“Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat” təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 may 2009-cu il
№ 78
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu ü 15 may tarixli 78 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan Respublikası ərazisində baş vermiş terror aktlarının əleyhinə əməliyyatların keçirilməsi üçün Əməliyyat Qərargahı tərəfindən yaradılan qrupların funksional vəzifələrini müəyyən edir.
[1]
1.2. Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin edən əməliyyat qruplarının əsas məqsədləri aşağıdakılardır:
terrorçuluğa məruz qalmış obyektin təhlükədən azad edilməsi;
terrorçuluğa məruz qalmış mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi;
terrorçuların zərərsizləşdirilməsi;
terrorçuluğa məruz qalmış obyektə ziyan vurulmasının və məhv edilməsinin qarşısının alınması, partlayıcı, kimyəvi, radioaktiv, zəhərləyici və digər təhlükəli əşya və vasitələrin aşkarlanması və zərərsizləşdirilməsi;
əməliyyatlar zamanı mülki əhalinin həyat və sağlamlığına dəyə biləcək qəsdlərin (zərərin) aradan qaldırılması zamanı müvafiq tibbi və digər tədbirlərin həyata keçirilməsi;
terrorun başvermə səbəb və şəraitinin araşdırılması.
2. Əməliyyat Qərargahına daxil olan qrupların fəaliyyətinə rəhbərlik
2.1. Əməliyyat Qərargahının fəaliyyətinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin və azad edilən Qərargahın rəhbəri həyata keçirir.
2.2. Əməliyyat Qərargahının fəaliyyətini təmin edən əməliyyat qruplarına rəhbərliyi Qərargahın tərkibində olan müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri həyata keçirir.
2.3. Qərargah rəhbərinin əsas vəzifələri aşağıdakılardır:
Qərargahın fəaliyyətini təşkil etmək və ona ümumi rəhbərliyi həyata keçirmək;
Qərargahın tərkibinə daxil olan vəzifəli şəxslərin səlahiyyət bölgüsünü aparmaq;
terror əleyhinə aparılan əməliyyat zonasının sərhədlərini müəyyən etməklə, bu əməliyyatın keçirilməsinə cəlb olunmuş qüvvə və vasitələrə, silah, xüsusi texnika, qoruyucu ləvazimat və avadanlıqlara tələbatı müəyyənləşdirmək və təyinatı üzrə istifadəsi barədə qərar qəbul etmək, silahın istifadəsi qaydaları barədə qrup rəhbərlərini təlimatlandırmaq;
zərurət yarandıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada terror əleyhinə aparılan əməliyyat zonasında fövqəladə vəziyyətin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmaq;
terror əleyhinə əməliyyatın keçirilməsi üçün mövcud qüvvə və vasitələrdən istifadə etməklə, əməliyyat qruplarının təşkili barədə müvafiq tapşırıqlar vermək və onların fəaliyyətinə bilavasitə rəhbərliyi həyata keçirmək;
qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək və hüquqlardan istifadə etmək.
2.4. Qərargah rəhbəri terror aktının zərərsizləşdirilməsinə və keçirilmiş əməliyyatın nəticələrinə görə şəxsi məsuliyyət daşıyır.
3. Terror əleyhinə əməliyyatın keçirilməsi üçün yaradılan qruplar
Terror əleyhinə aparılan əməliyyatın keçirilməsi üçün aşağıdakı qruplar yaradıla bilər:
təcrid qrupu;
mühasirə qrupu;
zəbt qrupu;
snayperlər qrupu;
istehkamçı qrupu;
cinayətkar hərəkətlən qeydə alan qrup;
filtrasiya-yoxlama qrupu;
təhlil qrupu;
elçilər qrupu;
rabitəni təmin edən qrup;
kütləvi informasiya vasitələri ilə əlaqə qrupu;
ehtiyat qrupu;
kəşfiyyat qrupu;
axtarış qrupu;
təqib qrupu;
inzibati qrup;
efirə nəzarət qrupu;
kinoloji qrup;
qəza-xilasetmə qrupu;
tibbi yardım qrupu.
3.1. Təcrid qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçuluq aktının baş verdiyi ərazinin gizli və aşkar təcrid olunması, terrorçuların qaçmasının qarşısının alınması;
kənar şəxslərin, həmçinin terrorçularla mümkün əlaqəsi olan şəxslərin əməliyyat keçirilən rayona daxil olmasının qarşısının alınması;
hücum zamanı zərurət yarandığı hallarda zəbt qrupuna terrorçuların zərərsiziəşdirilməsi üçün kömək göstərilməsi;
əməliyyat baxımından maraq doğuran bütün məsələlər barədə Əməliyyat Qərargahına məlumatın verilməsi.
3.2. Mühasirə qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
əməliyyat keçirilən rayonun mühasirəyə alınması və oraya (və ya oradan) kənar şəxslərin və nəqliyyat vasitələrinin daxil olmasının (çıxmasının) qarşısının alınması;
mühasirə zonasına icazəsiz daxil olmağa (və ya çıxmağa) cəhd etmiş bütün şəxslərin saxlanılması və filtrasiya-yoxlama məntəqələrinə gətirilməsi;
terrorçuların təcrid halqasından keçərkən, yaxalanması (son zərurət hallarında silahdan istifadə olunması);
əməliyyat baxımından maraq doğuran bütün məsələlər barədə Əməliyyat Qərargahına məlumatın verilməsi.
3.3. Zəbt qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçular tərəfindən ələ keçirilmiş obyektə (əraziyə) daxil olma;
terrorçuların zərərsizləşdirilməsi, xüsusi hallarda məhv edilməsi;
fövqəladə hadisələrin qarşısının alınması;
girovların azad edilməsi;
cinayətin izlərinin (sənədlərin, qiymətli əşyaların və s.) əməliyyat başa çatana qədər saxlanılması;
Əməliyyat Qərargahının rəhbərinin göstərişinə qədər mühasirə zonasını tərk etmiş şəxslərin mühafizəsi.
3.4. Snayperlər qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçuların daim nişan altında saxlanılması, əmr alındıqdan sonra onların məhv edilməsi;
terrorçuluq hadisəsinin baş verdiyi ərazinin (yerin) daim müşahidə altında saxlanılması, terrorçuların yerləri, hərəkətləri, silahlan, əlamətləri və s. barədə Əməliyyat Qərargahına məlumatın verilməsi.
3.5. İstehkamçı qrup
Qrupun vəzifələri aşağıdakılardır:
şübhəli əşyaların müəyyənləşdirilməsi məqsədi ilə terror aktının baş verdiyi əraziyə (yerə) baxış keçirilməsi;
aşkar edilmiş şübhəli əşya və vasitələrin müəyyənləşdirilməsi;
partlayıcı, kimyəvi, radioaktiv, zəhərləyici və digər təhlükəli əşya və vasitələrin götürülməsi və xüsusi ayrılmış yerlərdə (mümkün olmadığı hallarda yerindəcə) zərərsizləşdirilməsi.
3.6. Cinayətkar hərəkətləri qeydə alan qrup
Qrupun vəzifələri aşağıdakılardır:
təxirəsalınmaz istintaq hərəkətlərini həyata keçirməklə, cinayətin izlərinin qeydə alınması;
girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyatın keçirilməsinin, silahların, cinayətin başqa alət və vasitələrinin və digər sübutların götürülməsinin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi;
hadisə yerinin, terrorçuların əməllərinin, həmçinin əməliyyatın gedişatının video və foto çəkilişlərinin aparılması.
3.7. Filtrasiya-yoxlama qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçuların və onların mümkün əlaqələrinin müəyyən edilməsi məqsədi ilə girovların, həmçinin mühasirə zolağında saxlanılmış şübhəli şəxslərin filtrasiya-yoxlama məntəqələrində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun yoxlanılması;
girovların sayının dəqiqləşdirilməsi, onların şəxsiyyətləri barədə müəyyənedici məlumatların toplanılması;
müəyyən edilmiş şəxslərin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) üzrə məlumat şöbəsi, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat uçotları, ruhi xəstəliklər üzrə dövlət tibb müəssisəsi xətti ilə yoxlanılması;
[2]
yoxlama prosesində əməliyyat marağı doğurmuş şəxslərin yaşayış və iş yerləri üzrə müvafiq Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələri vasitəsilə yoxlanılması, terrorçuların qohumlarının və yaxın əlaqələrinin müəyyən edilməsi (zərurət yarandıqda, terrorçulara dayandırıcı təsir etmək üçün istifadə olunmalarının mümkünlüyünün dəqiqləşdirilməsi məqsədi ilə);
cinayətkar hərəkətləri qeydə alan qrupla birlikdə saxlanılmış şəxslərin əl əşyalarının (şübhə doğurduqda - şəxsi) yoxlanılması;
yoxlama prosesində aşkarlanmış odlu silah, döyüş sursatı, partlayıcı qurğu və maddələr, zəhərləyici maddələr və narkotik vasitələr, külli miqdarda valyuta və qiymətli əşyaların (qızıl, əntiq və s.) prosessual qaydada götürülməsi və sənədləşdirilməsində iştirak etmək;
cinayətkar hərəkətləri qeydə alan qrup üçün maraq doğuran şəxslərlə, həmçinin cinayətin iştirakçılarının müəyyən edilməsi məqsədi ilə azad edilmiş girovlarla və hadisənin şahidi olmuş şəxslərlə hazırlanmış suallar əsasında sorğu aparılması.
3.8. Təhlil qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
yaranmış vəziyyətin təhlili, qiymətləndirilməsi, proqnozlaşdırılması və terror əleyhinə aparılan əməliyyatın keçirilməsi üçün Qərargah rəhbərliyinə təklif və məsləhətlərin verilməsi;
terrorçuların psixoloji durumunun təhlili və Əməliyyat Qərargahı rəhbərinin göstərişi ilə zəruri vasitələr tətbiq etməklə, onlara təsir göstərilməsi.
3.9. Elçilər qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
Əməliyyat Qərargahı rəhbərinin göstərişi ilə terrorçularla birbaşa danışıqların aparılması;
terrorçularla bilavasitə təmasda olarkən onların şəxsiyyəti, planlan və niyyətləri, davranışları, girovların vəziyyəti barədə məlumatların toplanılması;
terrorçularla psixoloji kontaktın yaradılması, danışıqlar prosesində onların aqressivliyinin azaldılması, cinayətkar niyyətlərindən çəkindirilməsi;
terrorçularla girovların, xüsusən uşaqların, qadınların, qocaların, xəstə və yaralıların azad olunması barədə söhbət aparılması;
girovların ölümünə və digər ağır nəticələrə səbəb ola biləcək hadisələrin inkişafına yol verilməməsi;
terrorçuların tərksilah olunması üzrə xüsusi əməliyyatın uğurlu keçməsi üçün onların hərəkətlərinə təsir edilməsi (ələ keçirilmiş obyektə - əraziyə zəbt qrupunun pərdələnmiş üzvlərini buraxmağa sövq edilməsi, diqqətlərinin yayındırılması və ya yanlış istiqamətə yönəldilməsi).
3.10. Rabitəni təmin edən qrup
Qrupun vəzifələri aşağıdakılardır:
Əməliyyat Qərargahının texniki imkan çərçivəsində zəruri olan qapalı rabitə kanalları və vasitələri ilə təmin edilməsi;
əməliyyat qruplarına radiostansiyaların və rabitə cədvəllərinin verilməsi.
3.11. Kütləvi informasiya vasitələri (KİV) ilə əlaqə qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçuluq hadisəsi və onun əleyhinə keçirilən əməliyyat tədbirləri barədə KİV üçün rəsmi məlumatların hazırlanması;
Əməliyyat Qərargahının fəaliyyəti haqqında mətbuat konfranslarının keçirilməsi;
terrorçuların tərksilah olunması məqsədi ilə xüsusi əməliyyatın uğurlu keçirilməsi üçün Əməliyyat Qərargahı tərəfindən hazırlanmış dezinformasiya xarakterli (terrorçuların diqqətinin yanlış istiqamətə yönəldilməsi, onlara psixoloji təsir göstərilməsi və s. məqsədlər üçün) məlumatların KİV vasitəsilə yayımlanması.
3.12. Ehtiyat qrupu
Bu qrupdan zərurət yarandığı yerlərdə Əməliyyat Qərargahı rəhbərinin göstərişi ilə istifadə olunur.
3.13. Kəşfiyyat qrupu
Bu qrupdan Əməliyyat Qərargahı rəhbərinin göstərişi ilə terror əleyhinə keçirilən əməliyyatın maraqları çərçivəsində, kəşfiyyat xarakterli məlumatların toplanılması üçün istifadə olunur.
3.14. Axtarış qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
gizlənmiş terrorçuların və axtarışda olan digər şəxslərin tapılması, yaxalanması və zərərsizləşdirilməsi;
terror əleyhinə əməliyyatın keçirildiyi ərazidə gizlədilmiş partlayıcı, kimyəvi, radioaktiv, bioloji zəhərləyici və digər təhlükəli əşya və vasitələrin aşkarlanması, onların qorunması və istehkamçı qrupuna təhvil verilməsi.
3.15. Təqib qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terror əleyhinə əməliyyatın keçirildiyi ərazidən qaçmış terrorçuların və şübhəli şəxslərin tutulması, onların tərksilah edildikdən sonra filtrasiya-yoxlama qrupuna təhvil verilməsi;
əməliyyat zamanı təcrid və mühasirə qrupları tərəfindən saxlanılmış şəxslərin filtrasiya-yoxlama məntəqəsinə aparılması və ya cinayətkar əməlləri qeydə alan qrupa təhvil verilməsi.
3.16. İnzibati qrup
Qrupun vəzifələri aşağıdakılardır:
Əməliyyat Qərargahının yerləşdiyi binaya buraxılış rejiminin təmin edilməsi;
mühasirə zolağından terror əleyhinə əməliyyat keçirilən əraziyə əməliyyat qruplarının və nəqliyyat vasitələrinin buraxılması;
əməliyyat qruplarının hadisə yerinə gəlmələrinin (getmələrinin) qeydə alınması.
3.17. Efirə nəzarət qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
terrorçuların, onlara kömək edən şəxslərin və girov saxlanılanların istifadə etdikləri mobil telefon və ya radiostansiyalarla aparılan danışıqların qeydə alınması, bu vasitələrin yerlərinin təyin edilməsi;
zəruri hallarda terrorçuların radiorabitə vasitəsilə apardıqları danışıqlara texniki maneələrin yaradılması.
3.18. Kinoloji qrup
Qrupun vəzifələri aşağıdakılardır:
xüsusi hazırlanmış itlər vasitəsilə terror əleyhinə əməliyyatın keçirildiyi ərazidə gizlədilmiş partlayıcı qurğu və maddələrin, kimyəvi, zəhərləyici, narkotik və digər təhlükəli əşya və vasitələrin aşkarlanması və mühafizə edilməsi;
saxlanılmış terrorçuların və şübhəli şəxslərin üzərində gizlədilən partlayıcı qurğu və maddələrin, kimyəvi, zəhərləyici, narkotik və digər təhlükəli əşya və vasitələrin aşkarlanması;
gizlənmiş terrorçuların və axtarışda olan digər şəxslərin izləri üzrə axtarışı, yaxalanması və zərərsizləşdirilməsi.
3.19. Qəza-xilasetmə qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
əməliyyat zamanı yanğın və ya digər fövqəladə hadisə baş verdiyi təqdirdə əvvəlcədən hazır vəziyyətə gətirilmiş texniki vasitələrlə terror aktının nəticələrinin aradan qaldırılması, yanğının söndürülməsi və lokallaşdırılması;
zəruri hallarda Əməliyyat Qərargahı rəhbərinin göstərişi ilə zəbt və istehkamçı qruplara kömək göstərilməsi;
mülki vətəndaşların təhlükəli zonadan təxliyə edilməsi;
azad edilmiş girovların filtrasiya-yoxlama məntəqəsinə aparılması;
xəsarət almış şəxslərə (əməliyyat qruplarının üzvlərinə, girovlara və terrorçulara) ilkin yardım göstərilməsi;
gecə vaxtı keçirilən əməliyyat zamanı terrorçulara görmə qabiliyyətinin zəiflədilməsi və əməliyyat qruplarının hərəkətlərini izləmək imkanından məhrum edilməsi üçün projektor qurğularından istifadə olunması.
3.20. Tibbi yardım qrupu
Qrupun vəzifələri aşağıdakılardır:
əməliyyatın gedişatı zamanı xəsarət almış şəxslərə (əməliyyatın iştirakçılarına, mülkü şəxslərə və yaralı terrorçulara) ilkin tibbi yardım göstərilməsi;
stasionar şəraitdə təcili yardıma ehtiyacı olanların tibb müəssisələrinə aparılması;
azad edilmiş girovlara ilkin tibbi yardım göstərilməsi.
Qeyd. Əməliyyat qruplarının rəhbərləri qarşıya qoyulmuş məsələnin həlli üçün hər bir qrup üzvünün konkret vəzifəsini müəyyənləşdirməli, şəxsi heyəti rabitə vasitələri, silah və xüsusi vasitələrlə təmin etməlidirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 fevral 2016-cı il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 375)
2.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
3.
30 noyabr 2020-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1413)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 fevral 2016-cı il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 375) ilə “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 1.1-ci bəndində “terror aksiyalarının” sözləri “terror aktlarının” sözləri ilə, 2.4-cü bəndində və 3.19-cu bəndinin ikinci abzasında “terror aksiyasının” sözləri “terror aktının” sözləri ilə əvəz edilmişdir.
[2]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 3.7-ci bəndinin dördüncü və beşinci abzaslarından “Milli Təhlükəsizlik Nazirliyinin və” sözləri çıxarılmışdır və həmin abzaslara “Daxili İşlər Nazirliyinin” sözlərindən sonra “və Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilmişdir.
30 noyabr 2020-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1413) ilə “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 3.7-ci bəndinin dördüncü abzasında “Səhiyyə Nazirliyinin ruhi xəstəliklər üzrə” sözləri “ruhi xəstəliklər üzrə dövlət” sözləri ilə əvəz edilmişdir.