AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.09.2009
QEYDİYYAT NÖMRƏSİ
145
ADI
“Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2009, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 749)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.09.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Bakı şəhəri, 18 sentyabr 2009-cu il

                    № 145

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 18 sentyabr tarixli 145 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.3-cü bəndinə və "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 6bis maddəsinə əsasən hazırlanmışdır və geniş tanınmış əmtəə nişanının qeydiyyata alınması qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında qeydiyyata alınan əmtəə nişanları, beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız qorunan əmtəə nişanları və Azərbaycan Respublikasında hüquqi cəhətdən mühafizə edilməyən, lakin intensiv istifadəsi nəticəsində istehlakçılar və istehsalçılar arasında tanınmış əmtəə nişanları (işarələr) geniş tanınmış əmtəə nişanları kimi tanına bilər.

1.3. Əmtəə nişanı və ya işarə eynicinsli əmtəələrdə istifadə edilən və başqa şəxsin əmtəə nişanı ilə eyni və ya ona qarışdırılacaq dərəcədə oxşar olan nişanın ilkinlik tarixindən sonra məşhurlaşarsa, bu əmtəə nişanı və ya işarə geniş tanınmış hesab edilə bilməz.

1.4. Əmtəə nişanının geniş tanınması üçün ərizə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına (bundan sonra – Apellyasiya şurası) təqdim olunur. [1]

1.5. Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə birlikdə təqdim olunur.

 

2. Əmtəə nişanının geniş tanınmış kimi müəyyən edilməsi üçün tələb olunan sənədlər

 

2.1. Əmtəə nişanının geniş tanınmış kimi müəyyən edilməsi məqsədi ilə iddiaçı tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

əmtəə nişanının sahibi tərəfindən verilən ərizə;

əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən çıxarış;

əmtəə nişanının şəkli və ya üçölçülü forması (6 nüsxədə);

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

geniş tanınmış əmtəə nişanının qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

əmtəə nişanının geniş tanınmasını təsdiq edən faktiki məlumatlar;

etibarnamə (zərurət olduqda).

2.2. İddiaçının təqdim etdiyi ərizədə ona məxsus əmtəə nişanının (işarənin) Azərbaycan Respublikasının ərazisində hansı tarixdən etibarən geniş tanınmış kimi hesab edilməsi göstərilməlidir.

2.3. Faktiki məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

əmtəə nişanının xüsusən, Azərbaycan Respublikasının ərazisində intensiv istifadəyə başlanması tarixi;

Azərbaycan Respublikası ərazisində nişanın istifadə edildiyi əmtəələrin və xidmətlərin istifadəçiləri arasında onun tanınma dərəcəsi;

nişanın aid edildiyi əmtəələrin və xidmətlərin yayılma kanalları və kommersiya sahələri;

Azərbaycan Respublikasında və dünya bazarında əmtəə nişanından istifadə edilməklə əmtəənin (xidmətin) keyfiyyəti barədə istehlakçıların məlumatı;

əmtəə nişanına xas olan və ya istifadə nəticəsində yaranan fərqləndirici xüsusiyyətlər;

nişanın istifadə ərazisi, müddəti, miqyası, həcmi, xüsusən nişanın əmtəə və xidmətlərə tətbiq edilməsi nəticəsində yarmarka və sərgilərdə əldə olunan məlumatlar, elanlar, reklamlar daxil olmaqla nişana üstünlük verən ərazilər, hərəkətlər (kampaniyalar);

Azərbaycan Respublikasının və başqa dövlətlərin ərazisində nişanın istifadə edildiyi əmtəənin və xidmətin bazarda tutduğu yer.

2.4. İstehlakçılar və istehsalçılar arasında əmtəə nişanının geniş tanınmasını müəyyənləşdirmək məqsədi ilə ictimai təşkilat tərəfindən aparılan sorğuların nəticələri Apellyasiya şurasına təqdim edilə bilər (zəruri hallarda). Sorğular Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik) Apellyasiya şurasının Əsasnaməsi ilə müəyyən edilən şərtlər nəzərə alınmaqla aparılır. [2]

2.5. Apellyasiya şurası zəruri hallarda, əmtəə nişanının geniş tanınmasının müəyyən edilməsi üçün iddiaçıdan əlavə məlumatlar tələb edə bilər.

                                                         

3. Geniş tanınmış əmtəə nişanının qeydiyyatının aparılma qaydası

 

3.1. Apellyasiya şurası ərizəyə baxılma mərhələsində iddiaçı tərəfindən bu Qaydaların 2.1-ci, 2.2-ci və 2.3-cü yarımbəndlərinə uyğun təqdim edilən bütün məlumatları nəzərə alır.

3.2. Ərizə Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun üç nüsxəsi Agentlik saxlanılır. [3]

3.3. Əmtəə nişanının geniş tanınmasına dair ərizəyə üç ay müddətində Apellyasiya şurasında baxılır.

3.4. Apellyasiya şurasına təqdim olunan sənədlər üzrə suallar olduğu halda, bu barədə ərizə verən şəxsə bir ay müddətində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay ərzində ərizəni verən şəxs tərəfindən təqdim olunmalıdır. Sorğuya cavab müəyyən olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir.

3.5. Apellyasiya şurası əmtəə nişanının geniş tanınmasına dair qərar qəbul etdiyi halda, əmtəə nişanı bir ay müddətində Geniş tanınmış əmtəə nişanlarının dövlət reyestrində qeydiyyata alınır və geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir.

Qeydiyyatın aparılması barədə məlumat Agentliyin rəsmi bülletenində dərc edilir və digər informasiya vasitələri ilə yayımlanır.

3.6. Qeydiyyatla bağlı məlumatlara aşağıdakılar aiddir:

qərarın verildiyi tarix;

geniş tanınmış əmtəə nişanının qeydiyyat nömrəsi;

geniş tanınmış əmtəə nişanının şəkli;

geniş tanınmış əmtəə nişanının sahibi və onun ünvanı (və ya olduğu yer);

geniş tanınmış kimi müəyyən edilən əmtəə nişanının aid edildiyi əmtəə və ya xidmətlər.

3.7. Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur.

3.8. İddia edilən əmtəə nişanı aşağıdakı hallarda geniş tanınmış hesab edilmir:

ərizədə göstərilən tarixdən etibarən iddiaçı tərəfindən təqdim olunan faktiki sənədlərdə əmtəə nişanının geniş tanınması təsdiq olunmadıqda;

bu Qaydaların 1.3-cü bəndinin müddəaları əsasında.

3.9. Apellyasiya şurasının qərarının alındığı gündən üç ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.

 

4. Yekun müddəalar

 

4.1. Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbləri pozulmaqla verildiyi, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanının qüvvədən düşdüyü hallarda, geniş tanınmış əmtəə nişanı qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər.

4.2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edilə bilər. Müraciətə üç ay ərzində baxılmalıdır. Apellyasiya şurasının qərarından üç ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.

4.3. Geniş tanınmış əmtəə nişanının qeydiyyatı etibarsız hesab edildiyi halda, bu barədə məlumat Geniş tanınmış əmtəə nişanlarının dövlət reyestrində qeyd olunur, eləcə də Agentliyin rəsmi bülletenində dərc edilir və digər informasiya vasitələri ilə yayımlanır.

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın 1.4-cü bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) Apellyasiya şurasına” sözləri “Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına (bundan sonra – Apellyasiya şurası)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın 2.4-cü bəndin ikinci cümləsində “Komitənin” sözü “Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın 3.2-ci bəndin dördüncü cümləsində, 3.5-ci bəndin ikinci abzasında və 4.3-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status