Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 may 2002-ci il
№ 85
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 29 may tarixli, 85 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Reabilitasiya mərkəzləri haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi məqsədilə yaradılan və sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdə ixtisaslaşmış müxtəlif profilli reabilitasiya mərkəzlərinin fəaliyyətini tənzim edir.
1.2. Reabilitasiya mərkəzləri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və sərəncamlarını, digər normativ-hüquqi aktları, həmçinin bu Əsasnaməni rəhbər tutur.
1.3. Reabilitasiya mərkəzləri hüquqi şəxsdir, onun müvafiq xəzinə hesabı, möhürü, ştampı və digər rekvizitləri vardır.
1.4. Reabilitasiya mərkəzləri sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binalarda yerləşdirilməlidir. Reabilitasiya mərkəzi mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin sayı 100 nəfərdən az olmamaqla komplektləşdirilir.
1.5. Reabilitasiya mərkəzləri bilavasitə Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir və həmin təşkilatlar tərəfindən maliyyələşdirilir.
[1]
1.6. Reabilitasiya mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “DOST” mərkəzləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
[2]
2. Reabilitasiya mərkəzlərinin vəzifələri və funksiyaları
Reabilitasiya mərkəzləri:
2.1. sağlamlıq imkanları məhdud karlar və zəif, eşidənlər, korlar və zəif görənlər, ağır nitq qüsurları olanlar, dayaq-hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar (debillər, imbisillər), emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar, psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatışmazlıqları olanların hər biri ilə müvafiq profilə uyğun reabilitasiya işi aparır;
2.2. Əməkdaşları Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birgə ərazidəki məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində vaxtaşırı olaraq sağlamlıq imkanları məhdud şəxsləri müəyyənləşdirir, onların dəqiq uçotunu aparır;
[3]
2.3. sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırır, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələlər keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin edir;
2.4. sağlamlıq imkanları məhdud şəxslərin təhsil, tibbi, sosial və peşə reabilitasiyası ilə bağlı fiziki və hüquqi şəxslərə metodiki məsləhətlər verir;
2.5. sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya potensialını müəyyən edir;
2.6. əqli və ya fiziki inkişafında pozuntuları olan şəxslərin dərinləşmiş müayinədən keçirilməsi üçün elmi-tədqiqat mərkəzlərinə və müalicə-profilaktika müəssisələrinə göndərilməsini təşkil edir.
[4]
3. Reabilitasiya mərkəzlərində məşğələlərin təşkili qaydaları
3.1. Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir.
3.2. Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fərdi və qrup reabilitasiya proqramlarına əsasən sağlamlıq imkanları məhdud şəxslərin sosial və peşə reabilitasiyası həyata keçirilir.
3.3. Reabilitasiya mərkəzlərində məşğələlərin uçotu xüsusi jurnallarda aparılır. Bu jurnalda məşğələni aparan müəllim reabilitasiya mərkəzlərinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, reabilitasiya mərkəzlərinə daxil olduğu tarix, məşğələlərin profili, başlanması, qurtarması və aparılan saatların miqdarı.
3.4. Sağlamlıq imkanları məhdud şəxslərlə keçilmiş mövzular həmin jurnalda qeyd edilir.
4. Reabilitasiya mərkəzlərinin idarə olunması
4.1. Reabilitasiya mərkəzləri Azərbaycan Respublikasının qanunvericiliyinə və reabilitasiya mərkəzinin nizamnaməsinə uyğun olaraq idarə olunur.
4.2. Reabilitasiya mərkəzlərinə direktor rəhbərlik edir. Direktor Elm və Təhsil Nazirliyi tərəfindən təyin və azad edilir.
4.3. Reabilitasiya mərkəzlərinin direktoru ali ixtisas təhsilinə və reabilitasiya sahəsində 5 ildən az olmayan iş stajına malik olmalıdır.
4.4. Reabilitasiya mərkəzlərinin direktoru:
reabilitasiya mərkəzlərinin işini təşkil edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır;
öz səlahiyyətləri daxilində reabilitasiya mərkəzi üzrə əmrlər verir, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və azad edir;
reabilitasiya mərkəzlərinin fəaliyyət istiqamətini, ştat cədvəlini və strukturunu tabeliyində olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi və ya regional təhsil idarəsi ilə razılaşdıraraq təsdiq edir;
[5]
reabilitasiya mərkəzlərinə təşkilati və metodiki rəhbərlik Elm və Təhsil Nazirliyi tərəfindən aparılır.
5. Reabilitasiya mərkəzlərinin strukturu
5.1. Fəaliyyət istiqamətindən asılı olaraq reabilitasiya mərkəzinin strukturuna aşağıdakı kabinetlər daxildir:
müstəqil həyat fəaliyyətinin qiymətləndirilməsi kabineti;
uyğunlaşma tədrisi kabinetləri;
texniki hərəkət vasitələri kabineti;
tiflotexnika, surdotexnika kabineti:
loqopedik xidmət kabineti;
sosial mühit diaqnostikası və sosial-psixoloji testləşdirmə kabineti;
ailə problemləri kabineti;
sosial mühit oriyentasiyası tədrisi və müstəqil yaşamaq vərdişlərinin öyrədilməsi kabineti;
peşəyönümü kabineti;
tədris-istehsalat və reabilitasiya vasitələrinin hazırlanması emalatxanaları;
idman və fiziki tərbiyə kabinetləri;
müalicəvi fiziki tərbiyə kabineti;
fiziki üsullarla reabilitasiya kabinetləri;
statistika kabineti;
kitabxana.
6. Reabilitasiya mərkəzlərinin kadrlarla təmİn olunması və əməyin ödənilməsi
6.1. Reabilitasiya mərkəzlərinin ştatı fərdi qaydada Elm və Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırmaqla konkret şəraitə, işin həcminə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən edilir.
6.2. Reabilitasiya mərkəzlərində əməyin ödənilməsi forması qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.
7. Reabilitasiya mərkəzlərində əmək münasibətləri
7.1. Reabilitasiya mərkəzlərində işçilərlə işəgötürən arasındakı münasibətlər əmək müqavilələri əsasında tənzimlənir. Əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanılır. İşçinin işdən azad edilməsi Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
8. Reabilitasiya mərkəzlərində işə qəbul edilən mütəxəssislər
8.1. Reabilitasiya mərkəzlərində işə aşağıdakı mütəxəssislər qəbul edilirlər:
psixoloqlar;
defektoloqlar (loqoped, oliqofrenpedaqoq, surdopedaqoq, tiflopedaqoq və b.);
həkimlər (psixiator, nevropatoloq, otolorinqoloq və b.);
müəllim-tərbiyəçilər (fərdi və qrup təlim proqramlarını tədris edənlər); - laborantlar;
kitabxanaçı;
texniki xidmət heyəti.
8.2. Reabilitasiya mərkəzlərinə zəruri hallarda məsləhət vermək üçün digər mütəxəssislər əmək haqqı saathesabı qaydasında ödənilmək şərtilə cəlb oluna bilərlər.
9. Reabilitasiya mərkəzlərinə qəbul qaydaları
9.1. Reabilitasiya mərkəzlərinə göndərilən uşaq və yeniyetmələr üçün aşağıdakı sənədlər tələb olunur:
doğum haqqında şəhadətnamə;
xəstəlik tarixindən çıxarış;
məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqlar barədə sağlamlıq göstəricilərini əks etdirən həkim arayışı;
[6]
ümumtəhsil məktəbində təhsil alanların təlim göstəricilərini əhatə edən arayış, xüsusi xasiyyətnamə.
9.2. Əqli və fiziki inkişafında pozuntu olan şəxslərin reabilitasiya mərkəzinə göndərilməsi, tibbi-sosial ekspert, psixoloji-tibbi-pedaqoji komissiyalar və ya müalicə-profilaktika idarələri tərəfindən həyata keçirilir.
[7]
10. Reabilitasiya olunan sağlamlıq imkanları məhdud şəxslərin hüquq və vəzifələri
10.1. Yetkinlik yaşına çatmamış sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiya mərkəzində reabilitasiya olunmaları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.
10.2. Reabilitasiya mərkəzlərində reabilitasiya keçənlərin hüquq və vəzifələri müəssisənin daxili intizam qaydaları və nizamnaməsi ilə müəyyən edilir.
10.3. Sağlamlıq imkanları məhdud şəxslər, onların valideynləri və ya digər qanuni nümayəndələri reabilitasiya mərkəzində reabilitasiya olunmağa razılıq verdikdə, öz imkanları daxilində reabilitasiyanın hazırlanması təşkil edilməsi və keçirilməsi üçün lazım olan düzgün və tam məlumat verməyə, eləcə də proqramda nəzərdə tutulan reabilitasiya rejiminin riayət etməyə borcludur.
11. Reabilitasiya mərkəzlərinin ləğv edilməsi
Reabilitasiya mərkəzləri qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173)
2.
9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319)
3.
26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300)
4.
30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415)
5.
19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)
6.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
7.
9 mart 2023-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.5-ci bəndində “yerli təhsil şöbələrinin (idarələrinin)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin” sözləri ilə əvəz edilmişdir.
[2]
9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə “yerli orqanları” sözlərindən sonra “və “DOST” mərkəzləri” sözləri əlavə edilmişdir.
30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı bəndində “Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin yerli orqanları” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
9 mart 2023-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 1.6-cı və 2.2-ci bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilmişdir.
[3]
17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 2.2-ci bəndində “uşaq tərbiyə” sözləri “təhsil” sözü ilə əvəz edilmişdir.
30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 2.2-ci bəndində “Təhsil, Səhiyyə nazirliklərinin yerli orqanları” sözləri “Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 2.2-ci, 3.2-ci, 4.2-ci bəndlərində, 4.4-cü bəndinin beşinci abzasında və 6.1-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[4]
26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 2.6-cı bəndində “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
[5]
19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 4.4-cü bəndin dördüncü abzasında “təhsil şöbəsi (idarəsi)” sözləri “Bakı şəhəri üzrə Təhsil İdarəsi və ya regional təhsil idarəsi” sözləri ilə əvəz edilmişdir.
[6]
17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 9.1-ci bəndinin dördüncü abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
[7]
26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300) ilə “Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”nin 9.2-ci bəndində “qüsuru” sözü “pozuntu” sözü ilə əvəz edilmişdir.