 2-ci bəndin sonuncu hissəsində "malın satıldığı gündən" sözləri "əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan" sözləri ilə əvəz edilsin;

b) 3-cü bənddə "3 ildən" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən" sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin 1-ci bəndinin ikinci abzasına aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər".

VII. "Damazlıq işi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 1, maddə 24) 8-ci maddəsinin dördüncü abzasında "təsis etmək" sözləri "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yaratmaq" sözləri ilə əvəz edilsin. [2]

VIII. "Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 101) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 9-cu maddənin 1-ci bəndində "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununa" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və" sözləri əlavə edilsin.

2. 10-cu maddə çıxarılsın.

3. 18-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: "Maliyyə-sənaye qrupları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilir".

4. 19-cu maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Maliyyə-sənaye qrupunun ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, maliyyə-sənaye qrupunun mövcudluğuna son qoyulmuş sayılır".

IX. "Bitki karantini haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 103, 1998-ci il, № 2, maddə 83) 7-ci maddəsinin yeddinci abzasından "onları müsadirə etmək" sözləri çıxarılsın. [3]

X. "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 172) 25-ci maddəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Milli Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 972-ci maddəsi ilə təsbit olunmuş nağdsız hesablaşmaların formalarının tətbiqi üzrə bank qaydalarını və hesablaşma sənədlərinin formalarını həmin Məcəllənin mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalara dair müddəaları nəzərə alınmaqla müəyyən edir". [4]

XI. "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 176; 1998-ci il, № 6, maddə 367, № 1, maddə 644) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 7-ci maddənin 1-ci bəndində:

a) 1-ci yarımbənddə "şəhadətnamənin" sözü "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş sənədin" sözləri ilə əvəz edilsin;

b) 2-ci yarımbənddə "qeydiyyat orqanında təsdiq olunmuş" sözləri çıxarılsın.

2. 8-ci maddənin 2-ci bəndi çıxarılsın.

3. 10-cu maddənin 1-ci bəndində "verməklə" sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin.

4. 15-ci maddənin 2-ci bəndinin ikinci abzasında "Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin" sözləri ilə əvəz edilsin.

5. 16-cı maddənin 1-ci bəndində:

a) birinci cümlədə "ictimai fondlar (o cümlədən xeyriyyə cəmiyyətləri)" sözləri "qeyri-kommersiya təşkilatları, dövlət orqanları və yerli özünüidarə orqanları" sözləri ilə əvəz edilsin;

b) ikinci cümlə çıxarılsın;

c) 2-ci bəndin dördüncü cümləsində "dövlət hakimiyyəti" sözlərindən sonra "və yerli özünüidarə" sözləri əlavə edilsin.

6. 19-cu maddənin birinci hissəsinin birinci cümləsində "icazəsi ilə" sözlərindən sonra "və kreditorlara yazılı məlumat verilməklə" sözləri əlavə edilsin.

7. 20-ci maddədə:

a) 1-ci bəndin birinci cümləsində "dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilmiş" sözləri çıxarılsın;

b) 1-ci bəndin ikinci abzasına aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Nizamnamədə edilmiş dəyişikliklərin hüquqi qüvvəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq müəyyən edilir".

8. 31-ci maddənin 5-ci bəndinin ikinci abzasında:

a) "olunmur" sözündən sonra "bu şərtlə ki, bu barədə bankla müştəri arasında notariat qaydasında təsdiq edilmiş razılaşma olsun" sözləri əlavə edilsin;

b) aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Borcalan ipoteka ilə təmin edilmiş öhdəliyin yerinə yetirilməsini gecikdirdikdə, kredit təşkilatı öz tələblərini ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq yolu ilə ödəmək hüququna malikdir". [5]

XII. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 203) 19-cu maddəsinin altıncı hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır".

XIII. "Bitki mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 274) 1-ci maddəsinin üçüncü hissəsindən "kəndli (fermer) təsərrüfatları və" sözləri çıxarılsın.

XIV. "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 354) 8-ci maddəsinin on birinci abzasında "müəssisələr, idarələr və təşkilatlar" sözləri "müəssisələri, idarələri və təşkilatları" sözləri ilə, "yaratmaq" sözləri "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yaratmaq" sözləri ilə əvəz edilsin.

XV. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 460; 1999-cu il, № 4, maddə 227) 2-ci maddəsinin 2-ci hissəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Bu Qanun bütün kommersiya təşkilatlarına (o cümlədən banklar və digər kredit təşkilatlarına) və qeyri-kommersiya təşkilatlarına şamil edilir".

2. İkinci abzas çıxarılsın və üçüncü abzas ikinci abzas hesab edilsin.

XVI. "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 6, maddə 362) 21-ci maddəsinə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. Birinci hissənin beşinci abzasından "əldə etdikləri balıq məhsullarını və ov alətlərini müəyyən edilmiş qaydada müsadirə etmək" sözləri çıxarılsın.

2. Aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:

"Qeyri-qanuni balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin əldə etdikləri balıq məhsulları və ov alətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsadirə edilə bilər".

3. İkinci-üçüncü hissələr müvafiq olaraq üçüncü-dördüncü hissələr hesab edilsin.

XVII. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddə 676, maddə 687, № 12, maddə 731) 21-ci maddəsində "itkin düşmüş" sözlərindən sonra "və ya ölmüş" sözləri əlavə edilsin.

XVIII. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 9, maddə 562) 17-ci maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci abzasdan "və fiziki" sözləri çıxarılsın.

2. Üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ləğv edildikdə;".

XIX. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 3, maddə 154) 12-ci maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 1-ci hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır".

2. İkinci cümlə üçüncü cümlə hesab edilsin.

XX. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddə 672, maddə 679, № 12, maddə 731) aşağıdakı əlavələr edilsin:

1. 239-cu maddənin 1-ci hissəsində "xərclərin" sözündən sonra "eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin" sözləri əlavə edilsin.

2. 296-cı maddənin 4-cü hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir".

XXI. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 390) aşağıdakı əlavələr edilsin:

1. 5-ci maddəyə aşağıdakı redaksiyada sonuncu abzas əlavə edilsin:

"torpaq sahəsinin rentası və qanunla nəzərdə tutulmuş digər əqdlər".

2. Aşağıdakı redaksiyada 14-1-ci maddə əlavə edilsin:

"Maddə 14-1. Torpaq sahəsinin rentası

Torpaq sahəsinin rentası ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir".

3. 19-cu maddənin birinci hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Torpaq üzərində hüquqlar həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.".

4. 20-ci maddədə "Azərbaycan Respublikasının torpaq" sözlərindən sonra "və mülki" sözləri əlavə edilsin.

XXII. "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 399; 2000-ci il, № 7, maddə 486) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 18-ci maddənin 2-ci bəndində "daşıyıcıdan" sözündən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda" sözləri əlavə edilsin.

2. 19-cu maddənin 1-ci bəndində "olunmalıdır" sözü "oluna bilər" sözləri ilə əvəz edilsin.

XXIII. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 473; 2001-ci il, № 11, maddə 676) 25-ci maddəsinin 11-ci abzasında "tikildikdə" sözündən sonra "(Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla)" sözləri əlavə edilsin. [6]

XXIV. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddə 731, maddə 736) 7-ci maddəsinin beşinci hissəsində "orqanın" sözündən sonra "həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının" sözləri əlavə edilsin.

XXV. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 478) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 51-ci maddənin 5-ci bəndində "İcarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa" sözləri "İcarəyə verənin icazəsi ilə" sözləri ilə əvəz edilsin.

2. 54-cü maddənin 1-ci bəndinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır".

3. 66-cı maddəyə aşağıdakı redaksiyada 5-ci bənd əlavə edilsin:

"5. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır".

4. 67-ci maddənin 1-ci və 2-ci bəndlərində "torpaq reyestrində" sözlərindən sonra "habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində" sözləri əlavə edilsin.

5. 71-ci maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"Torpaq sahəsinin geri alınması haqqında iddia bu barədə yazılı bildiriş həmin sahənin mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər".

6. 75-ci maddədə:

a) 3-cü bənddən "mülkiyyət" sözü çıxarılsın;

b) aşağıdakı redaksiyada 6-cı bənd əlavə edilsin:

"6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir".

7. 78-ci maddəyə aşağıdakı redaksiyada 8-ci bənd əlavə edilsin:

"8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır".

8. 89-cu maddədə:

a) 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Əgər girovqoyan icrasını təmin etmək üçün torpağın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirərsə, girovsaxlayan girovla yüklü edilmiş torpağı açıq hərracdan satmaq hüququna malikdir. Girovsaxlayan öz tələbini yüklü edilmiş torpağın hesabına başqa üsulla təmin edə bilməz. Bu cür razılaşma etibarsızdır";

b) 9-cu bənddə "qanunvericiliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Mülki Məcəlləsi" sözləri əlavə edilsin.

9. 92-ci maddənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir".

10. 101-ci maddənin 1-ci bəndinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödənilməlidir".

XXVI. "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 479) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 7-ci maddədə "ictimai-siyasi təşkilatlar, ictimai fondlar (o cümlədən, xeyriyyə cəmiyyətləri)" sözləri "ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları)" sözləri ilə əvəz edilsin.

2. 8-ci maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sığortaçı nizamnamə kapitalını dövlət qeydiyyatına alınmazdan əvvəl tamamilə ödəməlidir".

3. 10-cu maddəyə aşağıdakı redaksiyada 3-cü hissə əlavə edilsin:

"Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada üçüncü şəxslər üçün qüvvəyə minir".

4. 17-ci maddənin 2-ci bəndində "ictimai təşkilatdır" sözləri "qeyri-kommersiya təşkilatıdır" sözləri ilə əvəz edilsin.

5. 26-cı maddənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, habelə tərəflərin razılığı ilə müqavilədə başqa şərtlər də göstərilə bilər".

6. 28-ci maddənin 2-ci bəndinin ikinci cümləsində "bir-birini" sözlərindən sonra "qanunla müəyyən edilən hallar istisna olmaqla" sözləri əlavə edilsin.

7. 29-cu maddənin 1-ci bəndinin 1.1-ci yarımbəndi çıxarılsın və 1.2-1.8-ci yarımbəndləri müvafiq olaraq 1.1-1.7-ci yarımbəndləri hesab edilsin.

8. 27-ci maddənin 1-ci bəndində "sığortalının ilk sığorta haqqını ödədiyi" sözləri "müqavilənin bağlandığı" sözləri ilə əvəz edilsin. [7]

XXVII. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 1, maddə 10) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 15-ci maddədə "orqanları" sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər" sözləri əlavə edilsin.

2. 17-ci maddənin birinci hissəsinin 14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir".

3. Aşağıdakı redaksiyada 18-1-ci maddə əlavə edilsin:

"Maddə 18-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər tərəfindən aparılan notariat hərəkətləri

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər".

4. 19-cu maddənin birinci hissəsinin 12-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir".

5. 39-cu maddədə:

a) birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan etibarnamələr və 1181-ci maddəsində nəzərdə tutulan vəsiyyətnamələr aiddir";

b) ikinci hissədə "göstərilən" sözündən sonra, üçüncü hissədə isə "sadalanan" sözündən sonra "sənədləri təsdiq edən" sözləri əlavə edilsin.

6. 47-ci maddənin ikinci hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir".

7. 48-ci maddənin birinci hissəsində "vəsiyyətnamə aldıqda" sözlərindən sonra "habelə vəsiyyətnamənin bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin sərəncamını aldıqda" sözləri əlavə edilsin.

8. 51-ci maddənin birinci hissəsinin birinci cümləsində "yaxud" sözündən sonra "vəsiyyətnamə icraçısının və ya" sözləri əlavə edilsin.

9. XIV fəslin adı aşağıdakı redaksiyada verilsin:

"Öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğlərinin, qiymətli kağızlarının və vəsiyyətnamələrin rəsmən depozitə qəbul edilməsi".

10. 74-cü maddədə:

a) birinci hissədə "üçün" sözündən sonra "öhdəliyin icra predmetini saxlamağa" sözləri əlavə edilsin;

b) birinci hissəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187-ci maddəsində nəzərdə tutulmuş vəsiyyətnamələrin saxlanmasını onların depozitə qoyulması ilə təmin edir";

c) ikinci hissədə "Notarius" sözündən sonra "öhdəliyin icra predmetinin" sözləri əlavə edilsin;

ç) üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini və qiymətli kağızları depozitə öhdəliyin icrası yerinin notariusu qəbul edir".

11. 75-ci maddədə:

a) maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmetinin, depozitə qəbul edilmiş pul məbləğlərinin və qiymətli kağızların qaytarılması";

b) maddənin mətni ikinci hissə hesab edilsin və aşağıdakı redaksiyada birinci hissə əlavə edilsin:

"Saxlanmağa qəbul edilmiş öhdəliyin icra predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 538-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada geri qaytarılır".

XXVIII. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:

1. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 23, maddə 411; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 2, maddə 60);

2. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barəsində” Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 23, maddə 412), 3-cü bəndi istisna olmaqla;

3. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 9, maddə 216; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 226, № 5, maddə 387; 1998-ci il, № 1, maddə16);

4. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barəsində” Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 9, maddə 217);

5. “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 21, maddə 314; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 226; 1999-cu il, № 4, maddə 227);

6. “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ("Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 21, maddə 315).

XXIX. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 aprel 2002-ci il
              № 311-IIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 130)

2.       10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2004-cü il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984)

3.       12 may 2006-ci il tarixli 102-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 8, maddə 655)

4.       18 dekabr 2007-ci il tarixli 516-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 16 mart 2008-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 143)

5.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 690)

6.       29 iyun 2012-ci il tarixli 392-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 838)

7.       22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702) ilə V-ci hissə ləğv edilmişdir.

 

[2] 18 dekabr 2007-ci il tarixli 516-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan” qəzeti, 16 mart 2008-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 143) ilə VII hissə ləğv edilmişdir.

 

[3] 12 may 2006-ci il tarixli 102-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 8, maddə 655) ilə IX hissə ləğv edilmişdir.

 

[4] 10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2004-cü il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 984) ilə X hissə ləğv edilmişdir.

 

[5] 16 yanvar 2004-cü il tarixli 590-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 130) ilə XI hissə ləğv edilmişdir.

 

[6] 29 iyun 2012-ci il tarixli 392-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 838) ilə XXIII hissə ləğv edilmişdir.

 

[7] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 690) ilə XXVI hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status