AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
17.08.2009
QEYDİYYAT NÖMRƏSİ
443
ADI
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 18-08-2009, Nəşr nömrəsi: 181), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2009, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 651)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.

3. Müəyyən edilsin ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 avqust 2009-cu il.

№ 443


 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə

 

D Ö V L Ə T  P R O Q R A M I

 

1. GİRİŞ

 

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrün reallıqlarına uyğun həyata keçirilən siyasət nəticəsində son illər Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır və regionun aparıcı dövlətinə çevrilmişdir. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır.

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr tarixli            27 nömrəli Sərəncamında kosmik sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə görülən işlərin ardıcıllığını və sistemliliyini təmin etmək, qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya peyk şəbəkələrinin yaradılması, kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompyuter mərkəzinin yaradılması, kadrların hazırlanması vacibdir. Eyni zamanda, kosmik sənaye və informasiya texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə inkişafı və bu sahədə hüquqi bazanı təkmilləşdirərək yeni normativ hüquqi aktların qəbulu nəzərdə tutulur.

Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək, Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər müəyyənləşdiriləcəkdir.

 

2. MÖVCUD VƏZİYYƏT

 

XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən rabitə və analoq teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan vermişdir. 90-cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirmişdir. 

2008-ci ilin sonuna dünyada təqribən 270 peyk fəaliyyət göstərir ki, bu peyklərin transponderlərinin ümumi sayı beş mindən çoxdur. Telekommunikasiya peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilmişdir. Hazırda 30-dan çox ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir 1996-cı ildə 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ dollarına, hazırda isə 100 milyard ABŞ dollarına çatmışdır.

2009-cu ilin əvvəlinə respublikada peyk tutumları təxminən 120 Mbs. təşkil edir və onların yarıdan çoxu VSAT sistemlərində, xeyli qalan hissəsi isə dövlət və özəl TV və radio yayımları üçün istifadə olunur. Növbəti 15 il üçün peyk tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır.

Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq, gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.

Telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı, respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının həm respublikada, həm də respublikadan kənarda yayımlanması üçün DVB-S texnologiyası əsasında qurulan peyk stansiyalarının tətbiqi yaxın bir neçə ildə daha da genişlənəcəkdir.

2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) ilkin müraciət edilmişdir. 2008-ci ildə artıq koordinasiya tələbləri BTİ-yə təqdim edilmiş və hazırda prosedur qaydalarına uyğun iş aparılır.

Respublikada kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanılmışdır. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılmış və kosmik tədqiqatların aparılmasına başlanılmışdır. Hazırda respublikada kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə, müxtəlif tətbiqi məsələlərin həlli ilə bilavasitə məşğul olan dövlət qurumu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, keçmiş SSRİ Hərbi Sənaye Kompleksinin, Müdafiə Nazirliyinin, Maşınqayırma Nazirliyinin və Elmlər Akademiyasının qurumları ilə sıx əlaqə yaradılmış, müxtəlif təyinatlı layihələr həyata keçirilmişdir. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan verən “PulsarX-1” spektrometri 15 ilə yaxın “Salyut-7” və “Mir” orbital komplekslərində fəaliyyət göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə nümayiş etdirmişdir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı “İqtisadi Əməkdaşlıq Sazişi” çərçivəsində MAKA-nın Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosu və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu arasında bağlanılmış müqavilə əsasında UNİSCAN-24 Kosmik Məlumatların Qəbuledici Kompleksi 2007-ci ilin əvvəlində MAKA-da quraşdırılmışdır və hal-hazırda fəaliyyət göstərir. Qəbuledici kompleksə xidmət edən yüksək hazırlıqlı kadr potensialı formalaşmış, alınmış məlumatların sistemləşdirilməsi, arxivləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün mühüm tədbirlər görülmüşdür. Kompleksin imkanlarının artırılması respublikanın torpaq-bitki obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsində, yerüstü boru-kommunikasiya şəbəkələrinin monitorinqinin aparılmasında, rəqəmli elektron xəritələrin yaradılmasında və onların yeniləşdirilməsində, həmçinin bir sıra digər iqtisadi, strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitə ola bilər.

Respublikada olan mövcud kosmik sənaye kompleksi, kosmik məlumatın qəbulu və emalı üzrə texnologiya fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Bu sahədə fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni istehsal və emal texnologiyasının yaradılmasında, idarəetmədə İKT-nin tətbiqinə ciddi zərurət yaranmışdır. Qeyd edilən sahənin Dövlət Proqramı əsasında yenidən qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və yerli istehsalın təşkili sahənin yaradılması və inkişafında vacib istiqamətlər kimi nəzərdə tutulur. Bu sahədə 30 ildən artıq dövrdə əldə edilmiş potensialın təkmilləşdirilərək yenidən qurulması və inkişaf etdirilməsi Proqramda xüsusi yer tutur.

Telekommunikasiya peykinin idarə edilməsi, kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində ilk mərhələdə xaricdə, sonradan isə respublikada yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına Proqramda əhəmiyyətli yer ayrılmışdır.

 

3. Dövlət Proqramının məqsədİ

 

Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş perspektivlər yaradacaqdır.

Dünyada telekommunikasiya və İKT sektorunun çox böyük inkişafı peyk şəbəkələrinin rəqabət qabiliyyətinin artırılması istiqamətində əməli tədbirlərin görülməsini tələb edir. Bununla əlaqədar, kosmik sənaye kompleksinin perspektiv inkişafı üçün aşağıda qeyd edilənlər aktual hesab olunur:

- peyk rabitə və yayım xidmətlərinin daha cəlbedici olması və geniş əhali kütləsi üçün nəzərdə tutulması;

- orbitə yeni çıxarılan peyklərin rəqabət qabiliyyətinin artırılması;

- fiksasiya olunmuş peyk sistemləri peyklərinin kommersiya effektliliyinin artırılması;

- yeni peyklər vasitəsilə təqdim olunan xidmətlərin qiymətlərinin tənzimlənməsi;

-yeni peyklər vasitəsilə göstərilən xidmətlərin infrastrukturunun təkmilləşdirilməsi;

- peyk rabitə sistemlərinin yerüstü yayım xidmətləri ilə inteqrasiyasının genişləndirilməsi.

Peyk rabitəsi xidmətlərinin respublikada daha geniş və keyfiyyətli təşkili məqsədi ilə Azərbaycana məxsus peykin geostasionar orbitə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə bir telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan telekommunikasiya peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərməsi Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi, televiziya və radio yayımları, yüksəksürətli internet, multimedia xidmətləri göstəriləcək və korporativ VSAT şəbəkələri yaradılacaqdır.

Dövlət Proqramında aşağıdakı əsas strateji məqsədlər nəzərdə tutulur:

- gələcək inkişaf üçün potensialın yaradılması;

- milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi;

- qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi;

- dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi;

- peyk sistemləri, onların idarə edilməsi və istismarı, eyni zamanda, kosmik sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması;

- respublika ərazisinin peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi;

- dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi;

- respublika ərazisində ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft  dağılmalarının miqyasının qiymətləndirilməsi;

- respublikanın beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması;

- kosmik sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi;

- kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması;

- trateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitorinqin aparılması.

- kosmik sənayenin yaradılması və inkişafı;

 

4. PROQRAMIN HƏYATA KEÇİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

 

Dövlət Proqramında qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə işlərin həyata keçirilməsi nəzərdə tutulur:

- struktur-təşkilati məsələlərin həll edilməsi;

- telekommunikasiya peykinin orbitə çıxarılması və idarə edilməsi;

- peyk vasitəsilə alınan kosmik informasiyanın qəbulu və emalının təşkil edilməsi;

- kadrların hazırlanması.

 

4.1. TƏŞKİLATI-STRUKTUR MƏSƏLƏLƏR

 

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, telekommunikasiya peykinin idarə edilməsi və istismarı isə yeni yaradılması nəzərdə tutulan “AzərSpace” ASC tərəfindən həyata keçiriləcəkdir. Peyk sistemləri, onların idarə edilməsi və istismarının mövcud qanunvericiliyə uyğun təşkili məqsədi ilə normativ hüquqi aktların və normativ sənədlərin hazırlanması da zəruri hesab edilir.

 

4.2. PEYKİN ORBİTƏ ÇIXARILMASI VƏ İDARƏ EDİLMƏSİ

 

Telekommunikasiya peykinin orbitə çıxarılması üçün aşağıdakı sahələrin öyrənilməsi və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Azərbaycan Respublikasına BTİ tərəfindən ayrılmış orbital mövqelərin imkanlarının artırılması üçün təkliflərin hazırlanması;

- telekommunikasiya peyki üçün optimal orbital mövqenin seçilməsi;

- peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması;

- peykin istehsalçısı, buraxılma vasitəsi və sığorta şirkətlərinin seçilməsi;

- peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması;

- telekommunikasiya peykinin orbitə çıxarılması.

Telekommunikasiya peyk şəbəkəsinin inkişafı üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- telekommunikasiya peykinin idarəedilməsi sisteminin yaradılması;

- teleradio yayımı, fiksasiya olunmuş rabitə sistemlərinin kosmik kompleksinin yaradılması;

- çoxfunksiyalı kosmik retranslyasiya sistemlərinin təşkili;

- çoxfunksiyalı fərdi kosmik rabitə və verilənlərin ötürülməsi;

- peyk rabitəsinin yayım texnologiyası üzrə yeni texniki komplekslərin yaradılması.

 

4.3. KOSMİK SƏNAYENİN YARADILMASI VƏ İNKİŞAFI

 

Respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

- ilk mərhələdə kosmik sənayenin yaradılması məqsədi ilə hazır sistemlərin alınaraq geniş tətbiq edilməsi, effektivliyinin öyrənilməsi və ölkədə istehsalı üçün təkliflərin hazırlanması;

- kosmik avadanlıqların əsas hissələri xaricdən alınmaqla respublikada müxtəlif avadanlıqların yığılması və istehsalının təşkili;

- kosmik sənaye avadanlıqlarının istehsalının əsas profillərinin yerli bazasının yaradılması;

- kiçik peyklərin hazırlanması və orbitə çıxarılması üçün texnoloji potensialın yaradılması imkanlarının öyrənilməsi;

- kosmik informasiyanın qəbulunun və emalının təşkil edilməsi.

 

5. KADRLARIN HAZIRLANMASI

 

Peykin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı Dövlət Proqramının uğurla yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Kosmik sənayenin yeni sahə olduğu nəzərə alınaraq, bu məqsədlə aşağıdakı istiqamətlərüzrə ABŞ və Avropada qısamüddətli kadr hazırlığının aparılması nəzərdə tutulur:

- peykin idarə olunması və istismarının təşkili üzrə;

- peyk xidmətləri və marketinq üzrə;

- orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla əlaqənin tənzimlənməsi üzrə;

- kosmik informasiyanın qəbulu və emalı üzrə;

- müasir tələblərə cavab verən kosmik sənayenin yaradılması üzrə.

Kadr hazırlığının aparılması məqsədilə yerli ali təhsil müəssisələrində müvafiq elmi-tədris və praktiki bazanın yaradılması imkanları nəzərdən keçiriləcəkdir.

 

6. MALİYYƏ MƏNBƏLƏRİ

 

Dövlət Proqramının maliyyə mənbələri aşağıdakılardır:

- dövlət büdcəsi;

- daxili və xarici investisiya;

- texniki-maliyyə yardımları, kreditlər və qrantlar;

- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

 

7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

 

Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

- respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi;

- dövlət orqanlarının dayanıqlı xüsusi rabitə xidmətləri ilə təmin olunması;

- peyk rabitə xidmətləri istifadəçilərinin Azərbaycanın telekommunikasiya peykindən istifadəsinə şəraitin yaradılması;

- Azərbaycanın xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəlikləri ilə birbaşa və etibarlı kosmik rabitənin yaradılması;

- ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi və qorunmasının təmin edilməsi;

- ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılması;

- yüksəksürətli peyk internet xidmətinin təşkili;

- fövqəladə hallar zamanı ölkənin istənilən bölgəsindən informasiyanın əldə olunması və idarəetmənin təşkili;

- kosmik informasiyanın qəbulu, emalı, qorunması, paylanması və istifadəsinə xidmət edən yerüstü infrastrukturun yaradılması və inkişafı yollarının müəyyən edilməsi;

- məhsul istehsalında və xidmətlərin göstərilməsində peyk şəbəkəsindən istifadənin təşkili;

- mobil abonentə multimedia peyk yayımı xidmətlərinin təqdim edilməsi (interaktiv video);

- kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması.

 

8. Dövlət Proqramının həyata keçİrİlməsİ üçün

 

Sıra №-si

Tədbirlər Planı

Tədbirin adı Yerinə yetirilmə müddəti

(illər üzrə)

İcraçı

1.

Ümumi məsələlər

 

 

1.1.

Azərbaycan Respublikasında telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi

2009

NK, RİTN,

İİN, ƏMDK

1.2.

Peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi

2009 –2010

NK, RİTN,

SMPDK, ƏN

 

2.

Peyk şəbəkələri və sistemləri

 

 

2.1.

Azərbaycan Respublikasına Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ayrılmış, Azərbaycana və qonşu ölkələrə yayımı nəzərdə tutan planlı orbital mövqedə yayım imkanlarının artırılması üçün təkliflərin hazırlanması

2009-2010

RİTN

2.2.

Azərbaycan Respublikasına plandankənar orbital mövqelərin ayrılması məqsədi ilə BTİ ilə işlərin davam etdirilməsi və əlavə orbital mövqelərin əldə olunması üçün tədbirlərin görülməsi

2009-2013

RİTN

2.2.1.

BTİ tərəfindən müəyyən edilmiş peyk şəbəkələri ilə koordinasiya işlərinin aparılması

2009-2013

RİTN

2.2.2.

Orbital mövqelərin qeydiyyatı ilə bağlı BTİ ilə müvafiq tədbirlərin görülməsi    

 

mütəmadi

RİTN

2.2.3.

Azərbaycan Respublikasına ayrılmış orbital mövqelərdən Azərbaycan Respublikasının sahiblik və istifadə hüquqlarının qorunması üçün tədbirlərin görülməsi

mütəmadi

RİTN, ƏN

 

2.3.

Peykin orbitə çıxarılması üçün texniki və marketinqlə bağlı hazırlıq işlərinin görülməsi

 

 

2.3.1.

Peyk üçün optimal orbital mövqenin seçilməsi

2009

RİTN

 

2.3.2.

Peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması

2009

RİTN, İİN

 

2.3.3.

Peykin istehsalı və orbitə çıxarılması üzrə şirkətlərin seçilməsi və müqavilələrin bağlanılması

2009-2010

RİTN, İİN,

Müd.N

2.3.4

Peykin orbitə çıxarılması və istismarının təşkil edilməsi, müvafiq satınalmaların həyata keçirilməsi, sığorta və hüquqi məsələlərin həll edilməsi

2009-2012

RİTN, İİN,

Maliyyə Nazirliyi

 

2.3.5

Peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması

2010

RİTN, Müd.N

 

2.3.6

Peykin orbitə çıxarılması

2011-2012

NK, RİTN

 

2.3.7

Peykin yerüstü idarəetmə sisteminin və kosmik informasiyanın təhlükəsizliyi üzrə tədbirlərin görülməsi

2009-2012

RİTN, MSN

 

3.

Kosmik sənayenin yaradılması və inkişafı

 

 

3.1.

İlkin mərhələdə kosmik sənayenin yaradılması məqsədi ilə VSAT və digər terminal stansiyaların element və hissələrinin, müxtəlif tipli və funksiyalı peyk qəbulediciləri (internet, direkt TV, GPS və digər) sistemlərinin ölkədə yığılması və istehsalı üçün təkliflərin hazırlanması

2010-2013

NK, MSN,

RİTN, İİN,

Müd. N

 

3.2.

Peyk şəbəkə və qurğuları üçün ehtiyat hissə və elementlərinin bazasının, kiçik tutumlu peyklərin sahə üzrə digər  avadanlıqlarının hazırlanması ilə bağlı tələbatı öyrənməklə təkliflərin hazırlanması

2012-2013

NK, İİN, MSN, RİTN,

Müd.N

4.

Kosmik informasiyanın qəbulu və emalı

 

 

4.1.

Çoxməqsədli peyklərdən kosmik informasiyanın əldə edilməsi, qəbulu və emalı üçün avadanlıqların alınması, onun ölkənin aidiyyəti strukturlarına çatdırılması üçün tədbirlərin görülməsi

2010-2011

NK, İİN, MSN, RİTN,

Müd. N, AMEA

 

5.

Kadrların hazırlanması

 

 

5.1.

Peykin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı

2009-2011

NK, RİTN,

MSN, Müd.N, TN

 

5.2.

Kadrların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və xarici mütəxəssislər cəlb edilməklə tədrisin təşkil edilməsi         

mütəmadi      

 

RİTN, MSN,

Müd.N,

 

TN

 

AKRONİMLƏR:

 

NK

- Nazirlər Kabineti

RİTN

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

MSN

- Müdafiə Sənayesi Nazirliyi

Müd.N

- Müdafiə Nazirliyi

İİN

- İqtisadi İnkişaf Nazirliyi

ƏN

- Ədliyyə Nazirliyi

TN

- Təhsil Nazirliyi

ƏMDK

- Əmlak Məsələləri Dövlət Komitəsi

SMPDK

- Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status