AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.05.2002
QEYDİYYAT NÖMRƏSİ
88
ADI
Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 325)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.05.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında

Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 29 may 2002-ci il

      № 88

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 may tarixli, 88 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Stasionar şəraitdə təhsilin təşkili

 

QAYDALARI

 

1. Stasionar şəraitdə təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərin ümum-təhsil tədris proqramlarına uyğun təhsili ilə əlaqədar məsələləri tənzimləyir.

2. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir.

3. Stasionar tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir.

4. Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələri tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir. [2]

5. Ümumi metodik rəhbərlik və stasionar tibb müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərlə keçirilən dərslərə nəzarət yerli təhsil orqanları tərəfindən həyata keçirilir.

6. Sağlamlıq imkanları məhdud şəxslərin təlimi ümumtəhsil məktəbinin sadələşdirilmiş proqramı əsasında təsdiq edilmiş xüsusi tədris planı üzrə aparılır.

7. Sağlamlıq imkanları məhdud şəxslərlə təlim işi qrup və ya fərdi formada aparılır. Qrupla məşğələ eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.

Müalicə aparılan şöbədə 4-dən 15-ə qədər I-IV sinif şagirdləri olarsa, sinif-komplekt təşkil edilir.

V-XI sinif şagirdləri üçün qrupla məşğələ iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V- VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).

8. Stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərlə məşğələlərin başlanılması vaxtını və təlimin təşkili formasını xəstənin səhhətindən asılı olaraq baş həkim müalicə həkiminin təklifi əsasında müəyyən edir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.

9. Müəllimlər təlim-tərbiyə işini sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə qurur. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2, V-IX siniflərdə 3, X-XI siniflərdə 3,5 saatı aşmamalıdır.

10. Stasionar tibb müəssisəsinin baş həkimi tədris işinin təşkili üçün lazımi şərait yaradır və məşğələlərin vaxtını təyin edir.

Stasionar tibb müəssisələrində müalicə alan sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik məşğələlərə ayrılan saatların miqdarı aşağıdakı kimidir:

 

Siniflər

Fərdi məşğələlər (saat)

Qrup məşğələləri (saat)

I-III

3

12

IV

4

12

V

4

18

VI-VII

5

18

VIII

5

18

IX

6

18

X-XI

6

21

 

11. Stasionar tibb müəssisələrində sağlamlıq imkanları məhdud şəxslər onların gündəliyinə və təhsil aldıqları məktəbin arayışına əsasən müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.

12. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan məşğələlərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar tibb müəssisəsinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar tibb müəssisəsinə daxil olduğu tarix, məşğələlərin başlanması və qurtarması, aparılan saatların miqdarı.

Sağlamlıq imkanları məhdud şəxslərin biliyinin qiymətləndirilməsi və keçilmiş mövzular sinif jurnalında qeyd edilir.

Stasionar tibb müəssisəsindən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslərin haqqında yuxarıda göstərilən məlumatlar bu müəssisənin təlim-tərbiyə işini bilavasitə təşkil edən ümumtəhsil məktəbinə göndərilir.

13. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisəsində dərs ləvazimatları ilə tam dövlət təminatındadırlar.

14. Stasionar tibb müəssisəsindən evə yazılarkən sağlamlıq imkanları məhdud şəxslərə hər bir fənn üzrə cari və rüblük qiymətlər olan arayış verilir. Bu arayış stasionar tibb müəssisəsində təlim-tərbiyə işini təşkil edən ümumtəhsil məktəbinin direktorunun və baş həkimin imzaları və möhürləri ilə təsdiq edilir.

15. Stasionar tibb müəssisəsində təhsil alan sağlamlıq imkanları məhdud şəxslərdən ibarət kontingentin qeydiyyatı onların stasionar tibb müəssisəsinə qədərki təhsil aldıqları məktəblərin statistik hesabatında aparılır.

16. Sağlamlıq imkanları məhdud şəxslərin sonrakı təhsili, sinifdən-sinfə keçirilməsi, buraxılış imtahanlarından azad olunması psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 iyun 2013-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 721)

2.       21 sentyabr 2015-ci il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1224)

3.       28 aprel 2017-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 660)

4.       24 dekabr 2021-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1537) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 dekabr 2021-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1537) ilə ləğv edilmişdir.

 

[2] 10 iyun 2013-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 721) ilə "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları"nın 4-cü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Stasionar tibb müəssisələrində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi qanunvericiliklə müəyyən olunmuş saathesabı ödənilmə məbləğləri əsasında faktiki dərs saatlarına görə ümumtəhsil məktəbinə ayrılmış vəsait dairəsində ödənilir.

21 sentyabr 2015-ci il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2015-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1224) ilə “Stasionar şəraitdə təhsilin təşkili Qaydaları”nın 4-cü hissəsində “2011-ci il 13 dekabr tarixli 203 sözləri “2013-cü il 30 avqust tarixli 240 sözləri ilə və “bölməsinin” sözü “və Gəncə bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

28 aprel 2017-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 660) ilə “Stasionar şəraitdə təhsilin təşkili Qaydaları”nın 4-cü hissəsinin ikinci cümləsində “2013-cü il 30 avqust tarixli 240 sözləri “2016-cı il 3 mart tarixli 106 sözləri ilə və “elm və elmi tədqiqat müəssisələri” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status