080.000.000
"Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 oktyabr tarixli 637 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları" təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 21 aprel 2009-cu il
№ 67
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 21 aprel tarixli 67 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları
Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı meyarlara əsasən müəyyən olunur:
1. Altı aydan iki ilə qədər müddətə:
1.1. neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpan hərəki, psixi və nitq pozulmaları;
1.2. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar;
1.3. böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi;
1.4. hemorragik vaskulit nəticəsində baş vermiş, 2 aydan çox davam edən və hər il təkrar olunan patoloji hallar;
1.5. ağırlaşmalarla keçən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;
1.6. davamlı II-III dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzilərinin vərəmi;
1.7. birləşdirici toxumanın diffuz, yüksək fəallıq səviyyəsi ilə keçən, 3 aydan çox davam edən və hər il təkrarlanan xəstəlikləri nəticəsində baş vermiş patoloji hallar;
1.8. müəyyən xəstəliyə görə tətbiq edilmiş güclü dərman preparatlarının uzunmüddətli tətbiqi nəticəsində baş vermiş, 3 aydan artıq davam edən və terapevtik korreksiya tələb edən patoloji hallar (nəzərəçarpan mübadilə, damar-immun pozulmaları, qanın formulunun dəyişilməsi və s.);
1.9. bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal.
2. İki il müddətinə:
2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar:
2.1.1. davamlı, nəzərəçarpan hərəki pozulmalar (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.);
2.1.2. davamlı nitq pozulmaları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya;
2.1.3. onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları;
2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar;
2.1.5. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən);
2.1.6. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi;
2.2. analizator sistemlərinin pozulmaları:
2.2.1. hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması;
2.2.2. eşitmə funksiyasının olmaması (III-IV dərəcəli ağıreşitmə, karlıq), nitqin pozulması;
2.3. daxili orqanların və sistemlərin pozulmaları:
2.3.1.qırtlaq və traxeyanın anadangəlmə və ya qazanılmış xəstəlikləri nəticəsində sərbəst tənəffüsün traxeostomik borusuz mümkün olmaması;
2.3.2. ağır gedişli bronxial astma;
2.3.3. mədə-bağırsaq traktının, qaraciyərin və ya öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin funksiyalarının nəzərəçarpan, dayanıqlı pozulmaları;
2.3.4. ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı və ya xroniki nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə və qazanılmış xəstəlikləri;
2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olan patoloji hallar;
2.3.6. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş anadangəlmə və irsi xəstəlik və sindromlar;
2.3.7. qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlobinin 100 q/l-dən aşağı enməsi ilə).
3. Beş il müddətinə :
3.1. maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri (fenilketonuriya, seliakiya və s.);
3.2. kəskin leykoz, limfoqranulomatoz;
3.3. hidrosefaliyaya görə əməliyyatdan sonrakı hal;
3.4. ortopedik və cərrahi xəstəliklər:
3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların II-III dərəcəli funksional catışmazlığını törətmiş əzələlərin patoloji dəyişiklikləri (miofibroz, diffuz kalsinoz və s.), sümük toxumasının nəzərəçarpan iri ölçülü destruksiyaları (osteoporoz, qığırdaq xəstəlikləri və s.);
3.4.2. onurğanın və döş qəfəsinin II dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozulması ilə müşayiət olunan III-IV dərəcəli deformasiyaları;
3.4.3 fiziki aktivliyin (sərbəst yerdəyişmə və özünəxidmət) kəskin məhdudlaşmasına səbəb olmuş bir ətrafın və ya onun seqmentinin anadangəlmə anomaliyaları (mutilyasiyalar, kontrakturalar, sindaktiliyalar, artropatiyalar və s.), iki və ya daha artıq ətrafın oynaqlarının kontraktura və ya ankilozu, iri sümüklərin yalançı oynağı;
3.4.4. anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyası nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyalarının pozulması.
4. 18 yaş tamam olana qədər:
4.1. bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreotetoz tipli), nəzərəçarpan koordinasiya pozulmaları;
4.2. dayanıqlı, terapiya cəhətdən 2 ildən çox rezistent olan qıcolmalar;
4.3. imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi;
4.4. anadangəlmə lal-karlıq;
4.5. görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0,2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması); bir gözün olmaması və ya tam korluğu;
4.6. bronx-ağciyər sisteminin anadangəlmə və ya irsi xəstəlikləri (mukovissidoz, xroniki gedişli alveolitlər və ağciyərlərin digər disseminasiyalı xəstəlikləri);
4.7. dayanıqlı II-III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma;
4.8. ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı ilə;
4.9. anadangəlmə, irsi və ya qazanılmış xəstəliklər nəticəsində qaraciyər funksiyasının nəzərəçarpan, dayanıqlı, bərpaolunmaz pozulmaları;
4.10. xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet;
4.11. inkurabel bədxassəli törəmələr; üzvün funksiyasını pozmuş, cərrahi müalicəsi mümkün olmayan xoşxassəli şişlər;
4.12. müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik-tənasül fistulları, sidik və nəcis saxlamanın pozulmaları;
4.13. daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar;
4.14. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı, bərpaolunmaz pozulmaları:
4.14.1. bir ətrafın güdülü;
4.14.2. birinci barmaq da daxil olmaqla, əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiyası nəticəsində əlin güdülü;
4.14.3. kəllə sümüyünün genişölçülü sümük defekti;
4.14.4. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-oynaq aparatının inkişaf qüsurları nəticəsində sərbəst hərəkətin və özünəxidmə-tin mümkün olmaması;
4.15. daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı: şəkərli diabet (insulin asılılığı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total adrenalektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz, IV dərəcəli piylənmə, ağır formalı toksiki diffuz zob və sair;
4.16. xroniki leykoz, limfoqranulomatoz, histiositoz;
4.17. qanyaratmanın anadangəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyəti (hemoqlobinin 100 q/l-dən aşağı olması, trombositlərin 1 kub/mm-də 100 mindən aşağı olması, leykositlərin 1 kub/mm-də 4 mindən az olması);
4.18. koaqulopatiya və trombopatiyanın ağır formaları, xroniki trombositopenik purpura, ardıcıl residivli gediş, ağır hemorragik krizlər (qanda 1 kub/mm-də trombositlərin 50 mindən az olması);
4.19. talassemiya;
4.20. anadangəlmə immunçatışmazlığı:
4.20.1. ağır kombinə olunmuş immunçatışmazlığı, aqammaqlobuli-nemiya, hipoqammaqlobulinemiya, septik qranulomatoz, limfa vəzilərinin, ağciyərlərin, qaraciyərin və başqa orqanların residivli bakterial yoluxmaları ilə;
4.20.2. hiperimmunoqlobulinemiya-E sindromunun dərialtı toxumanın, ağciyərlərin, qaraciyərin və başqa orqanların "soyuq absesləri" ilə müşayiət olunması, immunoqlobulin-E-nin qanın zərdabında 1000 KED/l-dən yüksək olması;
4.21. qazanılmış immunçatışmazlığı klinik təzahürlərlə.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 dekabr 2015-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 yanvar 2016-cı il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 175)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 dekabr 2015-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 yanvar 2016-cı il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 175) ilə ləğv edilmişdir.