AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.10.2009
QEYDİYYAT NÖMRƏSİ
162
ADI
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-10-2009, Nəşr nömrəsi: 224), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2009, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 775)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1]

3. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051) 4-cü və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 oktyabr 2009-cu il

    № 162

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 7 oktyabr tarixli 162 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin (bundan sonra - Nazirlik) nəzdində fəaliyyət göstərir. [2]

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnaməni, habelə bu Əsasnaməni rəhbər tutur. [3]

1.3. Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın ictimai birlikləri ilə əlaqəli şəkildə həyata keçirir.

1.4. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.5. Fond Azərbaycan Respublikasının dövlət büdcəsindən Fondun saxlanılması üçün ayrılan vəsait hesabına maliyyələşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada Fondun fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq digər mənbələrdən daxil olmuş vəsaitlər Fondun bu Əsasnamə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsində maliyyə mənbəyi kimi istifadə edilə bilər.

1.6. Fond Bakı şəhərində yerləşir.

 

II. Fondun məqsədi, vəzifələri və hüquqları

 

2.1. Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın (informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla) inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. [4]

2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:

2.2.1. Fondun vəsaitləri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək;

2.2.2. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək;

2.2.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.2.4. Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;

2.2.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;

2.2.6. sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.7. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;

2.2.8. kreditlərin öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydalarını müəyyən etmək;

2.2.9. sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək etmək;

2.2.10. sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına dəstək vermək;

2.2.11. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım etmək;

2.2.12. ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək;

2.2.13. sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;

2.2.14. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

2.3. Fond öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

2.3.1. Fonda vəsaitlər cəlb etmək və bu məqsədlə könüllü ianə, yardım, qrant alınması və digər bu kimi əqdlər bağlamaq;

2.3.2. Fondun fəaliyyətinin məqsədinə uyğun olaraq və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;

2.3.3. sərəncamında olan dövlət əmlakından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;

2.3.4. sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycan Respublikasında və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək;

2.3.5. daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərgilər və yarmarkalar təşkil etmək;

2.3.6. Fondun vəzifələrinin yerinə yetirilməsi üçün müvəkkil kredit təşkilatlarından lazımi məlumatları və hesabatları almaq;

2.3.7. zərurət yarandığı təqdirdə Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizası üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək;

2.3.8. Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;

2.3.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

III. Fondun vəsaitlərinin formalaşması və istifadəsi

 

3.1. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

3.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin təxsisatları;

3.1.2. Fondun fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş güzəştli kreditlər üzrə əsas borc, faiz, cərimə və komissiyon haqqı üzrə ödənişlər;

3.1.3. yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr;

3.1.4. xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən yardımlar, qrantlar, yerli və xarici maliyyə bazarlarından qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən alınmış kreditlər;

3.1.5. qanunvericilikdə nəzərdə tutulan digər mənbələr.

3.2. Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

3.3. Fondun vəsaitinin istifadəsi haqqında məlumat üç aydan bir kütləvi informasiya vasitələrində dərc edilməlidir.

 

IV. Fondun idarə olunması

 

4.1. Fondun ali idarəetmə orqanı onun Müşahidə Şurası (bundan sonra — Müşahidə Şurası) hesab olunur.

4.2. Nazirlik Fondun idarə edilməsi ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir: [5]

4.2.1. Fondun fəaliyyətinə dair hesabatları təsdiq edir;

4.2.2. Fondun strukturunu, struktur bölmələrinin əsasnamələrini, müəyyən edilmiş ştat sayına uyğun ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.2.3. Fondun Müşahidə Şurasının sədrini, icraçı direktorunu, onun müavinini və baş mühasibini vəzifəyə təyin edir və vəzifədən azad edir.

 

V. Müşahidə Şurası

 

5.1. Müşahidə Şurası sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət say tərkibində təşkil edilir.

5.2. Müşahidə Şurasının 3 (üç) üzvü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təyin edilir:

5.2.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.2.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

5.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

5.3. Müşahidə Şurasının 4 (dörd) üzvü Nazirlik tərəfindən təyin edilir.

5.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. [6]

5.5. Fondun Müşahidə Şurası:

5.5.1. Fondun fəaliyyətinə nəzarəti həyata keçirir;

5.5.2. Fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirir;

5.5.3. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq edir və onların seçilməsi barədə qərarlar qəbul edir;

5.5.4. Fond ilə müvəkkil kredit təşkilatları arasında Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;

5.5.5. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq edir;

5.5.6. Fondun vəsaiti hesabına verilmiş kreditlərin təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün monitorinqlərin aparılması qaydalarını təsdiq edir;

5.5.7. müvəkkil kredit təşkilatları üçün əsas və əlavə limitləri müəyyən edir;

5.5.8. Fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan konkret layihələrə dair müsabiqələrin keçirilməsi üçün meyarları müəyyən edir;

5.5.9. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir; [7]

5.5.10. Fondun fəaliyyətinin auditor yoxlamalarını təşkil edir və nəticələri barədə Nazirliyə məlumat verir;

5.5.11. Fondun fəaliyyəti ilə bağlı zəruri olan normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.5.12. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.

5.6. Müşahidə Şurasının işinin təşkili:

5.6.1. Müşahidə Şurası öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir. Müşahidə Şurasının növbədənkənar iclasları Müşahidə Şurasının sədrinin və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər;

5.6.2. Müşahidə Şurası sədrinin müavini və katibi Şuranın ilk iclasında açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə seçilir. Şurada üzvlüyə görə hər hansı əmək haqqı və ya mükafat ödənilmir.

5.6.3. Müşahidə Şurasının iclasları üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə və iştirakçıların adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Şura sədrinin səsi həlledici hesab edilir;

5.6.4. Müşahidə Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır, protokol və protokola əlavələr sədr və katib tərəfindən imzalanır;

5.6.5. Müşahidə Şurasının iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.

 

VI. Fondun işinin təşkili

 

6.1. Fondun cari fəaliyyətinə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fonda həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün birbaşa məsuliyyət daşıyan icraçı direktor rəhbərlik edir; [8]

6.2. Fondun icraçı direktoru:

6.2.1. Fondun cari işini təşkil edir, xəzinə və digər hesablarını açır;

6.2.2. zəruri hallarda müvəkkil kredit təşkilatlarından sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar daxil olan müraciətlərin ekspertizası üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb edir;

6.2.3. Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır və ekspertizanın rəyindən asılı olaraq həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir;

6.2.4. monitorinqlər nəticəsində müəyyən edilmiş qaydalara riayət olunmadığı hallar aşkar edildikdə müvəkkil kredit təşkilatlarına və sahibkarlıq subyektlərinə qarşı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir;

6.2.5. Fondun işçilərini (icraçı direktorun müavini və baş mühasib istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, icraçı direktorun müavini və Fondun digər rəhbər işçiləri arasında vəzifə bölgüsü aparır, Fondun işçilərinin vəzifə təlimatlarını təsdiq edir, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

6.2.6. Fondun fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflər verir;

6.2.7. öz səlahiyyətləri çərçivəsində Fondun işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir və onların icrasına nəzarəti təşkil edir;

6.2.8. Azərbaycan Respublikasında və xarici ölkələrdə dövlət və bələdiyyə orqanları ilə münasibətlərdə Fondu etibarnaməsiz təmsil edir;

6.2.9. Fondun vəzifələrinin icrası ilə bağlı Fondun səlahiyyətləri çərçivəsində hüquqi və fiziki şəxslərlə danışıqlar aparır;

6.2.10. Fondun fəaliyyəti ilə bağlı rübdə bir dəfədən az olmayaraq Müşahidə Şurasına hesabatlar təqdim edir;

6.2.11. maliyyə ili başa çatdıqdan sonra bir ay müddətində Fondun illik maliyyə hesabatını baxılmaq üçün Müşahidə Şurasına təqdim edir;

6.2.12. Fondun bu Əsasnamədə göstərilən vəzifələrini həyata keçirmək üçün Müşahidə Şurasının səlahiyyətlərinə aid olmayan digər vəzifələri həyata keçirir.

 

VII. Fondda uçot və hesabat

 

7.1. Fond qanunvericiliyə müvafiq olaraq öz fəaliyyəti üzrə mühasibat uçotu və statistik hesabatlar aparır və müəyyən olunmuş qaydada maliyyə və digər hesabatları aidiyyəti üzrə təqdim edir.

 

VIII. Fondun yenidən təşkili və ləğv edilməsi

 

8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

8.2. Fond ləğv edildikdə onun qalan əmlakı dövlətin sərəncamına keçir.


 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 7 oktyabr tarixli 162 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi

 

QAYDALARI

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun (bundan sonra — Fond) vəsaitlərinin istifadəsi mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

1.3. Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra — müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında vəsaitlərin istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.

1.4. Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş meyarlara uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilər. [9]

1.5. Vəsaitlərin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək maliyyə bazarlarına nəzarət orqanı müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fondun Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.

1.6. İl ərzində maliyyə bazarlarına nəzarət orqanı Fondun vəsaitlərinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində baş verən ciddi dəyişikliklər barədə məlumatı mütəmadi olaraq Fondun Müşahidə Şurasına təqdim edir.

1.7. Qaytarılan güzəştli kredit vəsaitləri, habelə digər daxilolmalar Fondun hesabında saxlanılır və yenidən bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə istifadə olunur. Verilmiş güzəştli kreditlər üzrə Fondun hesabına ödənilmiş faizlər, cərimələr və komisyon haqları xüsusi vəsaitlər formasında toplanır və həmin vəsaitlərin 10 faizi həcmində Fondun maddi-texniki bazasının və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilə bilər.

 

II. Fondun vəsaitinin istifadəsi istiqamətləri

 

2.1. Fondun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş sahələrdə (informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla) investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. [10]

2.2. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına həyata keçirilməsi məqsədilə Fondun Müşahidə Şurasının müəyyən etdiyi forma və qaydada sahibkarlıq subyektləri arasında müsabiqə keçirilə bilər.

 

III. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi

 

3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onların məcmu kapitalına münasibətdə Fondun Müşahidə Şurası tərəfindən fərdi limit müəyyən edilir. Ayrılmış limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə qaytarılan kredit vəsaitləri, habelə digər daxilolmalar hesabına onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.

3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının, bank olmayan kredit təşkilatlarının isə - onların nizamnamə kapitallarının 100 faizinədək ola bilər. [11]

3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək tam istifadə olunmazsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən hər təqvim günü üçün 0,02 faiz komisyon haqqı ödənilir və istifadə olunmamış vəsait Fondun Müşahidə Şurasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır. [12]

3.4. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) bank günündən gec olmayaraq Fonda ödəməlidirlər.

3.5. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay ərzində öhdəliklərini icra etmədikdə, Fond vəsaitlərinin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.

3.6. Müvəkkil kredit təşkilatları tərəfindən sahibkarlıq subyektlərindən qanunvericiliklə və Fondun Müşahidə Şurası tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtlərin (əlavə faizlərin ödənilməsi və s.) tələb olunması barədə şikayətlərə Fondun Müşahidə Şurası tərəfindən baxılır və belə faktlar təsdiq olunduğu təqdirdə Fondun Müşahidə Şurası həmin müvəkkil kredit təşkilatının fərdi limitinin sıfır dərəcəsində müəyyən edilməsi barədə qərar qəbul edir.

 

IV. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onların istifadə edilməsi

 

4.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.

4.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilmiş limit çərçivəsində 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir. [13]

4.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.

4.4. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.

4.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

4.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

 

V. Kreditlərin hədləri

 

5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər: [14]

5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;

5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;

5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər.

5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz. [15]

 

VI. Kreditlərin müddəti və faizləri

 

6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir: [16]

6.1.1. kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.

6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:

6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;

6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.

6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.

6.4. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla, digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələr ilə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 6.2.2-ci və 6.3-cü bəndləri tətbiq edilir.

 

VII. Güzəşt müddəti

 

7.1. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir. [17]

 

VIII. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılması

 

8.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını hər ayın son iş gününədək ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan başlayaraq hər ayın son iş gününədək annuitet qaydada hesablanıb ödənilir.

Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) bank günündən gec olmayaraq Fondun xəzinə hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları tərəfindən həmin vəsaitin Fondun xəzinə hesabına köçürülməsi gecikdirildikdə, onlar bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) bank günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsaitlərin ayrılmasını dayandıra və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər. [18]

8.2. Fond, sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatları tərəfindən Fonda köçürülməsinin üzləşməsini apara və ya bunun üçün maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə maliyyə bazarlarına nəzarət orqanı öz səlahiyyətləri daxilində müvəkkil kredit təşkilatında inspeksiya aparan zaman bu məsələni də araşdırır və Fonda məlumat verir.

8.3. Vəsaitlərin sahibkarlıq subyektləri tərəfindən geri qaytarılmaması və ya gecikdirilməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

 

IX. Layihənin monitorinqi

 

9.1. Müvəkkil kredit təşkilatları Fond tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturu və forması Fond tərəfindən müəyyən edilir. Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.

9.2. Vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fond tərəfindən aparılan monitorinq zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə Fondun yazılı tələbinə əsasən həmin sahibkarlıq subyektinə verilmiş güzəştli kredit və faiz borcu müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq 10 (on) bank günü ərzində bütövlükdə Fondun hesabına köçürülür. Fondun tələbindən sonra müvəkkil kredit təşkilatları tərəfindən vəsaitin köçürülməsi gecikdirildikdə, onlar bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq cərimə ödəyirlər. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) təqvim gününü keçdiyi təqdirdə Fond gecikdirilən məbləğin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür.

9.3. Fond tərəfindən müəyyən edilmiş monitorinqin keçirilmə qaydalarının müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) dəfə və daha çox pozulması halları aşkar edildikdə, həmin müvəkkil kredit təşkilatları üçün Fond tərəfindən müəyyən edilmiş əsas və əlavə limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.         13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886)

2.         28 avqust 2013-cü il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 904)

3.         27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645)

4.         16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5.         18 oktyabr 2016-cı il tarixli 1072 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1631)

6.         31 iyul 2018-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 avqust 2018-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1510)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 iyul 2018-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 avqust 2018-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1510) ilə 1-ci və 2-ci hissələr ləğv edilmişdir.

 

[2] 27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 1.1-ci bənddə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[3] 27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 1.2-ci bənddə “İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsini” sözləri “İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnaməni” sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1.1-ci və 1.2-ci bəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[4] 28 avqust 2013-cü il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 904) ilə 2.1-ci bəndinə “inkişafına” sözündən əvvəl “(informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 2.1-ci bənddən “(informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla)” sözləri çıxarılmışdır.

 

[5] 27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645)ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 4.2 və 5.3-cü bəndlərdə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri “Nazirlik” sözü ilə əvəz edilmişdir.

 

[6] 27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 5.4 və 6.1-ci bəndlərdə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[7] 27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 5.5.9, 5.5.10 və 5.5.11-ci yarımbəndlərdə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilmişdir.

 

[8] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 5.4-cü və 6.1-ci bəndlərdən “və sənaye” sözləri çıxarılmışdır.

 

[9] 18 oktyabr 2016-cı il tarixli 1072 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1631) ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 1.4-cü, 1.5-ci, 1.6-cı bəndlərində, 8.2-ci bəndinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”nin 2.1-ci bənddən “(informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlıq istisna olmaqla)” sözləri çıxarılmışdır.

 

[10] 28 avqust 2013-cü il tarixli 961 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 904) ilə 2.1-ci bəndinə “sahələrdə” sözündən sonra “(informasiya-kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

27 iyun 2014-cü il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 645) ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”nın 2.1-ci bəndindən “(informasiya kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)” sözləri çıxarılmışdır.

 

[11] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitallarının 100 faizinədək ola bilər. Böyük və iri həcmli layihələrin maliyyələşdirilməsi zamanı bu məhdudiyyət müvəkkil bankların məcmu kapitallarının 150 faizinədək artırıla bilər. Bank olmayan kredit təşkilatlarının cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların nizamnamə kapitallarının 100 faizinədək ola bilər.

 

[12] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 3.3-cü bənddə “limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək” sözləri “Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlər isə ilin sonuna 1 (bir) ay qalanadək” sözləri ilə əvəz edilmişdir.

 

[13] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 4.2-ci bəndin üçüncü cümləsindən “onlar üçün müəyyən edilmiş limit çərçivəsində” sözləri çıxarılmışdır.

 

[14] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:

5.1.1. 10 000 manatdan 50 000 manatadək — kiçik həcmli kreditlər;

5.1.2. 50 001 manatdan 250 000 manatadək — orta həcmli kreditlər;

5.1.3. 250 001 manatdan 1 000 000 manatadək — böyük həcmli kreditlər;

5.1.4. 1 000 001 manatdan 5 000 000 manatadək — iri həcmli kreditlər.

 

[15] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 5.2-ci bənddə “kreditin maksimum həddi 5.000.000 manatdan” sözləri “kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan” sözləri ilə əvəz edilmişdir.

 

[16] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 6.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

6.1.1 kiçik həcmli kreditlər üçün - 2 (iki) ilədək;

6.1.2. orta həcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.3. böyük həcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.4. iri həcmli kreditlər üçün -7 (yeddi) ilədək.

 

[17] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 7-ci bənddə “2/3” rəqəmi “1/2” rəqəmi ilə əvəz edilmişdir.

 

[18] 13 oktyabr 2011-ci il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 oktyabr 2011-ci il, № 227; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 886) ilə 8.1-ci bəndin 2-ci abzasının üçüncü cümləsində “müvəkkil kredit təşkilatını imtiyazdan məhrum edə bilər” sözləri “müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edə bilər” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status