Azərbaycan Respublikasının bir sıra bölgələrində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1997-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikasının bir sıra bölgələrində yağan şiddətli leysan yağışları, dolu, sel və daşqınlar nəticəsində 12 nəfər həlak olmuş, yüzlərcə yaşayış evləri və sosial obyektlər dağılmış və ya ciddi zədələnmiş, kommunikasiya sistemlərinə, dövlət təsərrüfatına və əhaliyə külli miqdarda maddi ziyan dəymişdir.
Qısa müddət ərzində görülən təcili tәdbirlәr nəticəsində fəlakət baş vermiş rayonlarda qəza vəziyyətinin genişlənməsinin qarşısı alınmış, həyat təminatı obyektlərinin fəaliyyəti müvəqqəti sxem üzrə bərpa edilmişdir. Bu məqsədlər üçün lazımi qədər maşın, mexanizm, yanacaq və digər vəsait səfərbər olunmuşdur. Eyni zamanda dağılmış və ya ciddi zədə almış avtomobil yollarının, elektrik və rabitə xətlərinin bərpası və ayrı-ayrı rayonlarda yaranmış sanitar-epidemioloji gərginliyin aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilir.
Baş vermiş təbii fəlakət nəticəsində əhaliyə və ölkənin iqtisadiyyatına dəymiş ziyanın aradan qaldırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına tapşırılsın ki, təbii fәlakәt nəticəsində ölkənin bir sıra bölgələrində baş vermiş qəza vəziyyətini tezliklə aradan qaldırmaq və yeni yarana biləcək qəza hallarının qarşısını almaq üçün lazımi tədbirlər görsün.
2. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 33,0 milyard manat vəsait ayrılsın. Bu vəsaitin 15 milyard manatı dövlət mülkiyyətinin özəlləşdirilməsindən Azərbaycan Respublikasının dövlət büdcəsinə daxilolmalar hesabına, qalam isə dövlət büdcəsində nəzərdə tutulmuş investisiya xərcləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ehtiyat fondu və digər mənbələr hesabına maliyyələşdirilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- təbii fəlakət baş vermiş rayonlarda bərpa işlərini 1997-ci ilin sonunadək başa çatdırmaq məqsədi ilə müvafiq proqram hazırlayıb təsdiq etsin;
- ayrılmış vəsaitin məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etsin, görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin;
- təbii fəlakət nəticəsində insan itkisi vermiş ailələrə həlak olmuş hər bir ailə üzvü üçün iki milyon manat məbləğində vəsait ayırsın;
- bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Rabitə Nazirliyinə, Azərbaycan Respublikasının Mənzil-Kommunal Təsərrüfatı Komitəsinə, Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Komitəsinə, "Azəravtoyol" Dövlət Şirkətinə, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinə, "Azərenerji" Səhmdar Cəmiyyətinə və digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, müəssisə və təşkilatlara tapşırılsın ki, bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitin kifayət etmədiyini nəzərə alaraq təbii fəlakət nəticəsində sıradan çıxmış, zədə almış rabitə və elektrik xətlərinin, avtomobil və dəmir yollarının, onların üzərindəki qurğuların, ictimai binaların, təhsil, səhiyyə, kommunal və meliorasiya obyektlərinin, həmçinin zədələnmiş və dağılmış digər bina və qurğuların tam bərpasını öz daxili imkanları hesabına başa çatdırsınlar.
5. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin yerləşdiyi təbii fəlakətdən ziyan çəkmiş binaların və digər yaşayış yerlərinin ilk növbədə bərpa edilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təbii fəlakətdən ziyan çəkmiş rayonlarda epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. Rayon, şəhər icra hakimiyyəti başçılarına tapşırılsın ki, təbii fəlakət nəticəsində dağılmış və ciddi zədələnmiş evlərin sakinlərini onların evləri tam bərpa olunanadək yaşayış yerləri ilə təmin etsinlər.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 22 iyul 1997-ci il
№ 622