AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.09.2009
QEYDİYYAT NÖMRƏSİ
146
ADI
“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2009, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 750)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.09.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında

“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.5-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Girov müqaviləsinin qeydiyyatı Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Bakı şəhəri, 18 sentyabr 2009-cu il

                        № 146

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 18 sentyabr tarixli 146 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Girov müqaviləsinin qeydiyyatı

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və qeydiyyata alınmış əmtəə nişanları üzrə hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsinə dair müqavilələrin qeydiyyata alınması qaydalarını müəyyən edir.

1.2. Girov müqaviləsi notariat qaydasında təsdiq edilməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

1.3. Girov müqaviləsi haqq ödənilmək şərtilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) qeydiyyata alınır. [1]

1.4. Girov müqaviləsi yazılı formada bağlanılır.

1.5. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (qeydiyyatda olduqları ünvan), girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir.

Girov müqaviləsi əmtəə nişanının qüvvədə olduğu müddətdə qeydiyyata alınır.

1.6. Girov hüququ müqavilənin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

1.7. Girovqoyan əmtəə nişanına görə müstəsna hüquqa malik olan şəxs (əmtəə nişanının sahibi) ola bilər.

1.8. Girovsaxlayan müqavilədə göstərilmiş əsaslar üzrə girov hüququna malik olan şəxsdir.

1.9. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan girovun predmetindən (əmtəə nişanına görə müstəsna hüquqdan) onun təyinatına uyğun istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər.

1.10. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan yalnız girovsaxlayanın razılığı ilə girov predmetinə dair hüququ və ya istifadə hüququnu müqavilə əsasında başqa şəxsə verə bilər.

1.11. Girovsaxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə tutulan hallarda istifadə edə bilər. Girovqoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Müqaviləyə əsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov predmetindən gəlir götürmək vəzifəsi qoyula bilər.

1.12. Girov qoyulmuş əmtəə nişanına dair müstəsna hüquq girovqoyandan başqa şəxsə verildikdə (əmtəə nişanının sahibi dəyişərsə) və ya universal hüquq varisliyi qaydasında keçdikdə, girov hüququ qüvvədə qalır.

1.13. Girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.

1.14. Qeydiyyata alınmış girov müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər edilə bilər.

1.15. Girov müqaviləsi yalnız Azərbaycan Respublikasında qüvvədə olan əmtəə nişanlarına dair bağlanıla bilər.

 

2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası

 

2.1. Girov müqaviləsinin qeydiyyata alınması üçün təqdim edilən sənədlər Agentli əmtəə nişanının sahibinin və ya səlahiyyətli nümayəndəsinin vasitəsilə verilə bilər. Girov müqaviləsinin qeydiyyata alınması üçün ərizədə və müqavilədə bir neçə əmtəə nişanı göstərilə bilər. Bu halda həmin əmtəə nişanlarına görə müstəsna hüququn sahibi, həmçinin girovsaxlayan eyni şəxslər olmalıdır. [2]

2.2. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı aşağıdakı sənədlər Agentli təqdim olunur:

- girov verən şəxsin ərizəsi;

- girov müqaviləsi;

- əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən çıxarış;

- hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

- girov müqaviləsinin qeydiyyatı üçün müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd; [3]

- etibarnamə (zərurət olduqda).

Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı), yerləşdiyi və yaşadığı yerin ünvanı göstərilir.

2.3. Yuxarıda göstərilən sənədlər iki nüsxədə təqdim olunur.

Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat qaydasında təsdiq edilir.

Ərizədə imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Agentli təqdim olunduğu tarixdən müəyyən edilir.

 

3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası

 

3.1. Girov müqaviləsinin qeydiyyatına dair ərizə Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir nüsxəsi Agentlik saxlanılır.

3.2. Agentli daxil olan müqaviləyə dair sənədlər bir ay müddətində araşdırılır. Müqavilə qeydiyyata alındığı halda, qeydiyyat tarixindən beş iş günü ərzində bu barədə məlumat Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir və ərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

Girov müqaviləsinə dair sənədlər qaytanlanır və müqavilənin son vərəqinin arxasında müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsi və ya ona edilən düzəliş və ya əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Agentlik saxlanılır.

Qeydiyyatın aparılması barədə məlumat Agentliyin rəsmi bülletenində dərc olunur.

3.3. Agentli təqdim edilən sənədlər üzrə iradlar olduğu halda, bu barədə ərizə verən şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay müddətində ərizəni verən şəxs tərəfindən təqdim olunmalıdır. Sorğuya cavab müəyyən olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. Bu zaman ödənilmiş haqq geri qaytarılmır. [4]

3.4. Müqavilədə edilən dəyişikliklər və əlavələr barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc olunur.

3.5. Girov müqaviləsinə Mülki Məcəllədə nəzərdə tutulan hallarda xitam verilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)

2.       29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın 1.3-cü bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra – Komitə)” sözləri “Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097) ilə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın 1.3-cü bəndində “dövlət rüsumu” sözləri “haqq” sözü ilə əvəz edilmişdir.

 

[2] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci abzasında, 2.3-cü bəndin dördüncü abzasında, 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində, ikinci abzasının ikinci cümləsində, üçüncü abzasında, 3.3-cü bəndin birinci cümləsində və 3.4-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[3] 29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097) ilə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın 2.2-ci bəndinin altıncı abzasında “dövlət rüsumunun” sözləri “haqqın” sözü ilə əvəz edilmişdir.

 

[4] 29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097) ilə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “verilmiş rüsum” sözləri “ödənilmiş haqq” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status