020.000.000
“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 11 avqust 2009-cu il
№ 123
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi
Q A Y D A L A R I
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”na uyğun olaraq hazırlanmışdır və insan alveri qurbanları (bundan sonra - qurbanlar) ilə bağlı milli istiqamətləndirmə mexanizminin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədləri qurbanların hüquqlarının qorunmasını və onların aidiyyəti quruma təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, sosial reabilitasiyasını təmin edəcək səmərəli sistemin yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır.
1.3. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:
1.3.1. qurbanların hüquq və azadlıqlarının təmin edilməsi;
1.3.2. qurbanlar haqqında məlumatların konfidensiallığının təmin edilməsi;
1.3.3. müdafiə və sosial reabilitasiya tədbirlərinin tətbiqində qurbanların bərabərliyinin təmin edilməsi;
1.3.4. qurbanların ehtiyaclarına uyğun müdafiə və sosial reabilitasiya tədbirlərinin fərdiliyinin təmin edilməsi;
1.3.5. dövlət qurumları və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi;
[1]
1.3.6. regional və beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi.
2. İnsan alverİ qurbanları İlə bağlı Mİllİ İstİqamətləndİrmə Mexanİzmİnİn həyata keçİrİlməsİ
2.1. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiya yaradılır.
2.2. İdarələrarası komissiyanın tərkibi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin müavinlərindən, insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət olur.
[2]
2.3. İdarələrarası komissiyanın tərkibinə daxil edilən qeyri-hökumət təşkilatları müsabiqə yolu ilə 2 (iki) il müddətinə seçilir. İdarələrarası komissiyanın tərkibinə daxil edilməsi nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının sayı və müsabiqənin keçirilmə qaydası idarələrarası komissiya tərəfindən müəyyən edilir.
[3]
2.4. İdarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri idarələrarası komissiyanın işinə cəlb edilə bilər.
2.5. İdarələrarası komissiyanın əsas vəzifəsi insan alveri qurbanlarının hüquqlarının qorunmasını və onların aidiyyəti qurumlara təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, reabilitasiyasını təmin edəcək səmərəli sistem yaratmaqdan və bu sahədə qaydalar formalaşdırmaqdan ibarətdir.
2.6. İdarələrarası komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Qaydaları rəhbər tutur.
2.7. İdarələrarası komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
[4]
2.7.1. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsini təşkil edir və onun icra vəziyyətinə nəzarət edir;
2.7.2. insan alverinə qarşı mübarizə sahəsindəki mövcud vəziyyəti, o cümlədən insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə görülən tədbirləri təhlil edir;
2.7.2-1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə onların xidmət sektorundakı fəaliyyəti ilə bağlı ölkədaxili vəziyyəti təhlil edir;
[5]
2.7.3. idarələrarası komissiyaya daxil olmuş müraciətlərə baxılmasını və onların ümumiləşdirilməsini təşkil edir;
2.7.4. idarələrarası komissiya üzvlərinin Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı məlumatlarını dinləyir;
2.7.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasının təmin edilməsi ilə əlaqədar görülən işləri əlaqələndirir və onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;
2.7.6. insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər, habelə Milli İstiqamətləndirmə Mexanizminin icrası ilə bağlı metodiki vəsaitlər hazırlayır;
2.7.7. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür;
2.7.8. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsinin təhlili əsasında onun təkmilləşdirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
2.7.9. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı maarifləndirmə işini təşkil edir.
2.8. İdarələrarası komissiya bu Qaydalarda nəzərdə tutulan funksiyaları həyata keçirərkən dövlət qurumları, yerli özünüidarəetmə orqanları, habelə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
2.9. Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyaya sədrlik edir.
2.10. İdarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar idarələrarası komissiyanın katibliyi funksiyasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.
2.11. İdarələrarası komissiya fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və idarələrarası komissiyanın iclasında qəbul edilmiş illik iş planına uyğun olaraq həyata keçirir.
2.12. İdarələrarası komissiyanın iclasları idarələrarası komisiyanın illik iş planına uyğun olaraq keçirilir. İclasda İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində idarələrarası komissiya tərəfindən görülmüş işlər təhlil və müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. İdarələrarası komissiyanın iclaslarına komissiyaya daxil olmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.
2.13. İdarələrarası komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.
2.14. İdarələrarası komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.
2.15. İdarələrarası komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.
2.16. İdarələrarası komissiyanın qərarları sədrin və katibin imzaladığı protokolla rəsmiləşdirilir.
2.17. İdarələrarası komissiyanın üzvləri Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətlərində idarələrarası komissiyanın qəbul etdiyi qərarları rəhbər tuturlar.
2.18. İdarələrarası komissiyanın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
2.19. İdarələrarası komissiya özünün iş qaydasını müəyyən edir.
2.20. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunur.
3. QURBANLARIN HÜQUQLARININ MÜDAFİƏSİ
3.1. Qurbanlar pulsuz hüquqi yardım almaq hüququna malikdirlər. Qurbanlar pulsuz hüquqi yardım və bu yardımı göstərən təşkilatlar barədə xüsusi polis qurumu və qeyri-hökumət təşkilatlarından məlumat alırlar.
3.2. Qurbanlara göstərilən hüquqi yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Milli Koordinator Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edə bilər.
3.3. Qurbanlara pulsuz tibbi yardımın göstərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Qurbanların hər hansı tibbi müayinəsi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız onların razılığı əsasında həyata keçirilir.
Tibbi yardım göstərilərkən qurbanların zəruri tibbi ehtiyacları tam ödənilməli, hər biri ilə nəzakətlə davranılmalıdır.
3.4. Qurbanların psixoloji yardıma ehtiyacları təmin edilməlidir.
3.5. Qurbanlara tibbi və psixoloji yardımlar göstərilərkən onlar haqqında konfidensial məlumatları toplama və yayma yolverilməz olmaqla, belə hərəkətlərin cinayət əməli kimi qiymətləndirilməsi nəzərə alınmalıdır.
3.6. Qurbanlar kompensasiya almaq, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaldırmaq hüququna malikdirlər.
3.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzdində yaradılan İnsan Alveri Qurbanlarına Kömək Fondu (bundan sonra - Kömək Fondu) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qurbanlara kompensasiya ödənilir. Kompensasiya zərərçəkmişin hüquq mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq ödənilir.
3.8. İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun olaraq insan alverçilərinin əmlakı hesabına, bu əmlak kifayət etmədikdə isə məhkəmənin qərarına əsasən Kömək Fondunun vəsaiti hesabına ödənilir.
3.9. Kömək Fondu tərəfindən kompensasiyanın ödənilməsi sonradan qurbanın cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödətdirilməsini tələb etmək hüququnu məhdudlaşdırmır.
3.10. Kompensasiya qurbanın öz istəyi ilə bank əməliyyatları vasitəsilə və ya nağd pulla ödənilir.
3.11. İnsan alveri qurbanlarının müdafiəsi üçün yaradılmış xüsusi müəssisələr qurbanların hüquqlarının müdafiəsini təmin edən vasitələrdən biridir. Xüsusi müəssisələr insan alveri qurbanlarına yardım mərkəzlərindən və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlardan ibarətdir. Yuxarıda göstərilən xüsusi müəssisələr “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na uyğun olaraq fəaliyyət göstərirlər.
4. QURBANLARIN AİDİYYƏTİ QURUMA TƏHVİL VERİLMƏSİ
4.1. Şəxsin insan alverindən zərər çəkməsi ehtimal olunduqda, yaxud insan alveri cinayətinin hazırlanması və ya törədilməsi digər qurumlar tərəfindən aşkar edildikdə, qurbanların təhlükəsizliyinin təmin edilməsi, onlara peşəkar yardımın göstərilməsi, insan alverinə qarşı mübarizə sahəsində məlumatların vahid mərkəzdə cəmlənməsi və qorunması məqsədi ilə bu barədə xüsusi polis qurumuna dərhal məlumat verilməlidir.
4.2. İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanları müəyyən edildikdən sonra onların müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək, 24 saatdan gec olmayaraq, şəxsin xüsusi polis qurumuna təhvil verilməsi üçün təxirəsalınmaz tədbirlər görülməklə, onun müvafiq sənədləri həmin quruma təqdim edilir və lazımi köməklik göstərilir.
4.3. İnsan alveri cinayəti qurbanlarının və ehtimal olunan qurbanların müəyyən edilməsi və xüsusi polis qurumuna təhvil verilməsi prosesində onların hüquq və azadlıqları pozulmamalı, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verilməməli, hər biri ilə nəzakətlə davranılmalıdır.
4.4. İnsan alveri cinayətinin qurbanları, ehtimal olunan qurbanlar və onlar barədə müvafiq sənədlər yalnız xüsusi polis qurumunun növbətçisinə təhvil verilir.
4.5. Qurbanların və ya ehtimal olunan qurbanların başqa polis qurumuna, yaxud hüquq mühafizə orqanına təhvil verilməsi qadağandır.
5. QURBANLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ
Qurbanların təhlükəsizliyinin təmin edilməsi insan alverinə qarşı mübarizənin əsas prinsiplərindən biri olmaqla, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
6. QURBANLARIN SOSİAL REABİLİTASİYASI VƏ REİNTEQRASİYASI
6.1. Qurbanların sosial reabilitasiyası onların xahişi əsasında “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xüsusi müəssisələr tərəfindən (qurbanların müvəqqəti yaşaması üçün sığınacaqlar, qurbanlar üçün yardım mərkəzləri) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə və qüvvədə olan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş digər aidiyyəti orqanlarla, habelə bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
[6]
6.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən yardım mərkəzləri tərəfindən qurbanların reabilitasiyası, həmçinin cəmiyyətə reinteqrasiyası üçün müvafiq fərdi planlar hazırlanır.
6.3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-hökumət təşkilatları ilə birlikdə qurbanların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədi ilə müvafiq tədris proqramları hazırlayıb aidiyyəti qurumlar vasitəsilə həyata keçirirlər.
6.4. Qurbanların sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və qurbanlara hüquqi yardım göstərilməsi, onların təhsilini davam etdirməsi, psixoloji reabilitasiyası və psixoloji korreksiyası, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini özündə ehtiva edir.
[7]
6.5. Qurbanların sosial reabilitasiyası həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılması, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.
6.6. Qurbanların sosial reabilitasiyası həyata keçirilərkən onların, xüsusən uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri təhlükəsiz sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınmalıdır.
6.7. Qurbanların sosial reabilitasiyası Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
6.8. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.
[8]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 iyun 2015-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyul 2015-ci il, № 145; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 880)
2.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
3.
22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211)
4.
26 oktyabr 2020-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1306)
5.
26 aprel 2022-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2022-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 420)
6.
19 dekabr 2022-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti, 21 dekabr 2022-ci il, № 279)
7.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 aprel 2022-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2022-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 420) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 1.3.5-ci yarımbəndində “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilmişdir.
[2]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.2-ci bəndindən “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılmışdır və həmin bəndə “Baş Prokurorluğunun,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilmişdir.
26 oktyabr 2020-ci il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1306) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.2-ci bəndindən “və Turizm,” sözləri çıxarılmışdır və həmin bəndə “Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin,” sözləri əlavə edilmişdir.
26 aprel 2022-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2022-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 420) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.2-ci bəndində “nümayəndələrindən” sözü “rəhbərlərinin müavinlərindən, insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən” sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.2-ci, 6.1-ci və 6.3-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[3]
26 aprel 2022-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2022-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 420) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.3-2.6-cı bəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3. İdarələrarası komissiya insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirir.
2.4. İldə bir dəfədən az olmayaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun (bundan sonra - Milli Koordinator) yanında idarələrarası komissiyanın iclası keçirilir. İclasda İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində idarələrarası komissiya tərəfindən görülmüş işlər təhlil və müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. İdarələrarası komissiyanın iclaslarına insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri dəvət edilə bilər.
2.5. İdarələrarası komissiya müvafiq iş qaydasını müəyyən edir.
2.6. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunur.
[4]
26 aprel 2022-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2022-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 420) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”na yeni məzmunda 2.7-2.20-ci bəndlər əlavə edilmişdir.
[5]
19 dekabr 2022-ci il tarixli 445 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 20 dekabr 2022-ci il, “Xalq” qəzeti, 21 dekabr 2022-ci il, № 279) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”na yeni məzmunda 2.7.2-1-ci yarımbənd əlavə edilmişdir.
[6]
25 iyun 2015-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyul 2015-ci il, № 145; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 880) ilə 6.1-ci bənddə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nda sözləri “qüvvədə olan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda” sözləri ilə əvəz edilmişdir.
[7]
22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211) ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 6.4-cü bəndinə “psixoloji” sözündən sonra “reabilitasiyası və psixoloji korreksiyası” sözləri əlavə edilmişdir.
[8]
25 iyun 2015-ci il tarixli 246 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 8 iyul 2015-ci il, № 145; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 880) ilə 6.8-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
6.8. Qurbanların cəmiyyətə reinteqrasiyasına qeyri-hökumət təşkilatları cəlb edilə bilər.