180.000.000
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra ‒ Cəmiyyət) yaradılsın.
[1]
2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
[2]
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
4.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2009-cu il
№ 383
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 sentyabr 2015-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1009)
2.
26 fevral 2016-cı il tarixli 1816 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 336)
3.
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
- 30 mart 2021-ci il tarixli 2548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 253)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
18 sentyabr 2015-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1009) ilə 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılmışdır.
30 mart 2021-ci il tarixli 2548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 253) ilə 1-ci hissədə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilmişdir.
[2]
18 sentyabr 2015-ci il tarixli 622 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 sentyabr 2015-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1009) ilə 2-ci və 3-cü hissələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra - Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsi və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə:
2.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;
2.3.2. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
3. Müəyyən edilsin ki, Cəmiyyətin sədri və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 2.1.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
26 fevral 2016-cı il tarixli 1816 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 336) ilə 2.1.4-cü yarımbəndində “ və aidiyyəti” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti” sözləri ilə əvəz edilmişdir.
30 mart 2021-ci il tarixli 2548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 31 mart 2021-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 253) ilə 2-ci və 3-cü hissələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.1.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.2.1. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir;
3.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir;
3.4. dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır;
3.5. Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədi ilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur;
3.6. dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir;
3.7. istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir;
3.8. Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir;
3.9. əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.